İNTİHAR – OLUM və ÖLÜM dilemması

12:32 07-02-2018 | icon 906 | Köşə
İNTİHAR – OLUM və ÖLÜM dilemması

PAKİZƏ BABAZADƏ

Həyat, içində bulundurduğu bütün iztirablara, əziyyətlərə, məhrumiyyətlərə, kədərə, zülümə baxmayaraq Tanrının bizlərə bəxş etdiyi ən dəyərli hədiyyədir. Əsas məsələ bizim bu hədiyyəyə verdiyimiz dəyər, ona olan münasibətimizdir. Kimimiz məruz qaldığımız hər cür xoşagəlməz hadisələrə, sorunlara sinə gərərək bu hədiyyəni sona qədər daşıyır, kimimizin isə bu yükün ağırlığını daşımağa sona qədər dözümü çatmır, yaşam həyatının hansı bir anındasa ani bir qərarla mübarizəni dayandırır.

İnsanın hissi, psixi və ya sosial səbəblərin təsiri ilə həyatına son qoyması, daha doğrusu “öz xoşu ilə” həyatdan imtina etməsi kimi dəyərləndirilən İNTİHAR ta qədimdən bu günə bir dilemma kimi insanın qarşısında durmaqdadır. Statistikaya görə dünyada hər 40 saniyədən bir, insan nüfusunun çox olduğu Çində isə hər 2 dəqiqədən bir intihar baş verir. Hətta inkişaf səviyyəsi yuksək olan bir sıra ölkələrdə də bu göstərici kifayət qədər yüksəkdir. Təsadüfi deyil ki, A.Kamyu intiharı fəlsəfənin 1-ci problemi adlandıraraq göstərirdi ki, həyatın yaşamağa dəyib-dəymədiyinə qərar vermək fəlsəfənin ən başlıca probleminə cavab verməkdir və qalan bütün problemlər 2-ci dərəcəlidir. Onun fikrincə, intihar hər zaman sosial problem kimi göstərilib. Əslində bu məsələyə intihar və fərdin düşüncə əlaqəsi konteksində yanaşmaq daha məqsədəuyğun olardı. Çünki insan özü belə, fərqində olmadan bu problem daxili durğunluq fonunda yetişir.

Bu prosesin nədən qaynaqlandığı barədə birmənalı qərar vermək çox çətindir. İntihar edənin həmin an hansı duyğular yaşadığını da bilə bilmərik. Bu barədə eşidən kimi fərqinə varmadan ilk olaraq ağlımıza “zəif xarakterli olub”, “iradəsiz insandır”, “sağlam düşüncə olmayıb” və s. kimi fikirlər gəlir. Əslində insanda ölüm qorxusunun nə qədər güclü olduğunu nəzərə alsaq, bu prosesin bir növ “cəsarət” tələb etdiyini də etiraf etməyə məcburuq.

İntiharın müxtəlif səbəbləri, müxtəlif növləri barədə istənilən qədər misal gətirmək olar. Şəxsi problemlərlə yanaşı dini motivasiyadan, düşmənə əsir düşməmək üçün, hətta “həyatının mənasına çevirdikləri ideyalar” uğrunda həyatına son verənlər, eləcə də toplu intiharlar haqda istənilən qədər faktlar göstərmək olar. Ta qədimdən bu günə kimi dini motivasiya zəminində ağlasığçaz intiharlar baş verir ki, insanlar dəstə-dəstə, könüllü olaraq həyatlarına son verirlər. Əsasən “cənnətdə birlikdə olmaq” xülyasına qapılan yüzlərlə təriqət üzvünin, hətta bütöv bir kəndin əhalisinin öz ailələrilə birlikdə intiharı haqda onlarla fakt göstərmək olar. Eləcə də düşmənə əsir düşüb işgəncə və təhqirə məruz qalmamaq üçün yüzlərlə, minlərlə öz həyatına son qoyan insanlar… və yaxud da vətən, millət, azadlıq uğrunda canını fəda edənlər… Haqlı haqsız səbəblər… Haqlı haqsız ölümlər… Bunların içərisində son iki intihar faktı əksəriyyət tərəfindən birmənalı olaraq təqdir edilir və intihar aktından çıxaraq fədakarlıq, qəhrəmanlıq kimi dəyərləndirilir…

Bu mövzumuzda biz son vaxtlar dünya miqyasında, eləcə də bizdə artan intihar hadisələrinə toxunmaq istərdik. Bu intiharların müxtəlif səbəbləri olsa da nəticəsi birdir: həyatın mənasız olduğunu və yaxud onun “dərk edilmədiyini” etiraf etmək… “intihar sadəcə etirafdır”, – “yaşamağa dəyməz”… intihar etmək instinktiv olsa da, alışqanlıqların gülünc mahiyyətini, yaşamaq üçün artıq səbəbin olmadığını, dərd çəkməyin mənasız olduğunu dərk etməkdir” – bu fikirdən yola çıxan A.Kamyu intiharın hər zaman anlaqsız vəziyyətdə baş verdiyini, özünü bu dünyada qərib hiss edən, həyatını “çarəsiz bir sürgünlük” kimi görən şəxsin “məntiqsiz şəkildə öz duyğularının izinə düşüb getməsini” yalnız onun günahı kimi görülməsinə etiraz edir. Bu hadisədə ətrafındakıların, daha doğrusu hər birimizin günah payı var: “həmin gün, həmin hadisədə hansısa laqeyd bir dostun “əməyi” olubmu? Bax, əsas günahkar odur. Çünki bu kiçik detal intihar edən şəxsin illərlə ürəyində yatıb qalmış yorğunluğunu və kinini oyatmağa bəs edər”.

