Əflatun Amaşov: “Jurnalist reallığa düzgün reaksiya verir deyə, onu ittihamlamaq qərəzlidir” - MÜSAHİBƏ

19:36 16-04-2018 | icon 1063 | KİV
Əflatun Amaşov: “Jurnalist reallığa düzgün reaksiya verir deyə, onu ittihamlamaq qərəzlidir” - MÜSAHİBƏ

 

“Rəngli inqilablar törətmək üçün ilk əvvəl hakimiyyətlə jurnalistlər arasında münasibətləri soyutmağa çalışırlar”

 

Mətbuat Şurasının rəhbəri, millət vəkili Əflatun Amaşovun Versus.Az-a müsahibəsi

 

- Əflatun müəllim, Milli Şuranın son mitinqində ATƏT-in seçki ilə bağlı hesabatına sərt reaksiya verən jurnlistlər “həyasız”, ev, orden-medal alanlar isə “hakimiyyətin qulbeçələri” adlandırılaraq təhqir edildi. Bir qədər əvvəl isə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov jurnalisti təhqir etmişdi. Mediamızda nə baş verir?

 

“Onlar Azərbaycan jurnalistikasının inkişafında önəmli xidmətləri olan insanlardır”

 

- Ümumiyyətlə, təkcə jurnalisti deyil, kim olur olsun, insanları təhqir etmək, alçaltmaq, şəxsi həyatına müdaxilə etmək, şərəf və ləyaqətini alçaltmaq olmaz. Jurnalistlərin ev alması ilə bağlı məsələnin bu formada gündəmə gətirilməsi siyasi təzyiqdən başqa bir şey deyil. Azərbaycan dünyada yeganə ölkədir ki, burada jurnalistikanın inkişafında xidmətləri olan şəxslər dövlət tərəfindən mükafatlandırılır. Siyasi yönündən asılı olmayaraq həmin jurnalistlər Azərbaycan jurnalistikasının inkişafında önəmli xidmətləri olan insanlardır. Əgər ev alanların siyahısına baxsanız görəcəksiniz ki, burda həm müstəqil, həm də iqtidaryönlü və müxalifətyönlü mətbuat vasitələrində çalışan jurnalistlər kifayət qədər təmsil olunublar. Azərbaycan jurnalistikasında önəmli rol alan insanlar ev alıblar və bundan sonra da həmin qəbildən olan jurnalistlərə 3-cü binadan ev veriləcək. İnsanları bu formada qiymətləndirərək məsələyə şəxsi qərəz, siyasi çalar qatıb, jurnalist “reallığa düzgün reaksiya verir” deyə ittihamlamaq qərəzlidir, düzgün deyil.

O ki, qaldı ATƏT-in hesabatına, bu hesabat həqiqətən qərəzli idi, gerçəkliyi əks etdirmirdi. ATƏT-in bu hesabatından belə məlum olurdu ki, əvvəlki seçkilərdə hazırlanmış hesabatın sözlərini qismən dəyişilmələrlə təkrar ediblər.

 

Təbii ki, hər bir insanın hər hansı məsələyə özünün münasibəti var. Belə hallara kimi sakit, kimi susmaqla, kimisi də emossianal reaksiya verə bilər. Əsas odur ki, təhqir olmasın, kimsə alçaldılmasın. Təbii olaraq jurnalistlərin bu hesabata əks reaksiyası oldu. Ancaq mən orada çıxış edənlərin təhqirə yol verdiyini görmədim.

 

- Müəyyən qüvvələr jurnalistlərin bu reaksiya ilə ölkəni biabır etdiklərini söylədilər. Buna cavabınız nə olacaq?

 

- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının istəyi də görünür elə bu reaksiyanı doğurmaqdan ibarət idi. Söhbət ondan gedir ki, mətbuat konfransı uzun çəksəydi jurnalistlər öz fikirlərini suallarla bildirə bilərdilər. Amma konfrans çox qısa olub.

Bu seçkilər həqiqətən də əvvəlki seçkilərdən tam olaraq fərqli idi. Seçki günü çoxsaylı missiyanın rəhbərləri, beynəlxalq komissiyanın qrupları səsvermənin kifayət qədər şəffaf, demokratik keçdiyini bəyan etdilər. Kimsə onları bunu deməyə məcbur etməmişdi. Necə oldusa sonra həmin seçkilərə tamamilə başqa səpkidən yanaşdılar. Hər bir insanın gerçəkliyə özünün münasibət forması var. Bu mənada insanlar belə hallarda emossiyaya qapıla bilərlər.

 

“Azərbycan mediası milli şüura söykənib və belə təxribatlara getmir”

 

- Əflatun müəllim, son illər media daha çox hakimiyyətə yarınmaqda ittiham edilir və kimsə ev alıbsa ona qarşı ironiyalarla təsir etməyə çalışırlar. Medianın artıq bu mənada haqqı deyə bilməyəcəyini deyənlər nə dərəcədə haqlıdırlar?

 

- Baxır, bu kimlər tərəfindən deyilir. Jurnalist, gerçəkliyi əks etdirməlidir. Jurnalist, əlbəttə müəyyən məsələlərə kənardan baxıb ona tənqidi yanaşa bilər. Ancaq görülən işlər var və buna obyektiv qiymət vermək lazımdır. Məsələn, müəyyən siyasi təşkilatlar var ki, ayrı-ayrı ölkələrdə rəngli inqilablar törətmək üçün ilk əvvəl hakimiyyətlə jurnalistlər arasında münasibətləri soyutmağa çalışırlar. Onlar jurnalistləri siyasi yöndə hakimiyyətin alternativi hesab edir və bütün məqamlarda hakimiyyətin gördüyü işləri tənqid etməyə, qara yaxmağa təhrik edirlər. Bunun üçün jurnalistləri müəyyən layihələrə cəlb edib, qrantlar ayırılar ki, yaşadığı ölkədə hakimiyyətə qarşı mübarizə aparan ən aktiv təşkilat, insititut olsun. Belə olandan sonra siyasi qüvvələr  jurnalist fikrinin əsasında formalaşır və üstəlik həmin jurnalistlər siyasi qrupun fəaliyyətini daha çox işıqlandırmağa başlayırlar. Bununla da cəmiyyətdə müəyyən gərginlik yaranır. Əvvəlcə hakimiyyətlə jurnalistlər arasında, sonra isə ictimaiyyətlə hakimiyyət arasında müəyyən bir soyuqluq yaranır. Bu iki tərəf sanki mübarizə səhnəsini xatırladır. Bunlar  jurnalistlərin müəyyən tədbirlərini və eyni zamanda cəmiyyətin ayrı-ayrı siyasi müxalif yönümlü qüvvələri ilə onların etiraz aksiyalarını təşkil edirlər. Beləliklə də vəziyyət getdikcə gərginləşir, qarışır və getdikcə hakimiyyət də zəifləyir.

 

Hakimiyyət eyni zamanda ölkədə söz və mətbuat azadlığının qarantıdır. Ancaq söz və mətbuat azadlığı əndazdən çıxıb qanunvericilikdə müəyyən pozuntular yaradanda, artıq ölkədə nizam-tərəzi pozulur. Ölkədə müəyyən boşluq yaranır, qarşılıqlı mübarizə kəskinləşir, hakimiyyət zəifləyir və kənar qruplar da istədikəri şəxsi hakimiyyətə gətirirlər. Hətta hakimiyyətə gətirmək üçün də onlar yenidən media ilə işləyirlər. Həmin məqamda mediada bu qrupların ciddi reklamlarını təşkil edirlər, özlərinə qarşı cəmiyyətin xoş münasibətini yaratmağa çalışırlar. Bununla da həmin texnologiyanı yaradanlar öz istəklərinə daha tez çata bilirlər. Keçmişə baxanda, Azərbaycanda belə cəhdlər olub. Hətta bütün seçkilər ərəfəsində bu cəhdlər olur. Eləcə də Avroviziya, Avropa oyunları kimi hadisələrdə belə cəhdlər oldu. Ancaq indiki situasiyada Azərbycan mediası milli şüura söykənib və belə təxribatlara getmir. Bu da əlbəttə ki, həmin qüvvələri qıcıqlandırır. Milli ruhlu, milli maraqlardan çıxış edən jurnalistlərə bu cür münasibətin göstərilməsi dünyanın hər yerində olur. Belə hallarda jurnalistlər daha çox təhqirə məruz qalır. Bu qüvvələr mediaya “bizim missiyadan kənardasınız, bizim istədiyimizi etmirsinizsə, sizi təhqir edə bilərik” prinsipi ilə yanaşırlar. Bütün bunlar artıq gedilmiş yoldur. Vaxtilə Yuqaslaviyanı bölməzdən əvvəl də bu cür məsələlər kifayət qədər araşdırıldı, öyrənildi. Artıq o vaxtdan bir metodologiya hazırlanıb. Artıq dünya hansı ölkədə nə baş verirsə bilir. Artıq rəngli inqilablar dövrü arxada qalıb. Azərbaycanda yerli medianın inqilablara təhrik olunması mümkün deyil.

 

“Onlar “5-ci kolon” kənar qüvvələrin istəklərini yerinə yetirə bilərlər”

 

- Belə fikirlər də var ki, bu gün mediaya olan inamsızlıq onun cəmiyyətdəki “körpü” rolunu həddən artıq zəiflədib. Jurnalistə qarşı neqativlər həm də bu məsələlərdən qaynaqlana bilərmi?

 

- Bu gün mediaya qarşı müəyyən inamsızlıq yaranıb. Bu, müəyyən məsələlərlə bağlıdır. Bəli, bu gün rəngarəngliyi ilə seçilən Azərbaycan  mediasında milli maraqlardan çıxış edən KİV-lər kifayət qədər çoxdur. Biz bunu aprel döyüşlərində də gördük. Biz bunu ilk Avropa oyunları ərəfəsində Azərbaycana qarşı olan kənar qüvvələrin hücumlarından qorunmada da gördük. Əlbəttə, müəyyən qrup media vasitələri var ki, onlar “5-ci kolon” - kənar qüvvələrin istəklərini yerinə yetirə bilərlər. Amma bunların sayı azdır. Bir sıra insanlar var ki, onlar jurnalist deyillər. Ayrı-ayrı sahələrdə uğur qazana bilməyən insanlar jurnalistikaya gəliblər və “reket jurnalist”liyi edərək ayrı-ayrı iş adamlarını, dövlət məmurlarını təhqir edib onlar haqqında yanlış informasiyalar yayıb, nəsə qoparmaq istəyirlər. Bunlar da var. Ancaq ümumi mənada Azərbaycan jurnalistikası sağlam və kifayət qədər peşəkardır. Hər işin zamana ehtiyacı var və yəqin ki, Azərbaycan jurnalistikası güclənib bütün dünyada öz sözünü deyə biləcək.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”