713-ün Laçında düzənlədiyi parad

19:53 21-09-2019 | icon 1754 | Şəhidlər və şahidlər
713-ün Laçında düzənlədiyi parad

Hoçaz dağında çatılan tonqal

  

713 nömrəli hərbi hissənin 1992-ci ildə Laçın və Ağdərə istiqamətlərində keçirdiyi uğurlu əməliyyatlar bütövlükdə Azərbaycan əsgərinin kökdən gələn döyüş ruhunun  təcəssümü olub. Amma nə yazıq ki, o zamankı siyasi və hərbi rəhbərliyin idarəetmədəki naşılığı həmin ruhun bütövlükdə cəmiyyətimizə aşılanması istiqamətində nəinki bir iş görməyib, əksinə canını yurd uğrunda fəda etməyə hazır olan həmin oğlanların döyüş yoluna kölgə salınmış, məhz həmin yanlışlığın ucbatından bu günün özündə də 713 nömrəli hərbi hissənin döyüşçülərinin haqları tapdalanmaqdadır. Baxmayaraq ki, Ali Baş Komandan cənab İlham Əliyev bütün çıxışlarında dönə-dönə vurğulayıb ki, heç bir halda veteran, əlil və şəhid ailəsinin haqqı tapdalana bilməz. Nə yazıq ki, bu gün cənab Prezidentin göstərişini belə görməzliyə, eşitməzliyə vuranlar var…

 

Şübhəsiz ki, belə məmur özbaşınalığı, belə yanaşmalar veteranlardan daha çox yetişən nəslin dövlətə olan inamını sarsıdır, dövlətlə vətəndaş arasında bir uşurum yaradır.

Əgər bu gün “İSMAYILLI RAYONUNUN BASQAL KƏND ORTA MƏKTƏBİNDƏ ŞƏHİD RƏMZİ NOVRUZOVUN ƏBƏDİLƏŞDİRİLƏN ADINA SAYĞISIZLIQ NÜMAYİŞ ETDİRİLİR”sə, əgər bu gün Bərdə rayon icra hakimiyyətində qaçqın həyatı yaşayan döyüşçü Sərxana üstündən 27 il ötsə də başını yağışdan, qardan qorumaq üçün bir daxma verilmirsə, onda biz hansı vətənpərvərlikdən danışa bilərik!? Əgər bu gün yetişən nəslin gözü qarşısındaca bütövlükdə 713 nömrəli hərbi hissənin döyüşçülərinin haqqı tapdalanırsa, onda biz hansı vətənpərvərlikdən danışa bilərik!?

 

Hoçaz xatirələri döyüşçülərin diliylə

 

1992-ci ildə döyüşlərilə tarix yaradan 713 nömrəli hərbi hissənin döyüşçüləri o laqeydliyi, o biganəliyi aradan qaldırmaq, gerçəyi olduğu kimi tarixə həkk etmək üçün keçdiyi döyüş yolunu anbaan yetişən nəslin diqqətinə çatdırnaqda israrlıdı...

 

2 dəfə Laçın koridorunu tam nəzarətə götürən 713 nömrəli hərbi hissənin döyüşçüləri buna şərait yaradan Hoçaz xatirələrini bütöv cəmiyyətə təqdim edir...

 

 

Bu kontekstdə 713-ün qəhrəman döyüşçülərindən olan ALMƏMMƏDOV FÜZULİnin, eləcə də digər döyüşçülərin xatirələri həm qürurverici, həm də gözyaşardıcıdır. Buyurun, siz də oxuyun və bu xatirələri zaman-zaman oxuyacaqsınız...

 

Bir həmlə ilə yaranan inam və qaçan düşmən

 

...1992-ci ilin oktyabr hüçumlarında Hocaz dağının düşməndən alınmasında 713 nömrəli hərbi hissənin döyüşçüləri əsil rəşadət nümunəsi göstərdilər. Oktyabrın 7-də Hoçaz dağını ələ keçirən qüvvələrimiz artıq Laçının tezliklə bizim olacağına tam əmin idilər. Bu döyüşdə düşmən 4 tank, 1 BMP, 1 Ural maşını, 1 zenit qurğusu, xeyli silah -sursat qoyub mühasirədə məhv olacaqlarından qorxub gecə ilə qaçıb getdi.

 

 Yaşarın sərrast atəşi düşməni dayandırdı

 

Düşmənin sürətli hücumu və Yaşarın sərrast atəşlə qabaqda gələn tankı vurması qarşı tərəfi əməlli-başlı ayıltdı. Zərbə yaxından və tutarlı olduğu üçün hərəkət dayandı. Canlı qüvvənin qarşı meşəlikdən çıxaraq sepşəkilli irəliləməsi bizə burada qalmağın çətin olacağından xəbər verirdi. Geri çəkilmək, Hoçazdağın zirvəsində mövqe tutmaq lazım idi. Mənim əlimdəki "PKA" pulemyotunu maqazinlə birlikdə daşımaq böyük enerji, güc tələb edirdi. Ancaq baçarmırdım. Rəhmətlik Sədi maqazinləri götürüb "gəl gedək" dedi. "Bunu burada atmaq olmaz" deyib hərəkətə başladı. Düşmənə atəş aça-aça Hoçazdağa tərəf geri çəkildik. Mişnidən Qaranın geri çəkilərkən düşməni ləngitməsi və yoldaşların deyilən yerə çatması özlüyündə böyük şüçaət idi.


Düşmən dağı almaqda israrlı görünürdü. 2 gün əvvəl qənimət kimi ələ keçirdiyimiz tanklardan biri ilə Hoçaza çıxan dar yol kəsilmişdi. Tankistlər isə düşmən tanklarını gözləyirdi. Nəhayət itkisiz döyüş ücün münasib , əlverişli mövqeyə çatdıq...


Ədalətin rotası yolun içində. Rəhmanın rotası isə Hoçazdağın zirvəsinə qalxdılar. Ağır döyüşlər başladı...

 

Sus dağını adlayan düşməni Hoçazda 713 qarşıladı

 

Ümumiyətlə götürəndə düşmən LAÇINLA paralel SUS dağından Hoçaza qədər məsafəni heç bir müqavimətlə rastlaşmadığından bu səddi də asanlıqla aşacaqlarına şübhə etmirdi. Ançaq qarşılarında dayanan 713- olduğundan xəbərsiz idilər. Rəhmanın rotasından olan Qəşəm, Asəf, Bakıdan olan Asəf (Malış), Arif, Zöhrab, Rafael, Mişnidən Ehtiramın ayağı tutulduğundan məsləhət olmadı cıxsın, Mahmud, eləcə də Pircahandan olan Sahib və yadımdan cıxan digər qardaşlar dağın zirvəsundən düşmənin irəlləməməsi üçün tutarlı zərbələr endirirdilər. Yolun icində düşmənlə üzbəüz Ədalətin rotası dayanmışdı. Bizimlə bərabər LAÇINA qovuşacağımıza əmin olan rəhmətlik Sədi də qalmışdı.Yolun üstündə də döyüşən qardaşlardan yadımda qalanlar bunlar idi: Yaşar, Rəhman Qarayev, Qaryağdı Kəlbəcərli, alxaslılardan Emin, Vüqar, İman qardaşları, mən və adı yadımdan cıxan digər qardaşlarla Ədalət. Mən bu gün çox təəssüf edirəm, ermənilərin hücumu ərəfəsində toplar və qradlar bizimlə əlaqədən çıxdılar. Qaryağdının briqadanı əməlli-başlı söyməsi hələ də yadımdan çıxmaz. "Köməkləri" isə telefon əlaqəsindən çıxmaqları oldu. Beləcə 713 -ün elə də böyük olmayan qüvvəsi 5 tank, 1 BMP və sayı təxminən 300-dən yuxarı olan canlı düşmən qüvvəsilə üz-üzə döyüşürdü. Hər iki rota düşmənə layiqli müqavimət göstərməyə başladı. Yolun içində pusquda dayanan tankımızın bir neçə atəşinə düşmən tərəf onlarla mərmi atdı. Xoşbəxtlikdən tankı vura bilmədilər. Dağın zirvəsindən güclü atəşə məruz qalan ermənilər bizim sağımızdakı səngərlər tərəfindən təzyiqi artırmışdılar.

 

Briqada komandirliyi və artilleriya susurdu

 

Bizim sağımızdakı qayalıqlara ermənilər cıxıb bizə atəş acırdılar. Ancaq tutarlı cavabla qarşılaşdılar. Tanklar isə qayalıqlara ardıcıl fasiləsiz zərbələr endirirdilər. Ə.Elcibəy hakimiyyəti isə Bakıda parad kecirirdi. Briqadanın komandir heyətindən, artilleriyadan isə səs-səmir yox idi. Ançaq 713 öz şəxsi iradəsinə söykənib düşmənə müqavimət göstərirdi. İşlətdiyimiz silahlar, avtomat pulemyot, qranatamyot idi.Tankın oradan çıxıb başqa istiqamətə gəlməsi hec cür mümkün deyildi. Tankistlər yaxın məsafədən atılan mərminin təsirindən kantuziya almışdılar. Tankı dar yolda qoyub, çıxıb yanımıza gəlmişdilər. Tankı idarə edənin birinin adı yadımda qalıb, Mingəçevirdən idi, adı da Elsevər idi. Beləliklə, tankdan da əlimiz üzüldü. Təkrar yaxınlaşmaq qeyri-mümkün idi. İstər dağdakı, istərsə də yolun içində duran qardaşlar düşmənə layiqli zərbələr endirirdilər...

  

 

 

Şəhid komandir VAQİF QULİYEVİN ikinci potasının tərkibində Hoçaz əməliyyatında iştirak edən ABBASOV MUSA İNŞALLAH OĞLU o günləri belə xatırlayır:

 

Alxaslıdan Hoçaza yön alan kəşfiyyat və ikinci potanın itkiləri

 

O zaman ikinci potanın uşaqları avqust ayında Vaqazin kəndindən Alxaslıya getdik. Alxaslıda 1 gecə qaldıq. Səhəri tezdən bizim uşaqlardan bir bölüyü Hocaza kəşfiyyata göndərdilər.

 

Biz Hocaza catanda gördük ki, ermənilər Hocazdadılar.  Bir qədər müşahidə etdik. Onların Hocazda bir neçə yerdə postları var idi.

 

Kəndin başqa yerlərində də onların postlarrı var idi. Biz 30 nəfər idik, qayıtdıq Sonasara.  2 gün orda qalıb erməniləri müşahidə etdik. Ora ermənilərin hərbçiləri cox gəlirdi.

 

Nəhayət üçüncü gün bizim rota Sonasara gəldi. Biz komandirə ermənilər haqqında məlumat verdik. Bir saatdan sonra hücuma kecdik. Biz həmin döyüşdə Kamil və Asəf qardaşlarını, Ramizi, Poladı və başqalarını itirdik, qardaşlarımız şəhid oldular.

Yadımdadı, biz birinin meyidini cıxara bildik, qalanları orada qaldı. Biz gecə Pircahana gəldik. Sübh tezdən Pircahan kəndindən 1-ci rotanın uşaqlarıyla qayıtdıq Hocaza. Şəhidlərimizi cıxartmaq üçün ora yollandıq, cox ağır döyüş oldu. Biz şəhidlərimizin meyidlərini  axır ki, oradan cıxardıq....

 

İkinci rotanın döyüşçülərindən olan ABDULƏZİMOV ABBAS Hoçaz əməliyyatıyla bağlı danışanda o günləri xatırlayıb “biz onda həm də qələbəmizə sevinə bilmirdik” deyir.

 

“Kamillə Asəfin kəşfiyyat məlumatları və ikinci rotanın hücumu”

 

1992 ci ilin avqust ayında Laçın rayonunun Pircahan kəndindən Alxaslı istiqamətinə yola çıxdıq. İki gün Alxaslı kəndində qaldıq. Həmin iki gün ərzində əvvəlcədən aldığımız məlumatdan bilirdik ki, Hoçaz kəndində mənfur erməni daşnakları özləri üçün qərargah yaradıblar. Şəhid Vaqif Quliyevin ikinci rotasından olan şəhid Kamil və Asəf qardaşları Hoçazdan olduqları üçün kəşfiyyat qrupunda Hoçazı kəşfiyyat etdilər və ikinci rota hücuma keçəsi oldu..

Vaqif Quliyevin əmri: “Mən ölsəm də torpaqları azad etməyincə dayanmayın”

 

O vaxtdan 27 il keçməsinə baxmayaraq rəhmətlik Vaqif Quliyevin dedikləri bu gün də mənim yadımdan çıxmır. Bizi sıraya düzüb dedi:

"Uşaqlar, komandir mənəm, qabaqda mən gedəcəm, əgər görsəniz mən ölmüşəm, dayanmayın, düşməni məhv edin, torpaqlarımızı işğaldan azad edək"...

Biz hücuma keçdik həqiqətən düşmənə aman vermədik. Həmin döyüşdə 38 daşnak məhv etdik, birini əsir götürdük. Çox təəssüflər olsun ki, biz də 7 şəhid verdik, o cümlədən, Kamil və Asəf qardaşları şəhid oldular. Bu, bizim ilk şəhidlərimiz idi. Biz, o cümlədən, rəhmətlik Vaqif Quliyev komandirimiz çox pis olmuşduq. Qələbəmizə sevinə bilmirdik. Axşam düşürdü, biz yaralı qardaşlarımızı götürüb geri Pircahan kəndinə çəkiləsi olduq...

 

İgid Teymurlu
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol