Ən böyük seçki texnoloqu Daxılın ismarıcı

09:21 28-01-2020 | icon 1502 | Köşə
Ən böyük seçki texnoloqu Daxılın ismarıcı

“..Guya mən biymiyəm ki..”

 

İGİD TEYMURLU

 

Xalam oğlu Daxıl yuxuda mənə ismarıc göndərirdi. Daxıl ismarıcında ərz edirdi ki, “ay xaya oği, bı 9 fevyay gəyib keçseydi və bı deptatxana da öz işinə başdaseydi, vayya bizim də cayımız dincəyəydi e. Eyə bı söz veyən namizəddəy də gedib biy az dincəyəydilər. Payi-piyada yoyyayda gəzməydən yazıq oyubyay e, lap əhddəyi kəsiyib e. Hökmətün namizəddəyiynən hökmətdən betəy hökmətdiy eyiyyən biy qisim “öz təşəbbüsü” və “bitəyəf” oyan namizəddəy seçiciyəynən  göyüşə gedəndə  “seyyə bayonnaynan çıxıy”, başqayayisə həyə niva minmeyyəy ki, biydən bədbaxt seçici oyaya iyad tutay ki, bına bax e, aytində “çeşka”si, aytində “yeşka”si, onun nə vecinə e? İcyanun adamyayi hökmətyönnü namizəddəyün qabağində quy kimi dayaneyyəy, ama bıbisi namizəddəyün qabağində özdəyin Xudayay bəy kimi apayıb öz zoğal ağacdəyinün zəybini oyaya göstəyeylər. Guya mən biymiyəm ki, heyə bıyay özdəri seçiləcey də”...

 

Telefonun zəngi məni yuxudan ayıltdı. Xalam oğlunun yuxuda mənə ünvanladığı ismarıc məni xeyli düşündürdü. Elə o ismarıcın fövqündə həm də düşündüm ki, Azərbaycanda ən böyük seçki texnoloqu mənim xalam oğlu Daxıldı...

 

Daxılın mənə yuxuda dedikləri günümüzün reallığı idi. Zatən istər bölgələrdən olsun, istərsə də paytaxt Bakının bütün rayonlarından seçki kampaniyasıyla bağlı mətbuata ünvanlanan qanun pozuntularından bəhs edən şikayətlər də Daxılın fikirlərilə üst-üstə düşür.

 

İndi bax bu internet əsrində guya Məzahir əfəndi üzü Yardımlıdan ta Zaqatalaya qədər, üzü Bakıdan ta Qazaxa qədər hər gün baş verən bu kimi qanun pozuntularını görmür ki?

 

Bu internet əsrində guya Məzahir əfəndi bir namizədin qardaşının şəhər DSK sədri, qayınlarının məntəqə komissiya sədrləri olmasını, elə həmin namizədin görüşlərinin təşkil edilməsində icra strukturlarının qul davranışı nümayiş etdirməsini görmür ki?

 

Bu internet əsrində guya Məzahir əfəndi yerli icra nümayəndələrinin YAP deputatları qarşısında 8 qat əyilməsini, onlara sürücülük edib kəndbəkənd gəzdirərək görüclərini harada istəyirlərsə elə orada da keçirmələrini, amma öz təşəbbüsüylə namizədliyini verənlərə gələndə "biz seçkiyə qarışmırıq" deyə ədəbazcasın davranmasını, seçki qanunvericiliyini pozmasını görmür ki?..

 

BİLMİRƏM NƏ ÇİKARƏDİ Kİ, BU DA MƏZAHİR PƏNAHOVUN SAYƏSİNDƏ TƏŞƏKKÜL TAPIB. HƏM SEÇKİ KAMPANİYASI, HƏM DƏ SEÇKİLƏR O QƏDƏR ŞABLON VASİTƏLƏRLƏ KEÇİRİLİR Kİ, HƏTTA UCQAR YARDIMLININ ODURAĞARAN KƏNDİNƏ GEDİB XALAM OĞLU DAXILDAN  BELƏ SORUŞSAN Kİ, AY DAXIL, MƏSƏLƏN, SURAXANININ, YAXUD YARDIMLININ DEPUTATI SƏNCƏ KİM OLACAQ, FATİNİN DƏDƏSİNİN CƏDDİ HAQQI AĞZINIZI AÇMAMIŞ DEYƏCƏK Kİ, FİLANKƏS. Bu baxımdan Azərbaycanda ən savadlı seçki texnoloqu mənim xalam oğlu Daxıldır...

 

Rayon yerlərində “xalq öz sözünü deyəcək” ifadəsinin özü artıq gülüş doğurur. Adam, sən “kampaniya aparılarkən belə görüşə gedənlərin nəsil-nəcabətini sorğu-suala tutub qorxudur”sansa, sabah seçki günündə nə olacaq, bax bu, gün kimi hər kəsə aydındır...

 

Heyif deyil şəhər yeri? Seçicinin nə dədəsini, nə nənəsini tanıyırsan. Küçənin bu başında səni səsləyəndə o başında olduğunu deyib, işini bitirirsən. Ya da SEÇKİNİN SAQQALLI PERSONAJLARI kimi bir ikarus adam toplayıb seçicilərlə görüşünü karusel əməliyyatı çərçivəsində gerçəkləşdirirsən. Ya da ki, işini  Suraxanı seçicilərinin 10 ildən çoxdur ki, üzünü görmədikləri, səsini eşitmədikləri FƏRƏC QULİYEV & SEVİNC FƏTƏLİYEVA kimi qurursan. Allah bilir Fərəc bəy hansı isti bucaqda oturub seçki seyrəngahına tamaşa edir. Ağıllı adamdı. Nə hərləyir e, seçicinin filan problemi var. Əsas odur ki, hər gün get otur deputatxananın isti bucağında, Oqtay Əsədov da sənə göz-qaş edəndə qarşındakı knopkanı bas, sonra yat. İclasdan sonra da dal qapıdan çıx get ki, şikayətə gələn seçicilər səni qapıda tuta bilməsinlər. Zəng edəndə də Nərimanovda yumşaq kresloda gərnəşə-gərnəşə denən ki, xaricdə filan tədbirdəyəm, yaxud seçicilərlə görüşdəyəm. Özünə də bir köməkçi götür, adını yaxşı pullu bir işə aformit elə, o da ayda aldığı yaxşı para müqabilində sənə gələn zənglərin hər birinə min bir bəhanə ilə "yaxşı yol" desin. Oğlun, qızın, bütün qohum əqrəbaların iş-güclə təmin olunsun, sənin seçicilərin əhli Qaraçuxur deyil ki, sənin seçicilərin onlardı da...

 

Heç belə kefdən qaçmaq olar? "Qoy mən salim olum, özgələr ilə nədi karim" bax buna deyirlər.

 

Yoxsa bax elə bu SEVİNC FƏTƏLİVAnı götürək. Ay xanım əfəndi, bax sənə deyən var ki, (amma yuxarıların deməsini, məcbur etməsi haqda bir məlumatım olmadığı üçün bu barədə heç nə deyə bilmərəm haa) dur get Zığ qəsəbəsinə? Bilmirsən ki, Zığdakı, Hövsankənddəki, Dədə Qorquddakı, Suraxanının Xəzər rayonundan cigir-cigirlə aldığı Binə qəsəbəsi, sovxoz ərazisində problemlər o qədərdir ki, yeri yerindən oynadır? Fəaliyyətsizliyinizin sayəsində yerlə göy birləşsə də, bu problemlər həll olunana qətiyyən oxşamır? Görmürsən ki, iki gündən bir Zığ yerindən oynayır, sürüşür...

 

Bir də ki, Sənin ağlın DƏDƏ QORQUDa getməsin e.

Elə həmkarınız FƏRƏC QULİYEVin də ağlı o tərəflərə getməsin.

 

Allah ölənlərinizi rəhmət eləsin, siz o vaxtlar uşaq olardınız, siyasi səhnədə ölən Hacıbala müəllim hələ o vaxtı deyirdi ki, darıxmayın gələn il yollar düzələcək. Darıxmayın kanalizasiya çəkiləcək. Darıxmayın, buradan "Xalqlar Dostluğu"na marşrut açılacaq...

 

Bax o yazıq kişi elə "soğan" deyə-deyə getdi, amma o problemlər düzəlmədi ki, düzəlmədi...

 

İndi ay Sevinc xanım, Sizin ağlınız ÜMİD PARTİYASININ sədri İQBAL AĞAZADƏyə sarı getməsin. İqbal bəyin seçki texnologiyası bambaşqa şeydir. Bunun üçün sən bütövlükdə Azərbaycan adlı Seçicinin dərd-sərini oxumağı, o dərd-sərlə yaşamağı, o dərd-sərdən çıxış yolu arayıb insanları öz ardınca aparmağı və əməlinlə bütün bunları sübut etməyi bacarmalısan.

 

İqbal Ağazadəni göylərə qaldıran Onun Vətən Sevgisidir.

İqbal Ağazadəni göylərə qaldıran Onun Sözüdür.

İqbal Ağazadəni göylərə qaldıran Onun Əməlidir.

İqbal Ağazadəni göylərə qaldıran Sözüylə Əməlinin cilalaya bilmək bacarığı və bunu bütün çılpaqlığıyla cəmiyyətə təqdim etməsidir.

İqbal Ağazdəni göylərə qaldıran Seçici Harayını eşidəndə Ona sarı yürüyərək çatmasıdır.

İqbal Ağazadəni göylərə qaldıran Onun problemlərə tam zamanında və gərəkən tərzdə müdaxilə edib nəticə etibarilə nəsə uğurlu sonluq əldə etməsidir.

İqbal Ağazadəni göylərə qaldıran dünən dediklərinin, dünən etdiklərinin altından bu gün də imza atmaq qüdrətində olmasıdır.

İqbal Ağazadəni göylərə qaldıran Onun seçici üçün hər zaman əlçatan olmasıdır...

 

Amma Siz Sevinc xanım 10 il mənim namizədim olmusunuz, sizə nə səsim çatıb, nə ünüm yetib. Sizi evimə dəvət etmişəm ki, sən də gəl mən yeyən soğan-sudan ye, sən də gəl mənim kimi palçıqlı və marşrutsuz küçəylə yürü, sən də gəl doğmalarının problemlərini həll edə bilmədiyinə görə gilələnən göz yaşlarını Allahın özünə doğru atmağa məcbur qalmanın yaşantılarını yaşa.... Gəlməmisən.... görməmisən... eşitməmisən.... Nə sən, nə də danışanda Çinin də o səddi bunun qorxusundan saldığını iddia edən Fərəc Quliyev də. Hər ikiniz bütün zamanlarda seçicidən uzaq olmusunuz, özünüzü elitar təbəqə nümayəndəsi kimi aparmaqla seçiciyə yuxarıdan baxmısınız. Xarici dil bilməyinizi əldə tutalğacc etməklə sizlər həm də xalqın dilini hələ də bilmədiyinizi, öyrənmədiyinizi ortaya qoymusunuz. Gedin İqbal bəylə söhbət edin. Bilmirsən ki, bu adam dilçidir, bu adam tarixçidir, bu adam hüquqşünasdır, bu adam ədəbiyyatşünasdır, bu adam hərbçidir, bu adam tərcüməçidir, bilmirsən ki, bu adam.... Sonda bildiyin bu olacaq ki, İqbal Ağazadə bütün ağrınla, bütün acınla, bütün Sevginlə, bütün nifrətinlə yaşayan SƏN ÖZÜNSƏN.

 

Siz Sevinc Fətəliyeva kimi, siz Fərəc Quliyev kimi, siz nə bilim kim kimi deputatxana işçiləri xalqın dilini öyrənə bilmədiniz, xalqla yad dildə danışmağı özünüzdə aşırı dərəcədə adət halına gətirdiniz. Sizlərin o deputatxanada oturmağınız sizlərə nə qədər qazanc bəxş edibsə, ondan da 5 qat artığına itirmisiniz. Bu gün siz o deputatxanadan kənarlaşan kimi unudulacaqsınız, boykot ediləcəksiniz.

 

Amma İqbal Ağazadələri gördünüzmü? Sizlər deputatxanada otura-otura sizləri millət vəkili kimi tanıyan yox idi, amma İqbal Ağazadələr, Sabir Rüstəmxanlılar deputat olmaya-olmaya Azərbaycan seçicisi hər zaman və hər yerdə Onları “sayın millət vəkilim!” deyə qarşıladı...

 

Sizləri də qarşılayan, sizlərə də keçin oturun yuxarı başda deyən var – ancaq sizləri yuxarı başa dəvət edən adından tez-tez danışdığınız xalqdan daha çox o möcüzəli qutudur. O möcüzəli qutunun öz seçki texnoloqu var, bir fil-filoyla yenə də gərəkən adlar o qutudan çıxacaq, darıxmayın...

 

Bu baxımdan sizin kimi deputatxana işçiləri həm də gedin dua edin. Dua edin və deyin ki, Allah Sənin yeddi arxa dönəninə 125 dəfə rəhmət eləsin, ay CƏFƏR VƏLİYEV. Nostradamus da, Vanqa da, Kaşpirovski də, lap elə bizim o cin-şəyatin ordusu ilə adamları zəlil etmək qüdrətində olan baxıcılarımız da qələt eləyirlər Məzahir Pənahovun yanında. Məzahirr müəllimin metod və vasitələri dünyaya bir örnəkdir. Hər sahədə olduğu kimi seçki texnologiyasını da, deputat fəaliyyətini də dünya bizdən öyrənməlidir...

 

Vallahi bütün bunları deməkdən əməlli başlı yorulduq. Doğrudan da, Azərbaycanın ən böyük seçki texnoloqu olan xalam oğlu Daxılın sözü olmasın, 9 fevral gəlib keçsəydi, həm sizin, həm də bizim canımız dincələrdi...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin