“Bugünkü parçalanmış müxalifət yenə də öz ənənəsini göstərdi” - MÜSAHİBƏ

14:18 16-04-2018 | icon 1284 | Siyasət
“Bugünkü parçalanmış müxalifət yenə də öz ənənəsini göstərdi” - MÜSAHİBƏ

 

“Dostlarımıza dəstəklə bağlı psixoloji problemimiz yoxdur”

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi

 

- Fuad bəy, siyasi partiya olaraq prezident seçkisinə qatıldınız və imza toplayandan sonra ADP sədri Sərdar Cəlaloğluna açıq dəstək verərək namizədliyinizi geri çəkdiniz. Seçkidə aktiv iştirak edən partiyanın sədri kimi prosesin nəticələrini necə dəyərləndirərdiniz?

 

- Biz seçkilərin demokratik keçirilmədiyini düşünürük. Qarşılaşdığımız bir neçə fakt bunları söyləməyə əsas yaradıb. Belə ki, bizim müşahidəçilər seçkinin gedişini MSK-nın məntəqələrdə quraşdırdığı veb-kameralardan izləməyə çalışıb. Lakin veb-kameralar işləmədiyi üçün izləmə təxminən saat 10:30-a qədər mümkün olmayıb. Demək olar ki, 100-ə yaxın məntəqədə eyni səbəbdən izləmə alınmayıb. Biz bu barədə  məlumatları sosial şəbəkələrdə paylaşdıq. Yalnız saat 2-də kameralar vasitəsilə müşahidələr apara bildik.

 

“Hesablamalarımıza görə, Sərdar bəy daha çox səs toplayıb”

 

Eyni zamanda bizim ADP adındn çıxış edən müşahidəçilərimiz  məntəqələrdə “karusel” səsvermədən, yəni eyni adamların bir neçə məntəqədə səs verdiyini müşahidə ediblər. Bu, adi bir məsələ olsa da, ümumilikdə MSK-nın seçkidə 80 faizə qədər seçicinin iştirak etməsi ilə bağlı məlumatlarının yanlışlığını göstərir. Seçkidə heç 50 faizə yaxın seçici iştirak etməyib. 

Nəticələrə gəlincə, hesablamalarımıza görə, digər namizədlərlə müqayisədə müxalifətin yeganə namizədi olaraq Sərdar bəy daha çox səs toplayıb. Əksinə, Sərdar bəyin səsini azaldıblar.  Çünki görüşdüyümüz insanlar hamısı Sərdar Cəlaloğluna səs verəcəklərini  deyirdilər. Sərdar bəy müxalifətin yeganə namizədi idi və onun çıxışları da onu göstərdi ki, o, vətəndaşın problemlərini qabartmaqla hakimiyyətin yalanını üzə çıxarıb. Amma ümumu baxanda 3 faiz də az deyil. Nəzərə alaq ki, ötən seçkilərdə Mili Şura bir neçə partiyanın dəstəyi ilə bundan bir az artıq səs qazanmışdı. Bununla müqayisədə Sərdar bəy bu seçkidə onlardan daha çox uğur qazanıb.

 

“Bununla da müxalifət 2-ci tur seçkiyə nail ola bilərdi”

 

- Sərdar bəy həm də sizin namizədiniz olduğu üçün buna görə özünüzü qalib hesab edirsiniz?

 

 - Sözsüz ki, özümüzü qalib hesab edirik. Çünki bizim dostlarımıza dəstək olmaqla bağlı hər hansı bir psixoloji problemimiz, narahatlığımız yoxdur. Həmişə çalışmışıq ki, müxalifət vahid  bir mövqedən çıxış etsin, xüsusilə də budəfəki prezident seçkilərində. Bu seçkidə yalnız bir kürsü naminə mübarizə aparılırdı. Ona görə də biz bunun naminə istənilən addımı atmağa hazır idik və etdik. Təəssüf ki, digər partiyalar  müxalifətin yeganə namizədinə dəstək vermədilər. Əgər dəstək versəydilər, namizədimiz daha çox səs toplaya bilərdi və bununla da müxalifət 2-ci tur seçkiyə nail ola bilərdi. Amma bugünkü parçalanmış müxalifət yenə də öz “ənənəsini” göstərdi və yeganə namizədinə dəstək vermədi. Ona görə də bu gün yenə də parçalanmış vəziyyətdə MSK-nın nəticələrini qəbul etmək məcburiyyətindədir.

 

“Səhv mövqe nümayiş etdirdilər”

 

- Fuad bəy, sizcə siyasi mübarizəni boykotda görənlər bu seçkidən nə dərəcədə haqlı çıxdılar?

 

- Hesab edirəm ki, seçkiləri boykot edən, seçkidə iştirak etməyənlər səhv mövqe nümayiş etdirdilər. Əgər həqiqətən də bizim təklif qəbul olunsaydı, iddialı adamlar hamısı seçkidə iştirak etsəydilər və bütün mərhələləri keçəndən sonra ən azı 2-3 namizəd qalmaqla sonda yüksək səsin toplanmasına nail olmaq olardı.

 

2013-cü ildə Milli Şura, ADP və Ümid Partiyasının namizədi iştirak etdiyi üçün üç mikrafon əldə olunmuşdu və üçü də hakimiyyətin üzərinə gedirdi. Digər tərəfdən, boykotçular yenə mitinq keçirdilər. Bu gün də o fikrimdəyəm ki, bu mitinqlər ancaq hakimiyyətin əlinə oynamağa xidmət edir. Hakimiyyət bu mitinqlərdən istifadə edərək bütün beynəlxalq təşkilatlara deyəcək ki, buyurun baxın, bizdə demokratik ölkədir, ən radikal qurumlara mitinq keçirməyə imkan verilir, bizi hətta razılaşdırılmamış kənar şüarlarla söyüb-təhqir edib dağılırlar, nə qadağa olub, nə də zorakılıq. Bu mitinqi keçirən təşkilatlar hakimiyyətə bunu göstərməsinə imkan verirlərsə, deməli onların əlinə oynayırlar.

 

- Müxalifətin bu seçkidən sonra daha da parçalanması partiyalara, xüsusən də tərəfdaşlarına hansı növbəti zərbəni endirmiş oldu?

 

“Fikirləşirlər ki, biz onların aldığı qrantlara göz dikmişik”

 

- Müxalifətin bir-birini ittihamlaması və bir-birini xain hesab etməsi 25 il hansı zərbəni vurmuşdusa, indi də o zərbəni vurur. Müxalifətin parçalanmış formada qalması, dağınıq fəaliyyəti ona sabah da zərbədən başqa heç nə vəd etməyəcək. Müxalifəti özünün mirası hesab edənlər paxıllıq, cığallıq hissindən əl çəkmirlər. Əgər sən seçkidə iştirak etmirsənsə, seçkidən sonra onu qəbul etmədiyini necə deyə bilərsən? Yaxud iştirak edib sonra da deyirsən ki, seçkidə namizəd olanları qəbul etmirəm, heç bir sərt çıxışlarını görməmişəm. Bunlar hamısı qısqanclıq və paxıllığın nəticəsidir. “Mən orda olmalıydım, mən olsaydım daha sərt danışardım” söyləməklə bu hisslərini açıq göstərirlər. Mən 2008-ci ilə hakimiyyətin nə qədər problemləri , nə qədər korrupsiya halları, rüşvətxorluq haqqında danışmışam. Amma bu gün deyirlər ki, o nə danışıb, nə deyib ki, mən ondan daha sərt danışardım. Biz 19 ildir həmin sözləri deyirik. Sadəcə bunlar onu qəbul etmək istəmirlər ki, siyasi səhnədə özlərindən başqa yeni qüvvə kimi formalaşsın. Fikirləşirlər ki, biz onların aldığı qrantlara göz dikmişik. Biz isə xaricin dəstəyi olmadan da fəaliyyətimizi göstəririk. Onlar isə istənilən halda xariclə birgə işləyir, hakimiyyətlə əlbir olub mitinqlərini keçirirlər və sair. Siyasətlə bir az maraqlanan adamlar, bu oyunların nə olduğunu bilirlər.

 

- Hər seçkidən sonra müxalifətin birliyində bir çürümə dönəmi başlayır. Bu seçki isə parçalanmanın tam nöqtəsini vurdu. Artıq ADP sədri AXC-Müsavat cütlüyü ilə əməkdaşlığa son qoyduqlarını bəyanladı. Nə baş verir?

 

- Müxalifətin birliyi daha çox bu seçkilərdə lazım idi. Amma baş vermədi. Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Belə birliyin yaranacağını düşünmürəm. Bu gün müxalifətdə yeganə  birlik Siyasi Əməkdaşlıq Mərkəzidir (SƏM). Bu müxalifətdə olan yeganə qurumdur ki, bütövlüyünü qoruyub saxlaya bilib. Kənardan müdaxilələr olsa da, biz bu birliyi saxlamışıq və ola bilər ki, bələdiyyə və parlament seçkilərinə birgə qatlaq. Yaxud ola bilər ki, başqa bir konfederasiya yaransın və biz seçkilərdə daha geniş formatda iştirak edək.

 

“Bu partiyalar körpüləri dağıtmamalıydılar”

 

Təbii ki, AXC ilə Müsavat, Milli Şura müxalifətlə körpüləri yandırmamalıydı. Sərdar bəy özü də müsahibəsində yaxşı deyib: “Bəyəm bu seçki sondur, siyasi həyat dayanır?..” Ona görə də bu partiyalar digər partiyalarla körpüləri dağıtmamalı idi. Bizim fikrimizcə, yeganə mübarizə apardığımız tərəf iqtidardır.  Biz müxalifət daxilində özümüzə rəqib axtarmamalıyıq. Əgər kimsə müxalifət daxilində birinci olmaq istəyirsə, ona uğurlar arzulayırıq. ALDP olaraq qarşımıza müxalifət daxilində birinci olmaq məqsədi qoymamışıq. Bu hakimiyyətə qalib gəlib, Azərbaycanda demokratik cəmiyyət qurmaq istəyirik.

 

- Parlament seçkilərinin də növbədənkənar keçiriləcəyini bildirmisiniz. YAP-çı millət vəkili Siyavuş Novruzov bunu təkzib edib? Nəyə əsasən bu fikirdəsiniz?

 

- 2016-cı ildə keçirilən referendumdan sonra həm prezident seçkiləri təyin olunmalı, həm də parlament seçkiləri keçirilməli idi. Prezident seçkisindən sonra yeni prezident öz komandasını formalaşdırmalıdır. Referenduma görə parlament də öz müddətini bitirməli hesab olunmalı, yeni seçkilər təyin edilməlidir. Hakimiyyət daxilində problemlər də mövcudur və əgər gözələnilən dəyişikliklər olsa, yeni bir komanda gəlməlidir. Belə olan halda da köhnə komandanın deputatları maneə ola bilər. Bu da növbədənkənar parlament seçkilərinin təyin olunma tələbini irəli sürür. Hər halda, parlament seçkiləri bu ilin axırına qədər baş verə bilər. Yadınızdadırsa, Zahid Oruc hələ sentyabr ayında mili məclisdə deyəndə ki, mart ayında növbədənkənar prezident seçkiləri olmalıdır, o zaman da Siyavuş Növruzov parlamentdə onun üstünə düşdü ki, ola bilməz və seçki normal vaxtında keçiriləcək. Artıq yanvarın 20-də MSK sədri Məzahir Pənahov çıxış edərək oktyabrda iş günü olmayacağını, normal seçkilər keçiriləcəyini dedi. Amma 10 gündən sonra fevralın 2-si YAP-ın icra katibi Əli Əhmədov çıxıb dedi ki, bizim namizədimiz İlham Əliyevdir və növbədənkənar seçkilər təyin olunur. Yəni Siyavuş Novruzovun dedikləri, Mərkəzi Bankın rəhbərinin “manat devalvasiya olmayacaq” bəyanatından sonra  manatın devalvasiya etməsinə bənzəyir. Ona görə də onların dediklərini əksinə qəbul etmək lazımdır.

 

“Həm parlament, həm də bələdiyyə seçkilərinə hazırlaşırıq”

 

- Parlamentə hazırlaşırsınızmı?

 

- Partiyalar siyasi təşkilatdır və onlar da daim seçkilərdə iştirak etməlidir. Biz həm parlament, həm də bələdiyyə seçkilərinə hazırlaşırıq. Biz prezident, parlament və bəllədiyyə seçkilərinə hazırlıqla bağlı hələ ötən il keçirdiyimiz qurultayda qərar vermişik. Siyasi təşkilatın hakimiyyətə gəlməsi üçün seçki yeganə vasitədir. Başqa yolu yoxdur. Parlament seçkilərində namizədlərdən biri də məni deputat siyahısına salıb və mənə zəng edib təbrik etmişdi. İndi kim kimi orda görmək istəyir, yaxud görmək istəmir, hər halda bunu həyat göstərəcək. Bütün hallarda biz seçkilərə hazırlaşırıq.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür