Əlisahib Hüseynov və onun partiyası nəyə görə İlham Əliyevi dəstəkləyir?

16:18 05-04-2018 | icon 1088 | Gündəm
Əlisahib Hüseynov və onun partiyası nəyə görə İlham Əliyevi dəstəkləyir?

Bizim çox humanist, səbrli, təmkinli dövlət başçımız var”

 

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynovun Versus.Az-a müsahibəsi

 

- Əlisahib müəllim, hazırda ictimai-siyasi proseslərin ən həssas mərhələsi yaşanmaqdadır. Artıq bir neçə gündən sonra səsvermə günüdür. Prosesi necə müşahidə edirsiniz?

 

- Aprelin 11-də seçicilər qeydiyyatda olduqları ərazilərdə yerləşən seçki məntəqələrinə gələrək bəyəndikləri, dəstəklədikləri namizədə səs verəcəklər və beləliklə də qarşıdakı 7 il müddətində Azərbaycana rəhbərlik, liderlik edəcək şəxsin kimliyinin müəyyənləşdirilməsi məsələsində öz üzərlərinə düşən rolu, vətəndaşlıq görəvini yerinə yetirmiş olacaqlar. Səsvermə hüququna malik olan həmin vətəndaşlardan biri də mənəm və hamı kimi mən də seçki gününə hazırlaşıram. Seçimim də artıq bəllidir.

 

“Biz öz düşərgəmizi çoxdan müəyyən etmişik”

 

Mən 11 apreldə hazırkı prezident İlham Əliyevə səs verəcəm. Bu mənim düşünülmüş və dərk olunmuş qərarımdır, qəti əminliklə etdiyim seçimdir. Mən bu qərarı həm bir məcburi köçkün-vətəndaş kimi, həm siyasi partiya sədri kimi, həm də Qarabağ qazisi kimi vermişəm.

Bu günlərdə keçirdiyim görüşlərdə, fərdi söhbətlərdə məndən kimə səs verəcəyimi soruşurlar. Mövqeyimi bilmək istəyən məcburi köçkün vətəndaşlarımıza da açıq mətnlə deyirəm ki, biz öz düşərgəmizi çoxdan müəyyən etmişik. Bizim mövqeyimiz ortadadır, namizədimiz də bəllidir, İlham Əliyevə səs verəcəyik. Mənimlə bərabər bütün DADP üzvləri də İlham Əliyevə səs verəcək.

 

- Bunu nədən bu qədər net şəkildə deyirsuz?

 

- Çünki bizdən asılı olmayan bir sıra obyektiv və subyektiv səbəblər üzündən iş elə gətirib ki, bu günlərdə Azərbaycanda hamı öz mövqeyini müəyyənləşdirməyə, hansı cəbhədə olduğunu təyin etməyə, hansı siyasi düşərgəni dəstəklədiyini bildirməyə, bəyan etməyə çalışır. Məşhur bir siyasi aforizmdə də deyildiyi kimi, indi bitərəf qalmaq olmaz. Bunun əsas səbəblərindən biri də bu gün xaricdən maliyyələşən bəzi şəxslərin sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa başlamaqları oldu. Onlar bu cür xoşagəlməz addımlarıyla bir növ Azərbaycan cəmiyyətini hərəkətə gətirmiş oldular. Və onsuz da hələ çox-çox öncələrdən mövqeyi bəlli olan, siyasi əqidəsi dəyişməz, sabit qalan insanlar indi bir daha öz mövqelərinə sadiqliklərini ortaya qoymağı və kimin yanında yer aldıqlarını bəyan etməyi zəruri hesab etdilər.

 

- Yəqin ki, son vaxtlar virtualda başladılan təhqir kampaniyası sizin də diqqətinizdən yayınmayıb. Sizcə, söyüşü siyasi mübarizə predmetinə çevirənlər nəyə nail oldular?

 

- Bu günlərdə sosial şəbəkələrdə, xəbər saytlarında, ictimai toplantılarda Avropadakı virtual "qəhrəman"ların qeyri-etik məzmunlu davranışlarına, söyüş "inqilab"ına cəmiyyətimiz tərəfindən verilən təpkilər, sərt etirazlar da göstərdi ki, onlar sadəcə stəkanda fırtına yaratmaq istəyən bir ovuc avantüristlər dəstəsidir və Azərbaycanın daxilində onları dəstəkləyən insanların sayı olduqca azdır. Böyük çoxluq isə onların azğın davranışlarına, əndazəsini aşan qeyri-etik sözlərinə, söyüşlərinə qəti şəkildə "yox!" dedi və dövlətin, hakimiyyətin yanında olduqlarını, Prezident İlham Əliyevi dəstəklədiklərini ortaya qoydu.

Burada bir məqamı da xüsusi qeyd etmək istərdim ki, biz bu prosesdə cənab Prezidentlə bərabər, onun komanda üzvlərinə qarşı, özəlliklə də prezidentin köməkçisi Əli Həsənova qarşı kəskin hücumların şahidi olduq. Təhqirlərin və psixoloji hücumların çoxu ilk növbədə məhz Əli Həsənova qarşı yönəlmişdi.

 

Söyüş müxalifəti"nin çılğın üzvləri...

 

- Nədən məhz Əli Həsənov? Sizcə, Əli Həsənovu hədəf seçməkdə məqsədləri nə idi?

 

- Gəlin bu suala ilk növbədə Əli Həsənovun özünün ifadə etdiyi fikirlərin vasitəsilə aydınlıq gətirək.

Əli müəllim deyib: "Bəzi qruplar sosial şəbəkədə Azərbaycan və onun rəhbərliyinə qarşı çirkin kampaniya aparırlar. Azərbaycanın daxilində oturub, çirkin söyüş müxalifətini dəstəkləyənlər, onların mənəviyyatsız əməllərini bəzi hakimiyyət dairələrinin adına yazaraq, prezidentin komandasında qarşıdurma yaratmaq istəyənlər daha ziyanlı mənəviyyat sahibidirlər. Bu müzakirələrdən sonra əvvəllər barışdırıcı kimi görünməyə çalışanların çıxışlarında, təhlillərində bir həqiqət etiraf olunmağa başlayıb – hədəf sadəcə, prezident və onun ailə üzvləri, komandası, o komanda üzvlərindən biri olan mən - Əli Həsənov deyil. Məqsəd Şərq mentalitetinin incəliyinə hesablanıb – hədəf birinci şəxsin və komandasının müsbət imicini zədələməklə, onlara qarşı kütləvi narazılıq ovqatı formalaşdırmaqla, komandadaxili qarşıdurma yaratmaqla ölkədəki mövcud sabitliyi pozmağa nail olmaqdır".

Baxın, bunu Əli Həsənov deyib və o haqlıdır. Məncə də hər şey aydındır. Hədəf Pezidentlə komandası arasında uçurum və güvənsizlik yaratmaq, habelə, komanda üzvləri arasında qarşıdurma yaradıb, son nəticədə isə hakimiyyəti zəiflətmək, çevrilişə nail olmaq idi.

 

Mən bu günlərdə ölkənin içindəki bəzi tanınmış şəxslərin videoçıxışlarını, müraciətlərini diqqətlə izləyirdim. Onlar da öz çıxışlarında əksər hallarda Əli Həsənovun adını qərəzli şəkildə vurğulamaqla xaricdəki "söyüş müxalifəti"nin çılğın üzvlərini sanki bir qədər də qızışdırmağa çalışır və onları Əli Həsənova qarşı daha kəskin mövqe tutmağa, daha sərt ifadələr işlətməyə təhrik edirdilər. Bu isə həm Əli Həsənovun şəxsinə və postuna qarşı qısqanclıqdan irəli gəlirdi, həm də ki, prezident komandasının əsas sözçüsü və baş ideoloqu kimi birbaşa Əli Həsənovun zərərsizləşdirilməsinə, susdurulmasına, necə deyərlər, "offsayd"a salınmasına hesablanmışdı. Çünki onlar prezidentə qarşı başlatdıqları çirkin kampaniyanın öz hədəfinə çatması yolunda məhz Əli Həsənovu əsas maneə kimi görürdülər. Lakin onlar bu məqsədlərinə nail ola bilmədilər. Əli Həsənov bu cür məkrli planların qarşısında zərrə qədər də tərəddüd etmədi, təmkinini pozmadı və geri çəkilmədi. O, əsl polittexnoloq ustalığı, siyasi qrossmeyestr peşəkarlığı nümayiş etdirdi. Prezident köməkçisi xaricdə oturub söyüşü siyasi mübarizə predmetinə çevirənlərə sosial şəbəkə üzərindən müraciət etdi, onları həm sivil dialoqa dəvət etdi, həm də xalqımızın milli-mənəvi dəyərləri çərçivəsində sayğılı davranmağa çağırdı. Bu bir təcrübəli ictimai-siyasi xadimin əsl dövlətçilik anlayışına malik olmasının göstəricisi və siyasi müdriklik nümunəsi idi. Əli Həsənov bu taktikası ilə zirvədə olduğunu göstərdi və həm daxildəki ənənəvi müxalifətin, həm də xaricdəki "söyüş müxalifəti"nin və onların gizli havadarlarının planlarını pozdu. Həmin o "söyüş müxalifəti"nin üzvləri də anladılar ki, söyüş heç də uzunömürlü və effektiv mübarizə taktikası deyil və İlham Əliyev iqtidarını söyüşlə yıpratmaq, yıxmaq mümkünsüzdür. Odur ki, son günlər söyüşün "doza"sı gündən-günə azalmaqdadır.

Səngiməkdə olan bu söyüşlərin fonunda artıq Azərbaycan ictimaiyyəti də məsələnin əsas mətləbindən agah olmağa və xaricdəki məlum söyüş bloggerlərinin gerçək niyyətlərini duymağa başlayır. İctimaiyyət, o cümlədən, onların öz yaxınları da bu adamların iç üzünü, gerçək kimliyini tanımalıdırlar və düşünürəm ki, artıq tanımağa başlayıblar. İctimaiyyətin böyük əksəriyyəti onlara inanmır və onları ciddi qəbul etmir. Bu adamlar cəmi üç-dörd nəfərdir və əminəm ki, elə sona qədər də meydanda bax beləcə, azlıqda qalacaqlar.

 

- Əlisahib müəllim, necə düşünürsüz, Prezident seçkisinə sanılı günlər qaldığı bir vaxtda qeyd etdiyiniz məkrli niyyətlər seçicilər qarşısında müəyyən mənada tərəddüd yarada bildi?

 

“Necə böyük suç işlədiklərini dərk edəcəklər

 

- O qüvvələrin virtual dəstəkçilərinin sayı real dəstəkçilərinin sayına tərs mütənasibdir. “Layk”ların, izləyicilərin çoxluğu heç də real etirazçıların, potensial narazıların çox olması demək deyil. Ölkə əhalisinin və potensial seçici elektoratının mütləq əksəriyyəti məhz İlham Əliyevi dəstəkləyir. Bunu yerli və xarici sorğu mərkəzlərinin respondentlər arasında keçirdikləri sorğuların nəticələri də açıq surətdə təsdiqləyir. Söyüş bloggerləri isə elə zənn edirlər ki, sanki bütün xalq onları dəstəkləyir və hər kəs ayağa qalxmağa, mifik inqilaba qoşulmağa hazırdır. Onlar özlərini bu yalana, bu ilğıma, bu illüziyalara inandırıblar. Onlar indi real Azərbaycanda deyil, özlərinin uydurduqları virtual inqilab aləmində xam xəyallarla, şirin üllüziyalarla yaşayırlar və eyforiyaya qapılıblar. Eybi yox, qoy yaşasınlar. Onsuz da bir müddətdən sonra ayılacaqlar və nə boyda yanlışın içində olduqlarını, necə böyük suç işlədiklərini dərk edəcəklər. Hətta bəlkə də bu hərəkətlərindən dolayı peşman da olacaqlar. Mən buna əminəm və o günü gözləyirəm.

Amma bizim onları asmaq, kəsmək, yada ki, onlarla elə onların öz dilində - söyüş leksikonuyla danışmaq fikrimiz yoxdur. Məşhur türk siyasətçisi, mərhum Alparslan Türkeşin çox gözəl bir deyimi vardı: "Bizə güllə atanlara biz gül atarıq". Bilirəm ki, İlham Əliyev də məhz bu düşüncə ilə yaşayan və hərəkət edən bir siyasi liderdir. Bizim həqiqətən də çox humanist və səbrli, təmkinli dövlət başçımız var. Məhz bu səbəbdəndir ki, Avropa ölkələrindəki bir neçə söyüş bloggerlərinin bunca tərbiyəsiz davranışlarına baxmayaraq, İlham Əliyev onlara qarşı qəzəb nümayiş etdirmir, kin püskürmür. Nə Azərbaycan iqtidarı tərəfindən, nə də ki, Prezidenti dəstəkləyən insanlar tərəfindən onlara qarşı onların yaşadıqları ölkələrdə hər hansı bir formada təzyiqlər göstərilmir, maneələr və təxribatlar törədilmir, onların keçirdikləri portret yapışdırma aksiyalarına kobud müdaxilələr edilmir. Maraqlıdır ki, onların əsas məqsədləri, istədikləri də elə budur ki, hal-hazırda yaşadıqları ölkələrdə Azərbaycan iqtidarının göndərdikləri şəxslər tərəfindən onlara qarşı hər hansısa bir formada fiziki təzyiqlər göstərilsin, xəsarətlər yetirilsin. Hər şey məqsədli şəkildə ona hesablanıb ki, Azərbaycan dövləti məhz bu istiqamətdə müəyyən təhrikedici addımlar atsın, bu insanlara qarşı bəzi cəza metodlarını tətbiq etsin. Bəli, onlar məhz bunu gözləyirlər. Əgər onlara qarşı kiçicik bir müdaxilə olarsa və ya fiziki xəsarətlər yetirilərsə, onlar və onlara havadarlıq edən xarici qüvvələr dərhal bundan dövlətimizə qarşı "qara piar" kimi istifadə etməyə başlayacaqlar. Lakin İlham Əliyev bu sosial media "qəhrəman"larına həmin fürsəti vermək fikrində deyil. Çünki İlham Əliyev sosial mediadan, həmçinin elektron mediadan söyüş, təhqir, böhtan və insanları aşağılamaq üçün istifadəni, manipulyasiya üçün istifadəni yolverilməz sayır və bunu edənlərə də hər hansı bir formada zor göstərilməsini qəbul etmir. İlham Əliyev sosial şəbəkələrdəki kiçik didişmələrə baş qoşmaqla yox, hal-hazırda dünyada gedən mürəkkəb və təlatümlü geopolitik proseslərdə Azərbaycanın yerini və rolunu müəyyən etmək, ölkəmizi mümkün təhlükələrdən necə qorumaq kimi qlobal məsələlərin həlli ilə məşğuldur. Məşhur Rusiyalı teleaparıcı Dmitri Kiselyovun son müsahibəsində vurğuladığı kimi, baxmayaraq ki, çox tez dəyişən hazırki mürəkkəb dünya prosesləri mühitində və ABŞ-ın diktə etdiyi oyun şəraitində maraqlar tarazlığını, balansı qoruyub saxlamaq olduqca çətindir, lakin İlham Əliyev bu mərhələni itkilərsiz, sadəcə ideal surətdə adlayıb keçir və ölkəsini mümkün risklərdən sığortalamağı bacarır. İlham Əliyev sözün əsl mənasında strateqdir. Odur ki, Avropadaki 3-5 söyüş "cəngavər"inin feysbukda yaratdığı illüzor "fırtına"lar İlham Əliyevin diqqətini ölkə üçün mühüm olan təməl məsələlərdən yayındıra bilməz. İlham Əliyevin hazırki fəaliyyətləri, inamlı davranışları da bunu təsdiqləyir. Biz də məhz bu fəaliyyətlərinə görə İlham Əliyevi dəstəkləyirik. Və bu dəstəyimiz sadəcə gəlişigözəl sözlər, pafoslu cümlələr deyil. Biz yeri gəldikdə, İlham Əliyevi hətta canımızla, qanımızla da müdafiə edəcəyik. Bunu hər kəs bilsin!

 

İlham Əliyevi hətta canımızla, qanımızla da müdafiə edəcəyik

 

- Əlisahib müəllim, söyüşü siyasi mübarizə predmetinə çevirənlərə qarşı hansı tədbirləri məqbul sayırsınız?

 

- Ayrı-ayrı istifadəçilər tərəfindən qlobal internet resurslarında aparılan qanunazidd, etikadan kənar hərəkətlərə qarşı inzibati cəzalara yox, daha çox ictimai qınağa üstünlük verilməlidir və cəmiyyət özü bu kimi hallara təpki göstərməlidir. İctimai fəallar söyüşə "yox!" deməlidirlər və deyirlər də. Mən də öz paylaşımlarımda, açıqlamalarımda, çıxışlarımda bu məsələyə artıq bir neçə dəfə münasibətimi bildirmişəm və Avropaya sığınmış məlum söyüş bloggerlərini qınamışam.

 

- Sosial şəbəkədəki paylaşımlarınızdan narahat olduğunuz hiss olunur.

 

- Bəli, çox narahatam! Mən görürəm ki, söyüşü siyasi mübarizə vasitəsinə çevirmiş bir neçə gəncin ölkə xaricindəki məsuliyyətsiz fəaliyyətləri Azərbaycanı inqilaba doğru yox, vətəndaş müharibəsinə doğru aparmağa hesablanıb. Bəli, biriləri Azərbaycanımızı məqsədli şəkildə xaosa, iç savaşlara sürükləyir. Amma buna yol vermək olmaz! Mən keçmiş hərbçiyəm, Qarabağ qazisiyəm. Ağdamda və Qubadlı uğrunda gedən döyüşlərdə iki dəfə yaralanmışam. Mənim qanım Azərbaycan torpağına qarışıb. Bu torpaq mənim canımın bir parçasına çevrilib. Bəzi populist insanlarımızdan və o cümlədən, Avropada məskunlaşan bir neçə sosial media "qəhrəman"larımızdan, söyüş "usta"larımızdan fərqli olaraq mən real müharibənin nə demək olduğunu çox yaxşı bilirəm. Mən müharibənin insanlarımıza gətirdiyi fəlakətləri, soydaşlarımızın öz yurd-yuvalarından necə didərgin düşmələrini, uşaqlarımızın, qocalarımızın dağlarda, yollarda necə həlak olmalarını öz gözlərimlə görmüşəm. Və bütün bunlar Azərbaycanımızın yalnız kiçik bir hissəsində - Dağlıq Qarabağda yaşanmış faciələrdir. Amma sosial şəbəkələr üzərindən Azərbaycandakı insanları inqilaba çağıran "qəhrəman"lar isə indi də bütün Azərbaycanı böyük bir müharibə meydanına çevirmək istəyirlər. Eynilə Liviyadakı kimi, İraqdakı kimi, Suriyadakı kimi... Amma bu dil "pəhləvan"larımızı Vətənimizin Liviyadan və Suriyadan da daha betər duruma düşəcəyi, xarabazara çevriləcəyi və ərazilərimizin tamamilə işğal ediləcəyi əsla maraqlandırmır, narahat etmir. Onlar öz içlərindəki əlahiddə qisasçılıq hissinə görə bütün Azərbaycanı, bütün azərbaycanlıları "uff" demədən qurban verməyə hazırdırlar. Bax, bu həqiqətən də dəhşətdir, əsl faciədir. Bunlardan soruşmaq lazımdır ki, budurmu sizin vətənpərvərliyiniz? Yaxşı, deyək ki, sizə qarşı və yaxud, doğmalarınıza qarşı hansısa kiçik ranqlı məmurlar tərəfindən hansısa haqsızlıqlar, təzyiqlər olub. Bəs buna görə bütün milləti, ölkəni vətəndaş müharibəsinə sürükləmək cəhdiniz nə dərəcədə doğru hərəkətdir? Yəni qisasçılıq hissi bu qədərmi sizin gözlərinizi örtüb? Bəlkə özünüzü balaca Leninin yerinə qoyub öldürülmüş qardaşının qisasını almaq niyyətilə bütün Rusiyanı inqilab xaosuna, "qırmızı terror" cəhənnəminə sürükləyən bir insanın azərbaycanlı davamçıları kimi olmaya, siz də öz adınızı tarixə yazdırmaq istəyirsiniz? Axı sizlər Leninin heç çeçələ barmağı qədər də dərin savada, fəlsəfi şüura, geniş intellektual baqaja malik deyilsiniz. Sizlər Leninin oxuduğu kitabların heç yarısının yarısını da oxumamısınız. Leninin yazdığı çoxlu sayda məqalələrin, siyasi traktatların heç bircəciyini də yazıb ortaya qoymamısınız. Nitqinizdəki primitivlik də diqqətləri dərhal cəlb edir. Sizlər bu təfəkkürləmi, bu cür bəsit haray-qışqırığınızlamı kütlələri kütləvi etiraz hərakatına cəlb edə biləcəyinizi düşünürsünüz?

 

İsti başların söyüşcül sahibləri

 

- Əlisahib müəllim, bir qazi, siyasətçi, bir vətəndaş kimi o şəxslərə, hansı ki, ictimai qınaqla da qarşılaşdılar, necə təsir etmək olar ki, söyüş kampaniyalarını durdursunlar?

 

- Mən müharibənin dəhşətlərini öz gözləriylə görən bir şəxs kimi buradan bir daha o şəxslərə çağırış edirəm - əl çəkin bu hərəkətlərinizdən! Onsuz da ermənilərlə müharibə vəziyyətində olan bir ölkəni siz də o biri yandan göz görə-görə vətəndaş müharibəsinə sürükləməyin! Siz bunun altından çıxa bilməzsiniz. Millət də bunun altından çıxa bilməz. Azərbaycan Liviyanın, Suriyanın gününə düşərsə, bunun nəticəsində sizin əzizlərinizin də canı yanar, bizim də canımız yanar, bütün millətin canı yanar. Və bu tarixi faciənin rüsvayçılığı, bədnamlığı, məsuliyyəti məhz sizin adınıza, alnınıza yazılar. Siz bunumu istəyirsiniz, bəylər? Sizin Liviyanın bugünki durumundan xəbəriniz varmı? Yoxdursa, o zaman gedin biraz kompyuter qarşısında əyləşin, Liviya ilə bağlı axtarış verin, hal-hazırda həmin ölkədə yaşanan rəzalətlərdən, acılardan xəbər tutun. Vaxtilə orada inqilaba çağırış edənlər də eynən sizin kimi çılğın, sizn kimi radikal və sizin kimi Qərb tərəfindən aldadılmış gənclər idi. Onlar elə düşünürdülər ki, Müəmmər Qəddafini devirməklə hər şey düzələcək və bütün liviyalılar cənnətdə yaşayacaqlar. Lakin gözlənilənlərin tam tərsi oldu. Liviyalılar Qəddafinin yaratdığı stabil mühitdən çıxıb, Qərbin sizin kimi maksimalist-üsyankar gənclərin əliylə yaratdığı cəhənnəmə düşdülər. Bu səbəbdəndir ki, hazırda Liviya 3 yerə bölünüb və həmin ərazilərə yiyəlik edən tayfa hökumətləri arasında vətəndaş müharibəsi hələ də səngimək bilmir. Sıravi liviyalılar isə artıq iç savaşlarından bezib, boğaza yığılıblar. Odur ki, indi liviyalılar gözlərini yenidən Qəddafilər ailəsinə dikiblər. Onlar Müəmmər Qəddafinin oğlu Seyf əl- İslam Qəddafini hakimiyyətə gətirməklə Liviyanın əvvəlki bütövlüyünü bərpa etməyi düşünürlər... Bəlkə bu yerdə sizlər də ayaq saxlayıb biraz düşünəsiniz, ey isti başların söyüşcül sahibləri?!

 

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı