"Onların bütün bu cəhdləri uğursuzdur" - MÜSAHİBƏ

09:01 29-09-2019 | icon 406 | Siyasət
"Onların bütün bu cəhdləri uğursuzdur" - MÜSAHİBƏ

Mais Səfərli: “Azərbaycana qarşı hədyan kampaniyası aparırlar”

 

Bu gün torpaqların işğalı faktı kontekstində müşahidə olunan və eləcə də mövcud ictmai-siyasi proseslərə sərgilənən münasibət siyasi ekspertlər tərəfindən birmənalı qarşılanmır. Xarici təsirlər və buna qarşı ictimai-siyasi sferanın birgə dayanıqlığı əsas müzakirə mövzusu olaraq gündəmə gətirilir.

 

Yurddaş Partiyasının sədri Mais Səfərli bu və ya digər məsələlərlə bağlı “Üç Nöqtə”yə müsahibə verib. Versus.Az həmin müsahibəni təqdim edib.

 

-Mais müəllim, bu gün ölkədə cərəyan edən ictimai-siyasi proseslərə diqqət çəkən və təhlillər aparan ekspertlər bir sıra sosial, ictimai-siyasi problemlərin üzərində dayanaraq çıxış yollarını aradılar. Bu, özünü Sosial Tədqiqatlar Mərkəzinin illik hesabatında da əks etdirdi. Necə hesab edirsiniz, hazırki ictimai-siyasi prosesləri necə dəyərləndirmək olar?

 

- Bu gün Azərbaycan elə bir ölkədir ki, burda uzun illərdir ictimai-siyasi sabitlik qorunub saxlanılır. Elə hesab etməkolar ki, bu gün Azərbaycan iqtidarının, başda cənab Prezident olmaqla ən böyük nailiyyətlərindən biri budur. Bildiyiniz kimi, biz elə bir regionda yerləşirik ki, ətrafımızda çox ciddi hadisələr baş verir. İran-Amerika arasında çox ciddi qarşıdurma var. Bir tərəfdən də Suriyada artıq 8-ci dəfədir ki, müharibə alovu şiddətlənib, Türkiyə illərdir terrorla mübarizədədir, Gürcüstan, həmçinin  Rusiyanın cənub bölgələri, elə işğalçı Ermənistan özü də sabitliyin olmadığı yerlərdir. Belə bir coğrafiyada baş verən proseslər, geopolitik hadisələr təbii ki, Azərbaycandan yan ötmür və bunun ölkəmizə təsirləri təbii ki, var. Amma dediyim ki, başda cənab Prezident olmaqla Azərbaycan iqtidarı ölkədə sabitlik yaradıb. Bu sabitliyin təməlində Azərbaycanın davamlı inkişafı durur. İqtidar əhaliyə sahib olduğu həyatı vermək üçün əlindən gələni edir bu istiqamətdə çox yüksək nailiyyətlərə imza atıb. Azərbaycanda geniş sosial proqramlar, nəhəng iqtisadi layihələr həyata keçirilir ki, bunun da çoxu beynəlxalq layihələrdir. Azərbaycanı Avropa bazarına çıxaran qaz, neft kəmərləri, dəmir yolu və sair... Bütün bunlar hamısı Azərbaycan Prezidentinin bu illər ərzində həyata keçirdiyi layihələrdir ki, bu da Azərbaycan üçün çox böyük iqtisadi inkişaf yaratmışdı. Bu inkişafın nəticəsi olaraq Azərbaycan əhalisinin rifahı getdikcə yaxşılaşır. Belə olan halda Azərbaycanda siyasi sabitlik qorunub saxlanır. Üstəlik də Azərbaycanda sosial-iqtisadi islahatlarla yanaşı, siyasi islahatlar aparılır, insan haqları ilə bağlı çox ciddi irəliləyişlər var. Bu gün Azərbaycan təkcə iqtisadi baxımdan deyil, eləcə də özünün demokratik inkişafı, sosial inkişafı, özünün insan haqlarına münasibətində dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Təbii ki, Azərbaycanın inkişafından narahatlıq keçirən, bunu əngəlləmək istəyən qüvvələr var.

 

“Radikal təşkilatların işi-peşəsi Azərbaycan prezidentinin gördüyü nəhəng layihələrə kölgə salmaq...”

 

- Bu gün Azərbaycana qarşı yönələn hansı daxili-xarici təsirlər var və buna qarşı ictimai-siyasi gücü nümayiş etdirə bilirikmi?

 

 - Bir sıra beynəlxalq təşkilatlar var ki, onlar “demokratiya, insan hüquqları”nı əllərində bayraq tutlaraq həmişə kiçik dövlətlərə qarşı təzyiq etmək istəyirlər. Yenicə müstəqillik əldə etmiş dövlətlərə bu yolla təzyiq edib orda öz maraqlarını təmin etmək istəyən güclərin bu siyasəti hər zaman olub. Xüsusilə də insan hüquqları ilə bağlı olan belə beynəlxalq təşkilatlar kifayət qədərdir. Bundan başqa bəzi mötəbər beynəlxalq təşkilatların özündə elə ermənipərəst çevrələr var ki, Azərbaycana təzyiq etmək üçün müxtəlif çeşidli üsullardan istifadə edirlər. Guya burda insan haqları pozulur, demokratiya zəifdir və sair. Bildiyiniz kimi müxtəlif təşkilatlar, qeyri - hökumət təşkilatları var ki, onlar beynəlxalq təşkilatlara gerçəyi əks etdirməyən  arayışlar yazırlar. Beynəlxalq təşkilatlarda həmin yanlış məlumatlara əsaslanaraq Azərbaycana təzyiq göstərməyə çalışırlar.

Amma onların bütün bu cəhdləri uğursuzdur və Azərbaycan demokratiya yoluyla gedir və bu yol ölkəmizi həmişə irəli aparıb. Azərbaycan getdikcə Avropanın strukturlarına inteqrasiya edir, Azərbaycan Avropa Şurasında çox hörmətli dövlətlərdən biridir. Avropa Birliyi dövlətləriylə demək olar ki, ikitərəfli çox gözəl münasibətləri var. Azərbaycan hər zaman ikitərəfli münasibətlərə üstünlük verib və bunda da böyük uğurlar əldə edib.

 

- Azərbaycanda bəzi radikal qüvvələrin olduğunu dediniz, ölkənin inkişafından danışdınız. Amma bunun əksini deyən bir müxalif cəbhə də var ki, Azərbaycanda demokratiyanın boğulduğunu iddia edir. Bunu necə dəyərləndirmək olar?

 

- Azərbaycan çoxpartiyalı bir sistemə malikdir. Ola bilsin ki, Ədliyyə Nazirliyinin müəyyən strukturları bu barədə dəqiq məlumat yaya bilərlər. Yəni Azərbaycanda o qədər qeydiyyatdan keçən partiyalar var ki, heç kəs onun sayını bimir. Qeyri Hökumət Təşkilatlarının sayı-hesabı yoxdur. Azərbaycanda qəzetlərin, saytların, televiziyaların, eyni zamanda internet televiziyaların sayı-hesabı yoxdur. Belə olan halda “Azərbaycanda söz azadlığı, siyasi azadlıqlar yoxdur”-deyə hansı bir iradı tutmaq olar? Yəni bütün bunlar verilən azadlıqlar deyilmi? Azərbaycanda hər kəs istənilən mətbuatda istənilən sözü deyə bilirsə bu, fikir azadlığı deyilmi? Radikal təşkilatların işi-peşəsi Azərbaycan prezidentinin gördüyü nəhəng layihələrə kölgə salmaqdan, qara yaxmaqdan başqa heç nə deyil. Bu isə əslində siyasi fəaliyyət deyil. Əgər onlar doğrudan da hansısa bir siyasi faliyyət göstərmək istəyirlərsə, alternativ proqramlar, alternativ inkişaf yolları göstərsinlər. Hesab edirəm ki, onların əlində heç bir əsas yoxdur. Gerçək göstəricilər onların dediklərinin tam əksini deyir. Azərbaycan daim inkişaf etməkdə olan bir dövlətdir. Hər bir dövlətin problemləri olur. Başlıcası odur ki, o problemləri həll etməyə yönəlik proqramlar və onu həyata keçirmək istəyi olsun. Bildiyimiz kimi, Azərbaycan hakimiyyəti bu gün əmək problemlərinin həlli istiqamətində çox ciddi addımlar atır. Əgər o problemləri biz vurğulasaq görərik ki, müxtəlif istiqamətlər üzrə problemlər var, o problemlər də ardıcıl olaraq həll olunur. Ona görə də həmin o radikal müxalifətin dedikləri, onları xaricdə dəstəkləyənlərin dediklərini təkrarlayan qüvvələrin fikirləri gerçəkliyi özündə əks etdirməyən bəyanatlardan başqa bir şey deyil.

 

- Mais müəllim, “mühacir müxalif”dən danışılır və daha çox xaricdən ittihamlar səslənir. “Mühacir müxalifət”ini yönləndirən hansı qüvvələrdirvə onların fəaliyyətini necə dəyərləndirirsiniz?

 

- Bu gün Azərbaycandan xaricə müxtəlif səbəblərdən çox sayda insanlar gedib. Onların bir çoxu xaricdə təhsil alır. Bizim üçün fərəhli bir haldır ki, Azərbaycanda təhsil alan gənclərimiz gedib xaricdə təhsili davam etdirirlər, orda aldıqları bilik və təcrübələri gətirib Azərbaycanda tətbiq edirlər. İnsanlarımızın bir hissəsi də işlə bağlı xaricə üz tutur. Amma bir qisim insanlar da var ki, onlar guya siyasi təqiblərdən qaçıblar. Onların hamısı yox, bəziləri Azərbaycana qara yaxmaqdan, kobud hərəkət və söyüşlərdən belə çəkinmirlər. Mənə elə gəlir ki, onların heç Azərbaycanla, Azərbaycan ziyalılığı ilə heç bir bağlılıqları yoxdur. Hesab edirəm ki, onlar müəyyən dairələrin əlində alətdən başqa bir şey deyillər. Onlar özlərinə yer tapa bilməyən, asan işin dalınca qaçan insanlardır. Gedib orda müəyyən dairələrin təsirinə düşüb Azərbaycana qarşı hədyan kampaniyası aparırlar. Azərbaycan cəmiyyəti də onları qəbul etmir. Bu çox ciddi məsələdir. Lakin onlar azlıqdadır. Yəni Azərbaycandan kənarda yaşayan xeyli azərbaycanlılar var ki, onlar Azərbaycanla nəfəs alırlar, diasporamızı təşkil ediblər, Azərbaycan icmaları yaradıblar və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırırlar. Qeyd etdiyim kimi o radikal mühacirlər olduqca azdır və onların səsini özlərindən başqa heç kim eşitmir.

 

“İctimai Palatanın yaradılmasına ehtiyac var”

 

- Ölkə daxilində iqtidar-müxalifət münasibətlərinin formalaşması məsələsinə nəzər yetirək. İqtidar-müxalifət münasibətlərində vəziyyət necədir?

 

- Cənab İlham Əliyev hələ birinci dəfə prezident seçilərkən dedi ki, mən bütün Azərbaycan vətəndaşlarının prezidentiyəm, o cümlədən mənə səs verməyənlərin də prezidentiyəm. Və o, özünün dəsti-xəttində, sonrakı fəaliyyətində də bunu sübut etdi. O, həmişə iqtidar-müxalifət anlaşmasını, xüsusilə ümummilli məsələlərdə bir olmağı, birgə müzakirə etmək məsələsini önə çəkib. Amma əfsuslar olsun ki, müxalifət həmişə belə dialoqlardan qaçıb. Son vaxtlar yenə iqtidar-müxalifət diloqu ilə bağlı təşəbbüs olub. Ana Vətən Partiyasının rəhbərinin təşəbbüsü ilə iqtidarla müxalifət milli məsələlərlə bağlı birgə müzakirədə olub. Bu çox təqdiredici addım idi.

Azərbaycanın Qarabağ kimi çox böyük bir problemi və digər geopolitik problemləri var ki, iqtidar-müxalidət münasibətləri, xüsusilə ümummilli məsələlərdə normallaşdırılmalıdır. Mən bu məsələlərlə bağlı Prezident yanında bir İctimai Palata, İctimai Şuranın yaradılmasına da ehtiyac duyuram. Çünki, dediyim kimi, Azərbaycan ciddi təhdidlər altındadır, Qərbdə Azərbaycanı sevməyən ermənipərəst qüvvələr var. Hər zaman ümummilli məsələləri birgə müzakirə edib, həmin o Azərbaycana qarşı dişlərini qıcayan qüvvələrə qarşı bir olmalıyıq, bərabər olmalıyıq. Bundan ötrü də İctimai Palatanın yaradılmasına ehtiyac var.

 

- Baş nazirin müavini Əli Həsənov bildirib ki, Azərbaycanda müxalifət yoxdur, yenilənmiş, konstruktiv müxalifət yaranmalıdır. Siz necə hesb edirsiniz?

 

- Yəqin ki, Əli Həsənov radikal müxalifəti nəzərdə tutur. Çünki Azərbaycanda normal fəaliyyət göstərən müxalifət də var ki, onların bir qismi Parlamentdə təmsil olunur. Amma eyni zamanda Əli Həsənovun dediyi kimi, ictimai dəstəkdən məhrum olmuş, özünün elektoratını itirmiş, öz fəaliyyəti ucbatından acınacaqlı vəziyyətə düşən radikal müxalifət də var. Belə radikal müxalifətin doğrudan da Azərbaycan xalqına heç bir xeyri yoxdur. Amma Azərbaycan demokratik hüquqi dövlət olduğu üçün Azərbaycanda müxalifət mütləq olmalıdır. Və müxalifət mətbuat kimi iqtidarın aynası olmalıdır, iqtidarın gördüyü işlərə güzgü tutmalıdır. Normal, sağlam müxalifətə həmişə bütün demokratik hüquqi cəmiyyətdə ehtiyac olub, o cümlədən Azərbaycanda da. Düşünürəm ki, belə bir müxalifətin də normal fəaliyyət göstərməsi üçün Azərbaycan iqtidarı da müəyyən qədər addımlar atmalıdır. Amma radikalizmə Azərbaycan cəmiyyətində yer yoxdur, radikalizmi Azərbaycan cəmiyyəti qəbul etmir.

 

“Partiyanın sədri olub, demokratiyadan dəm vuran birisi bu gün həyat yoldaşını,..”

 

- Son günlər gündəmi zəbt edən Fuad Qəhrəmanlı, onun ailəsi və qınanılan Əli Kərimli məsələsi müzakirələrdən düşmür. Ümumiyyətlə, ailə məsələlərinin bu formada siyasiləşməsi nə dərcədə düzdür?

 

- Fuad Qəhrəmanlının ailəsinin timsalında baş verən bu hadisələr yalnız ailədaxili məsələ deyil. Qadına, uşağa şiddət normal cəmiyyətlərdə qınanmalıdır, bunun üzərinə gedilməlidir ki, buna bənzər başqa hadisələr də baş verməsin. Partiyanın sədri olub, demokratiyadan dəm vuran birisi bu gün həyat yoldaşını,qızını şiddətə məruz qoyursa, o, çox ciddi şəkildə qınanmalıdır. Təkcə qınanmalı deyil, çox ciddi müzakirələr getməlidir. Belə halların baş verməməsi üçün cəmiyyət buna ciddi təpki göstərməlidir. Bu ailədə baş verənləri görən Əli Kərimli Fuad Qəhrəmanlını qınamaq, bu şiddətin baş verməməsi üçün məsələnin üzərinə getmək əvəzinə, pərdələməyə, üzərindən keçməyə çalışıb. Amma bu elə ciddi problem olub ki, bu gün bütün cəmiyyəti silkələyib. Hesab edirəm ki, hər bir siyasətçi bu məsələyə öz qiymətini verməlidir. Cəmiyyətimizin hər bir üzvünü bu məsələ düşündürməlidir.

 

“ATƏT-in Minsk qrupundan imtina etmək elə hesab edirəm ki, hələ Azərbaycanın xeyrinə olmaz”

 

- Bu günlərdə ADP sədri Sərdar Cəlaloğlu ATƏT-in Minsk qrupundan imtina məsələsini qaldırdı. Buna fikriniz necədir?

 

- ATƏT-in Minsk qrupundan imtina məsələsi belədir ki, onun fəaliyyətindən hamımız narazıyıq. Onların regiona səfərləri turist səfərindən başqa bir şey deyil, heç bir siyasi nəticə vermir. Amma bu gün ATƏT-in Minsk qrupundan imtina etmək elə hesab edirəm ki, hələ Azərbaycanın xeyrinə olmaz. Ancaq Azərbaycan diplomatiyasını xeyli gücləndirmək lazımdır. Bildiyiniz kimi, Ermənistan hüquqdan kənar addımlar atır ki, bu da təkcə Azərbaycanı deyil, eləcə də Avropa dövlətlərini, Amerikanı, elə ATƏT-in Minsk qrupunun həmsədrlərini belə qıcıqlandırır. Belə bir şəraitdə Azərbaycan diplomatiyası elə bir çevik hərəkətlər etməlidir ki, Ermənistan bir köşəyə sıxışdırılsın. ATƏT-in Minsk qrupu əslində bu gün bizim üçün bir diplomatik məkandır. Bu məkandan ciddi şəkildə istifadə etməliyik. Əgər Azərbaycan diplomatiyası öz fəaliyyətini kifayət qədər gücləndirərsə, ATƏT-in Minsk qrupu da güclənmiş olar, çevik hərəkətlər etmiş olar. Düşünürəm ki, ATƏT-in Minsk qrupundan imtina etmək hələ tezdir, bu barədə gələcəkdə düşünmək olar. Onu gücləndirmək üçün Azərbaycan diplomatiyasını daha kəsərli etmək, hücumçu bir vəziyyətə gətirmək lazımdır.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı