MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

17:25 13-11-2019 | icon 124 | Ədəbiyyat
MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

Əhməd Cavad... Məzarı belə bəlli olmayan hürriyyət aşiqi... Özgürlük sevdalısı, vətəni üçün Səməndər quşudək yanan, küllərindən yenidən doğan bir Turan yolçusu...

 

"Bir zülümkar dəmir qəfəs... Boğulacaq ömrüm, yazıq!"...

Onu nə gözlədiyini, ömrünün zülümkarların qan qoxulu dəmir qəfəsində boğulacağını bilirdi. Amma QUL ola bilməyən ruhu, əyilməyən Vicdanı Susa bilməyirdi:

 

MƏN BİR QULAM, YÜK ALTINDA ƏZİLMİŞƏM QARDAŞIM,
SEVİNC BİLMƏZ BİR MƏHKUMAM, AHU-ZARDIR SİRDAŞIM.
DAMĞA VURUB, ZƏNCİRLƏYİB, TULLAMIŞLAR ZİNDANA.
QARLI, BUZLU CƏHƏNNƏMLƏR MƏSKƏN OLMUŞDUR MANA...
MƏNƏ "DİNMƏ, SUS" DEYİRSƏN, NƏ VAXTACAN SUSACAM?!
BÖHRANLARIN, HİCRANLARIN MƏHBƏSİNDƏ QALACAM?!

 

Susa bilmirdi vətən dərdilə yanan qəlbi. Əsrlərdir parçalanan, bölünən yurdu, didərgin düşən millətinin fəlakəti hər sətri, hər kəlməsi göz yaşı ilə yazılan şeirlərində dilə gəlirdi:

 

NİYƏ SUSUM, DANIŞMAYIM, İNSANLIQDA PAYIM VAR,
MƏNİM ANA VƏTƏNİMDİR TALAN OLAN BU DİYAR!
NİYƏ SUSUM, DANIŞMAYIM. TÜRK YURDUDUR BU TORPAQ,
OĞUZLARIN, EKXANLARIN VƏTƏNİNDƏ KİMDİR BAX?!.

 

Könlünü xəyalı ilə yaşadığı bölüm-bölüm olmuş Turan ellərini gəzən sınıq bir Türk sazına bənzədən şair, çıxdığı Turan yolçuluğnda, "matəm havası çalan milli sazların" yanıq türkülərində qan ağlayan millətinin əsarət yükünü, öz doğma yurdunda özgələşdiyini," matəm havası çökmüş dağları, ağlayan bağ-baxçaları, görürdü:

 

SUSMAYACAM! QOY ATSINLAR YÜK ALTINA ÖLÜNCƏ,
TƏHQİRLƏRƏ DÖZƏ-DÖZƏ, DÜŞMƏN MƏNƏ GÜLÜNCƏ...

 

İçı qan ağlayan şair, hər daşını müqəddəs saydığı Ana Vətənini qorumağı anasının "titrək laylası ilə vicdanına dinlətdiyi saf öyüdlər"dən öyrəndiyini fəxrlə dilə gətirir:

 

SÜD VERƏRKƏN DOĞMA ANAM BELƏ DEMİŞDİR MƏNƏ:
SƏNİ QURBAN BƏSLƏYİRƏM TÜRK YURDUNA - VƏTƏNƏ!..
BU DÜNYADA AZADLIĞI ŞAN-ŞÖHRƏTDƏN ÜSTÜN TUT,
ALÇAQLIĞI, RƏZİLLİYİ, YALTAQLIĞI SƏN UNUT!
SƏNİN SEVGİN VƏTƏN OLSUN, MİLLƏT OLSUN, MƏN OLUM!
SÜDÜM SƏNƏ HARAM OLSUN, XƏYANƏT ETSƏN OĞLUM!..

 
Şairin ən məsud, ürəklə yazıb-yaratdığı günləri ilk cümhuriyyətimizin mövcud olduğu dövrlər oldu. Bu qısa, xoşbəxt günlərdə onunla birlikdə azadlıq həsrəti çəkən misraları da güldü... Və təəssüf ki, bu xoşbəxtliyin ömrü qısa oldu...
 
 
Əsrlərlə "mənəmmənəmlik" xəstəliyindən qurtulmayan, ölkəni parça-parça bölüb, bir-birinə düşmən kəsilən xanlıqların hakimiyyət ehtirasına qurban gedən, düşmənlər tərəfindən asan loxma kimi udulan, ayaqlar altında çeynənən Vətəninin başı üstünü daha qatı qara buludlar aldı. Yenə eyni xəyanətin, eyni hakimiyyət hərisliyinin qurbanı olan Vətənində milli sazlar yenə matəm havası çalmağa başladı. Xəyanətkarların, simasız yaltaqların dövründə bir sıra əqidədaşları kimi ona da yer yox idi. Anasının saf öyüdləri ilə böyüyən şairin qüruru, mənliyi xəyanət, yaltaqlıq hissinə yad idi. Şan-şöhrət, vəzifə üçün alçalmağı, gözə girmək üçün yaltaqlanmağı rəzillik sanan şair, mənəviyyatı alçaqlıqdan yoğrulmuş mənsəbpərəstlərin hədəfi oldu. Şairliyi tənqid edildi, hər misrasında "eyham"lar axtaran, "arpasın bölməzkən iki ulağın, qapı dalındadır iki qulağın" dediyi satqın məddahlar şairi susdurmağa çalışdılar. Köləliyi, əsirliyi qəbul edə bilməyən şairi Susdura bilmədilər:
 

NECƏ SUSUM, DANIŞMAYIM, MƏN ELƏYİM XƏYANƏT?!
HANI SEVGİ, HANI VƏTƏN, DE, HARDA QALDI MİLLƏT?!

 
Yurdunu "arsızlar ocağı", milləti "yadların oyuncağı" adlandıran, qula çevrilən millətini "qiyamətdir, sən, ey yatan, oyan, oyan!"-deyə üsyana səsləyən, "ağlar isəm göz yaşımı kim siləcək?" - deyən şairin çarəsiz çırpınışları idi qan ağlayan misraları:
 

MƏN BİR QULAM, YERİM ALTIN, SUYUM GÜMÜŞ,
ÖZÜM AC, ATAM MƏHKUM, ANAM SAİL,
ELİM HƏR ŞEYƏ MÖHTAC! DİL YARANIB DANIŞMAĞA,
MƏN DANIŞA BİLMİRƏM, AÇ QƏLBİMİ, YAR SİMƏMİ,
CİYƏR VƏRƏMDİR, VƏRƏM!..
KORAMAL TƏK SÜRÜNMƏKDƏ DENƏN VARMIDIR MƏNA?
NƏ VAXTACAN ÇÖRƏK ÜÇÜN GİRƏK HƏR ALÇAQ DONA?!

 
 
"Çörək üçün hər alçaq dona girə bilənlər" şairin bir tikə halal çörəyini zəhər etməkçin sanki yarışa girmişdilər. Yeni "ağaları" nın gözünə girmək üçün heç bir alçaqlıqdan çəkinməyən, sənəti məddahlıqdan ötəyə keçməyən, vaxtilə arxa sıralarda itib-batan, indi isə ön sıraya keçmək üçün fürsət tapan istedadsız məddahların sığındığı şər-böhtan siyasəti haqq deyənlərin səsini batırmaq üçün mənəvi, fiziki terrorun ideologiyasına çevrilmişdir. Amma şərəfi, namusu həqiqi Vətən sevgisindən yoğrulmuşların Ruhunu kölələşdirmək, Vicdanlarlnı susdurmaq mümkün deyildir:
 
 

MƏN AZƏRİ ÖVLADIYAM, DƏRİN ƏQLİM, ZƏKAM VAR,
NƏ VAXTACAN ÇİYNİMİZDƏ GƏZƏCƏKDİR YAĞILAR?!.
NƏ QƏDƏR Kİ, HAKİMLİK VAR, MƏHKUMLUQ VAR, MƏN VARAM,
ZÜLMƏ QARŞI ÜSYANKARAM, ƏZİLSƏM DƏ, S U S M A R A M!..

 

 

 

Onu mənəvi cəhətdən SUSDURA bilmədilər. Onun azadlıq eşqindən yoğrulan RUHunu QULa çevirə bilməyənlər onu fiziki cəhətdən məhv etdilər. Amma unutdular ki, O və onun kimilər Simurq quşu kimidilər. Yansalar da, küllərindən yenidən doğarlar. Onu fiziki cəhətdən məhv edənlər unutdular ki, tarixin ədalət məhkəməsi var, gec-tez haqq yerini tapacaq və hər kəsə layiq olduğu qiyməti verəcək. Əhməd Cavad və onun kimilər Vətəninin, millətinin "Haqq bağıran səsi"dirlər. Bu səsi SUSdurmağa heç bir rejimin, heç bir tiranın gücü yetməyəcəkdir.

 

Pakizə Babayeva
/İsveç-Bakı/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Dizdə şişkinlik inkişaf edənə qədər…

ALDP seçkilərlə bağlı qərarını verdi

“İnsan hüquqlarının qorunması media müstəvisində”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPT

Milli inkişaf strategiyasının müəllifi

Lerikdəki uzunömürlülər - FOTO

Qocalmanın qarşısını alan - püstənin FAYDALARI