"Nuru Paşa Azərbaycanda savaş aparanda kimdən pul almışdı?

14:39 04-11-2019 | icon 717 | Gündəm
"Nuru Paşa Azərbaycanda savaş aparanda kimdən pul almışdı?

Nəsiman Yaqublu

Tarix elmləri doktoru
 
Bakını azad etmiş qəhrəman türk əskərlərini və Komandan Nuru Paşanı təhqir edən deputat Araz Əlizadəyə cavabım
 
(O bildirib ki Nuru Paşa pul və maddiyyət üçün Bakı savaşına qatılıb)
Deputat A.Əlizadənin belə məsuliyyətsiz çıxışlarına bir əlavəm də var-bəs Nuru Paşa Azərbaycan bölgələrində 1920-ci illərdə savaş aparanda kimdən pul almışdı?Onun apardığı savaş Azərbaycan xalqının azadlıq mücadiləsinə dəstək olmaq idi.Və əgər onun fədakarlığı ilə Bakı azad edilməsəydi indi Bakı Rusiyanın bir quberniyası halında mövcud olacaq bir bölgə idi.Onlar bizim Vətən və dövlət olmağımıza yardım etdilər və heç zaman unudulmayacaqlar.Aşağıda isə Azərbaycanın tanınmış siyasi və ictimai xadimlərinin qəhrəman Türk əskərləri və Nuru Paşa haqqında fikirlərini oxuculara təqdim edirəm.
 
 Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə Nuru Paşanın Gəncəyə gəlişini belə qeyd edirdi: “Cənubi Qafqaz nümayəndələri ilə türk nümayəndələri Batumda müzakirələr apararkən Nuru Paşa ilə bərabər tabeliyində olan bir çox zabitlər İran və Qarabağ istiqamətindən
Gəncəyə daxil oldular. O zaman müdhiş bir anarxiyaya məruz qalan, digər tərəfdən də bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru Paşanı göydən enmiş xilaskar bir mələk kimi qəbul etmişdi. Xalqın ona göstərdiyi istiqbal Gəncə tarixində görünməmişdi”.
      
Nuru Paşa Gəncəyə gəldikdən sonra burada və ətraf bölgələrdə olan müqavimət dəstələrini təşkilatlandırmağa başladı. Nuru Paşa Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratdı. Azərbaycanın görkəmli  dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə yazırdı: 
 
“O zaman biz İstanbulda idik. Şərqi Avropa dövlətlərinin  iştirakı ilə toplanacaq konfransda iştirak üçün digər Qafqaziyə cümhuriyyətləri ilə bərabər Azərbaycan   Cümhuriyyətini təmsil edən rəyasət heyətinin tərkibində idik. O dövrün Hərbiyyə naziri və Baş  Komandan vəkili olan Ənvər Paşa həzrətləri telefon etdi: “Əmin bəy, Bakı alındı!”. Bu qısa xəbərin  məndə tövlid etdiyi təsiri qabil deyil, təsvir edə bilmirəm. O təsiri hələ unuda bilmirəm”...
     
Bakının azad edilməsi münasibəti ilə noyabr ayının 10-da Yay klubunun zalında (indiki Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası) Nuru Paşanın şərəfi nə böyük bir ziyafət verildi.
     
Tanınmış bəstəkar və jurnalist Üzeyir Hacıbəyli bu münasibətlə yazırdı: “Nuru Paşa həzrətlərinin salona vürudu əsnasında musiqi orkestri tərənnümə başlayaraq məclis əhli ehtiramla Paşa həzrətlərini səmimiyyətlə salamladılar, hər kəs badə əlində miz başında özünəməxsus olan yerini tutub ziyafət başlandı. Yemək əsnasında Baş nazirimiz Fətəli xan Xoyski həzrətləri birinci olaraq bəlağətli bir nitq söyləyərək, Azərbaycan türklərinin əsarət bəndindən xilası səadətinə nail olması yolunda tökülən Osmanlı Türk qanına işarə ilə “Bu qan və bu qan tökülən mübarək yerlər heç bir vaxt unudulmaz və xatirdən çıxmaz” buyurdu. Azərbaycan türklərinin təşəkkürlərini Paşa həzrətlərinə bildirib qədəh qaldırdı. O halda bütün həzərat ayağa duraraq müzəffər və şanlı komandanımız Paşa həzrətlərinin şərəfi nə şərbətnuş olub sürətli alqışlarla izhari məsərrət və şadyanalıq etdilər...”.
      
Ü.Hacıbəyli ziyafət məclisində Azərbaycan Milli Şurasının Sədri Məhəmməd Əmin Rəsulzadənin   də çıxışının alqışlarla qarşılandığını qeyd edirdi: “Rəsulzadə nitqinə davam edərək “Siyasi üfüqdə qara  buludlar görünən kimidir, lakin bu qara buludlara qarşı  Nurularımızın zülmətqovan nuru vardır” dedikdə  bütün məclis əhli ayağa qalxıb Paşa həzrətlərini xüsusi bir təzimlə alqışlamağa başladılar”.  
      
Məclisdə çıxış edən Ə.Ağaoğlu isə bu sözləri söyləmişdi: “Mən Bakını İstanbulda və İstanbulu Bakıda  görüb özümü o qədər bəxtiyar görürəm ki, daha ölsəm o qədər də qəmimyoxdur, dünyadan kam almış kimiyəm”.
    
Ü.Hacıbəyli yazırdı: “Bu qədər nitq və alqışlara cavab olaraq Nuru Paşa həzrətləri gözəl İstanbul  şivəsi ilə ruhumuza ləzzət verən və məzmunca qəlbimizi bir çox əndişələrdən təmiz etməklə bəlağətli və  səlis nitqi ilə məclis əhlini şərəfyab və minnətdar etdi”.
 
 
Şəhidlər
 
Bakını azad etmiş Türk şəhidləri
 
 
Əhməd cavad
         
ŞƏHİDLƏRƏ
 
(Azərbaycandakı Osmanlı şəhidlərinə)
Qalx, qalx! Sarmaşıqlı məzar altından,
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə,
Hər gələn yolçuya yol soran əsgər!
Sənin qovduqların yabançı xanlar,
Qurtardı ölkəmi tökdüyün qanlar!
Bax nasıl öpməkdə tozlar, dumanlar
Qərib məzarını mən də bərabər!
Sənin qanındanmı düzlərdə böylə,
Qüdrət bitirmişdir sayılmaz lalə?!
Dost elindən qopdu bir yanıq nalə,
Yoxsa o nalənin ruhumu söylər?!
Keçərkən göylərdən bir qatar durna
Ağlar buraxdığın gözləri sorma!
Bax doğru çıxmaqda gördüyün röya,
Bəslədiyin əməl bu gün gülümsər!
Çarıqlı qardaşın, sadədil köylü,
Gəldi məzarına bir örük ördü.
Toplanıb baş-başa hər üçü-dördü,
Hər gün köylü qızlar dərdini dinlər!
 
 
NEÇİN BÖYLƏ GECİKDİN?
 
Sənsiz qəlbim qırıq, sönük, çeynənmiş, xırdalanmış,
Ömür şüşəm daşa dəymiş, həyatım parçalanmış.
Qırıq bir saz kimi sızlar qanlı, yorğun telləri,
Yakılar da, yakar bütün qayğı vurmuş elləri.
Şu vətənin öksüzləri, gəlinləri, dulları,
Göz yaşıyla sulamış hər keçdiyiniz yolları.
Yolunuzu bəkləməkdən bənizləri saralmış,
Heç gəlmədin. O şən, gülər ürəkləri qəm almış.
Sən gəlməsən, dolumsanmış ürəklər heç şad olmaz,
Sən gəlməsən, xarabaya dönən qəlb abad olmaz.
Sən gəlməsən, günəş doğmaz, ümid gülüm açılmaz,
Dodaqlarım gülməz, sönük baxtıma nur saçılmaz.
Başqasını istəməm də, ey Türk, çabuk sən gəl, sən,
Bəkləməkdən yoruldum, eh, iştə gec qaldın, nədən?
Yollarına daşmı qalanmış? Ya azğın quldurlar
Burakmıyor? Daş, dəmir, ya polad olsa da onlar,
Ürəyində şölələnən mətin, qızğın atəşlə,
Yak onları, ərit, söndür, çeynə, boğ, əz, xırpala.
Xain, alçaq düşmənlərə qol gücünü həp göstər,
Aç yolları, çabuk gəl ki, qəlbim səni istər.

 

 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi