“Onlar KİV qurumu deyillər, cinayətkarlardır” - MÜSAHİBƏ

13:40 26-10-2019 | icon 650 | KİV
“Onlar KİV qurumu deyillər, cinayətkarlardır” - MÜSAHİBƏ

Müşfiq Ələsgərli: “Həmin “reket” jurnalistlər bu gün dövlət təhlükəsizliyinə müdaxilə edəcək adamlara çevriliblər

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev sonuncu müşavirədə çıxışında bir sıra diqqətçəkən məqamlara toxundu, xəbərdarlıq etdi və tövsiyyələr verdi. Dövlət başçısının irəli sürdüyü fikirlərdə ən diqqət çəkən məqam ondan ibarət idi ki, o, məmurların bir-biri ilə mübarizə aparmasını və yaşanan gərginliyi, eyni zamanda, burada medianın vasitəçi olaraq ortaya atılmasını önə çəkdi.

 

Bu və digər məsələlərlə bağlı Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli “Üç Nöqtə”yə müsahibə verib. Versus.az həmin müsahibəni təqdim edir.

 

- Müşfiq bəy, medianın özünü tənzimlənmə qurumu olan Mətbuat Şurası bundan sonrakı fəaliyyət perspektivlərini necə müəyyənləşdirəcək?

 

- Cənab Prezidentin 15 oktyabr çıxışı həqiqətən də media üçün böyük istiqamətlər verdi. Bundan dərhal sonra, 18 oktyabrda Mətbuat Şurasının geniş toplantısı keçirildi. O toplantıda prezidentin çıxışından irəli gələn tezislərin inkişaf etdirilməsi və müəyyən fəaliyyətlərin irəli yürüdülməsi nəzərə alındı.

İlk öncə onu vurğulayım ki, cənab Prezidentin çıxışını birtərəfli yozmağa cəhdlər göründü və vurğu daha çox media qruplarının üzərinə salındı. Ancaq cənab Prezidentin belə deyək, tənqid hədəfi iki idi. Birinci tərəf, o cür kompramat savaşına qoşulan, qarayaxma kampaniyasında iştirak edən KİV-lərdisə, ikinci tərəf qarayaxma üçün KİV-lərdən istifadə edən məmurlardır.

Biz dərhal açıqlama vermişdik, mən özümdə bununla bağlı bir yazı yazdım və cənab Prezidentə təşəkkür etdim. Bildirdim ki, bu, bizim uzun illərdir apardığımız mübarizəyə bir mənəvi dəstəkdir. Çünki bilirsiniz ki, Mətbuat Şurası 2008-ci ildən xüsusi “reket” jurnalistikasına qarşı bir kompaniya keçirir. Bu yöndə mübarizəni çox aktiv aparmışıq. Amma bu gün də görürsünüz ki, hələ ki bu reketizmin mediada kökünü kəsib qurtarmaq mümkün olmur.

 

-Səbəbləri nədir?

 

- O səbəblərdən biri budur ki, biz həmişə bu informasiyanı ehtiyatla sızdırmışıq. Bəzən açıq tezislə demişik ki, təəssüf ki, belə media qurumlarını araşdıranda arxasında böyük çinli məmurların durduğu məlum olur. Bilisiz, Mətbuat Şurası kəşfiyyat qurumu deyil, dövlət qurumu deyil, əlində də səlahiyyəti yoxdur ki, bu adamları ittiham eləsin və birbaşa o məsələdə ifşa eləsin. Biz sadəcə şikayətlər əsasında aparılan araşdırmalarımızda bu arqumentləri əldə edirik ki, bu informasiyanın arxasında filankəs durur. Amma ona qiymət vermək, ölçü götürmək artıq hüquq mühafizə orqanlarının və dövlətin işidir.

Bəzən çox dəhşətli açılan-açılmayan informasiya ilə rastlaşırıq. Məsələn, bir media qurumu bir də görürsən hansısa məmur haqqında məlumat yayıb və qarayaxmayla bağlı müraciət olunub. Təqribən belə cümlələr olur: “filankəs gecə saat filanda filan nömrəli telefonla filankəslə danışıqlar aparıb”. Deyən lazımdır ki, sən jurnalistsən, sən xüsusi xidmət orqanı deyilsən, istintaq qrupu deyilsən, o filankəs məmurun gecə saat 2-də danışığını necə izliyə bilirsən?! Ən dəhşətlisi odur ki, onların misal gətirdikləri mobil telefonla deyil, idarə telefonuyla aparılır, bəs bu danışıqlar bu jurnalistlərin əlinə necə düşür?

Bu məsələylə bağlı 2010-cü ildə bir məhkəmə prosesi keçirildi. O vaxt biz o mətbuatın adını qara siyahıya salmışdıq. Həmin jurnalın baş redaktoru özünə haqq qazandırmaq üçün müəyyən səs yazıları təqdim etdi. Mən onda hakimə dedim ki, yazı heç, axı bu dövlət idarəsinin xətti ilə bir danışıq gəlib jurnalistin əlinə düşürsə, bu artıq bir təhlükəsizlik məsələsidir. Təəssüf ki, bunların üzərinə gedilmədi və səbəbi sonradan aydın oldu.

 

- Bu mənada cənab Prezidentin son müşavirədəki çıxışı artıq daha ciddi addımların atılması ilə bağlı qarşıya yeni tələblər qoymaqla yanaşı, vəziyyətin daha ciddi olduğunu bəyan etdi. Bundan sonra hansı addımlar atılmalıdır?

 

- Müəyyən addımlar atılmalıdır. Çox yaxşıdır ki, Mətbuat Şurasının bununla bağlı çoxsaylı təklifləri var. Bizim mediya qanunvericilyində çox ciddi dəyişikliklər və uyğunlaşdırmalar olmalıdır. Sərtləşdirilməməlidi, sadəcə olaraq media qanunlarında çox ciddi bir uyğunlaşdırma aparılmalıdır.

Birincisi, KİV haqqında qanunun KİV təsis etmək bəndində ciddi dəyişiklik olmalıdır. Kimlər KİV təsis edə bilərlər, müəyyən baryerlər qoyulmalıdır. Baxın, sayt yaradanların əksəriyyətinin nə ali təhsili, nə bir dünyagörüşü, nə media haqqında bir anlayışı var. Bu keyfiyyətlər yoxdur və gəlib yaradıb olur KİV qurumu. Belə bir məsələyə xüsusi bir tənzimləmə getməlidir.

İkincisi, ciddi məsələlərdən biri - domin adlar haqqında qanun mütləq şəkildə qəbul olunmalıdır.

Məsələn, bir KİV qurumu məşhurdur, birisi gedir bir hərf dəyişməklə onun dublikatın çıxarır, beləliklə də həmin qurumu ələ keçirmiş olur.

Üçüncü ən mühüm məsələlərdən biri KİV qurumunun fəaliyyəti şəffaf olmalıdır. O, özünün səhifəsində gəlir mənbələri haqqında məlumatlar yerləşdirməlidir.

Bizim “reket” dediyimiz o media qurumları təkcə 10-15 il əvvəl olduğu kimi gedib kimisə hədələyib 5-10 manat alan “jurnalistlər” deyillər. Bu gün “reket” jurnalistlər tamam başqa bir təhlükəyə çevrilib. Bunların artıq yerli və qlobal şəbəkəsi var. Baxın, bir “realit.info” var idi, onun baş redaktoru hinduşka oğurluğuna görə həbs edildi. Onun adı gedib Dövlət Departamentinin siyahısına düşür, bunu kimlər edir? Yəni onlar jurnalist kimi istifadə olunurlar, sabah gedib saxlanılanda, həbs olunanda bunlar jurnalistikaya qarşı bir təzyiq varmış kimi kampaniyalara başlayırlar. Gedir çıxır Avropa Şurasına, ATƏT-ə. Amma bunu edən insanlar var, o şəbəkə onları yaşadır, həm Azərbaycana təzyiq göstərir.

Deməyim odur ki, bugünkü reketizmə biz mediada “3-5 manat dalınca düşən kimi baxmamalıyıq. Bunlar artıq dövlət təhlükəsizlyi ilə bağlıdır. Bu gün iki məmur arasındakı telefon danışığını dinləyib və dövlət təhlükəsizliyinə müdaxilə edəcək adamlara çevriliblər. Bunlar o informasiyaları necə alırlar, kimdir bunlara xidmət edən?

Bu kimi məsələlər var. Ona görə də çox yaxşı haldır ki, dövlət başçısı məsələni qaldırdı və biz ona dəstəyimizi elan etdik. Çalışacağıq ki, bu münbit vəziyyətdən istifadə edib o problemləri həll edək.

Ümumiyyətlə, KİV haqqında qanunvericilikdə media təsisçiliyi bəndi var. O bənddə hər hansı media təsisçisi statusu daşıyanlar arasında dövlət qrumları da var. Biz indi o bəndin ləğv edilməsinin tərəfdarıyıq. Hələlik qanunda var, qadağan olunmayıb. Çünki o, artıq bir manipulyasiya mexnizminə çevrilib orda. İndi hansısa nazirin, dövlət qurumunun belə deyək ki, elanı, cəmiyyətə açılmaq üçün informasiyası olur, onu yayılması üçün göndərirlər ümumi KİV-lərə. Amma elə ki, pullu elan, reklam vermək lazım gəlir, onda o maliyyəni göndərirlər özlərinin təsis etdikləri KİV-lərə. Və bu, artıq qanunun o maddəsindən sui-istifadəyə çevrilir. Yəni sizə deyim ki, bu, qanunsuzdur, qanunsuz deyil. Amma baxır o təsis elədiyi KİV qurumuna necə yanaşmasına.

Məsələnin ikinci tərəfinə gələk. Tutaq ki, nazirlik, komitə və sair hansısa KİV qurumu üçün sponsorluq, donorluq edə bilər, burda da problem yoxdur. Amma ümumiyyətlə beynəlxalq praktikada belədir ki, sponsorluq, yaxud reklam və sair sənin KİV-in kartetinə təsir göstərməyin üçün vasitə deyil. Yəni sənə mən reklam verdim, iyanə verdim, donorluq elədim, sən yazını bu cür yazmalısan deyə bir məsələ yoxdur.

 

- Məmurların bir-birinə qarşı şər-böhtan savaşında onların vasitəçisinə çevrilən KİV qurumlarına qarşı hansı tədbirlər görülə bilər?

 

- Mətbuat Şurasının işi hansısa neqativ hadisələr barədə rəy verməkdən uzağa keçmir. Bizim rəyimiz xəbərdarlıqdır, tövsiyyədir, qara siyahıya salmaqdır. Əslində qara siyahı normalda çox ağır sayılır. Əgər bir KİV qurumunun yaydığı informasiya yalan çıxırsa, böhtan olduğu sübut olunursa, bu, onun üçün ən ağır cəzadır. Çünki onun gəliri, reklamı, maliyyəsi insanlar arasında bir imic formalaşdırır. Və əgər bu gün ölkənin özünütənzimləmə qurumu deyirsə ki, filan KİV qurumu yalançılıqla, neqativlərlə məşğuldur, artıq o KİV qurumunun imici düşür. Azərbaycanda bu proses keçmir. Çünki bizim qara siyahıya saldığımız KİV-lərin gəliri cəmiyyətdən deyil, konkret adamlardandır. O adamlardan maliyyəsini alır və onun şər fikirlərini yayır. Beləsini nə qədər qara siyahıya, ağ siyahıya sal, neynirsən elə, vecinə olmayacaq. Çünki cəmiyyət arasında imiclərinin olması onlar üçün maraqlı deyil. Cəmiyyət arasında imici olmaq yaxşı reklam, iyanə axını, alıcı deməkdir. Bu isə həmin konkret adamlardan maliyyəşənlərə maraqlı deyil.

Məsələ ondadır ki, biz indi deyirik ki, Mətbuat Şurası haqqında qanun qəbul olunmalıdır. Bizim verdiyimiz rəylərin arxasında konkret dəlillər olmalıdır. Yəni biz rəyi verə bilirik, amma qərar qəbul edə bilmirik. Qərar olmalıdır ki, bunun haqqında müəyyən bir ölçü götürülsün. Bu ölçü olmadığı üçün bizim də rəylər havadan asılı vəziyyətdə qalır.

Buna görə də biz konkret təkliflər vermişik, hələ ki, o təkliflər qəbul edilməyib. Bizim təkliflər paketində o var ki, internet medianın statusunda ciddi düzəlişlər edilsin. Ümumiyyətlə KİV haqqında qanunda onlayın media sferasını təmziləyən müddəalar əlavə olunmalı və düzəlişlər edilməlidir. KİV-in təsisçiliyi haqqında maddədə çox ciddi dəyişikliklər, düzəlişlər aprılmalıdır. KİV-ə sponsorluq haqqında maddədə dəyişiklik bir dəfə olub, yenə də olmalıdır.

 

- Bu məsələlər həll olunduqda Prezidentin də bəyan etdiyi o problemlər aradan qaldırılacaqmı?

 

- Böyük faizlə. Çox sadə bir məsələdir, Əgər inzibati xətalar məcəlləsində KİV-in şəffaflığı ilə bağlı maddələr işləyəcəksə, problemlər aradan qaldırılacaq. Bu gün bəzi saytlara baxırsan ki, nə ünvan var, nə əlaqə nömrəsi var, nə baş redaktorun adı var.

 

- Müşfiq bəy, az öncə şəbəkələrdən danışdınız, hansı KİV qurumlardan söhbət gedir, onlar hansı xarici təsirlərlə idarə olunurlar?

 

- Elementar bir misal çəkim. Ayın 19-da müxalifətin icazəsiz aksiyası keçirildi. Müşahidələr apardıq ki, o aksiyada Mətbuat Şurasının verdiyi deyil, saxta PRESS gödəkçələrindən istifadə edilib. Əslində gödəkçə diqqətimi çəkməmişdi, baxdım ki, adam aksiya iştirakçısı kimi polisin üzərinə gedir, onu itələyir. Yaxınlaşdım ki, bu, jurnalist etikasına uyğun deyil, sən belə etməməlisən, hadisəni çək, polisi niyə itələyirsən? Bu zaman gödəkcəyə diqqət etdim ki, üzərində Mətbuat Şurasının xüsusi loqosu yoxdur, dublikatıdır. Soruşdum ki, bu nə gödəkcədir, bunu hardan almısan, hansı mətbuatdansan, adam sərt reaksiya verib qaçaraq uzaqlaşdı.

Məsələ ondadır ki, Nyu-York Jurnalistlərin Müdafiə Komitəsi bəyanat verib ki, guya həmin aksiyada jurnalistlərin fəaliyyətinə maneə törədilib. Əslində isə, maneə qeyd etdiyim həmin saxta gödəkcə geyinmiş təxribatçılara yaradılıb. Amma bu təxribatçı “jurnalist” haqqında kim xəbər verdi Nyu-York Jurnalistlərin Müdafiə Komitəsinə, bax bu maraqlıdı.

 

- Demək ki, təsirlər xaricdən gəlir?

 

- Xeyir, xaricdən gəlməyib. Məsələ ondadır ki, bunu təşkil edib, o informasiyanı da Nyu-York Jurnalistlərin Müdafiə Komitəsinə təqdim edən bir şəbəkə var.

 

- Dediniz ki, aksiya zamanı orda olmusunuz və müşahidə aparmısınız. Necə düşünürsüz, jurnalistlər aksiya zamanı davranışlarda səhvlərə yol verirdilər?

 

- Biz jurnalistlərə gödəkçələri təqdim edəndə ondan necə istifadə etmək üçün müəyyən təlimatlar da veririk. Jurnalistlər üçün seminarlar keçiririk. Ekstremal bölgələrdə fəaliyyət göstərmək hər jurnalistin işi deyil. O, təhlükəsizlik qaydalarını bilən şəxs olmalıdır. Aksiyada müşahidə edirəm ki, polis təxribat törədən bir aksiya iştirakçısını zərərsizləşdirir. Bu zaman hər hərəkət ola bilər, təxribatçı onun əlindən çıxıb qaça bilər, nəsə edə bilər. Polis bunu saxlamaq istəyir, aralarında bir qarşıdurma var, jurnalist də gedir girir bunun ikisinin arasına. Qolundan tutub dedim ki, indi polisin dubinkası dəyəcək sənə, çəkiliş aparatın düşüb sınacaq, gedib deyəcəksən ki, mənə təzyiq oldu, heç olmasa bir 1 metr məsafə saxla, sən adamın əlinin altına niyə girirsən axı. Deməli o jurnalistin xəbəri yoxdur təhlükəsilik qaydasından, təcrübəsizdir.

Burdan belə nəticəyə gəldik ki, müəyyən boşluqlar var və mütləq aradan qaldırılmalıdır.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

Bu ilin ilk Günəş tutulması başa çatıb

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur