Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

18:34 18-02-2020 | icon 516 | Siyasət
Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

Qabil Hüseynli: “Azərbaycan Prezidenti Paşinyanla debatda onun saxta və çox savadsız arqumentlərini alt-üst etdi”

 

Bu gün ölkə gündəmini fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan panel müzakirələri zəbt edir. Həmin görüşdə ölkə başçımız İlham Əliyevin Paşinyana verdiyi tarixi dərs, eləcə də Azərbaycan torpaqlarının işğal olunması, Ermənistanın işğalçı siyasəti, Azərbaycanda törətdiyi soyqırım və qətliamlar, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı beynəlxalq hüquqa söykənərək, beynəlxalq təşkilatların atmalı olduqları qəti addımlar barədə səsləndirdiyi fikirlər, münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesində ölkəmizin qəti mövqeyini bir daha ortaya qoydu.

Bu görüşün əhəmiyyəti nədir və münaqişənin həlli ilə bağlı regiona nələri vəd edəcək? Nəhayət, son proseslər  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tələb edən və danışıqlar prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunda olan həmsədr dövlətləri “diksindirib ayılda” biləcəkmi? Və yaxud, işğal altında saxlanılan torpaqlarımızın qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin icra olunmasına hansı təkanı verəcək və bu qurumları nəhayət ikili standartlı yanaşmalardan əl çəkib münaqişəyə ədallətli yanaşmasına   öz təsirini verə biləcəkmi?

 

Hazırda ölkə və eləcə də dünyada mövcud vəziyyət siyasi təhlilçilər tərəfindən analiz olunmaqdadır. Məsələ ilə bağlı ölkənin nüfuzlu politoloqları Qabil Hüseyli və Fikrət Sadıqov "Üç nöqtə"yə şərh veriblər. Versus.Az həmin şərhi təqdim edir:

 

 

“Post-sovet məkanındakı münaqişələrin həll edilməsi Qərbin birmənalı mövqeyinə söykənir”

 

Politloq Qabil Hüseynli  ilk olaraq Münhen Təhlükəsizlik Konfransının xarakterini və mahiyyətini  önə çəkib. Bildirib ki, Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizliyin qorunmasına həsr edilmiş bir formdur. Dünyanın müxtəlif ölkələrinin başçıları, tanınmış siyasətçlər, elm, iş adamları bu prosesə cəlb olunur və dünyada getdikcə artan gərginliyin aradan qaldırılması üçün təkliflər irəli sürürlər. Politoloq bildirib ki, Azərbaycan Prezidenti də bu tədbirdə iştirak etməklə dünya ictimaiyyətinin diqqətini cəlb edə bildi.

 

“Prezidentin belə bir tədbirdə iştirakı daha çox Dağlıq Qarabağla bağlı Form iştirakçılarını məlumatlandırmaq və Ermənistanın işğalçı siyasətini qabartması oldu. Prezident daha sonra ATƏT-in Minsk qrupu vasitəsi ilə aparılan danışıqlar prosesində bu ölkənin danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması, etnik təmizləmə prosesini həyata keçirərək Azərbaycanın 20 faizdən çox torpaqlarını işğal etməsi, bu torpaqları geri qaytarmaq istəməməsi, sülh danışıqları prosesini uzatması kimi məsələlər ətrafında həm form iştirakçılarına məlumat verdi, həm də, Ermənistanın baş naziri Paşinyanla debatda onun saxta və çox savadsız arqumentlərini alt-üst etdi”.

 

Q.Hüseynli hesab edir ki, Münhen Forumunda belə bir məsələnin dövlət başçısı səviyyəsində qaldırılması böyük əhəmiyyətə malikdir. Çünki Forumda  Ermənistan-Azərbaycan arasındakı müharibə, torpaqların işğal faktı, eləcə də torpaqlardan 1 milyondan çox adamın etnik təmizlənməyə məruz qalması, o kontekstdə həyata keçirilən Xocalı soyqırımı və sair  məsələlər Azərbaycana qarşı yönələn terrorçi siyasəti açıq şəkildə göstərdi.

“Debatda Ermənistanın baş nazirinin savadsızlığı, tarixi faktlardan xəbərdar olmaması, hətta çox yaxın dövrdə baş verən hadisələri belə təhrif etməyə çalışması, düşdüyü rəzil vəziyyət ən azı debatı izləyən adamlarda təbəssüm doğurdu. Azərbaycan Prezidenti isə intellektual, hazırlıqlı və bir çox məsələlərdə nə qədər yetkin fikirlərə malik olduğunu nümayiş etdirdi”.

 

Politoloq ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı fəaliyyətində müəyyən irəliləyişə nail olması ilə bağlı məqamlara toxunub. Bildirib ki, beynəlxalq təşkilatların və  bir sıra böyük dövlətlərin bu münaqişəyə münasibəti tamamilə dəyişib. Belə ki, Amerika, Avropa Birliyi, Avropa Şurası, eləcə də Avropa Birliyinə daxil olan ayrı-ayrı ölkələr post-sovet ölkələrindəki münaqişələri, o cümlədən Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini birmənalı qaydada dəstəkləyirlər.

 

“Dünya artıq ayrıca Dağlıq Qarabağ adlı qondarma qurumu tanımır, onu Azərbaycanın tərkib hissəsi kimi qəbul edir, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini təkidlə bildirirlər. Əlbəttə, Minsk qrupunda təmsil olunan ölkələrin ikisi Qərb ölkələridir – Avropadan – Fransa və ABŞ. Həmsdər dövləti kimi bu fikirlərimi Rusiya haqqında deyə bilməsəm də, nəzərə almalıyıq ki, ATƏT sülhü və təhlükəsizliyi təmin edən bütöv bir təşkilat kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə, onun yaratdığı Minsk qurumu sözsüz ki, tabe olduğu qurumun çıxardığı qərarlara itayətkarlıq göstərməlidir və bu da  baş verir. Son görüşlərdə ATƏT-in Minsk qrupunun fəallaşmasının şahidi olmaqdayıq. Onlar Ermənistana təzyiqi artırırlar və problemin həllini sürətləndirmək üçün yollar axtarırlar. Hesab edirəm ki, Minsk qrupunun özündə də bir canlanma var və bu, qeyd etdiyim kimi post-sovet məkanındakı münaqişələrin həll edilməsi Qərbin birmənalı mövqeyinə söykənir. Bu mövqe bizim Ermənistanla aramızda olan münasibətlərə də aiddir. Təbii ki, Minsk qrupu bundan sonra fəal hərəkət etmək məcburiyyətindədir”.

 

Politoloq Q.Hüseynli bildirib ki, Prezident Münhen Forumundakı çıxışı və erməni baş naziri ilə debatda etdiyi çıxışla dünyanın ən nüfuzlu təşkilatı olan BMT –yə də torpaqlarımızın işğaldan azad olunması ilə bağlı bir çağırış, bir müsaj vermiş oldu.

“Həmin 4 qətnamə faktdır və çox möhkəm hüquqi bazadır. Azərbaycanın əlini möhkəmləndirən amillərdən biridir.  Həmin 4 qətnamə qeyd etdiyim kimi, dünynın aparıcı ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün mübahisə edilmədən həll edilməsinə gətirib çıxara bilər. Bunun həyata keçirilməsi üçün artıq Ermənistana təzyiqlər başlanılıb. Bu, biz arzu etdiyimiz şəkildə olmasa da, hər halda bəyanat, danışıqlar formasında Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Ermənistana ciddi bir mesajdır. Ermənilər hələ ki, Rusiyaya  söykəniblər və  Rusiyanın onları müdafiə edəcəyinə,  hansısa güzəştləri qoparacaqlarına ümid edirlər. Amma dünya Rusiyanın for-postu olan bu dövlətin nazı ilə oynamaq fikrində deyil. Və getdikcə ona qarşı təzyiqi artırır. Əgər Ermənistan tərəfi danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutmaqda davam etsə, əlbəttə Azərbaycan dövlətinin əlində başqa bir imkanı var ki, öz torpaqlarını güc yolu ilə azad etsin və bunu tez-tez dünya ictimai rəyinə çatdırır. Bildirir ki, bu cür işğal faktı ilə, Xocalı soyqırımı kimi dəhşətli qətliamın cəzasız qalmasına heç vaxt dözməyəcək və öz haqqlarını geriyə qaytaracaq”.

 

Politoloq bu gün Rusiya faktorunun regiondakı mövqelərinə toxunaraq,  bu ölkənin hələ də hadisələrin mərkəzində dayandığını bildirib.

“Regionda prosesi yaradan da, prosesi donduran, onun həllini çətinləşdirən də Rusiyadır. Əvvəllər  Sovet İttifaqının apardığı siyasi xətti indiki Rusiya siyasi rəhbərliyi davam etdirir. Amma Azərbaycan Rusiya yönümlü siyasət aparmır. Azərbaycan qədim dövlətdir. Hər hansı dövlətin ona təzyiq göstərməsi mümkün deyil. Amma Rusiya ilə ehtiyatlı davranmağa məcburuq və bu məsələdə hələ ki, Rusiya aqressiv və davakar xətti yürütdüyünə görə Azərbaycan onunla ehtiyatlı siyasət aparır. Amma Rusiya bütünlüklə Ermənistanın qaldırdığı əsassız iddiaları axıra qədər müdafiə etmək qüdrətinə malik deyil.  Çünki Aərbaycanın əlində güclü hüquqi baza var, güclü  beynəlxalq ictimai rəyi və nəhayət Azərbaycanın əlində güclü ordusu, fəal işləyən diplomatiyası var. Bütün bunlar Azərbaycanın mövqelərini möhkəmləndirən amilllərdir və gec-tez  uğura gətirib çıxarmalıdır”.

 

 

Aparıcı dövlətlər və təşkilatlar işğalçı Ermənistana təzyiq göstərməlidir”

 

Politoloq Fikrət Sadıqov bildirib ki, Prezident İlham Əliyevin Münhendəki çıxışı dünyaya bəyan elədi ki, aparıcı dövlət və təşkilatlar işğalçı Ermənistana qarşı təzyiq göstərməlidir. Bəyan olundu ki, əgər təzyiq göstərilməsə məsələ həll olunmayacaq.

 

F.Sadıqov Azərbaycan Prezidenti ilə erməni baş nazirinin debatının müsbət tərəflərini də önə çəkib.

“Bu debatda Paşinyan demək olar ki, çabalayırdı. Sanki tələyə düşmüşdü. Onun tutarlı arqumentləri yox idi. O, mifiq tarixi hadisələrdən danışır, özü üçün yalandan “tarix”, cəfəngiyyat irəli sürürdü. Amma dövlət başçımız kifayət  qədər əsaslı, sübutedici, hüquqi və tarixi arqumentlər irəli sürdü. Bu mənada təbii ki, üstünlük bizim tərəfimizdə idi.

Artıq Emənistanın özündə Paşinyanın forumda özünü aparması ilə bağlı kifayət qədər narazılıqlar yaranıb. Mədəniyyət xadimləri, siyasətçilər, müxalifət sadəcə olaraq onu “təpikləyirlər” . Çünki Paşinyan orda uduzmuş bir tərəf kimi görünürdü. Bu debatın müsbət tərəfi həm də bundan ibarətdir. Bu, özü-özlüyündə cəmiyyətə bir mesaj göndərirdi, və hər halda Ermənistanda Azərbaycanı yenidən eşitdilər.  Azərbaycanın arqumentlərini, sübutlarını eşidərək, öz baş nazirinin hərəkətlərini, danışıqlarını eşidərək başa düşdülər ki, Ermənistan çox pis vəziyyətdədir”.

 

F.Sadıqov bunun heç də Dağlıq Qarabağ probleminin tez bir zamanda həllinə aparacağını düşünmədiyini qeyd edib.   Bildirib ki, bu uzun müddətli bir prosesdir və beynəlxalq aləmin iştirakı ilə diplomatik, siyasi, hərbi sahələr üzrə ciddi işlər görülməli və birmənalı şəkildə Ermənistana təzyiq göstərilməlidir.

“Açıq danışaq, mən inanmıram ki, bu konfransdan sonra ATƏT-in məsələ ilə bağlı mövqeyi radikal şəkildə dəyişəcək.  Bu təşkilatın müsbət tərəfi ondan ibarətdir ki, ərazi  bütövlüyümüzü tanıyırlar, belə hesab edirlər ki, Dağlıq Qarabağ separatçı rejiminin nümayəndələri danışıqlarda iştirak etməməlidir. Hesab edirlər ki, qətnamələr həqiqətən yerinə yetirilməlidir. Ərazi bütövlüyümüz tanıyırlar, amma bunun üçün heç bir şey etmək istəmirlər. Çünki beynəlxalq təşkilatlara yönəlik səsləndirdiyimiz o ikili yanaşmalar, ikili standartlar ifadəsi mövcud reallıqlara uyğundur. Çünki onlar həqiqəti, reallıqları müşahidə etsələr də, çox təəssüflər olsun ki, bizi bərabərləşdirirlər.  Bu mənada belə müzakirələrin əhəmiyyəti ondan ibarətdir ki, hər halda dünya bizi eşidi. O ki, qaldı aparıcı ölkələrin Qarabağ siyasətinə, çox təəssüflər olsun ki, bunlar ikili yanaşmalar nümayiş etdirirlər. Biz bütün bunlara baxmayaraq fəaliyyətimizi hücumedici aspektdə qurmalıyıq”.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