Sosial mühitin bu akta birbaşa təsirini qeyd edən filosof haqlı olaraq göstərirdi ki, fərdin dünyagörüşü və əxlaqi ilə sosial mühitin dünyagörüşü və cəmiyyətin vicdanı bir araya sığmadıqda onlar arasındakı konfliktin həlli imkansızlıq kimi anlaşılır və İNTİHAR baş verir. Mühitin dar çərçıvəsində istəklərindən məhrum edilmiş bir insan üçün mühit özü bir həbsxana kamerasıdır. Əgər fərdin istəkləri “mühitin senzurası”nın basqısı altında sıxışdırılıb boğulmağa başlayırsa, bu, onun öz daxilində əsarətə gətirib çıxarır. Və bu da fərdin “mən”inin təkadamlıq kamerasında öz ömrünü başa vurması ilə nəticələnir…

İntihardan söhbət gedərkən həmişə nədənsə C.Londonun qəhrəmanı Martin İdeni xatırlayıram. Doğulandan həyatın sərt silləsini görmüş, qayğı və nəvazişin nə olduğunu bilməyən, uşaqlığı bir qarın çörək üçün ağır işlərdə itib gedən bu insan mədəni cəmiyyətin bir üzvi olmaq üçün hər cür çətinliyə sinə gərir, böyük bir yanğı kimi vücudunu sarmış yazmaq tutqusu ilə son qəpiyinə qədər kağıza, qələmə, poçt markasına verərək inadla, usanmadan hekayələrini nəşriyyatlara göndərir. Yazıları davamlı olaraq geri göndərilsə də ümidini itirmir… Nəhayət, bir neçə hekayəsi çap olunur və sanki möcüzə baş verir. Yazılarını etinasızlıqla geri göndərən naşirlər bir-birinə aman vermədən ondan yeni-yeni hekayələr, romanlar tələb edir, ağına-bozuna baxmadan bu yazıları çap edirlər… indi o, şöhrətin zirvəsindədir, pul başına xəzəl kimi yağır… onu insan yerinə qoymayan qohumlar, tanışlar indi onun əlini sıxmağı özlərinə şərəf bilir, evlərinə dəvət etmək üçün adətən növbəyə dururlar… Amma o, xoşbəxt deyil. Cəmiyyət bütün bu çirkinliyi ilə onu iyrəndirir,  bezdirir. Həyat artıq onun üçün mənasızlaşmış, cəmiyyət onun sevinc hissini, yaşam həvəsini öldürmüş, inamını, güvənini əlindən almış, onu tükətmiş, yıpratmış, bir sözlə onu intihara sürükləmişdir…

Maraqlıdır, şöhrətin zirvəsində olan, bütün dünyada tanınıb-sevilən – “insanı əzabdan yalnız ölüm qurtara bilər” – deyə həyatına son verən məşhur yazar E.Hemenqueyi intihara fiziki ağrılarmı vadar etmişdir? Yoxsa onun üçün də bu həyat “çarəsiz sürgün“əmi dönmüşdür?..

Kamyunun dediyi kimi “daxili sarsıntının intihar cəhdinə keçdiyi o incə cizgini” tam müəyyənləşdirmək çətin olsa da, ortada bir həqiqət var ki, həyat yolunu “sıxılmış” şəkildə keçən insanın (intihar edənin) psixikasında özünə yer etmiş total narazılıq ona toplumla adekvat əlaqələr qurmaq yolunda maneələr yaradır. Bu baxımdan psixikasının strukturunda pessimist ruhun üstünlük təşkil etdiyi İNSAN, dünyanı özünə sərf edən rakursda görür, obyektiv düşünməkdən məhrum olur, daha doğrusu imtina edir. Bu səbəbdən də insanın daxili aləminə dağıdıcı şəkildə nüfuz edən inamsızlıq, ümidsizlik patoloji hala çevrilərək onun psixikasının strukturunu köklü şəkildə dəyişdirir, “həyatla dil tapa bilməyən”, daha doğrusu “özündə qalib gəlmək bacarığını tapa bilməyən” bu İNSAN bundan sonra keçiləcək həyat yolunun əvvəlkindən heç də yaxçı olmayacağına inandığından buna son verməyi qərara alır. Kamyunun təbirincə desək, absurd dünyadan absurd intiqam alır… Elə bizdən də…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı