Hansı namizədin plakatı diqqətçəkici və xarizmatikdir - SORĞU

15:27 09-04-2018 | icon 2516 | Gündəm
Hansı namizədin plakatı diqqətçəkici və xarizmatikdir - SORĞU

Əksəriyyət bu namizədin reklam plakatını bəyənir

 

Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinə 1 gün qaldı. Aprelin 11-də seçicilər 8 namizəd arasından bəyəndiyi, inandıqları şəxsə səs verəcəklər. Seçki gününə qədər isə namizədlər təbliğat, təşviqatları ilə bağlı müxtəlif vasitələrdən yararlandılar.

Versus.Az yalnız bir məsələni önə çəkərək, sadə bir sorğu keçirib:

 

“Seçkidə qeydiyyata alınan namizədlərdən hansının plakatını bəyəndiniz. Hansının şəkilini ilk baxışdan daha cəlbedici və xarizmatik, pozitiv hesab edirsiniz?”

 

“Qüdrət bəylə Fərəc bəyin şəkili daha çox nəzərimə çarpdı”

 

Politoloq Qabil Hüseynli bir vətəndaş olaraq seçkidə təbliğat və təşviqatın aparılmasında namizədlərin şəkillərindən çox, əhalini seçkiyə səsləyən, üzərində “11 Aprel prezident seçkiləri günüdür” elanı yazılan plakatlardan çox razı qaldığını deyib:

 

“Ən xoşa gələn cəhət budur. Çünki əhalidə ciddi bir siyasi passivlik var. Bəziləri hətta seçkilərin keçirilmə tarixi barədə məlumata malik deyillər”.

 

Q.Hüseynli namizdlərdən Qüdrət Həsənquliyev və Fərəc Quliyevin təşviqat materiallarından daha səmərəli istifadə etdiklərini düşünür:

 “Bu namizədlər daha çox nəzərimə çarpdı”.

 

“Ən pozitiv şəkil Sərdar Cəlaloğlunundur”

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, namizədlər arasında ən pozitiv və diqqətçəkici şəkil Sərdar Cəlaloğlunundur:

 

“Sərdar bəyin plakatını pozitiv saymağımız seçkidə ona verdiyimiz dəstəklə bağlı deyil. Həqiqətən də şəkillərə baxsanız görəcəksiniz ki, onun gülərüz üzü hər kəsin diqqətini çəkir. Bu, istər-istəməz insanlarda təbəssüm doğurur. Digər plakatlar isə çox sadədir. O cümlədən, İlham Əliyevin də plakatı əvvəlki seçkilərdə istifadə olunan sadə şəkil və köhnə şüarlardır”.

 

“Sərdar bəyin şəkli daha qəşəng görünür və...”

 

Vətəndaş və İnkişaf Partiyasının sədri, Prezidentliyə namizədliyi  qeydə alınmayan Əli Əliyev namizədlərin plakatları ilə bağlı müəyyən ehtimallar səsləndirib:

 

“Mənim məlumatıma görə, plakatlar eyni adam tərəfindən sifariş edilib və hamısı eyni gündə, eyni mərtbədə, eyni nüsxədə çap olunub. Ölkədə 5 mindən artıq məntəqə var. Bizdə olan məlumata görə yalnız 3 min nüsxə şəkil çap olunub. Bu da o deməkdir ki, ya onlar bütün məntəqələri əhatə eləmək istəməyiblər, ya korrupsiya faktı var, ya da namizədlər 3 min nüsxəni yetərli hesab edib, əlavə pul xərcləmək istəməyiblər”.

 

Ə.Əliyev bəzi namizədlərin nəticəni bildikləri üçün eyni şəkilləri, eyni dizaynı dövriyyəyə buraxıb, vəsait xərcləməyi artıq hesab etdiklərini vurğulayıb:

 

“Ümumilikdə mənim rəğbətim ADP sədri Sərdar Cəlaloğlunadır. Bu, həm də zövq məsələsidir. Ona görə də hesab edirəm ki, Sərdar bəyin şəkli daha qəşəng görünür və digərlərindən daha üstündür”.

 

“Ən çox diqqət çəkəni İlham Əliyevin şəklidir”

 

 

Jurnalist Anar Vəziroğlu bildirib ki, ən yaxşı görünən və xarizmatik olan məhz seçəcəyimiz namizədin plakatı olacaq:

 

“Prezidentliyə namizəd plakatda yaxşı görünə də bilər, görünməyə də. Aprein 11-də qutudan kimin çxacağı əsasdır. Bütün plakatların arasında ən çox diqqət çəkəni İlham Əliyevin şəklidir”.

 

“Mələk libasında da şəkil çəkdirsələr...”

 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib ki, hər bir namizədin plakatında bu və ya digər dərəcədə açıq və gələcəyə ünvanlanan vədləri əks etdirən məna və şüarlar var. Ona görə də bu plakatları bir-biri ilə müqayisə edərək qiymətləndirmək çətindir:

 

“Siyasilər şəkilə yox, ideyaya, təcrübəyə, istəyə qiymət verirlər. Seçicilər mələk libasında da şəkil çəkdirsələr, siyasilərin fikirləri dəyişməz. Maniken seçsək, siz deyən kimi şəkilə qiymət verə bilərdim. Təbii ki, seçicilər üçün bu da vacibdir. Mənim namizədim seçkidə iştirak etmədiyinə görə ruhuma, arzularıma, siyasi baxışlarıma uyğun plakat görmürəm”.

 

“O, hamı üçün daha doğma görünür”

 

Professor Fikrət Sadıqov bildirib ki, sadə görünən bu sorğu əslində çox ciddi yanaşma tələb edən bir məsələdir.

Namizədlərin şəkillərdəki simaları çox pozitiv görünür. Lakin xarici görünüş heç də o demək deyil ki, hakimiyyətə gələcəkləri halda da pozitiv siyasət aparacaqlar. Xarici görünüş aldadıcı ola bilər və bunu həyat təsdiq edir. Ona görə bizim üçün xarici görünüş deyil, onların proqamları gələcəyə baxışları cəlbedici olmalıdır. Əsas Azərbaycanın inkişafına nə dərəcədə töhfə verə biləcəyidir:

 

“Namizədlərin hamısının şəkli kompakt nümayiş olunur. Onları bir-birindən ayırmaq istəməzdim. Amma artıq bir neçə ildir ki, dövlət başçımızın şəklini görürük və o, hamı üçün daha diqqətçəkici, tanınmış, doğma görünür. Artıq onu daha çox qəbul edirik. Xalq öz sözünü deməlidir. Kimi istəyirsə seçsin. Mən istərdim ki, Azərbaycanın dövlət başçısı elə bir şəxs olsun ki, xalq ona inansın arxasınca getsin və o xalqın ümidlərini puça çıxarmasın vədlərini yerinə yetirsin”.

 

“Fərəc Quluyevin plakatı çox adi görünür”

 

QHT sədri Mehriban Zeynalova prezidentliyə namizədlərdən bir neçəsinin plakatını gördüyünü bildirib. O, hətta bir qədər əvvəl Hafiz Hacıyev və Zahid Orucovun plakatlarının müzakirə edilərək dəyişdirildiyini də xatırladıb:

 

“Təbii ki, mükəmməl olan cənab prezidentimizin plakatıdır. Parlament seçkiləri ilə prezidentliyə namizəd arasında fərq var və təbi ki, prezidentliyə namizədin güclü obrazını yaratmaq lazımdı. İlham Əliyevin plakatında şəkil və yazı seçimində hər bir nüans qaydasındadır. Plakatda güclü obraz yaradılıb. Amma digər namizədlərin plakatları çox adi görünür. Məsələn, Fərəc Quluyevin plakatı çox adi görünür”.

 

“Hafiz Hacıyevdə kreativlik etmək istəyiblər, Razi Nurullayev isə elə bil...”

 

ADNSU tələbəsi Fərid İsmayılovun isə heç bir plakatın dizaynı xosuna gəlməyib:

 

“Elə bil ki, plakatları qeyri-pesəkarlar hazırlayıblar. Hafiz Hacıyevdə nisbətən yaxşıdır, deyəsən kreativlik etmək istəyiblər. Amma Razi Nurullayevin isə elə bil ki, şəklini PAİNTdə yığıblar”.

 

“İham Əliyevin şəkli balaca uşağın da diqqətini cəlb edir”

 

Politoloq Nəzakət Məmmədova bildirib ki, hər bir namizəd öz siyasətinə uyğun şüarlarla çıxış edir və plakatlarının normal standartlara uyğun dizaynları var:

 

“Hansısa fotogenik ola bilər. Əsas onların görəcəyi işlərdir. Təbii ki, İlham Əliyevin bir prezident kimi fəaliyyəti göz qabağndadır. O, ən populyar, ən şanslı namizəd olduğu üçün  ətrafda ilk diqqəti çəkən onun plakatıdır. Namizədlərin şəkilləri bir yerdə olsa da açıq söyləyək ki, onların kim olduğunu bilmir və dediklərini öyrənməyə çalışrıq. Amma prezidentin şüarı həmişə eynidir - “İlhamla irəli”. Prezidentin özü tanınmış olduğu üçün ilk baxışdan diqqəti cəlb edir. Balaca uşaqlar da onu tanıyır. Məsələn, qızım küçə ilə gedəndə əlini uzadır və  İlham Əliyevi göstərib, -“prezidentimiz” deyir. Yəni İlham Əliyevin şəkilləri balaca uşağın da diqqətini cəlb edir, çünki tanıyır, bilir”.

 

 “Plakatlar çox bəsit və primitiv hazırlanıb”

 

AMİP yetkilisi Əli Orucov bildirib ki, seçki kampaniyasının ən vacib və həlledici dövrü təbliğat-təşviqat kampaniyasıdır. Bu kampaniyada nümizədlər hər bir seçiçi səsi uğrunda gərgin mübarizə aparır. Ona görə də seçiciyə verilən mesajları da, təbliqat - təşviqat materaillarını da daha cəlbedici, lakonik və birbaşa hədəf yönələ biləcək şəkildə hazırlayirlar:

 

“Amma prezident seçkilərində bunu görə bilmədik. Plakatlar çox bəsit və primitiv hazırlanıb. Onların yerləşdirilməsi də əhalinin daha çox olduğu, gediş-gəlişli və gur yerlərdən asılmayıb.

YAP-ın namizədinin təbliğat materialları, seçki plakatları da yaxşı deyil. Şuar 2003-cü ildən qalma şüardır - İlhamla irəli”.

 

“Qüdrət Həsənquliyevin şəkilini xüsusilə bəyənirəm”

 

Hüqüq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, bütün namizədlərin plakatları yaxşıdır. Novella xanım yalnız bir nəfəri istisna ilə fərqləndirib:

 

“Qüdrət Həsənquliyevin şəklini xüsusilə bəyənirəm. Uzun müddət cəbhədə birlikdə çalışmışıq. Ona görə də onun şəklini bəyənirəm və ona səs verəcəm”.

 

Lənkəran rayonu, Alazepin kənd müəllimi Peyman Məmmədli bildirib ki, o, bir vətəndaş olaraq Prezident İlham Əliyevi dəstəkləyir:

 

“İlham Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü işlər göz önündədir. Prezident Azərbaycanı beynəlxalq arenada yüksək səviyyədə təmsil edir və təbliğata aparılan namizədlər sırasında ən çox xoşuma gələn plakat onundur”.

 

“Cənab İlham Əliyevin seçki plakatını bəyənirəm”

 

Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova bildirib ki, bütün əlil qadınlar bu seçkidə Prezident İlham Əliyevi dəstəkləyir:

 

“Mənim ən çox bəyəndiyim seçki plakatı prezidentimiz cənab  İlham Əliyevin şəklidir. İlham Əliyev savadlı lider, siyasi baxışı güclü olan prezidentdir”.

 

“Dövlət başçısı və lider olaraq onu bəyənirəm”

 

Bakı Dövlət Universitetinin magistrı Xanım Cəfərova bildirib ki, prezidentliyə namizədlər sırasında ən çox bəyəndiyi plakat Prezident İlham Əliyevindir:

 

“Dövlət başçısı və lider olaraq onu bəyənirəm. O, Azərbaycanda Gənclər üçün bir çox beynəlxalq layihələrin həyata keçirilməsinə dəstək verib. Hər zaman gənclərə diqqət və qayğıyla yanaşıb”.

 

Arzu Zeynallı
Təbiət Kamil

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı