Jurnalistlərdən sərt cavab

18:01 16-04-2018 | icon 534 | KİV
Jurnalistlərdən sərt cavab

 "Kölə həmişə azad insanları kölə sayaraq köləliyinin qisasını şüurunda alır"

 

Milli Şuranın aprelin 14-də “Məhsul stadionu”nda keçirdiyi növbəti icazəli mitinqində jurnalistlər hədəfə götürüldü. Çıxışçılardan Milli Şuranın üzvü, keçmiş ədliyyə generalı Vidadi Mirkamal daha irəli gedərək ATƏT-in hesabat konfransında etiraz edən, eləcə də ev alan, orden və medallarla təltif olunan digər bütün jurnalistləri "həyasız" və “hakimiyyətin qulbeçələri” adlandırıb. V.Mirkamalın bu təhqiri KİV-də hiddətlə qarşılanıb.

 

Versus.Az məsələylə bağlı jurnalistlərin münasibətini öyrənib.

 

“Ona möhkəm şüur, əyilməmiş məntiq və ütülü qalstuk arzulayıram”

Milli.az saytında baş redaktor müavini Elçin Alıoğlu: 

“Rusiyanın ən məşhur vəkillərindən biri olmuş Anatoliy Fyodoroviç Koni 1878-ci ildə Vera Zasuliçin işi ilə bağlı məhkəmə prosesində demişdi: "Palatadan Şuraya keçənlərdən çəkinin, onlar uydurduqları yalanların və illüziyalarının əsiri olurlar".

Ümid etmək istərdim ki, hüquqşunas Vidadi Mirkamal qərinələr əvvəl məşhur vəkil kimi tanınmış Koninin kim olduğundan agahdır. Agahdırsa, onun jurnalistləri "hakimiyyətin qulu" kimi təqdim etməsi elə kölə psixologiyasının işartısı sayıla bilər. Ki, Mirkamalın nəzərinə, hələ rəhmətlik Covanyoli yazmışdı ki, "kölə həmişə azad insanları kölə sayaraq köləliyinin qisasını şüurunda alır". Hərgah həşəmətli Mirkamal əfəndi Koninin kim olduğunu bilmirsə, onda onun hafizəsini təzələmək istərdim ki, jurnalistlərin fəaliyyətinə zərrəbin tutmaqdansa, qıc vurmuş Milli Şurada nəyi, necə və nə üçün koordinasiya etdiyini, yainki bu işin əslində süni tənəffüs əməliyyatı olub-olmadığını ilk əvvəl özünə anladaydı. Nə də olsa İctimai Palata siyasətin əndərununa vasil olandan sonra birundan boylandığını qəzəl kimi avazla söyləyən Milli Şurada da koordinasiya yapmaqla məşğul olur. Hüquqşünas Vidadi Mirkamala onu da ərz etmək istəyirəm ki, dövlətdən orden, medal almaq qəbahət deyil. Əksini söyləyən elə həya, məntiq və əxlaq çərçivələrini pozaraq rusların "qopnik" dedikləri insanların şüuru ilə ucuz şüarfürüşluq arasında korrelyasiya edənlərdir. İzah edərdim, amma nə edəsən ki, cənab Mirkamaldan fərqli olaraq, "Məhsul"dakı tribunaya çıxıb düşməyi, oradan aşağı erkək qartal baxışlarla baxıb şüarları süzməyi orqanizm üçün faydalı iş saymıram.

 

Və sonda: "Hakimiyyətin qulu" sözünü o kəs dilinə gətirər ki, xam xəyalın qulu, illüziyanın köləsi, ambisiyanın hətəmi, buyruqların fərraşı və siyasəti Facebook-da qarğış yazmaqla səhf salanların eşikağası olmasın. Cənab Vidadi Mirkamala möhkəm şüur, əyilməmiş məntiq və ütülü qalstuk arzulayıram”.

 

 

“Bu üzdən arxalarınca gedənlərin sayı hər keçən gün azalır

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət: 

“Əlbəttə, belə adamlara baş qoşmaq istəməzdim. Çünki ümumiləşdirərək hamı haqqında pis ifadələr işlədən adamlar adətən həyatın dibindəkilər olur. İndi bu şəxs də belə bir ifadə işlətməklə özünün layiq olduğu yeri bəyan edibsə, qarışa bilmərik. Öz seçimidir. Yalnız bu tip adamlar əgər doğrudan da siyasətlə məşğul olmaq istəyirsə, öncə harda necə danışacaqlarını öyrənmələri lazım. Belə yanaşmaları üzündən bu şəxslərin arxasınca gedənlərin sayı hər keçən gün azalır. Qoy elə belə də davam etsinlər. Günün birində ətraflarında heç kimi görməyəndə bəlkə nəyin nə olduğunu anlayarlar”.

 

 

 

 

 

“Erməni lobbisinin verdiyi qrant hesabına danışmağa başlayıblar”

 

“Xalq” qəzetinin müxbiri Əliqismət Bədəlov:

“Hər bir kəsə dövlət təltifi, mükafat, hədiyyə əməyinə görə verilən qiymətdir. Buna görə kimlərisə təhqir etmək mənəviyyatsızlıqdır. Hər bir kollektivdə yaxşı işləyəni mükafatlandırırlar ki, başqaları da ondan nümunə götürsün. Bu, bütün ölkələrdə belədir.

 

Milli Şuranın üzvü olan keçmiş ədliyyə generalı Vidadi Mirkamal əməyinə görə qiymətləndirilən jurnalistləri, peşəsindən asılı olmayaraq hər kəsi buna görə təhqir edirsə, bu, onun səviyyəsizliyidir. Nə yaxşı ki, Azərbaycan Ordusunda belə səviyyəsiz, dar düşüncəli, bir qrup xəyanətkarın sözünə inanıb onlara qoşulan generallarımız yoxdur. Şükürlər olsun ki, Vidadi kimi səviyyəsiz generalımız elə bir dənədir. O da Vidadi Mirkamal. Yoxsa, ermənilər bu gün ərazimizin daha çox hissəsini işğal edərdi. Vidadi unutmamalıdır ki, bu gün torpaqlarımızın 20 faizinin işğal altında olmasının əsas səbəblərindən biri o vaxtlar orduda Vidadi kimi səriştəsiz, düşüncəsiz generalların siyasi korluğudur.

 

Mənzillə təmin olunan jurnalistlərdən biri də mənəm. Mənim 30 illik fəaliyyətim və mənzil şəraitimin çox pis olması nəzərə alınıb. Daha Vidadi kimi əldəqayırma general kimi 4-5 yerdə mənzilim yoxdu. Belə “generallar” bəlkə də qaytardılar xülyası ilə yaşayırlar. Elə bu xülya ilə yaşaya-yaşaya da qarıyacaqlar. Görünür Vidai kimilər general rütbəsi və yüksək təqaüdlə yaşamağa hələ alışmayıblar. Axı onlar hər həftə qucaq-qucaq rüşvətə, mala-dövlətə vərdiş ediblər. İndi isə əlləri hər yerdən üzüldükdən sonra erməni lobbisinin verdiyi qrant hesabına danışmağa başlayıblar. Düşmən yalı hesabına hürən itlər tutağan olmazlar. Çünki onlar qorxaq və acizdirlər.

 

Bu gün ölkəsinin qazandığı uğurları görməyən siyasi korlar və eşitməyən siyasi karlar ömürlərinin sonuna qədər qovrula-qovrula qalacaqlar. Bu, Allahın onlara verdiyi cəzadır. Necə deyərlər, cəhənnəmi bu dünyada görürlər. Jurnalistləri həyasız adlandıran Vudadi Mirkamal kimi”.

 

“Müstəqillik tariximizlə az qala yaşıd olan məğlubiyyət tarixlərinə baxsınlar”

 

“Yeni Çağ” saytının baş redaktoru Aqil Ələsgər:

“Bilirsiniz, bunların bir qram siyasi savadları olsaydı, əlində qələm olan və bunları vaxtilə adam, indi də hər addımda rəzil edə biləcək insanları özlərinə düşmən etməzdilər. Söyüb-təhqir etdikləri media olmasa, kimsənin onların mitinqlərindən, fəaliyyətlərindən xəbəri olmaz. Həmin mitinqlə bağlı normal xəbəri verən də, təhqir olunan da jurnalistlərdir. Bunlar öyrəniblər ki, hakimiyyətlə gecələr oturub-dursunlar, bunların yerinə Rauf Arifoğlu, Aynur Camal ya da Azər Həsrət mübarizə aparıb, iqtidarla düşmən olsunlar. Nə üçün biz normal jurnalistika ilə məşğul olmayıb, hansısa tərəfi seçməliyik? Onların təbiri ilə desək, ev verən iqtidar bizə heç Allahın çayını almayan müxalifət qədər tələb irəli sürmür. Hər fürsətdə bizi təhqir etməkdən çəkinmirlər, sonra başlarına bir şey gəldikdə, qapımızda sürünürlər. Bizim işimiz xəbər istehsal etməkdir, tərəf tutmaq deyil. Qısacası, öz fərasətsizliklərinin, uğursuzluqlarının səbəbini bizdə axtarmasınlar. Müstəqillik tariximizlə az qala yaşıd olan məğlubiyyət tarixlərinə baxsınlar, bu ayıb onlara yetər”.

 

 

 

 

“Xarici qüvvələrin əlində oyuncaq olmamaqdırmı həyasızlıq?”

 

Azadinform İnformasiya Agentliyinin əməkdaşı Nigar İsfəndiyar:

“Həyasız?.. Maraqlıdır, görəsən keçmiş general mətbuat əhlinin hansı ədəbsizliyini görüb? Avropanın qucağında oturmamaq, xarici qüvvələrin əlində oyuncaq olmamaqdırmı həyasızlıq? Onun ifadəsinə yox, ümumiyyətlə cavab verəcəyəm. Dövlətsiz vətəndaş papaqsız kişi kimidir! Həyasızlıq erməniyə yaraşır, mənim millətimə deyil. Ona görə də cənab general əslini-nəslini yaxşı araşdırsın. Mən öz dövlətim tərəfindən qiymətləndirilməyin şərəfini daşıyıram. Və bu həm ona, həm də onun kimi tərbiyəsindən, vətəndaşlığından şübhə etdiyim hər kəsə veriləcək ən gözəl cavabdır!”

 

 

 

 

 

 

“İşləri hakimiyyəti, xalqı söyüb Qərbdəki ağalarından pul almaqdır”


Azadinform İnformasiya Agentliyinin redaktoru Elçin Bayramlı:

“Kimin həyasız olduğunu xalq görür. Bu saxtakar dələduzların Qərb dövlətlərinin və təşkilatlarının Azərbaycandakı 5-ci kolonu olduqlarını artıq çoxdan hamı bilir. Ona görə də nə mitinqlərinə gələn olur, nə üzlərinə baxan. Partiyaları da boşaldı getdi. İndi əsas işləri hakimiyyəti, xalqı söyüb Qərbdəki ağalarından beş-on min dollar alıb yaşamaqdır. Çünki başqa bacardıqları iş yoxdur. Belələrinin danışdığına əhəmiyyət vermək lazım deyil. Çünki ifşa olunmuş, bir-birinə və xalqa xəyanət etmiş adamlardır.

 

Ev məsələsinə gəldikdə, əhalinin az qala 90 faizi dövlətdən alıb. Çünki dövlət bunun üçün var. İndiki ailələrin üçdə ikisi Sovet dövründə ev alıb. Ondan sonra isə dövlətimiz yüz minlərlə insanı evlə təmin edib - qaçqınlar, köçkünlər, neftçilər, hərbçilər, əlillər, müharibə veteranları, hüquq mühafizə orqanlarının işçiləri, yazıçılar, bəstəkarlar, rəssamlar və sair mədəniyyət xadimləri, idmançılar... və jurnalistlər. Gördüyünüz kimi, dövlətimiz əhalinin aztəminatlı hissəsini və ölkə qarşısında xidmətləri olanları mənzillə təmin edir. Dövlətin yaxşı olduğunu göstərən ən üstün fakt budur. Problem öz ölkəndən öz xalqından alınan deyil, xarici dövlət və təşkikatlardan alınan pul və əmlakdır. Bu xainlik və satqınlıqdır. Və xalqımız da bu xain və satqınların üzünə çoxdan tüpürüb. Öz xalqına öz dövlətinə yox, xarici qüvvələrə söykənən adamların layiqli sonu budur”.

 

“Nökərinə çevrildikləri şəbəkələrin diqtəsi ilə bu şəkildə danışırlar”

 

Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı:

“İlk olaraq bildirim ki, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə jurnalistlərin mənzil-məişət problemlərinin həlli üçün inşa edilən binada mənzillə təmin edilən hər bir jurnalist bu Qərbin müxtəlif şəbəkələrinə satılmış Vidadi Mirkamil kimi birnin səsləndirdiyi təhqirlərə onun layiq olduğu cavabı verməlidir. İkincisi isə o Mirkamil özü satıldığını, hansısa inistutların əl buyruqçusu olduğunu unudur.

 

Dünənə kimi ölkənin ədliyyə sistemində işləmiş və general rütbəsinə qədər yüksələn bu məlqun anlamalıdır ki, Azərbaycan mətbuatı hər zaman haqqın yanında olub. Azərbaycanda xaus-anarxiya yaratmaq düşüncəsində olanlar dərk etməlidirlər ki ,2003-cü ildə müxalifətin bütün birliyinə qarşı xalqın seçdiyi İlham Əliyev 2018-ci il 11 aprel seçkisində də xalqın iradəsi ilə seçkilərdə qalib gəlib. İlham Əliyevin qələbəsini həzm edə bilməyən Vidadi Mirkamil kimiləri nökərinə çevrildikləri şəbəkələrin diqtəsi ilə məhz bu şəkildə danışırlar”.

 

“ATV-dəki şou camaatı ilə mitinqdəkilər eynidir”

 

“Həftə İçi” qəzetinin redaktoru Vüsal Tağıbəyli:

“Mən heç bilmirəm mitinq nədir, o general kimdir. Nə deyir, özü bilər. Onlar kimdir ki, nəsə deyim haqlarında. Mən şoumenə oxşayıram? ATV-dəki şou camaatı ilə mitinqdəkilər eynidir”.

 

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

“Müxalifətin zirvə görüşü zəruridir”

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Bağışlanmaz səhvlərə imza atanlar

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

Qənirə Paşayeva "Nuri Dağtekin Özel Ödülü" ilə ödülləndi

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

“Gürcüstan Azərbaycan cəmiyyətində də canlanma yarada biləcək”

"Sağlığımdan dolayı dualarınız üçün minnətdaram"

“Axı, Mirşahinin özü də 20 yaşında bir adam deyil”

İki restoran bağlandı

Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırdılar