Sevgili müxalifət

13:58 17-04-2018 | icon 1094 | Köşə
Sevgili müxalifət

Loxmanın boğma olduğundan xəbərsiz kimi...

 

NİGAR İSFƏNDİYAR

 

“Sevgili” deyə xitab edirəm, çünki siz də eynilə mənim kimi bu Vətənin övladlarısınız. Hətta, əminəm məndən daha çox əməyiniz vardır. Necə ki, şeytan da Allahın mələklərindən biri idi və ona asi olmağı seçdi.

Ailə də belədir. Hər ailədə mütləq üsyankar və qurban seçilən bir fərd olur. Qurban məsələsi bu yazımızın mövzusu deyil, ya da bəlkə elədir. Hələ bilmirəm. 

Üsyankar övlad digərlərindən seçilir. Hər məsələdə fərqli reaksiyaları olur, özündən balacaların, eləcə də böyüklərin təəssübünü çəkir. Başını aşağı salıb qabağına qoyulanla razılaşmır. Hazırlanan həyatı qəbul eləmir. Öz yolunu özü açır. Hikkəlidir, güclüdür və əzmlidir. Əksər hallarda da istəyinə nail olur.

 

Məsələyə girişi bu qədər uzatmağımın səbəbi var. Mənim yaşadığım və vətəndaşı olduğum ölkədə müxtəlif səbəblərdən (bunun çoxu da sosial həyatla bağlıdır) narazı olan vətəndaşlar var. Xırda və ya böyük məsələlərdə inciyən, küsən fərdlər var ki, şikayətləri hamı tərəfindən bilinən və qəbul olunandır (vəzifəsindən sui-istifadə edən məmurların üzü ağ olsun!) Türkün məsəli, heç də hər şey dörd dördlük deyil.

 

Bu medalyonun bir üzü. Qəribə gələn tərəf isə haqlı kəsimin səssiz, haqsız kəsimin bağırtılarının qulaq deşməyidir. Deyəcəksiniz, haqlı kimdir, haqsız kim?! Mənə görə haqlı Bakıdan kənara çıxanda üzü torpaq rəngində olan insanlardır, onların iddiaları haqlı və halaldır. Çörəkləri kimi! Əkmək, becərmək, dövlətə və millətə faydalı olmağın haqsız tərəfi ola bilməz. Amma o zümrənin mitinq elədiyini, kiminsə ailəsini söydüyünü görən olmayıb. Heç kimin bostanına daş atmayıblar. Onların önündə getdikləri tək mitinq var o da Qarabağ müharibəsidir. Gün görməmiş torpaq oğulları yaxşı bilir, doğulduqları yerin qədrini. Başları Avropanın pul buraxan təşkilatları qarşısında yox, güllə qabağında da əyilmir.

 

Kişilər boğaz davası eləmir!

 

Amma... dünyanın dörd bir yanında qaçqın, ya da adını yaxşı bilmədiyim hansısa “statya”larla siyasi sığınacaq alan insanlar var ki, tələbləri və iddiaları mənə çatmır. Öz mənfəətləri üçün Azərbaycanı tərk edənlər qüsurları qabartmaqla loxma yediklərinin fərqində deyillər. Loxmanın boğma olduğundan xəbərsiz.

 

Rusiya bazarlarının vaxtilə Qarabağda döyüşən insanlarımızla dolu olduğunu bilməyən yoxdur. O kişilər müharibəyə gəncliklərini verdilər. İndi isə bir nömrəli düşmənlərinə Şəmkir pomidoru satmaqla məşğuldurlar. Vallah, billah, onların da səsi çıxmır! Eləcə də yarı canını verib, qalanıyla dövlətdən aldığı torpağı əkib-biçən, ev-eşik olanlar da var. Onlar da dinmir. Amma siyasi sığınacaq bəhanəsi ilə həyatını ən gözəl şəkildə yaşayan insanların söyüşləri başımızın üstündən mərmi kimi o tərəf-bu tərəfə uçuşur.

 

Qardaş, sizin dərdiniz nədir?! Getmisiniz, lap yaxşı, olduğunuz yerdə səsiniz bərk çıxsın! Mitinqlərdə birləşin, anım günlərində birləşin, erməni lobbisinə qan uddurun! Azərbaycan günləri elan edin. Sevgiylə, hörmətlə anılın. Kim əlinizi tutur?! Əyriləri siz düzəldin. Oradan bura atılan “toplar”ın heç birimizə faydası yoxdur, olmayacaq da. Onsuz da parça-parçayıq, hər didəmizin o birini qanatmağı nəyə lazımdır?!

 

Vicdan cənablar, vicdan! Məsələ Azərbaycandır! Onun, bunun anası, arvadı, bacısı, qızı deyil. O söydüyünüz ailələr var ha, onlar bu xalq üçün sizin də əvəzinizə çalışan, mübarizə aparan insanlardır. Ən əsası azərbaycanlıdırlar. İnsan da oz parçasına söyərmi?!

 

Bir-birimizi incitdiyimiz yetər. Başqalarının açdığı yaralarımız hələ sağalmayıb. Vuran da biz, ağrıyan da bizik. Siz orda yetim, biz burda təkik. Kişinin başında papaq olan kimi vətəndaşın da dövləti olar. Qanunu, qaydası, vuran əli olar. Məhz o əlin sayəsində öz torpaqlarından didərgin düşən yüzlərlə, minlərlə insan dövlət himayəsində qorunur. Azərbaycan dövlətinin himayəsində!

 

Nə vaxt başımıza salba atmaq istəsəniz onları göz önünə gətirin. Dövləti olmayan insan yiyəsizdir, sahibsizdir. Sizdən ricam, dabanlarınıza tüpürüb qaçdığınız ölkəyə gəlin yenidən baxın. Düşmənin söndürdüyü ocaqların alovuna qızının. Çocuq Mərcanlıya gedin. Görün haqq kimdir, nahaq kim. Bayrağımızı ucaya, ən ucaya qaldırmaq üçün yanımızda olun. Adı Azərbaycan olan bir ölkənin çörəyi duzsuz deyil. Gəlin bu teorini darmadağın eləyin. Olmazmı?! 

Biz sizi gözləyirik! Burda! Azərbaycanda!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı