İrəvanda Paşinyan rüsvayçılığı və Bakının Valday uğuru

13:22 03-10-2019 | icon 656 | Geopolitika
İrəvanda Paşinyan rüsvayçılığı və Bakının Valday uğuru

Versus. Az milli.az-a istinadla xəbər verir:

"Dağlıq Qarabağ ətrafındakı vəziyyətin nizamlanması üzrə siyasi proses dayanıb, hələlik bu prosesi yerindən tərpətmək alınmır". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Valday" beynəlxalq diskussiya klubunun iclasında deyib.

O bildirib ki, son dövrlərdə təmas xəttində vəziyyət kifayət qədər sakitdir, insidentlər azdır və onlar iri deyil:

"Həlak olanların meyitləri mübadilə olunub, indi saxlanan şəxslərin mübadiləsinə hazırlıq gedir. Çox az sayda olsa da, istənilən halda, proses işə düşüb. ATƏT Minsk qrupunun həmsədrləri bir-biri ilə sıx işləyir və bu il xarici işlər nazirləri ilə artıq 3 dəfə görüşüblər. Bölgədəki vəziyyətə gəldikdə isə bu il əvvəlkindən daha sakitdir, amma siyasi proses dayanıb və bu prosesi yerindən tərpətmək alınmır. Əlaqələr var, amma nizamlama ilə bağlı dialoq hələlik bərpa olunmayıb. Amma mən bu halda iri əməliyyatların başlaması üçün hər hansı bir aşkar və ya qeyri-aşkar təhdid görmürəm".

S.Lavrov əlavə edib ki, Rusiya bunun baş verməməsi üçün əlindən gələni edəcək.

Dünyanın ən təcrübəli, bacarıqlı və ən başlıcası, sərt XİN başçılarından biri kimi tanınan Sergey Lavrovun bu açıqlaması geniş rezonans doğurmaya bilməzdi.

Xüsusilə də İrəvanda Avrasiya İqtisadi Birliyinin forumunun keçirildiyi günlərdə rəsmi Moskvanın yeni geosiyasi konturlardan bəhs etməsindən, sonra da, daha doğrusu, sentyabrın 30-da Rusiyanın Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun 16-cı illik iclasının açılmasından sonra.

Nədir "Valday" Klubu"?

"Valday" Beynəlxalq Diskussiya Klubu 2004-cü ildə yaradılıb. Klubun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində keçirilib. Elə klub adını da buradan götürüb.

Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilmiş klub öz tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək Klubun işinə 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, Sarbonna, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qatılıblar. Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri "Valday" klubunun qonağı olublar. Rusiya Prezidenti Vladimir Putin Klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşür və ətraflı fikir mübadiləsi aparır.

Başlıca məqsədlərindən biri dünya sisteminin böhrandan çıxarılmasına dair qərarlar qəbul etmək üçün intellektual elitanın bir araya gətirilməsi olan Klub beynəlxalq münasibətlər, qlobal siyasət, iqtisadiyyat, təhlükəsizlik, energetika, sosiologiya və digər sahələrdə aparıcı ekspertlərlə əməkdaşlıq edir. Klub Asiya, Yaxın Şərq, Avratlantika dialoqları kimi regional konfranslar da təşkil edir.

2011-ci ildə Klubun nəzdində İnkişaf və Dəstək Fondu yaradılıb. Rusiya Xarici və Müdafiə Şurası, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Rusiya Beynəlxalq Əlaqələr Şurası, Ali İqtisadiyyat Məktəbi tərəfindən yaradılan Fond hazırda "Valday" Klubunun bütün layihələrinə rəhbərlik edir. Fondun rəhbəri tanınmış Rusiya media meneceri Andrey Bıstritskidir.

Avropada analitik mərkəzlərin yaradılmasına Birinci Dünya müharibəsindən sonra başlanılıb. O vaxtadək mövcud olan patriarxal həyat tərzi, imperiya və zümrələr, norma sayılan xristian əxlaq qaydaları öz əhəmiyyətini itirdi. Yeni reallıq dövlət institutlarının, idarəçilik metod və qaydalarının, siyasi və hərbi-strateji planlaşdırmanın yenidən qurulmasını tələb edilirdi. Fundamental tədqiqatlarla məşğul olan, təbiət və ictimaiyyət qanunlarını öyrənən ənənəvi elmlər yeni yaranan çağırışlara cavablar tapa bilmirdilər. Bununla əlaqədar, XX əsrdə prinsipcə yeni təşkilatlar - təhlil mərkəzləri yaranmağa başladı. Onları "beyin mərkəzləri", "fikir fabriki" də adlandırırlar. Mərkəzlər yeni şəraitdə siyasi elitaya və hakimiyyət orqanlarına əhəmiyyətli məsələlərin həllində kömək etmək, yeni ideyalar təklif etmək məqsədi daşıyırdı. ABŞ-da isə "beyin mərkəzləri" 1910-cu ildən yaranmağa başlayıb. İlk belə mərkəz olan Brukinqs İnstitutu öz başlanğıcını 1916-cı ildən götürür.

Dünyanın ən iri "beyin mərkəzləri"nin reytinqində ilk yerləri ABŞ-ın Brukinqs İnstitutu, Fransa Beynəlxalq Münasibətlər İnstitutu və ABŞ-ın Karnegi Fondu tutur. Azərbaycan analitik mərkəzləri arasında "Baku International Policy and Security Network" mərkəzi keçən il aparıcı analitik mərkəzlərin ümumdünya indeks-reytinqinə daxil edilib. Bu indeks-reytinq hər il ABŞ-ın Pensilvaniya Universitetinin nəzdində fəaliyyət göstərən Loder İnstitutu tərəfindən dərc olunur

Selfi sammiti

Avrasiya İqtisadi İttifaqının  (Aİİ) İrəvanda keçirilmiş zirvə toplantısını erməni mediası baş nazir Nikol Paşinyanın çox böyük siyasi və diplomatik uğuru qismində təqdim edir.

Təbii ki, belə deyil.

Ermənistanın hazırda sədrlik etdiyi Aİİ-nin sammitinə qurumda müşahidəçi ölkə statusuna malik Moldovanın prezidenti İqor Dodon, İran prezidenti Həsən Ruhani, Sinqapurun baş naziri Li Syan Lun, Rusiya prezidenti Vladimir Putin, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev və Belarusun baş naziri Aleksandr Lukaşenko qatılmışdılar.

Sammitin toplantılarının moderatoru isə Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Saraisyan idi.

Sinqapur və İran Aİİ üzvləri olmasalar da, bu ölkələrin dövlət başçıları təşkilatın geniş tərkibindəki iclasında iştirak ediblər.

Daha konkret olsaq, Həsən Ruhaninin İrəvana yollanmasının başlıca məqsədi Rusiya prezidenti Vladimir Putinlə görüşmək və danışıqlar aparmaq idi.

N.Paşiyan belə sammit kimi mötəbər toplantıda yaranmış imkanlardan maksimum istifadə etməyə çalışıb. Onun cəhdləri və məqsədləri həmişəki kimi idi: Rusiya və İrandan pul dilənmək, bir də selfi çəkdirmək.

Selfi məsələsində Ermənistanın baş naziri planı artıqlaması ilə yerinə yetirib.

O, dövlət başçıları ilə toplantı zalında, dəhlizdə, binaların önündə, mikroavtobusda fotolarını çəkərək Facebook və İnstagram-da paylaşıb.

Aİİ-nin 5 yaşının tamam olmasına az qaldığından, habelə sammitə İranın və Sinqapurun da qatılması İrəvandakı toplantıya diqqəti artırmışdı.

Fəqət, əsas diqqət obyekti Rusiya prezidenti Vladimir Putin idi. V.Putin İrəvanda təqribən 3 il əvvəl, MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak üçün yollanmışdı. O vaxtdan bəri Ermənistanda "inqilab" oldu, Nikol Paşinyan hakimiyyəti ələ keçirdi. Putinlə Paşinyan indiyədək ya Moskvada, ya da müxtəlif sammitlərdə və tədbirlərdə görüşmüşdülər.

Rusiyanın dövlət başçısının İrəvanda N.Paşinyanla təkbətək görüşü və danışıqları gözlənilirdi. Lakin hər şey protokol üzrə olmadı. Daha doğrusu, Ermənistan rəhbərliyinin ümidləri puç oldu. Belə ki, Putin Paşinyanla, ermənilərin ümid etdikləri kimi, ən azı iki saat müzakirələr aparmadı.

Tələsik keçən təmasın müddəti çox qısa oldu.

Səbəblər çoxdur və onların arasında ən mühümü Ermənistanın son iki ildə aşkar şəkildə Rusiyanın təsiri altından tamamən çıxmaq cəhdidir.

Vladimir Putinlə bahəm, İran prezidenti Həsən Ruhani də İrəvandakı sammitdə kameralar qarşısında gülümsəyirdilər.

Lakin erməni analitiklərin də acı etiraflarına görə, bu gülümsəmələr İrəvana yaxşı heç nə vəd etmirdi.

Rusiyanın pullarından, silahından, hərbi texnikasından, hədiyyə statuslu kreditlərindən və geosiyasi hamiliyindən imtina etməyən Nikol Paşinyan açıq deməsə də, onu hakimiyyətə gətirən ABŞ ilə Avropa Birliyinə meyllənib.

O, hətta Ermənistanın "orta perspektivdə" NATO-ya qatılmağa çalışacağına da işarə vurub.

Rusiyanın Cənubi Qafqazda ABŞ-ın təsir imkanlarının artmasına, ələlxüsus da NATO-nun aktivləşməsinə münasibəti bəllidir.

Təsadüfi deyil ki, The Washington Post-un yazdığına görə, ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Rudolf Culiani də İrəvan sammitinə qonaq qismində qatılmalıydı. Lakin sammitdə V.Putin və H.Ruhaninin də olacaqlarından xəbər tutan Culiani fikrini dəyişib. Məlum, o, İrəvanda Putinlə və Ruhani ilə görüşmək istəməyib.

Elə Putinlə Paşinyanın görüşü də ən son anda baş tutdu.

Ermənistan mediası da etiraf edir ki, Rusiyanın prezidenti ilə görüşmək və danışıqlar aparmaq üçün N.Paşinyan dəridən-qabıqdan çıxıbmış.

Rusiyanın dövlət başçısı isə sammitdə çox incə və diplomatik şəkildə Paşinyana yerini göstərdi. O, Ermənistan rəhbərliyinin nəzərinə çatdırdı ki, N.Paşinyanın yürütdüyü siyasəti Moskva üçün zərərli, qeyri-konstruktiv sayır və ümumiyyətlə, Paşinyanın səmimiyyətinə zərrə qədər inanmır.

Gerçəkdən də, belədir. Nikol Paşinyan çox naşı baş nazir və bisavad siyasətçi olduğundan regional siyasətin incəliklərini hələ də anlamayıb, Azərbaycan ərazilərinin 20 faizinin işğalının "daimi" olacağını düşünüb, Gürcüstanla da əlaqələri maksimal sərinlik həddinə çatdırıb.

Dövlət idarəetməsinin demaqogiya, siyasətin də mitinqlərdə populist bəyanatlar olmadığını N.Paşinyan hələ də dərk etmir.

V.Putin ona bəzi məqamları elə görüşlə bağlı prosedurlar vasitəsilə anlatmağa çalışıb.

Aİİ sammiti səviyyəsində tədbirə ev sahibliyi edən ölkənin dövlət və ya hökumət başçısı protokola uyğun olaraq sammitə qatılmış bütün liderlərlə ayrı-ayrılıqda görüşür. Bu görüşlər bəzər geniş tərkibdə keçirilir, ölkələr arasında ikitərəfli münasibətlər və əlaqələr müzakirə olunur.

Misal kimi Azərbaycanın indiyədək dəfələrlə ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirləri, həmin tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrin dövlət və hökumət başçıları ilə həm ikilikdə, həm gə geniş tərkibdə görüşlərlə müzakirələrini göstərmək olar.

Ona görə də Vladimir Putinlə Nikol Paşinyanın görüşünün Aİİ samitinin sonunda, özü də elə sammit çərçivəsində keçməsi təəccüblü deyil. Bu görüş Moskva və İrəvan arasındakı əlaqələrin indiki durumu, Rusiyanın Paşinyana olan münasibətinin dəqiq göstəricisidir.

... Nikol Paşinyanın bu sammitdə yeganə uğuru mikroavtobusdakı selfisi oldu. O, fotonu dərhal Facebook səhifəsində paylaşaraq yazıb: "Avtobusda mühüm qərarlar qəbul etdik".

Avtobusda, mühüm qərarlar?!

Bu, marazm deyilsə, bəs nədir?

Selfi fotosunda V.Putin çox narazı təsir bağışlayır. Deyəsən, o, nə N.Paşinyanın siyasətini, nə də özünü əsla bəyənmədiyini gizlətmək istəmir artıq.

Gələcəyi və perspektivləri çox pis Ermənistandan fərqli olaraq Azərbaycan indi Cənubi Qafqazda əsas regional, geosiyasi qüvvədir.

Azərbaycanın dövlət başçısının "Valday" Beynəlxalq Diskussiya Klubuna da dəvət alması gözlənilən olaydır.

Nədən ki, Azərbaycan dövlət başçısının rəhbərliyi ilə beynəlxalq arenada çəkisini və imicini sürəkli olaraq yüksəldir.

 

Elçin Alıoğlu

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı