Hansısa “kölgə"yə güvənərək Qarabağda gizlənənlərin sonu bitəcək

17:05 31-08-2023 | icon 760 | Siyasət
Hansısa “kölgə"yə güvənərək Qarabağda gizlənənlərin sonu bitəcək

Mahir Abbaszadə: "Ordumuz Xankəndidə, digər ərazilərimizdə də öz sözünü deyəcək və bütün məsələlər kökündən həllini tapacaq”

 

Ötən həftə, avqustun 26-da Azərbaycan özünün Ali rəhbəri ilə bir yerdə, böyük sevinc hissi ilə işğaldan azad edilmiş Laçının “şəhər günü”nü qeyd etdi. Prezidentin Özbəkistan prezidenti ilə Füzulidəki açılışlarda iştirakı, oradan Şuşaya, Kəlbəcərə, sonra Laçına gəlişi və “Laçın Şəhər günü” ilə bağlı etdiyi çıxışlar, laçınlılarla görüşü zamanı dediyi sözlər bir daha dünyaya mühüm mesajlarını ötürmüş oldu. Laçın günü hələ də öz iddiaları ilə çabalayan Ermənistana və onun pul gücünə danışdırdığı xarici quruplara, Azərbaycan daxilində suverenliyimizi, rahatlığımızı pozmağa çalışan erməni separatçılarına hansı reallığı anlatmış oldu? “Laçın günü” Şərqi Zəngəzurda hansı prosesin davamıdır və hansı yeni mərhələnin başlanğıcından xəbər verir?



Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Mahir Abbaszadə mühüm məqamlara diqqət çəkib.

 

- Mahir müəllim, ötən həftə “Laçın Şəhər Günü” böyük təntənə ilə qeyd edildi. Prezident İlham Əliyevin bu tarixi günlərdə Laçına səfəri və orada etdiyi çıxışlar nədən xəbər verir?

 

- Möhtərəm Prezident, cənab İlham Əliyevin cərəncamı ilə avqust ayının 26-da “Laçın şəhər günləri” qeyd edildi. Bu münasibətlə Laçına gedən cənab prezident İlham Əliyev və ölkənin Birinci vitse- prezidenti Mehriban xanım Əliyeva şəhərə köçürülmüş laçınlılarla görüşdü. Bu görüş təbii ki, hər bir laçınlının həyatında olduqca yaddaqalan günlərdən biri olacaq.
Şəhər gününün qeyd edilməsi hər bir laçınlının içindəki fəxarət hissini artırdı. Çünki məcburi köçkün düşmüş insanlar 30 il müddətində bu torpaqdan ayrı düşsələr də bu qayıdış onların qəlbində xüsusi bir dilək, istək olaraq daim özünəməxsus bir yer tuturdu.
Cənab prezident Laçında, laçınlılarla görüşündə çıxış etdi və bir daha çox ciddi şəkildə bəyanatlar verdi. Həmin bəyanatlar göstərir ki, Azərbaycan işğaldan azad olunan ərazilərdə, konkret olaraq Laçın rayonunda bərpa quruculuq prosesini sürətlə davam etdirməkdə, əhalinin yenidən bu yerlərə köçürülməsini təmin etməkdə, sərhədlərimizdə sülhün və təhlükəsizliyin davam olunmasında israrlıdır. Onu da qeyd etmək lazımdır ki, aparılan bu quruculuq, məskunlaşma işləri göstərir ki, Azərbaycan dövləti bu yolda işlərini qətiyyətlə, sürətlə davam etdirir. Düşünürəm ki, sonunda biz Laçın rayonundan məcburi köçkün düşmüş insanların hamısını öz ata-baba yurdlarına qaytara biləcəyik.

 

- Laçına qayıdışımız fonunda bərpa, məskunlaşma prosesini necə dəyərləndirərdiz. Laçının neçə kəndi öz sakinlərini qəbul edib, neçəsi bu qəbula hazırdır?

 

- Son vaxtlar Laçın rayonunun şəhər mərkəzinin və Zabux, Sus kəndlərinin bərpa prosesinin sürətlə həyata keçirilməsi nəticəsində əhalinin geri qaytarılması ardıcıl şəkildə davam edir. Bu fonda Laçının bərpa prosesi gözlədiyimizdən də artıq sürətlə davam edir. Laçın şəhər mərkəzinə bu günə qədər təxminən 250-dən artıq ailənin köçürülməsi təmin edilib. Bu da təxminən 1000 nəfər deməkdir ki, artıq Laçının sakinləri öz ata-baba yurdlarında yaşamağa başlayıblar. Bununla bərabər həm də Laçın rayonunun Zabux kəndinə 223 ailənin köçürülməsi nəzərdə tutulur. Amma ilkin mərhələdə Zabuxa 20 ailənin köçürülməsi təmin edilib. Düşünürəm ki, ilin sonuna qədər həm rayonun şəhər mərkəzinə, həm də Zabux kəndinə köç prosesi sürətlə davam edəcək. Bizdə olan məlumatlara görə ilin sonuna qədər 1000 ailənin Zabuxa və şəhər mərkəzinə köçürülməsini təmin edəcəyik ki, bu da Laçın rayonunun bərpa- quruculuq prosesinin sürətlə aparılmasının, eyni zamanda insanların geri qayıdışı ilə öz məcrasına dönüşünün göstəricisidir.

 

- Şərqi Zəngəzur iqtisadi rayonunda məskunlaşma üzrə göstəricilərə diqqət çəkən ekspertlər Laçında aparılan məskunlaşmanın daha tez və əhatəli başlamasının xüsusilə strateji əhəmiyyətə malik olduğunu qeyd edir. Mahir müəllim, Laçına qayıdışın daha təkmil və sürətlə aparılması bölgə ilə bağlı proseslərə nə vəd edir?

 

- Laçın rayonunun yerləşmə coğrafiyasına baxsaq görərik kı, rayon Ermənistanla sərhəd rayonları içərisində ən yaxın məsafədə yerləşir. 1992-ci ildə Birinci Qarabağ müharibəsi dövründə də məhz Laçının və Şuşanın ermənilər tərəfindən işğal edilməsi Qarabağla Ermənistan arasında coğrafi bağlantının yaranmasına səbəb oldu ki, bundan sonra düşmənin bütün silah-sursatı ilə Qarabağa daşınması təmin edilirdi. Və bundan sonra Azərbaycanın digər torpaqlarının işğal prosesi sürətlə həyata keçirildi.
Laçın rayonunun böyük strateji əhəmiyyəti ondan ibarətdir ki, rayon sərhəddə yerləşir. Bizim qayıdış prosesini sürətlə həyata keçirməyimiz və rayonda sürətlə formalaşmağımız düşmən tərəfə açıq -aşkar mesaj verir ki, bu yerlərin daimi sakinləri qayıdıblar, azərbaycanlılar artıq sərhədlərdə möhkəmlənir. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda quruculuq işlərinin həyata keçirilməsi göstərir ki, Azərbaycan dövləti həm sərhədlərdə, həm də Qarabağda apardığı bərpa- quruculuq işlərini təsadüfi proses olaraq həyata keçirmir, nə etdiyini bilir.

 

- Necə hesab edirsiz, Laçına qayıdışımız bölgə, bütövlükdə Laçın ətrafında Ermənistandan qaynaqlanan, xaricdə kampaniya xarakterli başladılan “törəmə sərhəd-keçid” müzakirələrinin qarşısını ala biləcəkmi və düşmənlərimizə, bu bölgədə marağı olan güclərə nəyi anladacaq?

 

- Xatırlayırsınızsa, 2021-ci il dekabrın 21-də cənab prezident əhaliyə müraciət edən zaman qeyd edirdi ki, Laçın rayonunun statusu ilə bağlı əvvəl 35 kilometr, sonra 25, daha sonra 20, 10, nəhayət 5 kilometrin dəhliz olmasına razılaşdıq. Bu da yeni yol qurulduqdan sonra Laçının mərkəzi, Zabux və Sus kəndlərinin boşaldılmasını nəzərdə tuturdu. Biz tez bur zamanda bunu həyata keçirdə bildik. Biz o zaman ermənilərin Laçın ərazisindən keçən Ermənistan-Xankəndi yolundan istifadə etməsinə imkan verirdik. Amma sonralar gördük ki, ermənilər həmin humanitar məqsədli yoldan hərbi məqsədlər üçün istifadə etməyə başladılar. Eləcə də, başqa ölkələrdə axtarışda olan cinayətkarların bu yoldan asanlıqla gediş-gəlişinin təmin edildiyini müşahidə etdik. Belə olan halda təbii ki, Laçın yolunda Azərbaycan sərhəd keçid buraxılış məntəqəsinin qoyulması mütləq idi və biz buna nail ola bildik. Amma Azərbaycan humanist davranışı ilə bu gün də həmin sərhəd məntəqəsindən erməni əsilli şəxslərin rahat şəkildə gediş-gəlişini təmin edir və bütün dünya da bunu izləyir.
Təbii ki, buraxılış məntəqəsinin qurulması Azərbaycanın sərhəd təhlükəsizliyinin, güclərinin artırılmasına imkan yaratdı. Biz birinci növbədə sərhəddə sərhəd keçid məntəqəsi qurmaqla erməni silahlı qüvvələrinin Qarabağa silah daşımasının qarşısını aldıq, sərhədlərimizdə təhdid yarada biləcək hərbi postların kənara çəkilməsinə nail ola bildik. İnsanlarımızı, bu yerlərin əzəli sakinlərini öz evlərinə, yurdlarına köçürməklə həm də göstərdik ki, bu ərazilərdə nə qədər erməni və digər postların olmasına baxmayaraq, Azərbaycan öz ərazilərində, sərhədində möhkəmlənməkdə davam edir. Çünki Azərbaycan xalqı öz Ali Baş Komandanına, öz ordusuna inanır. İnanır ki, silahlı qüvvələrimiz Azərbaycanın sərhədində kifayət qədər etibarlı şəkildə dayanıb, möhkəmdir. İnanıram ki, bundan sonra da Azərbaycan Ordusu həm sərhəd keçid məntəqəsində, həm də sərhədlərimizdə güclü, əzimli şəkildə xidmət aparacaq, bu əraziyə köçürülmüş əhalimizin təhlükəsizliyi ən yüksək səviyyədə təmin ediləcəkdir.

 

- Artıq 3 ilə yaxındır ki, Ermənistan 10 noyabr üçtərəfli sazişindən irəli gələn bu və ya digər öhtəliklərini yerinə yetirmir, hərbi təxribatlar törədir, “Laçın yolu ilə bağlı” məsələni beynəlxalq müstəviyə daşımaqla vəziyyəti gərginləşdirmək, bundan özlərinə “status” qazanmağa çalışır, müxtəlif manipulyasiyalara əl atırlar. Bu, insanlarımızın öz yurduna köçünün təmin edildiyi bir zamanda təhlükəsizlik, sərhəd toxunulmazlığı ilə yanaşı, qeyri-qanuni silahlı terrorçu dəstələrə qarşı hansı hərbi “baş planın” hazır olduğundan xəbər verir?

 

- 10 noyabr bəyannaməsinin müddəalarına uyğun olaraq, Rusiya sülhməramlıları Qarabağda fəaliyyətə başlayan ilk zamandan etibarən həmin ərazilərimizdə qalan qeyri-qanuni erməni silahlı birləşmələrin dərhal ərazidən çıxarılmasını təmin etməli idi. Təbii ki, bu öhtəçiliyi Ermənistan tərəfi öz üzərinə götürüb və digər tərəfdən Rusiya də öz üzərinə öhtəlik götürüb ki, bu prosesin həyata keçirilməsində fəal rol oynayacaq. Amma biz sonrakı mərhələlərdə gördük ki, 10 noyabr bəyannaməsinin müddəaları icra edilmir, bəzən sülhməramlılar Qarabağda olan erməni qeyri-qanuni silahlı birləşmələri sanki himayə edib ərazidə qalmasını təmin edir. Belə olan təqdirdə Ermənistan Qarabağda qalan silahlı qüvvələrini çıxartmaq əvəzinə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi ilə müxtəlif manipulyasiyalara əl atır və bununla da guya Qarabağda yaşayan erməni azlığının humanitar fəlakətlə üzləşdiyini iddia edir, müxtəlif cəfəng çıxışlarla prosesi başqa istiqamətə yönəltməyə çalışırlar. Təbii ki, bu oyunların hamısı Laçın sərhəd buraxılış məntəqəsinin qapadılmasına, eləcə də həmin yoldan istifadə edərək öz mənfur, revanşist niyyətlərini gerçəkləşdirməyə yönəlib. Ermənistan və onun beynəlxalq müstəvidəki himayədarları erməni humanitar yüklərin Laçından keçərək Qarabağa aparılmasını iddia etməklə özlərinin birbaşa beynəlxalq hüququ pozduqlarının fərqində olduqları halda öz iddialarını həyata keçirmək üçün əllərindən gələn cəhdləri edirlər...
Lakin Azərbaycan dövləti, xalqı artıq son 30 ildə bu cür erməni riyakarlığını və beynəlxalq təşkilatların ikilistandartlı fəaliyyətini görüb və artıq özünün hədəflərini qəti şəkildə müəyyən edib.
Lakin onu da qeyd etməliyik ki, Azərbaycan ordusu istər sərhədlərimizdə, istərsə də Qarabağın içərisində antiterror əməliyyatları aparmağa hazır vəziyyətdədir. Erməni separatçıları artıq başa düşməlidir ki, biz nəinki torpaqları işğaldan azad etmişik, həm də o torpaqlarda bərpa-quruculuq işlərini də həyata keçirmişik və bu proses davam edəcək. Biz sürətlə Laçının kəndlərinə və rayon mərkəzinə köç prosesini həyata keçirdirik. Eyni zamanda biz Füzuliyə, Zəngilanın Ağalı kəndinə, Talış kəndinə ailələrin köçürülməsini təmin edə bilmişik. İlin sonuna qədər həm Cəbrayıla, həm Füzuliyə, Şuşaya, Laçına köç prosesi intensiv davam edəcək. Bu onu göstərir ki, Azərbaycan dövləti bir tərəfdən işğaldan azad etdiyi torpaqları qurur, yaradır, başqa bir tərəfdən isə bu torpaqlarda təhlükəsizlik tədbirlərini uğurla həyata keçirdir. Eyni zamanda bu torpaqlardan məcburi köçürülən insanların öz yurduna geri qaytararaq onların öz ərazilərində, öz ata-baba yurdlarında yaşayışını təmin edir.
Qarabağdakı separatçılar bir daha başa düşməlidirlər ki, bu prosesin geriyə dönüşü yoxdur. Proses irəlilədikcə Azərbaycan öz sərhədlərində daha da möhkəmlənəcək. Proses qabağa getdikcə biz daha çox məcburi köçkünü öz yurdlarına qaytara biləcəyik. Təbii ki, hansısa “kölgələrə” güvənərək Qarabağda gizlənən separatçıların bir gün sonu gələcək. Azərbaycan silahlı qüvvələri bütün ərazisində, eləcə də ermənilərin məskunlaşdığı Xankəndidə də öz sözünü deyəcək və bütün məsələlər kökündən həllini tapacaq. Laçın şəhər günü bu gün həm də hər kəsə bu mesajlarını bir daha vermiş oldu. Laçınlı günümüz xeyirli olsun. /"Həftə İçi" qəzeti/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol