Millət vəkili Əndican şəhərində gənclərə çağırış edib

22:26 06-10-2019 | icon 353 | Cəmiyyət
Millət vəkili Əndican şəhərində gənclərə çağırış edib

Özbəkistanın böyük şəhərlərindən biri olan Əndican şəhərindəki Mədəniyyət Sarayında bu ölkənin Yazıçılar İttifaqının Əndican filialı, “Kitob dunyasi” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə tədbir və millət vəkili Qənirə Paşayevanın Özbəkistanda çıxmış kitabının təqdimat mərasimi keçirilib.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Əndican şəhərindəki Mədəniyyət Sarayında keçirilən tədbirdə Fərqanə vilayəti, Əndican şəhər hakimiyyətinin nümayəndələri, təhsil, mədəniyyət xadimləri, şəhərdə fəaliyyət göstərən ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə Özbəkistan Yazıçılar İttifaqının Fərqanə vilayəti üzrə rəhbəri Xurşuda Kuçkarova açaraq iki ölkə arasında dostluq əlaqələri, ölkələrimizin ziyalıları, yazıçı və şairləri arasında yaradıcılıq əlaqələri haqqında danışıb. Natiq Özbəkistanın regionları ilə Azərbaycanın regionları arasında birbaşa əlaqələrin yaradılması, tarixi ənənələrin davam etdirilməsi, qarşılıqlı olaraq milli mədəniyyətimizin, ədəbiyyatımıza həsr olunmuş tədbirlərin təşkili və ölkələrimizin qarşı tərəfdə tanıdılmasının vacib məsələ olduğunu vurğulayıb və bu mənada millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevanın Əndicana səfəri, keçirdiyi görüşləri və müəllifi olduğu kitabın Özbəkistanın böyük şəhərlərindəm olan Əndicanda təqdimatının keçirilməsini yüksək qiymətləndirib və iki qardaş ölkə arasında əməkdaşlığın genişlənməsi istiqamətində fəaliyyətinə görə millət vəkilinə rəhbərlik etdiyi qurum adından təşəkkürnamə təqdim edib.

 

Tədbirdə millət vəkili Qənirə Paşayeva çıxış edərək Azərbaycan-Özbəkistan qardaş münasibətlərindən danışmış, ədəbi əlaqələrin daha da dərinləşdirilməsi, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi, hər iki ölkənin ali məktəbləri arasında tələbə mübadiləsinin reallaşdırılması məsələlərinə toxunub. Millət vəkili qeyd edib ki, Əndican şəhəri ilə Azərbaycanın şəhərləri arasında qardaşlaşmış şəhərlər layihəsinin həyata keçirilməsi, regionlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi olduqca zəruri məsələlərdəndir.
Qənirə Paşayeva Azərbaycanla bağlı, Qarabağ həqiqətləri ilə bağlı geniş məruzə ilə çıxış edib. O, Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin Özbəkistanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, bu dostluğun, qardaşlığın əsas göstəricisi kimi xarici ölkələrdə ilk Azərbaycan Mədəniyyət Mərkəzinin məhz Özbəkistanda yaradıldığını qeyd edib. O, qardaş Özbəkistanın Türk Şurasına üzv olmağını Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini və gələcək əməkdaşlıqda bu amilin yeni imkanlar yaradacağını söyləyib.

Millət vəkili əlaqələrin daha da genişləndirilməsi, mədəniyyət, turizm sahəsində birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı səfərlərin reallaşdırılmasının zəruri olduğunu vurğulayıb. O, Özbəkistanda özbək dilində  kitabının nəşr olunmasından məmnunluq hissi keçirdiyini deyib və əməyi keçənlərə təşəkkürünü bildirib.

Azərbaycan, onun tarixi, mədəniyyəti, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlər, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən Q.Paşayeva qardaş Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib. Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını deyən millət vəkili məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə olunmasına nail olmaqdır deyib.

Q.Paşayeva eyni zamanda ermənilərin Özbəkistanda törətdiyi dəhşətli faciələr haqqında da geniş danışıb, ermənilərin həm Azərbaycanda, həm də Özbəkistanda törətdyi faciələri hər bir insanımız yaxşı bilməlidir və gənc nəsillərimizə tariximizi yaxşı öyrətməliyik deyib. O, yaradıcılığında Azərbaycana geniş yer ayıran Özbəkistanın şair, yazar, aydınlarına təşəkkürünü bildirib.  Millət vəkili Q.Paşayeva qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlərin görüləcəyinə inandığını deyib.

Millət vəkili Q.Paşayeva bildirdi ki,  Özbəkistan prezidenti Şevket Mirziyoyevin sərəncamı ilə Özbəkistan Türk Şurasına üzv oldu. Bu, çox önəmli bir hadisədir və bütün Türk dünyasını çox sevindirən bir addım oldu. İnşallah Türk dövlətlərinin birliyi və bərabərliyi daha da güclənəcək.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzin direktoru Samir Abbasov çıxışında rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin nəzdində artıq xüsusi tərcüməçilər məktəbinin formalaşdığını qeyd edərək, son illərdə Azərbaycan ədəbiyyatına dair Özbəkistanda 60-dan çox əsər Özbək dilinə tərcümə olunduğunu və Daşkənddə kitab halında çap olunduğunu bildirib. Samir Abbasov Azərbaycan mədəniyyəti, ədəbiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çoxsaylı nəşrlərin işıq üzü görməsi tədqiqat əsərlərinin yazılması, habelə Azərbaycana maraq göstərən hər bir kəs üçün olduqca maraqlı mənbəyə çevrildiyini söyləyib.


Çıxış edən digər natiqlər Özbəkistanın “Kitob dunyasi” qəzetinin Baş redaktoru, şair Xasiyyət Rüstəm, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin rəhbəri Sərvaz Hüseynoğlu, Bakıdakı “Hədəf” liseyinin direktoru Şəmil Əliyev, Özbəkistanın tanınmış şair, yazar, alimləri çıxış edərək hər iki ölkənin gəncləri, yaradıcı şəxsləri arasında əlaqələrin genişləndirilməsi, birgə konfransların, təqdimatların, poeziya gecələrinin təşkili, qarşılıqlı səfərlərin reallaşdırılması və s. məsələlərə dair fikirlər söyləmiş, regionlar arasında əməkdaşlığa dair potensialın daha böyük olduğunu və mövcud imkanlardan istifadə edərək əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu söyləyiblər.

Tədbirdə bədii proqramda Əndican məktəblilərinin iki ölkə dostluğuna, millət vəkili Qənirə Paşayevanın şeirlərindən ibarət hazırladıqları ədəbi kompozisiyalar təqdim edilmiş, Özbəkistan Milli Konservatoriyasının solistləri Ümidə Abdurazakova və Erkin Adilov hazırladığı musiqilər təqdim olunmuş, millət vəkili Qənirə Paşayevanın şeirləri əsasında bəstələnmiş mahnılar ifa etmişlər.

 

Tədbirdən sonra millət vəkili Q.Paşayeva Əndicanın rəhbərliyi ilə görüşüb, Azərbaycan-Özbəkistan dostluğu, ölkəmizin iqtisadi inkişafı haqqında məlumat verib, Azərbaycan və Özbəkistan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsini, Əndicanla Azərbaycanın Tovuz şəhərinin qardaşlaşması təklifi ilə çıxış edib. Azərbaycan qardaş Özbəkistanla əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verir və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır, Özbəkistanda Azərbaycanın, Azərbaycanda Özbəkistanın daha geniş tanıdılmasına, təbliğinə böyük ehtiyac var deyən millət vəkili Q.Paşayeva iki qardaş ölkənin aydınları, alimləri, elm, mədəniyyət xadimləri, QHT and KİV qurumları  arasında ortaq layihələrin həyata keçirilməsinin artmasının vacibliyini qeyd edib, bu istiqamətdə fəaliyyəti daha da artırmaq lazımdır, cünki bu bizim gələcəyimiz üçün çox lazımdır deyib.

 

Millət vəkili Qənirə Paşayeva Özbəkistan Yazıçılar İttifaqının Əndican filialının rəhbərliyinə, tədbirdə iştirak edən Əndican rəsmilərinə, tanınmış ziyalılarına Azərbaycan mədəniyyətini və tarixini özündə əks etdirən hədiyyələri təqdim edib. Q.Paşayevaya Əndican rəhbərliyi tərəfindən Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı istiqamətində gördüyü işlərə görə təşəkkürnamə təqdim edib.

 

Millət vəkili eyni zamanda Əndicanda fəal qadınları, elm və ədəbiyyat xadimləri, gəncləri ilə də görüşüb, maraqlı fikir mübadiləsi aparılıb. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayevanın rəhbərlik etdiyi heyət Əndicanın tarixi, mədəni abidələrini, bir sıra önəmli elm, təhsil , ədəbiyyat mərkəzlərini də ziyarət edib.

 

Qeyd edək ki, Əndican-Fərqanə vadisinin qədim şəhərlərindən biridir. Özbəkistanla Qırğızıstan sərhədlərinin cənub-qərb hissəsində yerləşir. Şəhərin bəzi yerlərində eramızdan əvvəl VII-VIII əsrlərə aid arxeoloji tapıntılara rast gəlinir. Tarixən, Əndican Böyük İpək Yolunda mühüm bir yer tuturdu. Şəhər, ölkənin mühüm sənaye şəhərlərindən sayılır.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin