Milli Şura-AXCP cütlüyünün 28 sentyabr mitinqi – GÜNAHLARI, SAVABLARI

15:47 30-09-2019 | icon 1066 | Siyasət
Milli Şura-AXCP cütlüyünün 28 sentyabr mitinqi – GÜNAHLARI, SAVABLARI

“Kiflənmiş, paslanmış mitinq taktikasından, zorakı "inqilab" çağırışlarından əl çəkilməlidir”

 

“28 sentyabr mitinqinin baş tutub-tutmayacağı iqtidar üçün də, müxalifət üçün də çox önəmli idi”.

 

Bunu Versus.Az-a 28 sentyabr mitinqinin təxirə salınma səbəblərini şərh edən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib:

 

 

Əlisahib Hüseynov: “Əli Kərimli də, onun yandaşları da yalnız virtual dünyada yaşayır”

 

“İqtidar mitinqə icazə verdi, Qaradağ rayonunun Lökbatan qəsəbəsində mitinq üçün konkret məkan da ayırdı. Lakin radikal müxalifət - AXCP-"Milli Şura" cütlüyü sözügedən məkanda mitinq keçirməkdən birmənalı şəkildə imtina etdi və mitinq təxirə salındı. Əlbəttə, bu, gözlənilən idi. İqtidar belə bir sonluğu, müxalifətin ənənəvi inkarçılıq davranışını gözləyirdi. İqtidar radikal müxalifətə məlum ünvanda yer ayırmaqla, mitinqə icazə verməklə bir növ müxalifəti, müxalifətin gücünü test etmiş oldu. Testin nəticələri isə həmişə olduğu kimi yenə də müxalifətin gücsüzlüyünü, zəifliyini bir daha ortaya qoydu. Virtual məkanda çoxsaylı "troll ordusu"nun sayəsində az qala "inqilab" fırtınası yaradan radikal müxalifət liderlərinin real məkanda real mitinq keçirməyə isə cəsarətləri çatmadı.”

 

Ə.Hüsynov hesab edir ki, əslində müxalifət ona verilmiş icazəli mitinq imkanından mütləq şəkildə yararlanmalıydı. Lakin cəmiyyət - həm sosial şəbəkələrdəki kəsim, həm də cəmiyyətin müxtəlif təbəqələri radikal müxalifətin mitinq iflası ilə baş-başa qaldı:

 

“Cəmiyyət gördü ki, müxalifətin gücü bir "Məhsul" stadionu qədərmiş. Paytaxtın mərkəzində keçirilən mitiqlərə 10 min nəfərdən artıq izləyici, tərəfdaş yığa bilməyən radikal müxalifətin paytaxtın mərkəzindən nisbətən uzaq olan Lökbatan qəsəbəsində mitinq təşkil etməyə isə ümumiyyətlə nə sosial bazası, nə texniki-təşkilati imkanları, nədə ki, təpəri var. Beləliklə, bir daha məlum oldu ki, müxalifətin yaratdığı virtual mitinq görüntüsünün cəmiyyətin ovqatı ilə və ölkədəki ictimai-siyasi proseslərlə heç bir əlaqəsi yoxdur.”

 

Ə.Hüseynov bildirib ki, Əli Kərimli də, onun yandaşları da yalnız virtual dünyada yaşayır. Partiya sədrinin sözlərinə görə, onların ölkənin real ictimai-siyasi həyatı ilə bağları çoxdan qopub. 28 sentyabr mitinqini təxirə salmaqla isə AXCP-"Milli Şura" rəhbərliyi virtual müxalifətçiliyə sarsıdıcı zərbə vurmuş oldu:

 

“Youtube kanallarında və sosial şəbəkələrdə Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin çıxışlarının, paylaşımlarının altında şərh yazan sıravi virtual müxalifətçilərin əksəriyyətində xəyal qırıqlığı yarandığı hiss olunur. Hətta bu mitinqin təxirə salınmasına görə Əli Kərimlini açıq surətdə qınayan, tənqid edən müxalifətçilər də var. Odur ki, Əli Kərimlinin "Mitinq etmək haqqımızdır! Vaz keçməyəcəyik!" kimi hikkəli açıqlaması və ya növbəti mitinq anonsu da daldan atılan daşın topuğa dəyməsi məsəlini xatırladır. Əli Kərimli bundan sonra öz tərəfdaşlarında, adeptlərində artıq əvvəlki kimi haylı-küylü mitinq eyforiyasını, virtual ekstaz vəziyyətini bir daha yarada bilməyəcək. Bu cür icazəli mitinqin təxirə salınması cəmiyyətə onu diqtə edir ki, radikal müxalifətə əsla güvənmək olmaz. Şükürlər olsun ki, cəmiyyətimiz kifayət qədər ayıq-sayıq cəmiyyətdir. İnsanlarımız ölkədə "Ukrayna ssenarisi"nin, "Suriya ssenarisi"nin təkrarlanmasını, Azərbaycanın inqilab və xaos cəhhənəminə çevrilməsini istəmir. Məhz bu səbəbdəndir ki, cəmiyyət radikal müxalifətə dəstək vermir. Cəmiyyət Əli Kərimlinin sadəcə mitinq "virus"una yoluxduğunu yaxşı bilir. Fəsildən-fəsilə isə bu yoluxmanın simptomları özünü lap qabarıq şəkildə göstərir. Hər il payız və yaz fəsilləri gələndə radikal müxalifətin mitinq "xəstəliyi" də aktivləşir. Cəmiyyətimiz 26 ildir ki, siyasi proseslərin bu cür gedişatına və radikal müxalifətin "sezonnı" müxalifətçiliyinə alışıb. İqtidar da müxalifətin bu durumunu illərdir ki, eyni qayda ilə müşahidə edir. Sözügedən icazəli mitinqdən imtina edilməsi isə iqtidarın ortaya qoyduğu versiyaları bir daha təsdiqləmiş oldu. Müxalifətin mövcud çərçivələrdən, stereotiplərdən kənara çıxa bilməməsi göz qabağındadır. Ancaq Əli Kərimli ölkədə sağlam müxalifətçilik ab-havasının formalaşmasını istəyirsə, artıq cəmiyyətdə ikrah doğuran, haqlı qınaqlara səbəb olan kiflənmiş, paslanmış mitinq taktikasından, zorakı "inqilab" çağırışlarından əl çəkməlidir. O və yandaşları sivil müxalifətçilik ampluasına keçməlidir. Ölkədə sivil müxalifətçilik, intellektual müxalifətçilik atmosferi formalaşdırılmalıdır. Dünyanın hər yerində intellektual demokratlar seçkiyə, qaragüruh "demokrat"lar isə mitinqlərə üstünlük verirlər. Nəhayət ki, Əli Kərimli də bu həqiqəti dərk etməlidir. O, qulaqlarını açıb cəmiyyətin mitinqlərə qarşı təpkilərini eşitməlidir, mitinq taktikasının köhnəldiyini və artıq heç bir effekt vermədiyini ona anlatmaq istəyən opponentlərinin səsini eşitməlidir. Belə davam edə bilməz!”

 

 

 

Arif Hacılı: “Toplaşma hüququ ayrı-ayrı stadionlarda yox, hər yerdə təmin olunmalıdır”

 

 

BŞİH Milli Şura və AXCP-nin 28 sentyabr mitinqinə icazə verdi, lakin mitinq təşkilatçıları Lökbatanda mitinq üçün ayrılan yerin şəhərdən uzaq olduğunu əsas gətirərək mitinqi təxirə saldılar.

Qeyd edək ki, baş nazirin müavini, YAP icra katibinin müavini Əli Əhmədov bunu müxalifətin yeni iflası olduğunu bildirdi. Ə.Əhmədov bildirdi ki, bir neçə həftədir virtual olaraq təbliğ edilən, az qala virtual müxalifətin “siyasi təntənəsinin başlanğıcı” adlandırılan 28 sentyabr mitinqi mifi gözlənilən sonuna çatdı.

 

“Əslinə qalsa müxalifətin iflası Azərbaycanın siyasi reallığının yeni hadisəsi deyil. 26 ildir ənənəvi müxalifət iflas rejimində yaşayır və “fəaliyyət göstərir”. Səbəbi də çox sadədir. Hakimiyyətdə olduğu cəmi 13 ay ərzində törətdiyi əməllərə görə xalq tərəfindən devrilən partiyalar lazımi nəticələr çıxarmaq əvəzinə onları iflasa sürükləyən taktikalarını davam etdirməyə üstünlük verdilər və nəticədə sosial dayaqlarını bütünlüklə itirməli oldular, marginallaşdılar, cəmiyyətin mütləq əksəriyyətinin nəzərində yad ünsürlərə çevrildilər"-deyə, Ə.Əhmədov mitinqin təxirə salınması ilə bağlı arqumentlərini isrəli sürüb.

Müxalifət partiyaları da mitinqin təxirə salınmasına birmənalı yanaşmayıblar.

 

Müasavat Partiyasının sədri Arif Hacılı Versus.Az-a bildirib ki, əslində 28 sentyabr mitinqinə icazə verilmədi.

“Çünki Bakı Şəhər İcra Hakimiyyətinin qərarı qanuna ziddir. İcra Hakimiyyətinin mitinqin yerini dəyişdirmək səlahiyyəti yoxdur. Vətəndaşların sərbəst toplaşma hüququ ayrı-ayrı stadionlarda yox, hər yerdə təmin olunmalıdır. Əslində mərkəzi meydanlarda deyil, "Məhsul" stadionu və bu tipli yerlərdə mitinq üçün müraciət müxalifətin güzəştidir. Hakimiyyət isə buna da razı olmamaqla müxalifətdən, etiraz dalğısından çəkindiyini təsdiq edir”- deyə, AXCP və Milli Şuranın mitinqdən imtina etməsinin səbəbini yenə də hakimiyyətin günahına yazdı.

 

Arif Hacılı dedi ki, Əli Əhmədov yəqin ki, dediklərinə özü də inanmır. Hesab edir ki, özünə güvənən iqtidar müxalifətə hətta "Məhsul" stadionunda mitinqə icazə verməkdən çəkinməz.

 

 

 

Taliyyət Əliyev: “Mitinq “Məhsul” stadionunda baş tutsaydı ora kifayət qədər etirazçı kütlə toplaşacaqdı”

 

ADP sədrinin müavini Taliyyət Əliyev bildirib ki, son illər hakimiyyət yalnız Yasamal rayonu ərazisində yerləşən “Məhsul” stadionunda mitinqlərin keçirilməsinə icazə verirdi. Bu ilin yanvar ayının 19-da Milli Şura tərəfindən Məhsul stadionunda keçirilən mitinqdən sonra faktiki olaraq hakimiyyət tərəfindən Bakı şəhərində mitinqlərin keçirilməsinə qeyri-rəsmi qadağa qoyub:

 

“Payız aylarında mitinqlərin keçirilməsi ilə bağlı fikirlər və təşəbbüslər səslənəndən sonra Məhsul stadionu təmir adı altında bağlandı. Bu faktiki olaraq bu məkanda mitinqlərin keçirilməsinin qarşısının alınmasına hesablanmış addım idi. Milli Şuranın 28 sentyabr mitinqinə hakimiyyət orqanları tərəfindən şəhərdən kənar ucqar bir yerdə icazə verilməsi hakimiyyətin vətəndaşların sərbəst toplaşmaq azadlığına olan münasibətinin göstəricisidir. Bu gözlənilən bir qərar idi. Mitinqə şəhərdən ucqar bir yerdə icazə verilməsində məqsəd həmin mitinqə vətəndaşların kütləvi şəkildə qatılmasını əngəlləmək məqsədi daşıyır. Milli Şuranın bu qərarla razılaşmayaraq mitinqi təxirə salması onların daxili işidir, iqtidarın bu qərara nə deməsindən asılı olmayaraq baş verənlər ölkədə fundamental insan hüquq və azadlıqlarının pozulmasıdır”.

 

T.Əliyev eyni zamanda son günlər AXCP sədrinin müavini “Fuad Qəhrəmanlı olayı” ətrafında baş verənlərin insanların mitinqə qoşulmasına təsir edəcəyi ilə bağlı ehtimalları da yanlış sayıb:

 

“Çünki mitinqə gələn insan Fuad Qəhrəmanlıya görə deyil, qəlbində olan etirazını ifadə etmək üçün gələcəkdi. Ona görə də hesab edirəm ki, mitinq “Məhsul” stadionunda baş tutsaydı, oraya kifayət qədər etirazçı kütlə toplaşacaqdı.”

 

 

 

Əli Orucov: “Milli Şuranın seçdiyi taktikanı yanlış hesab edirəm”

 

AMİP katibi Əli Orucov bildirib ki, hakimiyyət mitinqlə bağlı öz maraqları baxımdan düzgün qərar qəbul etdi. Milli Şuraya bəhanə yeri qoymamaqla yanaşı, özünü beynəlxalq təzyiqlərdən qismən də olsa sığortalaya bildi:

 

“Hakimiyyət Milli Şuranın mitinq oyunlarında oyundankənar vəziyyətdə qaldı. Mitinqlər hakimiyyətə etiraz və təzyiq vasitələrindən biridir. Lakin bu vasitə kütləvi olmayanda əks effekt verir. Azərbaycanda narazılıqlar və etirazlar kifayət qədərdir. Bu etirazlar hələ ictimailəşməyib və kütləviləşmədiyindən insanlar da kütləvi aksiyalara maraq göstərmir. Milli Şura da hesab edirdi ki, bu boşluğu iqtidarın mitinqə icazə verməməsi ilə doldura biləcək. Ancaq bu dəfə onların hesablamalarını hakimiyyət pozdu. Onsuz da mitinqlərin keçirilməsinə sosial sifariş yox idi. Nə qədr ki, narazı eloktorat kütləvi etiraz aksiyalara həvəs göstərməyəcələr, o vaxtadək Milli Şura ilə hakimiyyət arasında mitinq oyunları bu sayaq davam edəcək. Ona görə də Milli Şuranın seçdiyi taktikanı yanlış hesab edirəm.”

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol