İkihakimiyyətlilik, yoxsa, HAKİMİYYƏT VAKUUMU?

18:43 26-04-2018 | icon 258 | Kürsü
İkihakimiyyətlilik, yoxsa, HAKİMİYYƏT VAKUUMU?


NƏ VAXTA QƏDƏR?

 

ZAHİD ORUC

/millət vəkili/

 

Paşinyanın Saakaşvili olmadığını təkcə zahiri görkəmlərindəki fərqlərdən və ya kürəyində daim daşıdığı qara çantasından görmək olmur, eyni zamanda, Qafqazın bu iki xristian adasının tarixini dəyişməyə çalışan adamların mənəvi-siyasi portretləri arasında da uyğunluq tapmaq çox çətindir. Uzun illər nəhəng sovet sisteminin çekist-partiya məktəbindən və imeriyanın sonuncu Xarici işlər naziri vəzifəsindən köhnə kreslosuna-bu dəfə prezident kimi qayıdan Eduard Amrosoviçi 2003-cü ildə parlament tribunasından və hakimiyyətdən salan “qızılgül inqilabı”nın liderləri ilə müqayisədə Erməni Maydanını elan edən simalar 3 gündən artıqdır ki,devirdikləri Baş nazirin kreslosunu ələ keçirə bilmirlər.

 

Xalq qalib gəlib, onu bütün dünyada nümayiş etdirib, amma üzərində hökumət və müxtəlif nazirliklərin vahiməli adları yazılan saraylara onları yaxın buraxan yoxdur. Ya gərək konstitusiyanı bir kənara atıb, cəmi bir neçə hərflik lövhələri yerlə-yeksan edəsən və elə küçənin ortasındaca özünü Puqaçov, yaxud Qəzzafi kimi rəhbər elan edəsən, ya da “Qış sarayı”na yürüş edib çarın taxtını ələ götürməlisən. Hər halda hər ikisi şərq ölkəsidir-Liviya Cümhuriyyətinin lideri özünü ölənə qədər “birbaşa xalq hakimiyyəti”nin lideri sayaraq, əksər dövlət institutlarını ləğv elədi və titullu binalar əvəzinə millətini idarə edəndə də, qum krallığının sərhədlərindən kənara çıxanda da-Yeliseyin və ya Kremlin qarşısında dünyanın siyasi trendinə uymayıb bahalı otellərin rahatlığına yox, klassik çadırlara sığındı.

 

Yaxşı deyək ki, bədəvi etnik kökləri ərəbi liderinə yaşadığı əsrin geyim və siyasi modasına uymağa imkan vermirdi, bəs “qədim erməni xalqının üsyankar ruhunu” 21-ci əsrə daşıyan Paşinyana niyə bir nəfər də olsun demir ki, yarımhərbi köynəkdə ağır Tibet dalaylamaları yerişləri ilə öndə gedərkən heç olmasa, çantasını bir adamla bölüşsün. Millətin gələcək taleyini üzərinə götürənlərin dərviş kimi hərəkət eməsi yalnız “min bir gecə nağılları”nda olur. Hətta peyğəmbərlər belə bəşəriyyətin yükünü çiyinlərində daşıyan zaman Allah elçilərini sevənlərin iltifatından və yardımından imtina etmirlər. Küçədə başçı olmaq istəyən şəxs günü sabah ölkəsindən çıxarmaq istədiyi rus ordusunun liderini elə bu cür yarımhərbi libasda qarşılayacaq?

 

Gəlin, bir qədər keçmişə qayıdaq. Axı indiki İrəvan hadisələrinin analogiyası düz 100 il əvvəl Rusiya imperiyasının çöküşü zamanı yaşanıb. 1917-ci ilin fevralında Petroqraddakı inqilabdan sonra tarixdə “ikihakimiyyətlilik” adını alan situasiya meydana çıxmışdı. Nəydi o şəraitin səbəbi?

 


Məsələ burasındaydı ki, çarın yıxılması ilə yaradılan Müvəqqəti Hökumətlə Petroqradda əskər və fəhlə deputatlarının formalaşdırdığı Şuranın ikisindən biri ya sialhla, ya da səsvermə nəticəsində təkbaşına gücə çevrilə bilmədiyi üçün xalq parçalanıb ayrı-ayrı düşərgələr şəklində idarə olunurdu.Hökumət bütün ölkə boyu poçtu, rabitəni, bankları, bir sözlə iqtisadiyyat üzərindəki qərarvermə hüququnu əlində saxlayırdısa da Rusiyanın o zamanlar əsas ürəyinin-ordu qüvvələrinin yerləşdiyi Petroqraddakı silahlı hərbi birləşmələr sovetlərə tabe idi. İndi erməni xalqının istədiyi şəxs hər gün onların qarşısında tribunadan alovlu çıxışlar edir, mənəvi-siyasi hakimiyyətin ona məxsus olduğunu göstərir, komandası olmasa da həqiqi avtoritet kimi hərəkət edir, o biri yandan kabinetlərdə qorxu və səksəkə içərisində yaşayan Sarkisyan sistemi türmələrdən ta ucqar əyalətlərdəki marzalara qədər, öz nəzarətini qoruyub saxlayır. Yaradılmış İnqilab komitəsini elə meydandaca səlahiyyətləndirmək min illik dövlətçilik ənənəsinin olduğunu iddia edənlər üçün ölümə bərabərdir. Hətta sovet rejimindən sonra uzun müddət davam edən hakimiyyətsizlik fonunda Qafqazın hər üç ölkəsində pis-yaxşı rəsmi fəaliyyət göstərən iqtidar var idi. İndi İrəvanda can verən dövləti bolşeviklər və onun tarixi lideri Lenin kimi birisi-şərti olaraq,3-cü qüvvə irəli çıxıb ələ götürsə, ona müqavimət göstərməyə “Elk” liderinin gücü çatmayacaq.


Yaranmış böhranlı şəraitdə və hakimiyyət boşluğunda Paşinyan güc strukturlarını və maliyyə orqanlarını özünə tabe sayaraq hərəkət etməyə başlayan kimi küçə etirazları gerçək idarəçiliyə doğru yön alacaq. Əks halda prosesə yenə Petroqradın Silahlı qüvvələri yeriyəcək. Yəni, ordu işə qarışcaq. Onda Vihen arkisyan öz canının hayında olacaq. Hələ ki, bir-iki tabor şəklində kazarmalarını tərk edənlərin hesabına əvvəlki rejim başçısının taleyini həll edib və geriyə dönüblər, lakin iqtisadi-sosial itkilərin miqyası genişləndikcə əskər və zabitlərin mədəsi onları ayağa qaldıracaq. Bax onda, İrəvan küçələrini surət hüseynovlar başına götürəcək.

 

Paşinyanın çox az vaxtı qalıb.Hazırki xaosdan çıxmadan oturub rus hərbi bazası əleyhinə ultimatumlar yağdırmaq vəziyyəti tam nəzarətdən çıxara bilər. Bu Dudayevin özünə imzaladığı ölüm fərmanına bənzəyir. Putin Qafqazdakı sonuncu qalasından çıxsa, onun Yaxın Şərq epopeyası iflasa uğraya bilər. Hələ Ukraynanı demirik.Donbas Rus dövlətinin tərkibinə qatılırkən, 100 illik təbəəlikdən kimisə çıxmaq istəməsi yarımfiloloji-macərapərəstlikdir. Onsuz da Nikol heç diplomu da almadan Universiteti tərk edib. Qorx ki, indi də belə olsun. Qərb ordularını Gümrüdə təsəvvür eləmək dəlilikdir. Obamanın edə bilmədiyini Paşinyan gerçəkləşdirəcəkmiş. Nağıldır.


Ona görə də soyuq ağılla hərəkət edib, hələ ki, geopolitik müstəqillik və həqiqi azadlıq barəsindəki mifləri bir kənara qoymaq, vaxt itirmədən hakimiyyəti ələ almaq lazımdır. Əks halda pensiya və maaşları itirdiyini hiss edən kütlə əsil yağmalama və talançılığa, vətəndaş toqquşmasına baş vuracaq. Varlılara nifrətin hər addımda duyulduğu məmləkətlərin hamısında bolşevizmin böyük potensialı və təhlükəsi var.

 

Sarkisyan erasının başlaması 1999-cu ilin parlament gülləboranı ilə daha da tezləşmişdi və kriminal-oliqarxik sistemin hökm sürdüyü son 18 ildə mərkəzi hakimiyyət hər zaman bako saakyanların söykəndiyi böyük qüvvə idi. İndi Paşinyanın arxasınca gedənlər Qarabağda sabit görünən, lakin 90 cı illərin işğal reallığının nəticəsində formalaşan piramidal cinayətkar rejimin də gələcəyini təhdid edir.

 

Demokratiya inqilabı Avrasiya məkanında, o cümlədən,dünənəqədər vassalı olduqları Rusiya məkanında yoluxdurucu virusa çevrildikcə, Xankəndindən qaçış qarşısıalınmaz olacaq.Səngəri qoyub gedən ordu birləşmələri Azərbaycandan qopardıqları ərazilərdə dövlət qurmaq xülyasını puç adlandırıb, süngülərini öz komandirlərinə və siyasi rəhbərlərinə qarşı çevirəcəklər.

Bax onda İrəvan və Xankəndi uğrunda dava birləşəcək!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

Nazirlikdən XƏBƏRDARLIQ

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İxtisas seçimi bu gün başa çatır

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq