Yengəc zehniyyəti... Distopik toplum

08:20 29-10-2019 | icon 762 | Köşə
Yengəc zehniyyəti... Distopik toplum

İQTİDARIN QAMBİT GEDİŞİ...

 PAKİZƏ BABAYEVA

/İsveç-Bakı/

 

Tanınmış sosioloq M.Veberə görə bir ölkədə azadlıq və demokratiya, toplum qərarlı iradəsi ilə özünü qoyun kimi yönəltilməkdən sonuna qədər qoruya bilərsə mümkündür.

Və təəssüf ki, bir zamanlar dünyaya azadlıq, despotizmə dirəniş mübarəzəsilə örnək verən, tarix yazan millətimizin iradəsi qırıldı, labirintə salınıb çaşdırılan insanlar çıxış yolunun sonuna çata bilmədilər. Hələ də bu labirintdə yol aramaqdadılar.

 

Elə Veberin təbirincə desək "gənəlliklə öndərlik məziyyətindən yoxsun olub, özünü öndər sayanlar"ın siyasi səriştəsizliyi, ram olmayan eqoları, "yengəc zehniyyəti", azadlıq təşnəsi milləti daha betər əsarətə düçar etdi.

Toplum yaşamı üzərində tamamilə kontrol saxlamaq siyasəti yürüdən, zehinlər üzərində basqı yaradıb şiddətə, qorxuya dayanan total bir sistemin qucağına itildi.

 

Totalitarizm genış idaredici özəlliyə malik olsa da, total kontrol xarakteri baxımından ən əsas təməl özəlliyi aşağıdakılardır:

"... mütləq yönətim nəzarəti, qorxu toplumu, təbliğat və təşviqat, fərdin dövlətə məcburi itaəti, hər türlü müxalifətin yasaqlanması, xarizmatik lider.

 

Ölkənin bugünkü durumuna baxdıqda, bu özəlliklərin demək olar ki, bütünlüklə həyata keçirildiyinin şahidi oluruq. Totalitar, avtoritar yönətimlər adətən idarə etdikləri toplumun fərdlərini tək tip tipləşdirib bir-birinə bənzədərək, həyatlarının hər sahəsinə basqıçı müdaxilə etməklə qorxuya dayanan toplum formalaşdırırlar.

 

Mənsub olduğu ölkənin aşıb-daşan sərvətinə baxmayaraq yaşam şəraiti normal şərtlərin altında olan, borc batağına saplanıb qalan, gündəlik keçim dərdinə məhkum edilmiş xalq, başı üstündə Domokl qılıncı kimi asılan total şiddətin, qorxunun əsarətindən qurtulmağa nə yazıq ki, özündə güc, iradə tapa bilmir. Huxleyin klonlaşdırılmış təktip fərdlərinin distopik toplumuna çevrilmiş cəmiyyət artıq könüllü köləliyin verdiyi "rahatlıq" zirehini dəlib çıxmağa özündə həvəs tapmır. "Ac qulağım, dinc qulağım" fəlsəfəsi ilə uyutulan toplum üçün bu gün işğal olunmuş yurdundan, əsir yurtdaşının əzablarından, hətta öz gələcəyindən çox hansısa bayağı "sənətçi"lərin ortaya tökülən "kirli camaşırları", nə yeyib, nə geydiyi, ekran-efiri başına almış şoulaşdırılmış insan həyatları, ucuz mal kimi bazara çıxarılan, hər gün bir az da ucuzlaşan əxlaq, urvatdan salınıb xalq malına çevrilən "məhrəmiyyət" daha cazib, daha maraqlıdır. Ancaq başını quma nə qədər dərin soxarsa, daha çox təhlükəsiz olacağını sanan dəvəquşu düşüncəsi ilə özünü bəlalardan sığortalanmış sayan, sürü təfəkkürünə alışdırılmış toplum insanının bu basqı altında uzun sürə qalmayacağının siqnalı olan bu son olaylar, totalitar sistemin əsas silahı olan yuxarıda sıraladığımız təməl özəlliklərinin təsirinin zəiflədiyini, itirməyə bir şeyi qalmayan çoğunluğun ətraflarına hörülmüş qorxu divarlarını yıxacağının çox da uzaqda olmayacağının işarətidir.

 

Böyük Atatürk haqlı olaraq göstərirdi ki: "Toplumsal inkişafın da, çürümənin də təməlində yönəticilərin tavrları yatar. Şiller isə: "İqtidar, iqtidara düşkün olmayanlara və iqtidardan gələcək yararlara ehtiyac duymayanlara verilməlidir" - deyirdi. Nə yazıq ki, xalqımız nə bu sorumluluq və güvən sahibi yönəticilərə, nə də iqtidardan yarar güdməyən idarəedicilərə sahib oldu. Ötən əsrin sonunda qalxdığı eşsiz azadlıq mübarizəsində Oruelin "Heyvanıstan"ının taleyini yaşayan, yağışdan qaçıb doluya tutulan Xalqın "küsüb gedən" İnamı, Güvəni, hələ də bir-birini "günah keçisi" olaraq göstərmə çabasında olan, səhvləri, xətaları top kimi bir-birinə ötürən siyasi müxalifət liderlərinin, fəallarının "yengəc zehniyyətinin" qurbanına çevrilib.

 

Hər bir ölkədə, dövlətdə siyasi partiyalar toplumun və siyasi sistemin demokratikliyində ən önəmli faktor, dinamik bir orqanizmdir və bu partiyalar ortaq prinsipləri əldə rəhbər tutaraq ölkənin, xalqın mənfəətlərini qorumaqla yükümlüdür. İqtidarda olan siyasi partiyanın bir növ "nəzarətçisi" olan müxalif partiyalar dövlətin demokratik, adil bir biçimdə idarə olunmasında mühüm rol oynayır. Və təbii ki, tək partili totalitar, avtoritar rejimlərin hökm sürdüyü bizim kimi ölkələrdə müxaliflərin üzərinə daha ağır yük, sorumluluq düşür. Lakin uzun illərin təcrübəsi göstərdi ki, əsas müxalif partiyalar heç də keçmişdən dərs çıxarmamış, şəxsi ambisiyalar, eqolar yarışı bir az da dərinləşmişdir. İllərdir ki, bu partiyalar ortaq hədəfə yönəlmək əvəzinə bir-birini nüfuzdan salmaq, fəaliyyətini zəiflətməklə məşğul olmuş, ölkə və xalqın taleyi dövləti şəxsi mülkləri sanan klanlaşmış qurumların öhdəsinə buraxılmışdır. Bu son olaylar belə bu xəstə zehniyyətləri ayıltmamış, xalqın alovlanmaqda olan etirazını, üsyanını dəyərləndirib, ortaq hədəfə yönləndirməkdə hələ də tərəddüd göstərirlər. Kimisi seyrçi qalmağı seçmiş, kimisi irəli gedərək təşkilatçıları qınamış, kimisinin də səsi-sorağı heç çıxmamışdır. Yenə köhnə hamam, köhnə tas... Birləşib bütün gücü bir mərkəzə yönəltmək əvəzinə, etirazın davamı olaraq ayrı-ayrı göstəri yolunu seçmişlər. Düzdür, "Dəyirmi masa" dəvətini irəliyə doğru bir addım kimi dəyərləndirmək olar. Ümid edək ki, Arturun "Dəyirmi masa cəngavərləri" kimi ortaq fikir, birlik içində o masadan qalxarlar...

 

O ki, qaldı iqtidarın Qambit gedişinə, burda iki tərəfli oyun oynandı. Həm xalqa rüsvayçı, qəddarcasına şiddət göstırib, necə deyərlər "gözünün odunu" almaq, həm də hakimiyyətdaxili didişmədə ailə klanının yerini bir az da möhkəmlədib, ətrafını daraltmaq. Hayhayı gedib, vayvayı qalmış, heç bir siyasi gücü olmayan bir neçə kiçik fiquru qurban verib, bəzisinin yerini dəyişməklə islahat şousu yaradaraq, əslində öz planlarını həyata keçirdilər. Hər bir antidemokratik rejimin mütləq bir sonu olur. Bu, qısa da, uzun da olur, amma bir gün sonu olur. Bu son olaylar əslində illərlə susan, susturulan, torpağı, yurdu, ümidi, inamı əlindən alınmış xalqın yatmış vulkan kimi hər an partlayacağını göstərdi. İndi hələ ki, kiçik sızıntılardan kiçik alovlar çıxır. Vay o gündən ki, partlaya...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin