"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

15:16 16-11-2019 | icon 252 | Siyasət
"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Tural İrfan: "Sonra da deyirlər ki, ölkədə sağlam müxalifət yoxdur"

 

"Reallıq və ölkədəki son durum bir daha sübut edir ki, AXCP sədri Razi Nurullayevin irəli sürdüyü bütün təkliflər, fikirlər öz təsdiqini tapır. Ona görə də hökumət radikal müxalifəti müxalifət kimi qəbul etməkdənsə, sivil mübarizə apararaq real təkliflərlə çıxış edən müxalifət partiyalarını dinləməlidir".

 

Bu sözləri Versus.Az-a açıqlamasında AXCP sədrinin müavini, İlahiyyatçı-yazar Tural İrfan deyib.

 

Partiya sədrinin müavini hesab edir ki, Əli Kərimli kimi radikal və qaragüruhçu şəxslərə əhəmiyyət verdikcə, onlar da özlərini əhəmiyyətli sayırlar və daha da cığallaşırlar:

 

"Əvvəla, onu hələ də AXCP sədri kimi təqdim etmək doğru deyil. Çünki məlum Qurultaydan sonra onun sədrliyini təsdiq edən heç bir sənəd, hüquqi təsdiq vasitəsi qalmamış, əsl AXCP sədri kimi Razi Nurullayev qəbul edilib. Prezident seçkilərində də Razi Nurullayevin təbliğat kampaniyası zamanı mötəbər mətbuat orqanları da haqlı olaraq Razi bəyi sədr kimi göstərib".

 

Tural İrfan bildirdi ki, reallıqda bu məsələ hüquqi cəhətdən tam dəqiqləşməsə də, ictimaiyyət artıq AXCP sədri kimi Razi Nurullayevi qəbul edir:

 

"Həm apardığı mübarizə, fəaliyyət, Elçibəy ideyalarına sədaqət, həm də Əli Kərimlinin bu ideyalardan uzaqlaşması, uzun illərdir kürsü hərisliyi, anti-demokrat idarəçiliyi, partiyanın çoxsaylı qruplara - partiyalara parçalanmasına rəvac verməsi, bu səbəbdən də xalqın AXCP-yə Elçibəy dövründəki rəğbətinin azalması onu göstərir ki, Kərmlinin artıq mənəvi cəhətdən bu partiyaya iddia etməsi əsassızdır. Ən pisi də odur ki, Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və mediası hələ də onu AXCP sədri kimi təqdim edirlər. Bu artıq o düşüncəni yaradır ki, demək onlar bu partiyanı da Əli Kərimliyə mənsub hesab edərək onun mənfi obrazı ilə bu siyasi təşkilatı eyniləşdirirlər. Əli Kərimlinin hələ də AXCP sədri kimi təqdim olunmasında maraqlı olanları başa düşmək olmur. Bunların fonunda da digər radikallar sivil müxalifətə hücuma keçir və nəticə etibarı ilə də iqtidarın qəbul etdiyi müxalifət Əli Kərimlinin dəstəsi olmuş olur. Bəs onda iqtidarın arzuladığı normal, sivil, doğru - əsl müxalifət hansıdır?"

 

T.İrfan deyir ki, iqtidar müxalifəti parçalamaq və üz-üzə qoymaq siyasətinə yenidən baxmalıdır. Onun fikrincə, müxalifətin parçalanması bilavasitə xalqın parçalanmasına xidmət edir. Xalqın parçalanması isə dərin fəsadlara yol aça bilər:

 

"İqtidar radikal müxalifəti pisləməklə yanaşı, sivil və normal müxalifəti də dışlayır. Parçalanmış müxalifətin arxasında gələn xalq nümayəndələrinin etiraz müxtəlifliyi heç də demokratik fərqli düşüncə tərzindən doğmur. Bir-birinə zidd və rəqib qoyulmuş müxalif partiyaların didişməsindən təngə gəlib lidersiz formada öz daxili etirazlarını ifadə etməyə qalxan kütlənin sayı artsa, idarəolunmaz xaos baş verə bilər. Narazı kütlə də kiməsə inanmalıdır. Son aksiyalarda biz gördük ki, etirazçılar fərqli-fərqli istəklər, tələblər irəli sürürdülər və onlar heç də Əli Kərimli və onun kimi özlərini lider sayanların çağırışı ilə çıxmış onun dəstəkçiləri deyildilər. Ona görə də sivil müxalifətin inkişafına imkan verilməli, bir masaya oturulmalıdır. Bu məsələni Razi Nurullayev dəfələrlə səsləndirib. İqtidar nümayəndələri təkəbbür taxtından düşüb səmimiyyət nümayiş etdirməli, xalqın dilində danışan, xalqın ürək sözünü deyən müxalifətlə danışmalıdır".

 

AXCP sədri R.Nurullayevin indiyədək onlarla təklifinin hökumət tərəfindən reallaşdırıldığını vurğulayan T.İrfan qeyd etdi ki, seçkiləri baykot edənlərdən fərqli olaraq xalqın rəyinə müvafiq qaydada seçkilərdə iştirak edirlər:

 

"Sivil və müasir dünya standartlarına uyğun mübarizə aparırıq. Bu halda bizə ögey münasibət sərgiləyənlər Əli Kərimlini AXCP sədri deyə təqdim edərək, hələ az qala ümumi müxalifətin başına keçmiş kimi göstərməyə çalışıb ondan qəhrəman obrazı düzəldirlər. Məhz onu müxalifət kimi təqdim etməklə xalqın ümumilikdə müxalifətə ikrahını formalaşdırılar. Sonra da deyirlər ki, ölkədə sağlam müxalifət yoxdur. Ona görə də hesab edirəm ki, iqtidar sivil, normal müxalifətlə bir masaya oturmalı, yeni düşüncəli, müasir fikirli demokratik qüvvələrlə fikir mübadiləsi aparmalıdır. Əks halda sabitqədəm müxalifətin fəaliyyətinə mane törədən Əli Kərimlilərə rəvac verənlər xalqın müxalifətə inamını zəiflədəcək. Bu da həm xalqın, həm müxalifətin, həm də hökumətin aparmaq istədiyi islahatların ziyanına olacaq. Ona görə də iqtidar radikal və yarıtmaz dəstəylə uğraşmaqdansa, təkliflərini nəzərə alıb icra etdiyi müxalifət zümrəsini reallıqda heç bir qısqanclıq etmədən danışıqlara getməli, islahatlarda kadr məsələlərində və digər real işlərdə nəzərə almalıdır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Növbədənkənar seçkiləri labüd edən məqamlar

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

“Həyəcan” düyməsi

"Mənim ixtiyarım öz əlimdə deyil"

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Milli Məclisin adı dəyişdiriləcəkmi?

2 həftə ərzində 90% xərçəng hüceyrələri məhv olur

Babamın mədəsini sağaldan -RESEPT

BSU-da “Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda dəyirmi masa keçirilib