713-ün 1666-ci koordinatdan erməniyə yaşatdığı zülmət

00:45 12-10-2019 | icon 895 | Şəhidlər və şahidlər
713-ün 1666-ci koordinatdan erməniyə yaşatdığı zülmət

 

Gecənin zülməti və 713-ün 1666-ci koordinatdan erməniyə yaşatdığı zülmət

 

III HİSSƏ 

(əvvəli bu linkdə)

 

....Sentyabrın əvvəlləri olardı. Bizi Ağdərədə çıxarıb Laçına Pircahanda gətirdilər. Onun şəhəri günü 701-in komandiri gəlib bizim qabağımızda çıxış etdi. Göstəriş verdi ki, HOÇAZ istiqamətindən hücum edib Laçın koridorunu bağlamalıyıq. Bizim birinci rotanın komandiri İSGƏNDƏROV RƏHMAN dedi ki, hazırlaşıb, gecə çıxırıq. Biz də hər cür hazırlığımızı gördük. Gecə saat 10-11 arası HOÇAZ kəndindən olan UMUD MÜƏLLİMin bələdçiliyilə Pircahandan Seyidlər istiqamətinə 60-70 nəfər döyüşçü ilə hərəkət etdik.


Burada bizim birinci rota ilə səhv etmirəmsə, adı Nəriman olan bir komandirin 30-35 nəfər döyüşçüsü də bizimlə idi. Biz gecənin zülmətində HOÇAZ kəndinin aşağısında olan Pircahan çayına doğru hərəkət etdik. Gecə saat 3 radələri olardı. Həmin vaxtı Hoçazda ermənilərdə idi, kəndin içində də postları var idi.
Biz Laçın tərəfdən dərəiçi qalxıb Hoçazla Mollalar kəndinin yollarının kəsişdiyi nöqtədə 1666 deyilən koordinatda dayandıq...

 

Rəhman İsgəndərovun iki sərrast atəşi və 1666-ci koordinatda sükut

 

Məqsədimiz HOÇAZ DAĞINI götürmək idi. Biz gecəylə götürdüyümüz KOORDİNATDAN erməniyə arxadan gələn qüvvənin qarşısını almalı və oradakı qüvvələrin mühasirəyə alınmasında həmin nöqtədən həmlələr etməli idik.


Həmin vaxtı ön hissədən, yəni Soyuqbulaq tərəfdən hücum edən 701-in batalyonları və Laçın polisi, o cümlədən bizim batalyonun qalan hissəsi həmlə ilə dağı götürməli idilər. Ümumi plana əsasən bir sutka ərzində o dağ götürülməli idi. Biz də əlavə gələn qüvvələrin qarşısını almaqla düşməni mühasirəyə salmalı idik.

 

Biz 1666-cı koordinata çatanda artıq şəhər açılırdı. Şəhər saat 5-6 radələri olardı. Bura elə bir yer idi ki, həm Susdan, həm Mollalardan, həm də Hoçazdan gələn yollar burada kəsişirdi. Bütün günü orada olduq. Az hərəkət edirdik ki, düşmən bizi görə bilməsin. Saat 10-11 arası Hoçazdağdan gələn UAZ markalı maşın bizim yanımızdan keçib Laçın istiqamətinə getmək istəyəndə Rəhman 2 nəfəri götürüb maşının qabağına keçdi. Maşının içində 2 nəfər erməni var idi, çox güman ki, biri zabit idi. Rəhman 2 sərrast atəş ilə onları öldürdü. Meyidləri kənara atandan sonra maşın da kənara itələnib "maskirovka" edildi ki, düşmən növbəti dəfə buradan keçəndə onları görməsin. Həmin günün qalan saatları sakitlik oldu...

Gecəni orada qaldıq. Şəhəri gün tezdən Rəhman 710-un rota komandiri Nərimanla məşvərət etdi. Və orada qalan qüvvələri Nərimana tapşıraraq 5 nəfərdən ibarət qrupla kəşfiyyata yollandı.

 

Üst-üstə qalanan erməni meyidi və üçtərəfli mühasirə

 

Mən də o kəşfiyyat qrupunun tərkibində idim. Saat 9-10 radələri olardı. Biz "karyer" deyilən yerə çatdıq. Qarşı tərəfə baxanda gördük ki, düşmən tərəfdə 1 BMP və bir neçə erməni əsgəri görünürdü. Elə ətrafa baxırdıq ki, arxada atəş səsləri eşitdik. Dərhal geri qayıtdıq. Geri qayıdanda bizə ratsiya ilə dedilər ki, uşaqlar dünəndən susuz qalıblar. Üstümüzdəki flyaqaları və kaskaları aşağıdakı bulağın suyu ilə doldurub uşaqların yanına qayıtdıq. Biz ora gəlib çatanda gördük ki, ermənilər Zil-131-lə oradan keçəndə bizimkilər onların hamısını qırıblar, təxminən 30-40 nəfər idilər. Orada 1 nəfər erməni Mollalar istiqamətinə qaçıb qurtulmuşdu. Biz 1666-cı koordinata yaxınlaşanda gördük ki, o əraziyə 1 BMP sürətlə yaxınlaşır. Bu arada qranatamyot səsi gəldi. Hiss elədik ki, bizimkilər BMP-ni vurublar. Biz 1666-ya çatdıq, hamıya çatmasa da, suyu uşaqlara verdik. Ermənilər artıq bizim bütün koordinatlarımızı müəyyənləşdirmişdilər. 2 BMP durmadan bizim koordinatları atəşə tuturdu. Vəziyyət getdikcə gərginləşdirir. Günortaya yaxın ermənilər Mollalar kəndi istiqamətindən sepşəkilli formatda bizə doğru hərəkət etməyə başladılar. Biz 3 tərəfdən mühasirədə idik. Yeganə çıxış yolumuz HOÇAZ kəndi istiqamətindən 100-150 metrlik boş məsafə qalmışdı...

 

“Öyrəndik ki, Hoçazdağ hələ də götürülməyib”

 

Biz ikinci gün idi ki, döyüş mövqeyində qalmışdıq. Halbuki bizə deyilmişdi ki, siz bir gün orada dayanmalısınız ki, ermənilərə arxadan gələn qüvvənin qarşısı alınsın. Digər qüvvələr də bu arada Hoçazdağı götürməli idilər. Biz ratsiya ilə əlaqə saxladıq. Öyrəndik ki, Hoçazdağ götürülməyib.

 

“Nə qədər çağırsaq da, artilleriya yardımı edilmədi”

 

Artıq 2-ci gün idi ki, biz orada qalmışdıq, arxa ilə əlaqəmiz kəsilmişdi. Düşmən hər tərəfdən bizə hücum edirdi. Bizi atəşə tutan düşmənin BMR-2-si qranatamyotun vurma məsafəsindən uzaq olduğu üçün biz onu susdura bilmirdik. Düşmənin yaratdığı həlqə getdikcə daralırdı. Demək olar ki, biz mühasirəyə düşürdük. Ancaq bütün buna baxmayaraq HOÇAZ tərəfdən olan 150 metrlik boş məsafəni nəzarətdə saxlayırdıq. Rəhman ratsiya ilə əlaqəyə girib heç olmasa artilleriya yardımının edilməsini istədi. Havanın qaralmasına da az qalmışdı. Nə qədər danışılsa da, bizə artilleriya yardımı edilmədi.

 

Başqa çıxış yolumuz yox idi, yeganə ümidimiz özümüz idik. Ki, hava qaralana kimi döyüşməli, sonra mühasirəni yarıb çıxmalı ıdık. Getdikcə vəziyyət kritik həddə yüksəlirdi. Ölən və yaralananlarımız var idi. Həmin ərazidəki ağaclar çox nazik olduğuna və səngərimiz olmadığına görə açılan atəşdən də yayınmaq mümkünsüz hala gəlmişdi. Demək olar ki, BMP-dən açılan hər atəş kiminsə xəsarət alması demək idi...

 

Rəhman İsgəndərovun düzgün taktikası və ermənilərin çaşqınlığı

 

Belə bir şəraitdə tab gətirmək mümkün deyildi. Bu zaman Rəhman mənə və bir də Mişnidən olan Rafaelə yaxınlaşıb uşaqlardan xəlvəti bildirdi ki, vəziyyət hədsiz dərəcədə ağırdır. Siz o boşluqdan keçib düşmənin cinah tərəfini atəşə tutun ki, biz mühasirədən çıxa bilək.

 

Mənimlə Rafael ağacların arasıyla həmin istiqamətə getdik, ancaq orada da bir hissə açıq tala idi, oradan keçmək çox təhlükəli idi, hər yandan görünürdü. Rafaellə danışdım ki, biz o ərazini ilanvari gedişlə həddindən artıq çox sürətlə qaçıb keçməliyik ki, düşmən bizi vura bilməsin. Əks halda nə biz, nə də döyüş yoldaşlarımız mühasirədən çıxa bilməyəcəyik.

Biz həmin ərazini keçib düşmənin cinahını ardıcıl olaraq atəşə tutmağa başladıq. Ani olaraq ermənilərdə çaşqınlıq yarandı və həmin istiqamətdən bizə yönələn atəş dayandı...

 

Biz cinaha keçəndə ermənilər aşağıda çökək hissədə qalmışdılar. Rafaellə mən onları ardıcıl atəşə tutandan sonra mən “F-1” qumbarasını da onlara tərəf tulladım. Bizim atəşimizin təsiri oldu, ermənilərin aşağıdan hücum edən qüvvələri atəşi dayandırdılar. Bizimkilər bundan dərhal istifadə etdilər. Qurban və Rəhman döyüşçüləri oradan çıxarmağa başladılar.  Oradan çıxan vaxtı 2 şəhidimiz, 1 nəfər həddən artıq ağır yaralımız, 6-7 nəfər müxtəlif dərəcəli yaralılarımız var idi. Biz çıxanda hava artıq qaralırdı.

 

Rəhmangil həmin ərazidən çıxandan sonra biz də onların yanına gəldik. Rəhman bizi yığıb dedi ki, buradan təcili aşağı düşmək lazımdır. Hansı yolla gəlmişiksə o yolla da geri çəkilməliyik. Dərhal Pircahan çayına enməliyik. Çünki düşmən qüvvələr ön hissədən, Mollalar və Sus istiqamətindən təpəyə yaxınlaşırdı.

 

“Daşıdığımız yaralı Pircahan çayında keçindi”

 

Biz yaralıları götürüb çaya doğru istiqamət aldıq. Yolların bir hissəsi çox dar idi, bir yandan da qaranlıq. Yaralıları çətinliklə aparırdıq.

 

“Nasilka” da yox idi. Nərimanın rotasından olan bir əsgər çox ağır yaralı idi. BMP-2-nin atdığı mərmidən həmin əsgər çox ağır xəsarət almışdı. Hətta o qışqırırdı ki, məni burada qoyun, gedin. Çox kəskin ağrıları var idi o əsgərin. Təəssüflər olsun ki, onda üstümüzdə tibb çantası da yox idi. Qalan yaralılarsa uşaqların köməyindən istifadə etməklə bir təhər gedirdilər.

 

Biz Pircahan çayına enəndə zülmət qaranlıq idi. Orada yarım saat dincəldik. Aclıq və susuzluq, yuxusuzluq bizi əldən salmışdı. Hava da soyuq idi, digər bir tərəfdən ərazinin özü də təhlükəli idi. O ərazidə bizim dinclik tapmağımız mümkün deyildi. Çaya enib doyunca su içdik. Çayda hardasa yarım saat yubandıq, bu müddət ərzində bizim apardığımız yaralı artıq keçinmişdi.

 

Təzədən şəhidlərimizi və yaralılarımızı götürüb Pircahan istiqamətində hərəkət etdik. Və Pircahana gəldik...

 

(ardı var)

İGİD TEYMURLU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI