Bu xəstəliklə bağlı müayinədən keçməyə utanan, yaxud qorxanlar var

12:08 09-10-2019 | icon 270 | Sağlamlıq
Bu xəstəliklə bağlı müayinədən keçməyə utanan, yaxud qorxanlar var

Nərminə Abbasova: “Simptomatik terapiya xəstəliyi aradan qaldırmır, sadəcə müvəqqəti xarakter daşıyır”

 

“Babasil – anal nahiyə və düz bağırsaq venalarının varikoz genişlənməsi nəticəsində hemorroidal düyünlərin yaranması ilə xarakterizə olunan xəstəlikdir. Patologiya anusda göynəmə, qaşınma, ağırlıq hissi, düyünlərdən al-qırmızı qanaxma ilə özünü büruzə verir.

 

Bunu Babasilin yaranma səbəbləri, diaqnostikası və müalicəsi haqqında Versus.Az-a danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bildirib.

 

Həkim deyir ki, Babasil hemorroidal düyünlərin sallanması, boğulması və trombozu ilə ağırlaşa bilər. Belə ki düyünlərin iltihabı rektal fistula və paraproktitin yaranmasına gətirib çıxarır. Uzunmüddətli hemorroidal qanaxmalar anemiya ilə nəticələnir:

 

Babasil ən çox yayılmış proktoloji xəstəlik hesab olunur. Babasil iltihablaşma, qanama və anal dəlikdən xaricə çıxmağa meylli olan patoloji şəkildə böyüyən hemorroidal düyünlərlə özünü büruzə verir. Xəstəliyin digər tibbi adı hemorroydur, bu da qanaxma deməkdir. Qanaxma babasilin ən qabarıq əlaməti sayılır. İnsan orqanizmində hemorroidal venoz kələflər anal kanalın selikaltı qatında yerləşir. Onlar öz quruluşuna görə cinsiyyət orqanlarının kavernoz cisimlərinə bənzəyir. Hemorroidal kələflər anusun tam bağlanmasını təmin etməklə nəcis kütlələrinin xaricə tökülməsinin qarşısını alır”.

 

Hemorroidal düyünlərin xarici və daxili olduğunu vurğulayan həkim-terapevt bildirdi ki, əksər insanlarda bu, venoz törəmələrin müxtəlif dərəcəli böyümə hallarına rast gəlinir:

 

“Hemorroidal düyünlərin böyüməsi heç bir klinik simptomatika ilə müşayiət olunmadıqda, yalnız baxış zamanı aşkarlandıqda belə vəziyyətlər patologiya hesab edilmir. Babasil xəstəliyi klinik olaraq, daxili hemorroidal düyünlərin sallanması, xarici düyünlərin trombzou, qanaxma, düz bağırsaqda qaşınma və göynəmə hissi, ağrılı defekasiya aktı ilə təzahür edir. Xəstəliyin erkən diaqnostikası qeyri-cərrahi müalicə üsullarının effektivliyini artırır”.

 

N.Abbasova bildirdi ki, Babasilin patogenetik inkişaf amili hemorroidal venoz kələflərdə qan dövranının pozulmasıdır. Bu da öz növbəsində birləşdirici toxuma və əzələ strukturlarında distrofik dəyişikliklərin inkişafına səbəb olur, nəticədə anal kanalın daxilində düyünlər yaranır. Həkimin sözlərinə görə, xəstəliyin risk amillərinə qəbizlik və ya ishala meyllik, oturaq həyat tərzi, kəskin qida və spirtli içkilərdən sui-istifadə aiddir. Uzun müddət oturaq vəziyyətdə qalmağı tələb edən peşələrin babasilin yaranma ehtimalını yüksəltdiyini vurğulayan Nərminə xanım qeyd etdi ki, perianal nahiyədə qan dövranının pozulmasına həmçinin müxtəlif idman növləri, məsələn, atçılıq, velosiped sürmə, ağır atletika səbəb ola bilər. Qadınlarda hamiləlik və doğuş babasilin formalaşmasına təkan verə bilər:

 

“Babasilin 2 forması ayırd edilir - kəskin və xroniki. Onlar əslində eyni xəstəliyin ardıcıl mərhələləri sayılır. Bundan əlavə daxili, xarici və kombinəolunmuş babasil qeyd olunur.

Babasilin klinik gedişi 4 mərhələyə bölünür. Birinci mərhələ müntəzəm şəkildə anal dəlikdən al-qırmızı qanın axması ilə xarakterizə olunur. Hemorroidal düyünlərin sallanması müşahidə edilmir. İkinci mərhələdə hemorroidal düyünlərin anal dəlikdən xaricə çıxması və sərbəst şəkildə geri qayıtması baş verir. Bu mərhələdə qanaxmanın olması mütləq əlamət sayılmır. Üçüncü mərhələdə xaricə çıxmış hemorroidal düyünlər öz-özünə geri qayıtmadığından onlar barmaqla içəri salınır. Bir sıra hallarda xəstəliyin klinik təzahürləri arasında qanaxmaya rast gəlinmir. Dördüncü mərhələdə isə hemorroidal düyünlərin anal kanaldan sallanmasının daimi xarakter daşıması və onların əllə yerinə qaytarılmasının mümkünsüzluyu qeydə alınır”.

 

Hər bir insanda hər hansı bir xəstəliyin əlamətlərini bilmək marağı olur. Bunu nəzərə alan Nərminə xanım Babasilin əlamətlərindən bəhs etdi:

 

“Babasil kəskin və xroniki olur. Kəskin babasil xarici hemorroidal düyünlərin trombozu və ya daxili düyünlərin anal kanaldan xaricə çıxması ilə səciyyələnir. Hemorroidal düyünlərin trombozu üçün onların əhəmiyyətli dərəcədə böyüməsi, bərkiməsi xarakterikdir. Düyünlər intensiv ağrı – proktalgiya ilə müşayiət olunur. Xroniki babasilin isə əlamətlərinə arxa keçiddən qanaxma, perianal nahiyədə qaşınma və göynəmə, daxili hemorroidal düyünlərin periodik sallanması aiddir. Anal sfinkterin tam bağlanmaması və hemorroidal düyünlərin daim xaricə çıxması arxa keçiddən şəffaf selikli ifrazatın axmasına səbəb olur”.

 

Həkim-terapevt qeyd etdi ki, qanaxma babasilin ən geniş yayılmış əlamətidir. Xəstələrin əksəriyyətinin qanaxmanın azlığı və gec-gec təkrarlanması ilə əlaqədar bu əlamətə əhəmiyyət vermədiyindən həkimə müraciət etmədiyini vurğulayan N.Abbasova bildirdi ki, insanların bir qismi isə proktoloq müayinəsindən keçməyə utanır və ya qorxur:

 

“Xəstəliyin diaqnostikasının mürəkkəb olmamasına baxmayaraq, bu mərhələyə ciddi yanaşmaq lazımdır. Çünki müayinənin səthi aparılması yanlış diaqnozun qoyulmasına və ciddi ağırlaşmalar və ya yanaşı gedən patologiyaların gizli qalmasına gətirib çıxara bilər. Babasilə şübhə yarandıqda ginekoloji kresloda dizləri maksimal dərəcədə qarına qatlayaraq və yaxud diz-dirsək vəziyyətində arxa keçid və perianal nahiyəyə xarici baxış keçirilir, anusun forması, deformasiya, çapıq dəyişiklikləri, fistulalar, arxa keçidin aralanması müəyyən edilir. Dəri örtüklərinin rəng və vəziyyətinə diqqət yetirilir, xarici hemorroidal düyünlərin ifadəliliyi, daxili düyünlərin sallanma dərəcəsi və onların anal kanala qaytarılmasının mümkünlüyü dəqiqləşdirilir.

Perianal nahiyənin zondla qıcıqlandırılması üsulu ilə anal refleks müayinə edilir. Sonra arxa keçidin kənarlarını aralayaraq, anal kanalın divarlarında çatların olması yoxlanılır. Xarici baxışdan sonra düz bağırsağın barmaqla müayinəsi aparılır, xarici və daxili anal sfinkterlərin vəziyyəti, onların tonik gərginliyi, iradi yığılmaların gücü, ağrının dərəcəsi təyin edilir. Kanalın selikli qişasında qüsur, anal polip və çapıqların olmasına fikir verilir.

Əksər hallarda rektal müayinə vasitəsilə hemorraidal düyünlərin lokalizasiya və ölçülərini dəqiq təyin etmək olmur, bu da palpasiya zamanı düyünlərin kiçilməsi ilə bağlıdır. Məhz bu səbəbdən müayinə zamanı pasiyentə gücvermə təklif edilir. 8-12sm-lik anal kanalı adətən anoskopiya ilə təhlil edilir. Bu müayinə üsulu xəstələr tərəfindən yaxşı qəbul edilir və daxili hemorroidal düyünlərin yerləşmə sahəsini müayinə etməyə imkan verir. Gücənmə zamanı daxili düyünlər anoskopun mənfəzinə keçə bilər.

Babasilin diaqnostikasında demək olar ki, bütün hallarda rektoromanoskopiyadan istifadə edilir. 25 sm hündürlükdə rektomanoskopiyanın aparılması mümkün olmadıqda və ya yoğun bağırsağın yuxarı şöbələrinin patologiyalarından şübhələndikdə irriqoskopiya və ya kolonoskopiya icra edilir. Qarın boşluğu orqanlarının USM həzm traktının yanaşı gedən xəstəliklərini aşkar etməyə şərait yaradır. Həzm sisteminin yuxarı hissəsindən qanaxmanı inkar etmək məqsədilə qastroskopiya təyin edilir”.

 

Klinik təcrübələrə əsasən babasildən əziyyət çəkən xəstələrin 1/3 hissəsində anal kanal və yoğun bağırsağın xəstəlikləri müşahidə edildiyini vurğulayan həkim-terapevt qeyd etdi ki, bu patologiyaların bəziləri arxa keçiddən qanaxmaya gətirib çıxarır. Onun sözlərinə görə, bir sıra hallarda babasil səbəbindən həkimə müraciət edən xəstələrə baxış və müayinə prosesində düz bağırsağın xərçəngi aşkarlanır.

 

N.Abbasova bildirdi ki, Babasilin müalicə taktikası xəstəliyin mərhələsindən asılıdır. Belə ki Babasilin birinci və ikinci mərhələsində konservativ terapiya, elektrokoaqulyasiya və ya skleroterapiya tətbiq edilir. Liqaturanın qoyulması ikinci və üçüncü mərhələdə effektiv ola bilər. Üçüncü mərhələsində Lonqo üsulu ilə hemorroidektomiya icra oluna bilər. Dördüncü mərhələsində isə hemorroidal düyünlərin cərrahi yolla kəsilməsi tələb olunur:

 

“Babasilin kəskin dövründə konservativ terapiya istisna olmaqla digər müalicə üsulları əks-göstəriş sayılır. Xəstəliyin birinci və ikinci mərhələsində bir çox hallarda medikamentoz terapiya ilə kifayətlənilir. Konservativ müalicə zamanı nəcis kütlələrini normal konsistensiyaya salan, yəni qəbizlikdə yumşaldan, diareya hallarında bərkidən pəhriz təyin edilir. Ehtiyac yarandıqda işlədici preparatlar məsləhət görülür. Ümumi terapiya qismində həmçinin vena divarını möhkəmləndirən preparatlardan istifadə olunur. Babasil üçün krem və şamlar iltihab əleyhinə, yarasağaldıcı, ağrıkəsici, qansaxlayıcı xüsusiyyətlərə malik olub, yerli qan dövranını möhkəmləndirir. Yerli istifadə olunan babasil dərmanları əlamətlərin ifadəliliyi nəzərə alınmaqla təyin edilir. Adətən hemostatik, iltihabəleyhinə və ağrıkəsici elementlərdən ibarət polikomponent vasitələrə üstünlük verilir. Yan təsirlərin qarşısını almaq üçün iltihabəleyhinə preparatlar qısa müddətli kurslarla tətbiq edilir. İfadəli qanaxmalar zamanı effektiv hemostatik – natrium-alginata üstünlük verilir.

Babasilin konservativ terapiyası klinik əlamətlərin yüngülləşməsi və kəskinləşmələrin sakitləşməsinə istiqamətləndirilir. Yadda saxlamaq lazimdir ki, simptomatik terapiya xəstəliyi aradan qaldırmır, sadəcə müvəqqəti xarakter daşıyır. Oturaq həyat tərzinə meyllik və ya həddindən artıq fiziki yüklənmələr babasilin kəskinləşməsi və proqressivləşməsinə səbəb olur”.

 

Həkim-terapevt bildirdi ki, hemorroidal düyünlərin az invaziv yolla xaric edilməsi erkən mərhələlərdə babasilin effektiv müalicə üsulu sayılır. Babasilin müalicəsinin əksər hallarda kombinəolumuş şəkildə aparıldığını deyən Nərminə xanım qeyd etdi ki, yüksək təhlükəsizlik və pasiyentlər tərəfindən asan qəbul edilməsinə baxmayaraq, az invaziv üsulların tətbiqi hər zaman mümkün olmur:

 

“Xəstəliyin gecikmiş mərhələlərində cərrahi müdaxilə - hemorroidektomiya aparılır. Babasil əməliyyatı kavernoz venoz kələflərin kəsilməsindən ibarətdir. Bu yolla xəstəliyin residivlərinin yaranma ehtimalı istisna edilir. Cərrahi texnikanın təkmilləşməsi əməliyyatdan sonrakı dövrün qısalmasına və ağırlaşmaların qarşısının alınmasına səbəb olur.

Babasil ifadəli anemiyaya gətirib çıxaran davamlı qanaxma hallarını nəzərə almasaq, adətən həyat üçün təhlükə daşımadığından pasiyent cərrahi əməliyyatın aparılması haqqında özü qərar verir. Adətən həkimə xəstəliyi tez-tez kəskinləşən və həyat keyfiyyəti pozulan pasiyentlər müraciət etdiyindən proktoloqun vəzifəsi hərtərəfli müayinə və düzgün müalicə üsulunun seçilməsindən ibarətdir. Babasilin profilaktikası düz bağırsaq damarlarında qan dövranının pozulmasına səbəb olan amillərin aradan qaldırılması və həzm traktının işinin normallaşması istiqamətində aparılmalıdır. Qəbizlik və ya ishalla müşayiət olunan xəstəliklərin vaxtında müalicəsi, düzgün rasional qidalanma nəcisin konsistensiyasının normallaşması və bağırsağın müntəzəm boşalması ilə nəticələnir”.

 

Nərminə xanım onu da qeyd etdi ki, anal nahiyəyə gigiyenik qulluq vacibdir. Həkim məsləhət görür ki, hər defekasiya aktından sonra yuyunmaq, pambıqdan hazırlanmış və kip olmayan alt paltarı, yumşaq tualet kağızlarından istifadə babasilin yaranam ehtimalını azaldır:

 

“Babasilin ilkin əlamətləri zamanı ağır fiziki işlərdən uzaq olmaq lazımdır. Oturaq həyat tərzi meylli insanlar üzgüçülük və idmanla məşğul olmalı, piyada gəzintilərinə üstünlük verməlidir”.

 

 

DİQQƏT!

Əgər Babasil, onun müalicə yolları ilə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxud yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəziniə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Dizdə şişkinlik inkişaf edənə qədər…

ALDP seçkilərlə bağlı qərarını verdi

“İnsan hüquqlarının qorunması media müstəvisində”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

Milli inkişaf strategiyasının müəllifi

Şirkət filmin süjetini gizləyir - VİDEO

Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPT

YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Sabah yağış yağacaq