“...İqtidar da fərqində olmalıdır, seçkiyə getməmək qərarını verənlər də” - MÜSAHİBƏ

15:11 08-10-2019 | icon 815 | Siyasət
“...İqtidar da fərqində olmalıdır, seçkiyə getməmək qərarını verənlər də” - MÜSAHİBƏ

İqbal Ağazadə: “Bu gün Azərbaycan iqtidarına qarşı müxalifətdən daha çox Azərbaycan vətəndaşları dayanıb”

 

Ümid Partiyasının sədri İqbal Ağazadənin Versus.Az-a müsahibəsi

 

- İqbal bəy, bu gün sosial mediada istər iqtidar-müxalifət, istərsə də müxalifətin tərəfdaşları arasında bir-birinə qarşı səslənən müxtəlif səpkili ittihamlamalar müşahidə olunur. Hazırki ictimai-siyasi proseslərə sosial mediada cərəyan edən gərginliyin üzərindən baxsaq, bunu cəmiyyət üçün nə dərəcədə təhlükəli və nə dərəcədə xeyirli proses hesab etmək olar?

 

“Vətəndaş rəqib olanda vəziyyət heç ürəkaçan olmur”

 

- İnsan, texnologiya inkişaf edib. Dünən meydanlarda deyilən fikirlər indi sosial şəbəkələrdə deyilir. Təkcə demokratik ölkələrdə kütləvi informasiya vasitələrinin bütün növlərindən istifadə olunur. Azərbaycan kimi ölkələrdə isə imkan hardadırsa, Azərbaycan müxalifəti, cəmiyyət sözünü orda deyir. Bu gün də Azərbaycan cəmiyyətinin ən çox söz demək imkanı olan məkan virtual məkandır, sosial şəbəkələrdir, internet televiziyalarıdır, youtube kanalıdır, tvitterdir, facebookdur, instaqramdır. Azərbaycanın müxalif kəsimi, fərqli düşünən, iqtidarın siyasətindən razı olmayan tərəf öz fikir və düşüncələrini burda ifadə edir. Azərbaycan müxalifətinin parlamentdə yeri yox, Azərbaycan müxalifətinin bələdiyyələrdə yeri yox, Azərbaycan müxalifətinin dövlət televiziyalarına, İctimai televiziyaya, yaxud özəl hesab olunan televiziya kanallarına çıxışı yoxdur. Bütün bunlar olmadığı təqdirdə Azərbaycan müxalifəti harda mümkündürsə, sözünü orda deyir. Bu, əslində iqtidarın problemidir, iqtidar bunu düşünməlidir. Sosial şəbəkələrdən dünən, 5-10 il bundan əvvəl nə qədər az adam istifadə edirdisə, bu gün artıq istifadəçilərin sayı səs verə bilən 5 milyon 500 min insanın az qala sayına bərabərdir. Adi tanınmayan, siyasətə heç bir aidiyyəti olmayan bir blogger, yaxud xaricdə yaşayan bir mühacir, yaxud da sıravi  azərbaycanlı vətəndaşın çıxışını minlərlə, 10 minlərlə insan izləyirsə, Azərbaycan iqtidarı papağını başına qoyub düşünməlidir. Proses hara gedir və bunun sonu xaosla nəticələnə bilməzmi? Siyasi institutlar proseslərdən kənarda qalır. Proseslər siyasi institutlardan kənar sosial şəbəkələrdə davam edirsə, bu, Azərbaycan üçün də, iqtidar üçün də yaxşı heç nə vəd etmir.

 

- İqtidar partiyaları sadaladığınız bu məsələləri virtual müxalifətçilik adlandırır və bildirir ki, bu cür fəaliyyət cəmiyyətüçün təhlükədir və ona heç nə vermir.

 

- İqtidar tərəf yanlış yanaşır. Bu, virtual müxalifətçilik deyil. Bu, Azərbaycan vətəndaşlarının özünü ifadə imkanlarıdır. Çünki Azərbaycan vətəndaşı məmur qapısında, problemini həll edə bilmir, məhkəmə qarşısında haqlarını tapa bilmir, Azərbaycan vətəndaşı millət vəkili tərəfindən qəbul olunmur və üz tutur sosial şəbəkələrə, virtual aləmə. Danışanlar müxalifətçilər deyil. Hələ müxalifətçilərin səsi sıravi vətəndaşların səsindən az çıxır, az eşidilir. Eşidilən haray-qışqırıq vətəndaşın səsidir. Hə, o vətəndaşı müxalifət hesab edirlərsə, yanılırlar. Bu gün Azərbaycan iqtidarına qarşı Azərbaycan müxalifətindən daha çox Azərbaycan vətəndaşları dayanıb. Bu gün Azərbaycanın məmuruna, Azərbaycanın aparıcı partiyasına, Azərbaycan iqtidarına rəqib Azərbaycan vətəndaşıdır, indi artıq müxalifət deyil. Bu çox önəmli, düşündürücü məsələdir. Vətəndaş rəqib olanda vəziyyət heç ürəkaçan olmur.

 

- Qeyd etdiyiniz bu narazı kəsimin sosial media üzərindən etdiyi çıxışları inqilabi dəyişikliyə bir gediş kimi təhlükəli tendensiya olaraq qarşılana bilərmi. Hansı ki, bəzi müxaliflər tərəfindən belə fikirlər də səsləndi?

 

“Hələlik əlimizdəki bütün imkanlar tükənməyib”

 

- Heç kim adını qoymağa tələsməsin, heç kim bunun adını müəyyənləşdirməyə çalışmasın. İnqilabmı, dəyişiklikmi, seçkimi və sair, və sair. Zaman bunun adını göstərəcək. Biz istəyirik ki, inqilab, qarşıdurma olmasın, qan olmasın. Biz istəyirik ki, bütün emossiyalar, bütün hisslər seçkilərə fokslansın. Seçkilərdə dəyişiklik edərək onların fikir və düşüncələrini ifadə edən, onların fikir və mövqelərini cəmiyyətə çatdıran, problemlərinin həlli istiqamətində ardıcıl və sistemli mübarizə aparan insanlar seçkili orqanlarda təmsil olunsunlar. Və proses qanuni müstəvidən kənara çıxmasın. Bu bizim istəyimizdir və biz buna çalışırıq. Biz sona qədər bu istəyin arxasında durub yerinə yetirə biləcəyikmi? Bu, bizdən asılı deyil, iqtidardan asılıdır. İqtidar bu açımları etməsə, azad, demokratik seçkidən qaçsa, seçicinin mənafe və məqsədlərini Azərbaycan xalqının maraq və mənafelərini ifadə edən seçki prosesi həyata keçirməsə, onun adını artıq cəmiyyət qoyacaq – inqilabmı, dəyişiklikmi? İrqini də, rəngini də xalq müəyyənləşdirəcək.

 

- Seçkiylə bağlı sizə qarşı səslənən təhqirlər daha çox müxalif camiyədə olan bəzi partiyalardan gəlir. Seçkiyə gedənlər ittihamlanır, iqtidara yarınanlar hesab olunurlar. Bu, sizin fəaliyyətinizə nə formada təsir edə bilər?

 

- Mən rəqiblərimin mənim haqqımda nə dediklərindən heç bir əndişə duymuram və məni ilgiləndirməz. Mən doğru bildiyimin arxasınca gedirəm. Və doğru bildiyimin arxasınca getdiyim üçün də kənardan deyilənlər məni yolumdan, xəttimdən çıxara bilməz. Mən Azərbaycanın bütün uğurlarını, Azərbaycanın gələcək sistemini seçkilərdə görürəm. Qələbənin də rəhni seçkidən başlayacaq. Demokratik azad seçkiyə iqtidarı məcbur etmək istəyirik. Düz edirik, səhv edirik, tarix göstərəcək bunu. Yanlışmı etdik, doğrumu etdik, bunun da qiymətini tarix verəcək. Amma Azərbaycanı düşünən hər bir insanın bunu bilməsi vacibdir – seçki ən qansız-qadasız, ən demokratik üsuldur. Hələlik əlimizdəki bütün imkanlar tükənməyib. Bu imkanlardan yararlanmalıyıq. İqtidar da fərqində olmalıdır, seçkiyə getmək istəməmək qərarını verənlər də. Onda xalq sözünü deyəcək. Biz sadəcə xalqın dediyini yerinə yetirən və yaxud da prosesin önünə düşməyə məcbur olan qüvvələr olacağıq.

 

- İqbal bəy, SOCAR-ın təhlükəsizlik xidməti əməkdaşları ilə Qazilər arasında baş verənlər sosial medaiada hələ də müzakirə olunmaqdadır. Bu hadisədə siyasi maraqlar var idimi və hadisəylə bağlı yayılan videoları, ümumiyyətlə baş verənləri necə dəyərləndirirsiniz?

 

- Heç bir Azərbaycan vətəndaşının hüquqlarının pozulmasının tərəfdarı deyiləm, onun cəmiyyətdəki yerindən, rolundan, statusundan asılı olmayaraq. O da ola Qarabağ qaziləri... Mən Qarabağ qaziləri ilə bir ofisdə otururam. Onların baş ofisi burdadır və proseslərə onların pəncərəsindən baxıram. Onların olduqları yerdə mən varam, onların olmadıqları yerdə mən yoxam. Onların hər zaman yanında olmuşam, hər zaman yanlarında olacam.

Onların mövqeyindən asılı olaraq bu prosesə yanaşıram.

Baş verənlərdə siyasi rəngin olub olmamasına gəlincə, bütün sosial, iqtisadi məsələlərin, bütün narazılıqların, bütün qanunsuzluqların, hətta mənəvi məsələlərin sonu siyasətə söykənir. Siyasətdən kənar heç nə yoxdur. Əgər bizim gündəlik həyatımızda hətda addımlarımız və yaşam tərzimiz siyasətə bağlıdırsa, hökmən burada da siyasət var. Kim ondan necə istifadə edir, kim ona necə yanaşır, ondan necə yararlanır, bu, artıq başqa mövzunun söhbətidir.

 

“Fərdlər üzərindən siyasət yürütmürəm”

 

- Bir məsələyə də fikrinizi deyərdiniz yaranmış bu olay Rövnəq Abdullayevi hədəfə almağa hesablanıb?

 

- Mənim indiyə qədərki müsahibələrimdə, yanaşmalarımda, siyasi xəttimdə heç vaxt fərdlərə qarşı mübarizə apardığımı və yaxud fərdlərin üzərindən siyasət yürütdüyümü müşahidə etməmisiniz və bundan sonra da etmiyəcəksiniz. Mənim üçün sistem var, mənim üçün Azərbaycan iqtidarı var, Azərbaycan iqtidarının ümumi siyasətinə baxış var. Azərbaycanda nə baş verirsə, Azərbaycanda hansı proseslər gerçəkləşirsə yanlışıyla-düzüylə, iqtidar bir komanda olaraq təsiri bağışlayır. Heç bir komanda da özfəaliyyətlə məşğul deyil. Özfəaliyyətlə məşğul olan kim olacaqsa, komanda onu kənara ata bilər və atır da hər zaman. Mən Azərbaycan iqtidarını da yaxşı tanıdığıma görə, düşünürəm ki, hansı siyasəti gerçəkləşdirirlərsə, komanda olaraq, Azərbaycan iqtidarı olaraq gerçəkləşdirirlər. Fərdlərin üzərindən prosesə baxışım yoxdur.

 

- Uzun müddətdir xarici təsirlərdən danışılır. Xarici təsirlərin formatı hansı aspektdə dəyişir.

 

- Azərbaycan çətin beynəlxalq labirintin içərisindədir. İki nəhəng qonşumuz var – Rusiya və İran. Rusiya ilə İran özü çox çətin durumdadır. Həm daxildə aqressivdir, həm xarici münasibətlər sistemində aqressivdir. Təsəvvür edin, bir ölkənin hər iki qonşusu həm siyasi, həm iqtisadi beynəlxalq embarqolara məhkum olub. İkisinin də daxilində demokratiya və insn haqları pozulur və biz ortada bir çiçək kimi açılmaq istəyirik. Bizim vəziyyətimiz olduqca çətindir. Və nəzərə alsaq həm də bu iki qonşu hər zaman bizdən nəyisə almağa çalışıb. Dövlətimizi almağa çalışıb, ərazimizi almağa çalışıb, prinsip və dəyərlərimizi almağa çalışıb. Ki, uzun zamandır alıblar çoxlarını. Bu dövlətlərin məngənəsindəyik, bizim üçün rahat deyil, çox çətindir. Lakin biz bundan dövlət olaraq birgə çıxış yollarını müəyyənləşdirməliyik. Bu isə iqtidarın daxildə müxalifətə, müxalifətlə münasibətlər sisteminə birbaşa bağlı olan məsələdir. Təəssüf ki, Azərbaycan iqtidarı da bu gün Azərbaycan müxalifətinə münasibətdə elə qonşularımızın - İranın və Rusiyanın münasibətlər sisemindən kənar münasibət sərgiləmir.

 

“Təbii ki, “süddən çıxan ağ qaşıq” deyiləm”

 

- İstərdim ölkədə cərəyan edən proseslərə Fuad Qəhrəmanlı olayından da baxaq. Nə baş verdi? Onun məsələsi də siyasi proseslərin qızışdırılmasına xidmət edirdimi? Baş verənlər təkcə AXCP, Milli Şuraya deyil, ümumiyyətlə müxalif camiyə haqqında hansı fikri oyatdı?

 

- Hesab etmirəm ki, bu məsələni camiyəyə aid etmək mümkündür. Bu məsələ camiyəyə aid deyil, ailədaxili şiddətdir və biz şiddətə qarşıyıq. Biz şiddətin qarşısında dayanırıq. Burda biz görəvimizi bu mərhələdə üçün bitmiş hesab edirik. Heç kim nə ailədə, nə cəmiyyətdə kimsəyə şiddət göstərməməlidir. Ay bu, müxalifətdaxili olaydır, müxalifətin üzərinə saldırma və yaxud müxalifət işərisində... olaya bu şəkildə qiymət vermirəm. İndi Rəfael Cəbrayılovun mandat məsələsi, onunla bağlı parlamentdə baş verənlər.. İqtidar olayı kimi dəyərləndirək, bu da camiyə olayı deyil. Amma o məsələdə şiddətə qarşı olduğumuz yerdən o tərəfə də yanaşdığımız məsələlər var. Biz dövlət qurmaq istəyirik, biz güclü, azad, müstəqil dövlət tərəfdarıyıq. Dövlətin əsaslarını ailə instutları təşkil edir. Ailə institunun da sağlam olmasının tərəfdarıyıq, ailə institunun da dəyərlər və prinsiplər üzərində qurulmasının tərəfdarıyıq və ailə instituna da bu şəkildə yanaşırıq. Bizim ailə institunun içərisində həm qədim milli dəyərlər var, islam dəyərləri var, həm müasir dəyərlər var. Biz bunun sintezini yarada bilən və bunun içərisindən dünyaya baxa bilən bir ailə modelini istəyirik. “Facebook” hesabımda qeyd etdiyim kimi, o adamlar bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər. Bir yerdə faciəvi şəkildə yaşamaq nə cəmiyyətə, nə o adamların özünə heç bir fayda vermir. O adamların birgə nigahları olsun ki, onların dəyərləri eynidir. Dəyərləri müxtəlif olan adamların bir araya gəlməsi o ailənin gec-tez dağılması, uşaqların travma alması, yeni nəslin travmatik böyüməsi ilə nəticələnir. Biz istəyirik ki, dəyərləri üst-üstə düşən adamlar bir yerdə yaşasınlar. O dəyərlər müasir dəyərlər də ola bilər, milli dəyərlər də ola bilər, dini dəyrlər də ola bilər. Əgər mənim, İqbal Ağazadənin baxış bucağını istəyirsinizsə, mən milli dəyərlərimi, milli kimliyimi və gələcəyin, yəni dünya birliyinin əsasında bir ailə dəyərlərini təsbitləyən, onun üzərindən də gələcəyə baxan, onun üzərindən də övlad tərbiyə edən birisiyəm və bu şəkildə də ailə dəyərlərim davam edir.

 

- Sizin sosial hesabınızdakı statusunuza rəy olaraq bir xanım yazmışdı ki, “İqbal bəy, siz də “süddən çıxan ağ qaşıq” deyilsiniz”.

 

- Mən də soruşmuşdum ki, deyə bilərsinizmi niyə? Amma təəssüflər olsun ki, o xanım niyəsini yaza bilmədi.

Mən təbii ki, “süddən çıxan ağ qaşıq” deyiləm.

 

- Sizcə niyə elə yazmışdı o xanım?

 

- Bilmirəm. Mən də sualımı açıq yazmışdım. Ümumiyyətlə mən cəmiyyət üçün açığam, şəffafam. Mənim dəyərlərim var, o dəyərlər çərçivəsində yaşayıram. O dəyərləri də hər kəs bilir və o dəyərlə də tanıyır. Hə, mənim günahlarım varmı, var. Səhvlərim varmı, var. Amma o günahlarım, o səhvlərim mənim dəyərlərimdən çox-çox aşağıdadır. Mənim dəyərlərə verdiyim qiymət və dəyərlərin üzərində yaşadığım həmin günah və səhvləri tamam heç edir.

 

“Hər şeyə köhnə pəncərədən baxmaq lazım deyil”

 

- Dəyərlərdən danışdınız, dediniz dəyərlər üst-üstə düşərsə hər şey rəvan olar. Amma belə görünür ki, dünyada cərəyan edən prosesləri, elə Azərbaycan daxilində cəryan edən prosesləri, ailədə baş verənləri müşahidə edəndə görürsən ki, heç üst-üstə düşən dəyərlər yoxdur.

 

- Bu formada ziddiyyətlər bizə tanış ziddiyyətlərdir əslində. Zaman-zaman, tarix boyu da biz bunları görmüşük. Amma məsələ ondadır ki, informasiya çıxırdımı, çıxmırdımı.. Ailədaxili münasibətlərin cəmiyyətə ötürülməsi, cəmiyyət müzakirəsinə çıxarılması indi bir az fərqli şəkildədir. İnkişafdan, texnologiyadan, ünsiyyət vasitələrinin çox olmasından asılıdır. Buna görə də qınamaq lazım deyil. Bilirsiz, hər şeyə köhnə pəncərədən baxmaq lazım deyil. Bir az da yeni pəncərədən baxaq. Mənim qiyafəm 19-20-ci əsrin qiyafəsi deyil, 21-ci əsr qiyafəsidir və çalışıram da ki, modern formada geyinim. Modern formada geyinib də, düşüncə və dəyərlər baxımından bir neçə əsr geridə qala da bilmərəm. Demək ki, qiyafəm dəyişdiyi kimi, düşüncəmdə də dəyişiklik və sair yerinə oturmalıdır. Sadəcə, bunlar elə olmalıdır ki, yaxşıların heç biri tapdalanmamalıdır, yaxşı dəyərlərin heçbiri sıradan çıxarılmamalıdır. Yaxşı dəyər dediklərimiz həm də insanlar tərəfindən bir az qorunmalıdır. İnsanlar o dəyərlərə sahib çıxmalı, övladlarına, gələcək nəslə ötürməyi bacarmalıdır. Bizim bu qədər yaxşı dəyərlərimiz var. Bəzi pis dəyər dediyimiz də olub. Məsələn, özü yemir, qonağa saxlayır, özü nazik döşəkdə yatırdı, qalın məxmər döşəyi saxlyırdılar ki, qonaq gələndə istifadə etsinlər və sair. Təbbi ki, bunlar bu gün sıradan çıxır zamanla.

 

- Nə baş verir ki, artıq ailə dəyərləri qoruna bilmir, belə demək mümkünsə “divarlardan” kənara çıxır?

 

- Sadəcə olaraq, insanlar indi sosiallaşıb, ictimailəşib, siyasiləşib. İndi hamının sosiallaşdığı, ictimailəşdiyi, siyasiləşdiyi bir cəmiyyətdə informasiyalarla birgə kənara çıxır. Amma hamıdan yox. Yenə deyirəm, bu insanın cəmiyyətdəki yerindən, rolundan asılıdır. İnsan siyasiləşir, sosiallaşır, ictimailəşir və onun haqqında informasiyanın çıxması təbiidir. Ümumiyyətlə, bizim kimi ictimai-siyasi şəxslər şəffaf olmalıdılar və informsiyanın cəmiyyətə ötürülməsindən çəkinməməlidilər.

 

- Belə mübahisəli, ziddiyyətli məsələlərdən biri də bayaq qeyd etdiyiniz mandatını girov qoymuş deputatla bağlı oldu. Bununla bağlı fikriniz maraqlıdır.

 

- Heç bir fikrim yoxdur. Olay baş verdi, Rəfael Cəbrayılov da deputat mandatından imtina etməliydi. Niyə oldunu və necə etmək lazımdır ki, bir də olmasın, onu deyə bilərəm. Rəfael Cəbrayılov məsələsi bitib artıq, ona balta vurmağa nə var, bu gün nə qədər desəniz əleyhinə danışım.

Niyə baş verməsinin tək səbəbi, Azərbaycan iqtidarı parlamenti siyasiləşdirməkdən vaz keçdi. İqtidar 2003-cü ilin Referendumundan sonra parlamenti sadəcə ona yaxın qüvvələrdən, fərqli fikir adamlarından və siyasi institutlardan təşkil etmək təcrübəsindən imtina etdi. Sonda da bu nəticəyə vardı. Parlament siyasi bir yerdir. Parlament tərəflərin, rəqiblərin dartışa bildiyi bir yerdir, rəqabət apardığı məkandır. Azərbaycan parlamentində rəqabət aparacaq tərəflər yoxdur. Tərəflər olsaydı, orda fərqli fikir, yanaşmalar olardı və ora düşən insanların da çəkisi, cəmiyyətdəki rolu və mövqeləri şəffaf olardı. Rəqabət üzərindən fərqli yanaşmalar olardı, amma olmadı. Gələcək üçün nə etmək lazımdır? Azərbaycan siyasət institutları və proporsional seçki sistemini tətbiq edərək referendumda, parlamentin əsasını təşkil etməlidirlər. Cəmiyyət azad, demokratik seçki vərdişlərinə yiyələnməlidir, hakimiyyət də azad və demokratik seçki keçirib Azərbaycan xalqının iradəsini əks etdirən bir parlament formalaşdırmalıdır ki, bu tipli hadisələr olmasın, siyasi institutların məsuliyyəti olsun, siyasi institutların orda iştirakı olsun və dartışmalar da biznes sahəsində yox, siyasi sahələrdə və qanunvericilik sahəsində olsun.

 

“Rusiyanın bizə verə, bizim də Rusiyadan ala biləcəyimiz heç nə yoxdur”

 

- Çingiz Qənizadənin də adı eyni məsələylə bağlı hallandı. Görünür parlament başqa bir formada yeniləndiriləcək.

 

- Sistemin günahıdır. Kələfin ucu indi ortaya çıxır. Bilirsiz, corab söküyü kimi bir şeydir, bir yerdən sökülməyə başladısa, davam edəcək. Axtarsanız icra strukturlarında hamısı belədir. Hələ mən millət vəkili olmaya-olmaya kiminsə kiminsə pulunu verməməsiylə bağlı müraciətlər edirlər mənə. İndi bax o corab söküyü kimi proseslər gedir. Elə bilirsiniz sonuncudur, xeyir, bu proseslər yenə davam edəcək.

 

- İqbal bəy, necə düşünürsünüz, Rusiya prezidenti ilə Azərbaycan prezidentinin oktyabr görüşü Qarabağ münaqişəsinin həlli ilə bağlı nələri vəd edir?

 

- Heç bir dəyişiklik olmayacaq. Mövcud hakimiyyətlər çərçivəsində, bu siyasətlə, bu xətlə, bu strategiya ilə nə Rusiyanın bizə verə biləcəyi, nə bizim Rusiyadan ala biləcəyimiz heç nə yoxdur. Çünki Rusiya bizdən istədiyini alıb, biz də Rusiyaya istədiyini vermişik. Mövcud hakimiyyətin apardığı siyasət çərçivəsində Rusiyadan nəsə ala biləcəyimiz bir gücümüz yoxdur. Siyasi kurs, hakimiyyət dəyişərsə, Rusiya ilə fərqli çərçivədə ala biləcəklərimizi də, verə biləcəklərimizi də yeni münasibətlər sistemin keçə biləcəyimiz açıq sahə var qarşımızda. Bu sahə üzrə bu iqtidar və mövcud Rusiya iqtidarı o münasibətlər sistemini qura bilmir. Ona görə də prezidentlərin bu görüşündən heç bir nəticə gözləmirəm.

 

- Paşinyanın torpaqları 5 milyard qarşılığında qaytarması məsələsinə necə baxırsınız?

 

- Deyəcəyim budur, nə beynəlxalq aləm, nə daxildə kimsə, nə iqtidar, nə müxalifətin ayrı-ayrı hakimiyyətə gəlmək istəyən qüvvələri 5 milyarda, 3 milyarda Azərbaycan torpaqlarını alver predmetinə çevirə bilməz. Azərbaycan torpaqları alınacaqsa bütöv alınacaq, Şuşalı, Xankəndli, Laçınlı, Kəlbəcərli, Ağdərəli və digər işğal olunmuş Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Xocavənd və sair rayonların hamısı ya bütöv alınacaq, ya kimsə onu şəxsi marağına tabe etdirib 5 milyardla, 3 milyardla oyun oynaya bilməz. Mən bir dəfə demişəm, bir daha qeyd edirəm. Son adamımıza qədər, ki, bu adamların sayı kifayət qədər çoxdur, əvvəlcə o torpağı alverə çıxaranlarla döyüşəcəyik, sonra vətən uğrunda döyüşüb torpaqlarımızı geri alacağıq. Bizim başqa yolumuz yoxdur. Mən o torpaqlarsız Azərbaycan adlı məmləkət tanımıram. Kimsə başqa coğrafiyada Azərbaycan cızmağa çalışmasın və bunu heç bir halda heç kimə icazə vermərik.

 

- Bəs cəryan edən proseslər nədir?

 

- Cəryan edən proseslər hələlik nəticəsi olmayan, sadəcə nəbzləri yoxlayan, ictimai fikir-düşüncəni yoxlayan atdıqları mövqelərdir. O mövqenin də cavabı budur, hər kəs bunu bilsin.

 

- Son vaxtlar Rusiyanın Azərbaycana təsirlərindən danışılır.

 

- Rusiya bizim qənimimizdir. Hər şeyimizi əlimizdən alıblar. İndi necə qurtulacağıq bu yoldan, bu da artıq bizim bacarığımızdan və iradəmizdən asılıdır.

 

- Necə qurtarmaq lazımdır, İqbal bəy?

 

- Mən hakimiyyətə gələndə biləcəksiniz.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin