"Hələ də bizim qadınlar bu baryeri tam aşmayıblar" - MÜSAHİBƏ

16:03 09-04-2018 | icon 1037 | Cəmiyyət
"Hələ də bizim qadınlar bu baryeri tam aşmayıblar" - MÜSAHİBƏ

“Xaricdən gələn qadınlarla isə centlimencəsinə davranırlar”

 

 “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın Versus.Az-a müsahibəsi

 

- Mehriban xanım, necə hesab edirsiniz, bu gün Azərbaycan cəmiyyətində qadına münasibət özünü daha çox nədə ifadə edir?

 

- Azərbaycan qadını özünü müxtəlif formada ifadə edir. Kimisi yazısıyla, kimisi çıxışıyla. Bu da inkar oluna bilməz ki, cəmiyyətimizdə qadınların özünü müstəqil şəkildə ifadə etməsi  birmənalı qarşılanmır. Qadınların əksəriyyəti özünü ifadə etmək azadlığını kifayət qədər reallaşdıra bilmir. Təbii ki, buna da adət-ənənələrimizin bəzi hallarda düzgün təbliğ olunmamasından dolayı yaranan stereotiplər, məhdud dünya görüşündən doğan hallar mane törədir.

 

“Hələ ki, bizdə qadın həmrəyliyi formalaşmayıb”

 

Gəlin qısa bir xatırlatma edək. Hələ 90-cı illərdə azad, qorxmadan, çəkinmədən özünü ifadə etməyi bacaran qadınlar lider kimi formalaşa biliblər. Lakin hər bir qadının o azad düşüncəni, özünə hörmət və hüquqlarının qorunmasını müdafiə edib, lazım gələndə tələb etməsi onun dünyagörüşlü, savadlı olmasına bağlıdır. Bir çox hallarda isə hətta aktiv qadınların özünü realizə etmək üçün atdığı addımlar da cəmiyyətdə qısqanclıqla qarşılanır. Təəssüflə qeyd edirəm ki, bəzi hallarda  özünü realizə edən qadınlar dominantlıq etməyə başlayır və bu da qadınların özləri tərəfindən qısqanclıqla qarşılanır. Hələ ki, bizdə qadın həmrəyliyi, hər hansı bir işdə çalışan qadının qadınları irəlidə görmək ənənəsi formalaşmayıb. Bizim qadınların çoxu daha çox başqasını tənqid, qiybət etməyi, başqasının ailə işlərinə qarışmağı sevir. Lakin unutmamalıyıq ki, Azərbaycan qadınının potensialı çox böyükdür. Bəzi baryerləri aşa bilsələr cəmiyyətdə çox yaxşı dəyişikliklər baş verə bilər.

 

- Qadınların ailədə zorakılıqla üzləşməsi daha çox hansı hallarla bağlı olur?

 

- Məişət zorakılığı Azərbaycanda çox ciddi problemə çevrilib. Əgər ciddi olmasaydı, 2010-cu ildə bu haqda qanun qəbul olunmazdı. Hazırda həmin qanunun təkminləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Belə bir qanunun qəbul edilməsinə baxmayaraq  hələ də məişət zorakılığı aktual problem olaraq qalır. Ona görə də birinci növbədə qadın öz haqqını bilməli və tələb etməlidir. Bəzi qadınlar haqlarını bildiklərini desələr də, öz üzərilərinə düşən məsuliyyətdən yayınırlar. Əksər hallarda ümumiyyətlə qadınlar öz hüquqlarını bilmirlər. Düzgün şəkildə oxuyub maariflənmək əvəzinə, çox vaxt ətrafdan eşitdikləri və yaxud televiziya proqramlarından gördüklərini tətbiq edirlər. Amma yenə də qanuni yollardan istifadə edə bilmirlər. Çox vaxt qadının hüquqlarının pozulması ailə qurduğu andan baş verir. Əksər hallarda yetkinlik yaşına çatmayan qızlar kor-koranə ərə verilir. Yaxud, heç bir münasibət formalaşmadan ailə qurmağı tələb kimi qəbul edib evlənənlər də var.

 

Belə ki, ailə - məişət münasibətlərinin qurulması bir neçə formada olur. “Mütləq ərə getməliyəm” devzi altında ailə qurmaq istəyi bir çox hallarda yanlışlığa gətirib çıxarır. Eyni zamanda da az yaşlı qızların məcbur ərə verilməsi də sonradan ailədə zorakılığa və qurulan ailənin dağılmasına səbəb olur. Eləcə də bizim cəmiyyətdə ailə qurulan zaman tərəflər arasında açıq, şəffaf münasibətlər qurulmur. Ailə qurmaq istəyən tərəflər qarşı tərəfə özü haqqında açıq məlumat vermək istəmirlər. Ailə quran şəxslərin tələsgənliyi və şəfaf olmaması sonradan zorakılıq hallarının yaranmasına gətirib çıxarır. Yəni Azərbaycanda iki formada şiddət var: bir ənənəvi “kişi arvadı döyə bilər”, “kişi arvad üzərində öz hökmüranlığını göstərməlidir” kimi yazılmayan qaydalar tətbiq olunur. Başqa bir forma isə insanın düşüncəsindən, dünyagörüşündən aslı olaraq onun şiddətə meyilli olmasıdır. Reallıq odur ki, Azərbaycan ailələrində zorakılıq var və davam edir. Belə hallara qarşı kifayət qədər xidmət paketləri, sosial institutlar formalaşmayıb. Hələ də ailə quran şəxslərin nigahdan hərtərəfli tibbi müayinədən keçmələri (check up) və yaxud pisixoloji vəziyyətlərinin öyrənilməsinə ciddi yanaşılması halları formalaşmayıb. Yəqin ki, bu prosesin sağlam düşüncə ilə yerinə yetirilməsi zaman tələb edir. Görünür, hələ boşanmalar olacaq. Amma zaman gələcək, gənclərimiz ailənin qurulmasına şüurlu şəkildə yanaşmağı öyrənəcəklər.

 

- Sizcə, Azərbaycan ailələrində qadın nə dərəcədə hörmətlə qarşılanır və hüquqları nə dərəcədə qorunur?

 

- Biz özümüzə tənqidi yanaşmağı sevirik. Amma bir çox ölkələrə nisbətən Azərbaycanda qadına münasibət kifayət qədər yaxşıdır. Qadına hörmət, ona qarşı alicənablıq göstərmək, qadının gözəlliyini vəsv etmək kimi nüanslar süni deyil, təbii olaraq yaranan bir haldır. O, insanın daxili mədəniyyətindən aslı olaraq özünü büruzə verir. Çox təəssüf olsun ki, bizim cəmiyyətdə qadına qarşı hörmət, sevgi hissi göstərilən ehtiram çox azdır. Arzuolunmayan əcaib mənzərəni bu gün sosial şəbəkələrdə insanların bir-birinə münasibətində, xüsusilə qadınlara olan münasibətdə açıq görmək olur. Amma xarici ölkələrin vətəndaşları olan qadınlar Azərbaycana gələndə kişilərimiz onlara centlimen davranışları göstərirlər. Amma nədənsə bundan sonra bizim qadınlara daha çox dəyər verirlər. Biz öz ağlımızda, şüurumuzda obrazlar yaradır, kişiləri olduğu kimi qəbul etmək istəmirik. Xəyalımızda kişinin qəhrəman, cəngavər, alicənab, ziyalı obrazını yaradırıq. İnsanların müxtəlif sosial təbəqəyə daxil olduğunu düşünmürük və beynimizdə yaratdığımız obrazları görməyəndə sarsılırıq. Düşünmürük ki, kíşi də adi insandır və onun da zəif və güclü tərəfləri var. Biz hələ də öz düşüncələrimizdə insanları olduğu kimi qəbul etməyi bacarmamışıq. Qadının ən böyük problemi xəyalında qurduğu obrazı axtarması, kişinin də adi insan kimi mənfi və müsbətləri ilə qəbul edə bilməmsidir. Biz daha çox şüurumuzda yaratdıqlarımızla yaşayanlarıq.

 

- Azərbaycanda kişilərə nisbətən qadınlar daha çox təhsil alırlar. Bunun səbəblərini nə ilə izah etmək olar?

 

- Bunun əsas səbəbi adət-ənənəylə bağlıdır. Türkiyəyə nisbətən Azərbaycanda qadınlar daha çox təhsil alır və daha çox dünyagörüşlü və müasirdilər. Eyni zamanda bizdə daha çox təhsilə önəm verirlər. İstənilən aztəminatlı ailədə qız övladlarının təhsildən yayındırılmasını ağla belə gətirmirlər. Çox az ailələr övladlarını təhsildən yayındırır. Qadınlar təhsilli olsalar da karyera səviyyəsində bir addım geri dayanmalı olurlar və bir çox hallarda özlərini arxa planda görürlər. Bu, təvəzökarlıqdan, utancaqlıqdan irəli gəlir. Qadınlar hansısa danışıqlara getmək, kimlərləsə görüşmək, hansısa iş birliyi qurmaq kimi məsələlərdə aktiv deyillər. Bu psixoloji bir baryerdir ki, hələ də bizim qadınlar bu baryeri tam aşmayıblar və ona görə də karyera baxımından istədikləri yerdə deyillər. Ola bilsin ki, 10-15 ildən sonra bu cür baryerlər tam olaraq aradan qaldırılacaq. Çünki müasir gənclərdə bu cür komplekslər yoxdur. Ümid edirəm ki, zamanla hər şey yaxşılığa doğru irəliləyəcək.

 

- Azərbaycanda boşanmaların sayının getdikcə çoxalmasının əsas səbəbi nədir?

 

- Son 4-5 ildə boşanmalar 18-25 faizə gəlib çıxıb. Bəziləri hansısa müntal səbəblərdən bunu düzgün hesab etməsələr də, mən düşünürəm ki, buna normal baxmaq lazımdır. Çünki insanlar dərk edirlər ki, faciəvi şəkildə bir-birinə dözməkdənsə ayrılmaq daha yaxşıdır. Uzun müddət bir yerdə birlikdə yaşayanları başa düşmək olur ki, hansısa qurulan bağlardan azad olub qəti qərar verə bilirlər. Amma bir də görürsən ki, 1-3 ayın içində evlənib boşanmaq haqqında qərar verirlər. Bir də qeyri- rəsmi nigahlar da var ki, onların sayını rəsmi olaraq deyə bilmirik, yalnız dünyaya gələn uşaqların sayını təxmin edirik. Məsələn, il ərzində 27 min qanundan kənar uşaq dünyaya gəlir. Bu proses hələ davam edəcək və bunu dayandırmaq mümkün deyil. Düşünürəm ki, gələcəkdə bu prosesin içində özünü tənzimləmə prosesi yaranacaq. Bu həm də qanunvericiliyin təkminləşməsinə imkan verəcək. Ədliyyə Nazirliyi belə bir fikir irəli sürüb ki, nigaha girən və boşanan şəxslərə psixoloji yardım göstərilməli və psixoloqlar boşanmaların səbəblərini müəyyənləşdirməklə bunun qarşısını almaq üçün tədbirlər həyata keçirilməlidir. Boşanmalar xırda səbəblər də daxildir: münsibətlərin gərginləşməsi, münaqişələrin pik həttə çatması, qarşı tərəflərin bir-birini dinləmək istəməməsi və sair.

 

- Son 10 ildə selektiv abortlarda ən çox qız uşaqları məhv olunur. Bunun qarşısı necə alına bilər?

 

- Keçmiş zamanlarda da qız uşaqlarının doğulması problem idi. Düzdür, abort barədə düşünülmürdü, oğlan uşaqları doğulana qədər qız uşaqları doğulardı. Bunun əsas səbəbi o dövürlərdə ulturasəs müayinəsinin olmaması idi. Hələ də qız uşağının doğulması ilə bağlı problemi olan kişilər var. Bunun kökündə əxlaq məsələləri dayanır. Hələ də cəmiyyətdə qadınlar haqqında xoşa gəlməz fikirlər çox səslənir. Evli qadınlar haqqında, ictimai siyasi sahədə çalışan qadınlar haqqında müxtəlif mənfi fikirlər səslənir. Ümumiyyətlə sosial şəbəkələrdə istənilən bir qadın haqqında hansısa mənfi bir fikrin paylaşılması həmin qadının həm şəxsi, həm də karyera həyatını məhv edə bilər. Sosial şəbəkələrdə qadınlar daha çox öz həmcinsləri haqqında pis fikirlər səsləndirirlər. Qadınlar bir-birləri haqqında pis fikirlər səsləndirməkdənsə həmrəy olsalar daha yaxşı olar.

 

- Millət vəkili Fazil Mustafa qız və oğlan məktəblərinin ayrılması haqqında fikir bildirib, bununla bağlı nə düşünürsüz?

 

- Mən ümumiyyətlə bu fikrin əleyhinəyəm. Bu mütləq şəkildə ayrı-seçkiliyə gətirib çıxaracaq və cinslər arasında marağı daha da artıracaq. Amma o fikrini dəstəkləyirəm ki, erkən nigah qurbanı olmuş, təhsildən yayınmış qızlar üçün gimnaziyaların olması çox yaxşı olardı.

 

Təbiət Kamil
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı