QƏŞƏM RZAYEVİN DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

17:36 30-09-2019 | icon 1593 | Şəhidlər və şahidlər
QƏŞƏM RZAYEVİN DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

TİBB UNİVERSİTETİNDƏN MUROVDAĞA UZANAN YOL

 

 

 

 

 

 

 

 

QƏŞƏM RZAYEVİN DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

 

I HİSSƏ

 

1992-ci ilin 17-18 mayında radioda bir könüllü batalyonun yaradılıb Laçın istiqamətində hərəkət edəcəyinə bağlı məlumat verildi. O zaman mən Tibb Universitetinin ikinci kursunda oxuyurdum. O məlumatı eşidəndən sonra o vaxtkı "Bakı Soveti" (indiki "İçərişəhər) metrosunun yaxınlığında olan Bünyad Sərdarov-10-da olan qərargaha yollandım və könüllü olaraq orduya yazılmağımı onlardan xahiş etdim. Onlar da məni siyahıya daxil edib hərbi geyimlə təmin etdilər.


Bir müddət bu qərargaha gəlib gedəndən sonra may ayının axırlarında bizi Üçtəpə poliqonuna aparıb orada təlim məşq keçməyə başladılar. Üçtəpədə təqribən bir həftə qalandan sonra bizi şəhərə gətirib Müdafiə Nazirliyinə məxsus maşınlarla Kəlbəcər istiqamətinə yola saldılar. Biz Murovdağ ərazisindən keçib Kəlbəcərin Zülfüqarlı kəndinə gəldik. Orada bir neçə gün qalsaq da bizə silah-sursat vermirdilər. Bunun səbəbləri də bizə bəlli deyildi.


Üstündən bir müddət keçəndən sonra bizə silah-sursat verdilər. Silahlar əsasən atıcı silahlar idi. Avtomatların əksəriyyəti yararsız vəziyyətdə idilər...

 

ŞAMKƏND VƏ ÇORMANDA QURULAN POSTLAR

 

İyun ayının ikinci ongünlüyündə biz Kəlbəcərin Zülfüqarlı kəndindən Laçın rayonunun Qorçu kəndi istiqamətində hərəkət etdik.


Qabaqdan bir qrup kəşfiyyatçı öndə gedirdi, rotanın qalan hissəsi 100 nəfər olardı. Bu, 713 nömrəli hərbi hissənin birinci rotası idi. Rotanın qalan hissəsi Qorçudan Şamkənd istiqamətinə yola düşdü. Şamkəndə girəndən sonra komandirimiz RƏHMAN İSGƏNDƏROVun göstərişinə əsasən bir vzvod Şamkənddə qaldı. Həmin dönəmdə komandirimiz baş leytenant rütbəsində idi.


Rotanın qalan hissəsi qabaqda kəşfiyyat getməklə Çorman istiqamətində hərəkət etdik. Silah-sursat və ərzaq ehtiyatımızı bizim arxamızca Zil-131 gətirirdi. Və biz Çormana daxil olduq. Kənddə kəşfiyyat işi apardıqdan sonra məlum oldu ki, orada erməni yoxdur. Komandirimiz Rəhman Isgəndərovun göstərişiylə Çorman kəndində 4 istiqamətdə postlar qurub nisbətən şəraitli evlərdə yerləşdik.

 

FƏRRAŞ KƏNDİNƏ ÇÖKƏN SAKİTLİK

 

Təqribən iyun ayının axırına qədər biz Çorman kəndində müdafiə mövqeyində dayandıq.
Bir həftə keçəndən sonra komandirimiz RƏHMAN Isgəndərovun göstərişiylə 5, yoxsa 7 nəfərdən ibarət kəşfiyyat qrupu hazırlandı. Həmin qrupda mən də var idim. Biz meşənin içindən keçib Fərraş kəndi istiqamətində kəşfiyyata yollandıq. Hava qaralana qədər biz müşahidələr apardıq və artıq qaranlıq çökdüyünə görə kəndə enə bilmədik.Səhər tezdən biz kəndə endik.


Fəraş kəndi hündür dağlarla əhatə olunmuş bir kənd idi. Kənddə təqribən 15-20 ev olardı. Kənddə evləri bir-bir yoxladıq. Tam sakitlik idi. Axşamı orada bir az dincəlib sonra Çormana qayıtdıq...

 

KƏŞFİYYAT QRUPU HAQNƏZƏRDƏ

 

Komandirimiz Rəhman İsgəndərov göstəriş verdi ki, Vağazin kəndi istiqamətində hərəkət etməliyik. İki qrup halında Vağazin istiqamətində hərəkət etdik.


Bir maşın öncədən getmişdi. İkinci maşındasa biz gedirdik. Biz Vağazinə yaxınlaşanda güllə səsləri eşitdik. Bizə məlumat verdilər ki, bizim birinci qrupumuz Haqnəzər kəndində ermənilərlə döyüşə girib. Biz də dərhal maşından düşüb Haqnəzər kəndinə tərəf irəliləməyə başladıq. Bir az getmişdik ki, gördük ki, həmin qrup qayıdır. Məlum oldu ki, ermənilərin kiçik bir qrupu gülləbaran edilib, bir əsir götürülüb. Eyni zamanda bir sepli traktor da lafetiylə birgə ələ keçirilmişdi. Lafet ərzaq və digər əşyalarla dolu idi, Haqnəzər kəndi qarət edilmişdi.


Biz bütün bunları götürüb Vağazinə gətirdik. Döyüş yoldaşlarımızla söhbət əsnasında gördük ki, ermənilər bizdən uzaq məsafədə olan dağın yamacıyla qaçıb Xankəndi-Şuşa istiqamətinə üz qoydular. Məsafə çox olduğu üçün onları təqib etmədik....

 

KAMRAN BƏY KƏNDİ TƏKBAŞINA QORUMUŞDU

 

Təqribən 10 günə qədər Vağazin kəndində qaldıq. Orada 3-4 yerdə postlar qurmuşduq. Komandirimiz Rəhman Isgəndərovun göstərişiylə səngərlər qazıb müdafiə mövqeyində dayanmışdıq.


İyul ayının əvvəlləri olardı. Bizə məlumat gəldi ki, bi PİRCAHAN istiqamətində hərəkət edəcəyik. Eyni zamanda Laçın polisinin də bu istiqamətdə hərəkət edəcəyi bizə bildirildi. Biz VAĞAZİNDƏN PİRCAHAN istiqamətində hərəkətə keçdik. Gəlib Bülövlük kəndindən keçən zaman Kamran bəylə görüşdük.


Hamı Laçından çıxsa da, Kamran bəy Bülövlük kəndini təkbaşına ermənilərdən qorumuşdu. O kənddə tək qalmışdı. Onun deməsinə görə, texnika səsi eşidəndə kəndin üstündəki dağa qalxmış və görüb ki, Pircahan istiqamətindən ora ermənilərin 2-3 maşını gəlir. O, əlinə qoşalülə ov tüfəngini götürərək həmin istiqamətə atəş açır. Ermənilər birinci maşını qoyub qaçırlar. Bir az keçəndən sonra ermənilər gəlib həmin maşını götürüb ərazidən uzaqlaşıblar və bir daha o əraziyə gəlməyiblər...


Kamran bəy o zaman bizi çay süfrəsinə, ağartı məhsullarına, bala qonaq etdi. 70-ə yaxın yaşı olsa da, onun turnikdə etdiyi idman hərəkətləri bizi heyran etmişdi.

 

KƏŞFİYYAT QRUPU PİRCAHAN İSTİQAMƏTİNDƏ HƏRƏKƏT ETDİ

 

PİRCAHAN kəndində postlar qurulandan sonra hansı vzvodun hansı səmtdə dayanacağı da müəyyənləşdirildi. Və göstəriş verildi ki, həyəcan siqnalı veriləndə hansı “vzvod” hansı döyüş mövqeyində olacaq. Həmişəki kimi komandirimiz RƏHMAN İSGƏNDƏROV növbəti gün yenə də bizi sıraya düzüb öz növbəti tapşırıqlarını verdi.
PİRCAHAN kəndinə gələndən bir gün sonra təqribən 30 nəfərlik KƏŞFİYYAT qrupu yaradıldı. Həmin kəşfiyyat qrupu Pircahandan qalxaraq Qaraçənli, oradan da Alxaslı istiqamətində hərəkət etdi. Yolboyu kəndlərdə müşahidə aparırdıq. Düşmən gözə dəymirdi. Biz çaydan keçərək Alxaslıya getdik. Orada bir gün qaldıqdan sonra yenidən Pircahana qayıtdıq. Qayıdarkən yenə də yolboyu müşahidələr apardıq, düşmən qüvvələri gözə dəymirdi. Bir həftə Pircahanda qalandan sonra komandirimiz RƏHMAN İSGƏNDƏROV bildirdi ki, kəşfiyyata gedəcəyik, Laçın polisi də bizimlə birgə olacaq. Həmin vaxtı PİRCAHAN kəndində bizim 713 nömrəlii hərbi hissənin birinci rotasından əlavə Laçın polisi də müdafiə mövqeyində idi....

 

RƏHMAN İSGƏNDƏROVUN NÖVBƏTİ KƏŞFİYYAT PLANI

 

Bizim rotadan Əlqan, “Qara” ləqəbli Zöhrab, mən və komandirimiz Rəhman, Laçın polisindən də əslən Cəlilabadın Göytəpə qəsəbəsindən olan Akif dayıyla Laçın polisində olan 3-4 nəfər Pircahandan çıxıb aşağı çaya endik. Sonra çaydan Bülüldüz istiqamətinə qalxdıq. Bülüldüz kəndinin alt istiqamətindən keçib müşahidələr apardıq.
Ermənilər gözə dəymirdi. Ətrafı və Laçın istiqamətində gedən yolu müşahidə edə-edə Tığık-1, Tığık-2 kəndindən keçib Zertiyə çatanda maşın səsi eşidildi. Baxdıq ki, kəndin içərisində bir evin qabağında maşın dayanıb. Rəhman Isgəndərovun göstərişiylə bizdən 2 nəfər kəndə girməli, vəziyyəti aydınlaşdırmalı, maşına yaxınlaşıb onu əsir götürməli idik. Komandirimizin rəhbərlik etdiyi qrup da təpənin üstündə döyüş mövqeyi tutub bizi qorumalı idilər.

 

GÜLLƏ SƏSİ VƏ İT ZİNGİLTİSİ

 

Mən və Laçın polisindən olan Nazim adlı bir döyüşçü kəndin içinə doğru irəliləməyə başladıq. Kəndə daxil olduq. Maşın səsi gələn tərəfə döndük. Laçın polisindən olan döyüşçü evin qabaq hissəsinə keçmək istəyəndə əl ilə başa saldım ki, bu, təhlükəlidir. Biz evin arxa hissəsinə keçməliyik. Arxa hissədən evə daxil olduq. Elə bu vaxt güllə səsi gəldi. Güllə səsiylə eyni anda it zingiltisi də gəldi. Pəncərədən baxanda iti ölü vəziyyətdə gördük. İt al qanın içində idi. Kəndin içi və çölü hündür ağaclar və otlar olduğu üçün biz ətrafı tam şəkildə müşahidə edə bilmirdik. Elə bu vaxt maşın səsi gəldi. Baxanda gördük ki, maşın Laçın istiqamətində hərəkət etdi. Biz düşməni əldən buraxmışdıq.

 

ERMƏNİLƏR BİZİ GÖRÜB SALAM VERDİLƏR

Sonra biz bir-birimizi qoruya-qoruya kənddən çıxmaq istərkən komandirimiz Rəhman İsgəndərov əl ilə işarə verdi ki, biz də kəndə daxil oluruq. Biz Qarıkahadan keçərək Laçın rayonundan Qarabağ istiqamətində olan təpənin üstünə qalxmağa başladıq. Təpəyə qalxanda gördük ki, təpənin lap hündür hissəsində ermənilər ağac doğrayırlar. Biz onlardan 40-50 metr aralı məsafə ilə Laçının arxa hissəsindəki təpənin başına çıxdıq. Bu təpənin başı tamam çılpaq idi. Biz həmin çılpaq hissə ilə gedib üzü Salatın kəndi istiqamətində müşahidələr aparmaq istəyirdik. Laçın rayonunun içərisində çayın qabağındakı körpünün yanında ermənilərin postu var idi. Laçın polisində olan döyüşçü "zapravka" deyilən yeri əli ilə bizə göstərdi. Ancaq həmin yerdə ermənilər gözə dəymirdilər. Biz müşahidə apara-apara Salatın istiqamətinə getmək istəyirdik ki, elə bu vaxt dağın alt hissəsində maşın səsi eşitdik. Baxanda gördük ki, bu, hərbi UAZ markalı maşındır. Maşının içi erməni əsgərlərilə dolu idi. Onlar bizi gördülər, əl işarəsilə salam verdilər. Bu vaxt bizim əsgərlərdən biri qəfil yerə uzandı. Ona işarə verdik ki, dərhal ayağa qalx, onsuz da ermənilər bizim kimliyimizi bilmirlər. Biz də ermənilərə əl ilə salam verdikdən sonra onlar dağın alt hissəsiylə hərəkət edib qabaqda evlərin arasından keçərək gözdən itdilər. Həmin yerdən baxanda teleqüllə deyilən yerdə erməni əsgərlərinin nişangah qoyub atəş açmalarını gördük.

 

BİZ LAZIM OLAN KOORDİNATLARI MÜƏYYƏNLƏŞDİRƏ BİLDİK

 

Komandirimiz Rəhman İsgəndərov göstəriş verdi ki, buradan o tərəfə getmək təhlükəlidir, ermənilərin alt hissədə postları var, həmin əsgərlər də posta çıxan əsgərlərdir. Dağın döş hissəsi çılpaq olduğu üçün hərəkət etmək çox risqli idi. Geriyə qayıtmaq haqqında göstəriş oldu. Bizə artıq aydın idi ki, Laçın rayonunda ermənilərin üç postu var - postun biri körpünün üstündə, ikincisi Qarıkahası tərəfdən Laçın rayonunun girişində, üçüncüsü isə teleqüllə olan tərəfdə idi. Biz geriyə doğru qayıtmağa başladıq. Hava artıq qaralırdı. Biz Qarıkahanı keçib Zertiyə çatanda qaranlıq çökmüşdü. Hərəkəti dayandırıb gecəni Zertidə qaldıq. Sübh tezdən Tığikin içiylə gəlib Bülüldüzün altından keçib PİRCAHAN kəndinə qayıtdıq.

 

      

ERMƏNİLƏRİN BÜLÜLDÜZ İSTİQAMƏTİNDƏ DƏF EDİLMƏSİ

 

 

İyulun ikinci ongünlüyü olardı. Komandirimiz Rəhman İsgəndərov kənddə yox idi. Hansısa tapşırıq dalınca getmişdi. Qəfildən postdan bir nəfər qaçaraq gəlib dedi ki, Bülüldüz istiqamətindən Pircahan çayına doğru maşınlar hərəkət edir. Biz cəld silah-sursatımızı götürüb Pircahan kəndindən qalxan yolun üstündəki postumuza getdik. Orada postda olan uşaqlar əl ilə işarə etdilər ki, Bülüldüz istiqamətindən çaya doğru maşın karvanı gəlir.


Biz təqribən 15 nəfər çaya doğru endik. Pircahan çayının üst hissəsindəki təpədə döyüş mövqeyi tutduq. 3-4 nəfərlə məsləhətləşib belə qərara gəldik ki, erməniləri çaya qədər buraxaq, çayı keçəndə onları gülləbaran edib texnikalarını ələ keçirək. Həmin təpənin üstündən onları müşahidə edirdik.

Qabaqda 2 UAZ, arxasınca da üstü tentli 3 Ural maşını gəlirdi. Onlar bizi görmürdülər. Çaya 300 metr qalmış maşınlar dayandı. UAZ maşınından təqribən 8-9 nəfər erməni düşdü. Sonra həmin ermənilərdən ikisi aralanıb çaya doğru enməyə başladılar. Bu adamlar sanki birdən-birə yoxa çıxdılar. Ermənilərə diqqət yetirəndə gördük ki, üzləri saqqallı olan bu kəslər 25-40 yaş arasında olanlardır. Onlar əllərində silah dayanıb əl-qol ilə danışırdılar. Biz isə hələ də onları müşahidə edirdik.

Təqribən 25 dəqiqə keçmişdi ki, bizim durduğumuz təpənin alt hissəsindən ermənilərin istiqamətinə atəş açıldı. Və qəfildən o istiqamətdən bir nəfər təpənin döşüylə Pircahan istiqamətində cığırla qaçaraq ağacların içində itdi. Biz bərk əsəbləşdik. Özbaşına hərəkət edənin kimliyini bilmədik. Onun özbaşıana hərəkəti bizim döyüş planımızı pozdu. Amma onu bildik ki, bu, bizimlə gələn qrup uşaqlarından deyil.  Ermənilər pusquya düşəcəklərini anlayıb geri istiqamət götürdülər. Düşmən qüvvələri sürətlə Bülüldüz istiqamətində geri qayıtmaq istəyəndə biz onları güclü atəşə tutduq. Buna baxmayaraq onlar aradan çıxa bildilər. Bu, iyul ayının axırları olardı. Sonra bir müddət keçəndən sonra ikinci və üçüncü rota da Pircahan kəndinə gəldi. Və bir ara sakitlik oldu...

 

BÜLÜLDÜZ İSTİQAMƏTİNDƏ HÜCUM 

 

... 1992-ci il iyul ayının 29-u idi. Biz Pircahan kəndində Elburusgilin evində qalırdıq. Bu vaxt Bülüldüz tərəfdən güllə səsləri eşidilməyə başladı. Üstündən bir az keçmişdi ki, kimsə komandirimiz Rəhman İsgəndərovun Bülüldüz istiqamətində hücum əmri olduğunu bildirdi. Ardınca da məlumat verildi ki, bəs kəşfiyyat qrupu ermənilərin mühasirəsinə düşüb. Biz cəld silah-sursatımızı götürüb Pircahan çayına doğru getdik. Pircahan çayını keçib oradan Bülüldüz istiqamətində bir neçə qrup halında qalxmağa başladıq. Qruplardan biri Bülüldüzün alt hissəsiylə, bir qrup orta hissəylə, digər bir qrupsa col cinah istiqamətiylə Bülüldüzə tərəf qalxmağa başladıq. Bizim rotanın kiçik bir qismi kənddəki postlarda qalmışdı, qalan qüvvələrsə Bülüldüz istiqamətində hücuma keçdi. Az bir müddət keçdikdən sonra biz həmin əraziyə çatdıq. Mən özüm həmin əraziyə orta istiqamətdən qalxmışdım. Sol və sağ cinahlardansa rotamızın başqa qrupları hərəkət edirdi. Mən güllə səslərinin səmtini götürüb təsadüfən düz kəşfiyyatçılar olan yerə gəlib çıxdım. Bura bir təpənin başı idi. Ermənilər pulemyotla həmin ərazini çox güclü atəşə tutmuşdular. Güllə yağış kimi yağırdı...

Ətrafı müşahidə etdim. Demək olar ki, heç bir erməni görünmürdü. Haradan atəş açmalarını da dəqiq müəyyənləşdirə bilməmişdim. Bir az da müşahidə aparandan sonra onların koordiantlarını müəyyənləşdirə bildim – ermənilər Bülüldüzün alt hissəsində olan ağaclıqdan atəş açırdılar. Mən də dərhal həmin ərazini gülləbaran etməyə başladım.  Atışma gedən vaxtı sol istiqamətdən ermənilərə qarşı çox qızğın bir döyüş başladı. Döyüşün qızğın xarakter aldığını görən ermənilər atəşi dayandırıb Tığik istiqamətində qaçmağa başladılar. Bu döyüş təqribən bir saat çəkdi. Onu da deyim ki, hədəfi dəqiq nişan almaq üçün şərait imkan vermirdi. Arada olan hava məsafəsi təqribən 700-800 olardı. Açdığım atəşlərdən biri yekəpər bir erməniyə dəydi. Ağzı üstə yerə sərilən həmin erməni ayağa durub axsaya-axsaya özünü ağaclığa saldı. Sonradan uşaqlar irəli getdilər...

Qayıdan dəstələrdən biri təptəzə bir UAZ-la gəlirdi. Döyüşün gedişatında ermənilər silah-sursatlarını və UAZ markalı maşını da qoyub qaçmışdılar. Biz həmin UAZ-ı və silah-sursatı qənimət kimi götürüb Pircahan kəndinə qayıtdıq...

 

 HOÇAZA HÜCUMLA BAĞLI TORPAĞIN ÜSTÜNDƏ CIZILAN DÖYÜŞ TAKTİKASININ PLANI

 

Biz oradan qayıdanda gördük ki, Hoçaz kəndi istiqamətindən də güllə səsləri gəlir. Öncə nə baş verdiyini anlamadıq. Pircahana qayıdanda artlq hava qaralırdı.

Bir az keçmişdi ki, yenə də komandirimiz Rəhman İsgəndərov xəbər göndərdi ki, “hazırlaşın, sabah Hoçaz kəndinə hücuma gedəcəyik, orada bizim ikinci rota döyüş aparıb, şəhidlərimiz var. Gedib o şəhidlərimizi döyüş xəttindən çıxarmaq lazımdır”...

Gecəni Pircahanda qaldıq, sübh tezdən komandirimiz İsgəndərov Rəhman uşaqları topladı, biz 33 nəfər idik. Bu uşaqların içində Cabbar da var idi. Bizim 1 dənə BMP-1-miz də var idi. Cabbar həmin BMP-1-i işə salmışdı. Biz hamımız BMP-1-in üstünə qalxdıq. BMP-1-lə kəndin içiylə yuxarı qalxmağa başladıq. Mişni tərəfə enmək istəyəndə gördük ki, qarşıdan bir dəstə gəlir. Bu gələn dəstə Vaqif Quliyevin ikinci potası idi. Hoçaz döyüşündən geri qayıdırdılar..Onlar yanımızdan ötüb keçdilər. Bizim rota Mişni çayına doğru endi. Sonra çaydan qalxıb Sonasar istiqamətində getdik...

Sonasarla Hoçaz kəndi arasında bir tala var idi. Orada biz BMP-dən düşdük. Cabbar BMP-1-i yolun sağ hissəsindəki hündürlüyə qaldıraraq orada texnikanı başı aşağı saxladı. BMP-1-in üstündəki pulemyotu çıxardı. Ümumiyyətlə BMP-1-in işə salınmasında problemlər var idi, onu üzü enişə saxlayırdılar ki, işə salmaq asan olsun. Atəş açmırdı. Texnikanın döyüş qabiliyyəti yox idi.

Hoçaz kəndi istiqmətində bir az getmişdik ki, komandirimiz Rəhman İsgəndərovun əmriylə dayandıq. Dediyim kimi biz 33 nəfər idik, komandirimiz İsgəndərov bizə əli ilə torpağın üstünü hamarlayandan sonra elə torpağın üstündəcə döyüş taktikasını cızmağa başladı. Komandirimizin torpağın üstündə cızdığı plana əsasən bəlli oldu ki, biz kəndə ÜÇ İSTİQAMƏTdən döyüşə girəcəyik. BİRİNCİ DƏSTƏ kəndin sağ tərəfiylə gedib Hoçaz dağına qalxandan sonra kəndin yuxarı hissəsiylə meşəliklə fırlanıb Hoçaz kəndinin arxa hissəsində yerləşən vışkanın yanına qalxıb orada özünə döyüş mövqeyi seçəcək. İKİNCİ DƏSTƏ Hoçaz dağının hündür zirvəsinə qalxıb oradan kəndi müşahidə edəcək, hücum əmri veriləndə kənddə olan erməniləri gülləbarana tutacaq. ÜÇÜNCÜ DƏSTƏ isə “Malış” Asif, Cabbar və komandirimizin özü Rəhman İsgəndərov kəndin alt giriş hissəsində qalıb döyüş mövqeyi tutacaqlar. Biz isə 3 nəfər Mehman, Sahib və mən kəndə girməliyik...

Kəndə girəcək 3 nəfərin rolu ondan ibarət idi ki, əgər kəndin içində erməni varsa, onlara atəş açmalıyıq ki, ermənilər də bizə atəş açsınlar. Sonra biz erməniləri aldatmaq üçün atəş aça-aça geri çıxmalıydıq.  Heç şübhəsiz ki, ermənilər bizim az bir qrup olduğumuzu görəndə  onların postlarda olan digər qüvvələri də kəndə girəcəkdilər. Belə olan halda bizim hər iki istiqamətdə olan qrupumuz arxadan ermənilərin mövqelərinə keçməli və kəndin üstündə olan qüvvələrimiz həmin erməniləri güclü atəşə tutmalı idilər. Kəndin arxasında olan qüvvələrsə vışka tərəfdən ermənilərin postunu ələ keçirməli idilər. Beləliklə, erməniləri mühasirəyə salıb kəndin içində qırmalı idik. Erməniləri qırandan sonra bizim ikinci potadan olan 7 nəfər şəhidimizi oradan götürüb çıxmalıyıq. Plan bundan ibarət idi.

Eyni zamanda biz 3 nəfər kəndə girən zaman komandirimiz Rəhman İsgəndərov, Cabbar və “Malış” Asif kəndin ayağından bizi qorumalı idilər ki, biz döyüşə-döyüşə geri çəkiləndə düşmənin hədəfinə çevrilməyək...

Beləcə biz kəndə yaxınlaşanda ermənilərin arxa tərəfinə keçən birinci qrupa əmr verildi ki, vışkaya doğru hərəkət etsinlər və bunlar dərhal əmrin icrasına başladılar. Ardınca növbəti əmri icra etmək üçün ikinci qrup hərəkətə keçdi. Bizsə haradasa yarım saat gözləməli olduq ki, bu qruplar öz mövqelərini tutsunlar...

Təqriibən yarım saat keçmişdi. Biz kəndi müşahidə edirdik. Hələ ki, gözə heç  bir erməni dəymirdi. Səs-səmir də yox idi. Və nəhayət bizim kəndə girib əməliyyata başalamağımızla bağlı komandirimiz Rəhman İsgəndərov tərəfindən göstəriş verildi. Bundan öncə həmin iki qrupa da göstəriş verilmişdi ki, fişəng tılmayana qədər ermənilər tərəfə atəş açılmasın”. 

 

 “ELƏ BUNU FİKİRLƏŞİRDİM Kİ...”

 

“Beləcə qabaqda Mehman, arxasında Sahib və onun arxasında da mən kəndə girdik. Hoçaz kəndinin içindəki məktəbin üst hissəsilə bir-birimizi qorumaq şərtilə irəliləyirdik. Aramızda 5-6 metrlik məsafə saxlayırdıq. Məktəbin üst hissəsiylə gedəndə qabaqda qarşımızı çəpər kəsdi. Belə olan halda biz ya sağa, ya da sola getməli, çəpərin alt, yaxud üst hissəsindən kəndə girməli idik. Əl hərəkətləri ilə bir-birimizlə danışırdıq. Qabaqda gedən Mehman əli ilə işarə verdi ki, sağ yuxarı hissəyə qalxaq  və qalxmağa başladıq. Birdən arxadan hiss etdim ki, elə bil kimsə konserva qabına bir təpik vurdu.

Arxaya dönüb həmin istiqamətə baxdım. Apaydın hiss olunurdu ki, bəli, nəsə konserva bankasına təpik vuruldu. O istiqamət çəpərin arxa hissəsi, daha doğrusu, içərisi idi. Çəpərin içini də adamdan hündür ot basmışdı. Üstəlik çəpərin içndə hündür ağaclar var idi, heç nə görünmürdü. Bir də dönüb baxdım, gördüm ki, Sahiblə Mehman artıq yoxdular, Onlar çəpərin qırağıyla yuxarı qalxıblar. Mən Mehmanla Sahibə işarə verə bilmədim ki, bu tərəfdən səs gəlir. Qaldım ki, neyləyim – Mehmangilin arxasınca, yoxsa səs gələn tərəfə gedim. Elə bunu fikirləşirdim ki, birdən həmin səs gələn tərəfdən bir-birinin dalınca kimlərinsə çıxdığını gördüm. Mən tərəfə çıxan adamın üzü saqqallı idi, onu gördüm. O biri tərəfdə olanlar yan-yana dayandıqları üçün üzlərini seçə bilmədim. Aramızda 20-25 metr məsafə olardı. Saqqallı oğlan məni görən kimi əlini yuxarı qaldıraraq salam işarəsi verdi. Elə mən də əlimlə ona salam işarəsi verdim. Bunlar nəsə çəpərin o üzündən çıxıb məktəbə sarı getdilər. Mən də duruxub qalmışam. Çaş-baş olmuşdum. Mənə salam verən oğlanı ikinci potadan bir nəfərə oxşatdım.

Bir anlığa məni fikir götürdü. Axı biz Hoçaza gələndə ikinci rotanın uşaqlarıyla qarşılaşmışdıq və onlar bizim yanımızdan ötüb getmişdilər. Fikirləşdim ki, bəlkə biz Hoçaza gəlib qruplara bölünəndən sonra ikinci rotanın uşaqları da gəlib bizimkilərə qoşulub, qalxıb dağı fırlanıb kəndin arxasına keçiblər. Yəqin bu uşaqlar kəndin boşluğunu görüb düşüb gəliblər. Və bu salam verən bəlkə elə onlardandı. Mən belə başa düşdüm”...

 

“ERMƏNİLƏR MƏNƏ SALAM VERİB MƏKTƏBƏ TƏRƏF GETDİLƏR”

 

“Sonra Mehmangil istiqamətində yuxarı qalxmağa başladım. Qalxanda oradan güllə səsləri eşitdim. Cəld ora qalxmağa başladım. Gördüm ki, Mehman gəldi, Sahibi görmədim. Çiynində iki avtomat var idi. Mehman dedi ki, üz-üzə gəlmişdik, 2 nəfər ermənini güllələdim. Sonra həmin erməniləri arxalarında səs eşitdim, ora qumbara da  tulladım. Ermənilər də qışqıraraq qaçıb getdilər. Mən ona dedim ki, sən neyləmisən!? Onlar bizim uşaqlardır, arxadan fırlanıb kəndə giriblər. Sən onları güllələmisən! Sən heç baxdın ki, kimi vurmusan!?

O da mənə dedi ki, necə yəni, mən vurduğum adamı bilmirəm ki!? Erməni dilində vaqqıldaya-vaqqıldaya üstümə gəldi, mən də atəşə tutdum. Mən də ona dedim ki, onlar bizim uşaqlar idi, mənə salam da verib məktəbə sarı getdilər. O isə cavabında mənə söylədi ki, bu, mümkün deyil. Mən yenə israr elədim ki, yox, onlar bizim uşaqlara oxşayırdı. Bu da mənə dedi ki, hələ bir qayıt bax, gör kimdi bunlar!?”.

 

“YANLARINDAN DÖNÜB GEDƏNDƏ ERMƏNİLƏR QOLUMDAKI AZƏRBAYCAN BAYRAĞINI GÖRDÜLƏR”

 

“Qayıdıb baxanda gördüm ki, ermənilər məktəbin qabağında durublar. Mən onlara yaxınlaşanda yenə də o saqqallı qabaq tərəfdə durmuşdu. Yaxınlaşanda hiss elədim ki, o saqqallı tanış gəlir, qalanlarının sifəti tanış gəlmir. Bunlara təqribən 7-8 metr qalmışdım ki, onlardan biri dönüb mənə nəsə dedi. Artıq bu danışanda başa düşdüm ki, bunlar ermənilərdi. Ermənilər məktəbin düz ağzinda dayanmışdılar. Məktəbin ağzında balaca budka kimi yer var. Mən də kəndin içəri tərəfindən çəpərlərin arasıyla gəlib yaxınlaşdım bunlara. Ara məsafəmiz 6-7 metr olardı. Erməni dönüb mənə nəsə dedi, mən dayandım. Fikirləşdim ki, bunlar onsuz da məni tanımırlar, fırlanım bir az geri qayıdıb böyrümdəki damın yanına keçim, əlimdəki pulemyotla verim bunları güllənin ağzına. Nə isə  mən döndüm, dönüb fırlananda gördüm ki, artıq bunlar söhbəti kəsib mənə sarı baxmağa başladılar. Hiss elədim ki, bunların sifəti sərtləşir. Dönəndə mənə elə gəldi ki, onlar mənim qolumdakı Azərbaycan bayrağını gördülər. Gördüm ki, əllərini avtomata atmaq istəyirlər, mən qəfil pulemyotla atəş açdım. Mən pulemyotun qoruyucunu çəkdim və atəş açdım. Qoruyucunu çəkəndə bu, bir-bir atəşə düşmüşdü, avtomat atəşinə yox. Açılan atəş solda dayanan erməninin sinəsindən dəydi, bağıraraq məktəbə girdi. İkinci dəfə atəş açdı, o da başqa bir erməninin qolundan dəydi, avtomat əlindən düşdü, kəndaşağı qaçmağa başladı. Pulemyotu çevirib avtomat atəşinə qoymaq istədim, bu anda ermənilər yerə uzandılar. Dərhal anladım ki, onlar mənə atəş açacaqlar, cəld sağ istiqamətə otluğa tullandım. Onlar məni, mən də onları atəşə tutmuşdum. Bir maqazin boşaltdım, bir anlığa eyni anda atəş səsləri kəsildi. Tez maqazini qoşub diqqətlə qulaq asmağa başladım. Bu vaxt hiss elədim ki, sağ tərəfimdə olan damın arxasından bir baş çıxııb təzədən ora girdi. Arxa hissədən ermənilərdən kimsə həmin damın yanına gəlib çıxmışdı. Üstümdə 4-5 ədəd qumbara var idi. Onlardan bir ədəd “F-1” qumabarasını çəkib həmin istiqamətə tulladım. Gördüm ki, kimsə oradan bağıraraq qaçmağa başladı. Sonra məktəbin qapısına doğru güllə atdım ki, görüm ermənilər haradadılar. Səs-sorağın olmadığını görüb ətrafa diqqət kəsildim. Otluq hissədən başımı qaldıra bilmirdim. Bir az keçmişdi ki, gördüm ki, məktəbin içindən səslər gəlir. Başa düşdüm ki, ermənilər məktəbin içinə giriblər. Yenə də dəqiqləşdirmək üçün məktəbin qapısına tərəf güllə atdım ki, görüm ermənilər haradadılar. Səs gəlmədi. Ətrafa diqqətlə göz gəzdirdim. Bir az keçmişdi ki, içəridən səslərin gəldiyini eşitdim. Ermənilərdən birini öldürmüşdüm, biri isə yaralı halda aşağı qaçmışdı. Deməli məktəbin içində 3 nəfər erməni qalmalı idi. Məktəbə baxanda hiss elədim ki, sağ tərəfdən birinci otaqdan tez-tez bir baş çıxıb qayıdır. Həmin erməni mənim yerimi müəyyənləşdirmək istəyirdi. O, hər dəfə başını azca çölə çıxarır, mən də onu nişan ala bilmirdim. Bir də başını çıxarmaq istəyəndə mən atəş açdım, ermənidən bağırtı qopdu. Bildim ki,  güllə ona dəydi. Ondan sonra məkətb istiqamətində bir maqazini boşaltdım. Sağ və sol şüşələri gülləbaran etdim ki, içərini yaxşı görə bilim. Eyni zamanda məktəbin koridorunun divarına gülləni çəpəki vurdum ki, açılan atəş koridorda olanları tutsun. Üçüncü maqazini də qoşdum. Tez-tez arxaya baxırdım, çünki arxadan ermənilərin səsləri gəlirdi. Qumbaranın birini üstümdən çıxarıb düz əlimin altına qoydum ki, birdən ermənilər qəfil arxadan üstümə gələndə macal tapıb güllə ata bilməsəm də, bundan istifadə eləyim. Bir az qulaq asdım. Gördüm yenə də sakitlikdi”...

 

 

KOMANDİRİMİZ RƏHMAN İSGƏNDƏROV ERMƏNİLƏRƏ “TƏSLİM OLUN!” ƏMRİNİ VERDİ

 

“Elə bu vaxt birdən möhkəm atışma başladı. Bizimkilər hər tərəfdən erməniləri atəşə tutdular. Eyni anda havaya fişəng də getdi. Fişəngdən sonra qrad qurğusundan açılan atəş nəticəsində mərmi məndən arxa hissədə səs gələn tərəfə düşdü. Ermənilərin bağırtısı, çığırtısı baş qaldırdı və getdikcə araya sakitlik çökdü. Ani bir vəziyyətdə gördüm ki, bizimkilər məktəbin üstündən kəndə doluşdular. Qabaqda Sahiblə Mehman gəlirdi. Mən tez işarə verdim ki, məktəbin içində adam var. Uşaqlar hamısı gəlib məktəbin qabağına yığışdılar. Və bu zaman  vaxt ikinci potanın uşaqları da ora gəlib çıxdılar. Onlara da məlumat verdim ki, içəridə 2 erməni var, 1 erməni də başıaşağı qaçdı. Qaçan erməninin istiqamətini də göstərdim. Komandirimiz Rəhman İsgəndərov məktəbin içində olan ermənilərə “təslim olun!” əmrini verdi.

Mən də uzandığım yerdən qalxmışdım. Qalxanda gördüm ki, qolumdan qan axır, başa düşdüm ki, yaralanmışam. Başladım qolumun qanını yuyub təmizləməyə...

Müharibədən sonra o qəlpəni qolumdan çıxaranda gördüm ki, bu qəlpə “RQD” qumbarasının qəlpəsi olub. Amma ermənilərin o qumbaranı nə zaman atmalarını belə mən hiss etməmişdim.  Eyni zamanda maqazinlər də qanın içində idi. Başladım maqazinləri yumağa. Bu vaxt komandirimiz İsgəndərov Rəhman ikinci potadan kiməsə komanda verdi ki, məktəbin sağ otağının pəncərəsindən içəri divarı vur ki, divar partlasın. Qranatamyotla ora atəş açıldı, divar dağıldı, uşaqlar kənd məktəbinin içinə doluşdular. Orada bir erməni əsir götürüldü, Elə bu vaxt çöldə sağ tərəfdə atəş səsləri gəldi. Baxanda gördüm ki, o evə girmiş erməni qaçır, bizimkilər də ona atəş açırlar. Uşaqlar onu vurub öldürdülər. Bizimkilər orada qalan şəhidlərimizi və həmin erməni əsirini götürüb geriyə, Pircahana qayıtdılar...

Qüvvəmiz çox az olduğu Hoçazı əldə saxlaya bilməzdik. Iki rota ilə  Pircahanı, Höçazı, Mişnini, Sonasarı, Hoçaz dağını əldə saxlamaq qeyri-mümkün idi. Ona görə də şəhidlərimizi götürüb geri çəkildik...

Avqustun 4-ü olardı. Biz Elburusgilin evində idik. Şəhər saat 9-10 arası olardı. Qəfildən bir mərmi Elburusgilin evinin yanındakı dərənin üstünə düşdü. Biz cəld silahı götürüb posta doğru istiqamət götürdük. Sən dedin ki, komandirimiz RƏHMAN İSGƏNDƏROV xəbər göndərib ki, artilleriya atəşi səngiyənə qədər hamınız yarğanın içində dayanın. Əmr olan kimi yarğandan çıxıb postlara gedərsiniz. Və beləcə sən qabaqda, biz də sənin arxanca gedib həmin yarğanda yerləşdik. Artilleriya təqribən 2-3 saat kəndi atəşə tutdu. Sonra bizə əmr gəldi ki, hərə öz döyüş mövqeyində keçsin. Biz kəndin aşağı hissəsində PİRCAHAN çayından qalxan yolun üstündəki posta tərəf istiqamət götürdük. Biz ora yaxınlaşanda uşaqlar bildirdilər ki, çay tərəfdən ermənilər açıqlıq hissəni hər an vura bilərlər. Biz həmin yerdə dayanıb ağaclıqdan çayı müşahidə etməyə başladıq. Uşaqlardan kimsə dedi ki, ermənilər çaydan qalxıb Bülüldüz istiqamətində geri çəkilirlər. Həmin vaxt eşitdik ki, bizim rotadan 4 əsgərimiz şəhid olub. O Şəhidlər bunlar idi: Fərəcov Etibar, Əliyev Camal, Baxışov Rəşid və Məmmədov Sarvan. Artıq onları Kəlbəcər istiqamətində yola salmışdılar...

 

GENERAL ZADİR RZAYEV 713-Ü AĞDƏRƏYƏ YÖNLƏNDİRİR

 

Bundan sonra bizim ermənilərlə döyüşümüz olmadı. Avqustun ortaları olardı. Zadir (onun əsil adı Zaur deyildi, Zadir idi) Rzayev Pircahana gəldi və bizə dedi ki, Ağdərədə ağır döyüşlər gedir. Orada bir neçə kənd var ki, onlar götürülməlidir. Bizi bir az tərəflədi ki, mən sizin döyüş gücünüzə bələdəm. Bunu nəzərə alaraq sizin döyüş təcrübənizdən istifadə etməklə biz Ağdərənin bir neçə kəndini alandan sonra siz tez bir zamanda bura qayıdacaqsınız...

 

(ardı var)

 

İGİD TEYMURLU

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol