"Azərbaycan Bayrağı" ordenli qazi müalicəsi ilə bağlı ÇAĞIRIŞ etdi - VİDEO

21:55 28-02-2018 | icon 812 | Sosial
"Azərbaycan Bayrağı" ordenli qazi müalicəsi ilə bağlı ÇAĞIRIŞ etdi - VİDEO

“Ailəliyəm, iki uşağım var. Yaşamağa nə evim, nə də bir yurdum var. Qardaşımın evinə sığınmışam. Uzun müddətdir ki, ev növbəsindəyəm, gözləyirəm. Acınacaqlı bir durumdayam. Müvəqqəti qaldığım evin ümumi sahəsi cəmi 28 kvadratmetrdir. Hazırda ailə üzvlərimlə bərabər həmin balaca otaqda yaşayıram. Mətbəxim də, hamamım da, yataq otağım da hamısı ordadır

Versus.az xəbər verir ki, bunu hafta.az saytına problemlərindən dolayı danışan “Azərbaycan Bayrağı” ordenli Şirinov Elçin Ramazan oğlu bildirib. Həmin məqaləni təqdim edirik.

Bu gün haqqında danışacağımız adam birinci Qarabağ savaşının "tozqoparan şahin"lərindən olub. Savaşın ən qaynar çağlarından müharibəyə atılıb. Sözün əsl mənasında qəhrəmanlıqlarla dolu döyüş yolu keçib. Cəbhənin müxtəlif istiqamətlərində döyüşərək, erməni yaraqlılarının hücumunun qarşısını kəsib. 1994-cü ilin mayın on birində, atəşkəs müqaviləsindən cəmi 24 saat əvvəl başından ağır yaralanan qəhrəmanımız müalicə aldıqdan sonra yenidən xidmətini davam etdirir. Bir müddət sonra giliz-qəlpə yaraları canında gizildəməyə başlayır. İnsult keçirir. Bədəninin bir tərəfi iflic olur. İndi müalicə olunmağa imkanı yoxdur. Aidiyyəti qurumlardan, imkanlı şəxslərdən onun müalicəsinə kömək edilməsini istəyir.

Qəhrəmanımız “Azərbaycan Bayrağı” ordenli Şirinov Elçin Ramazan oğlu və ya qısaca olaraq Elçin Şirinovdur.

E.Şirinov 1992-ci ilin iyun ayında Şəki Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılır. İlk döyüş yolu Xocavənd istiqamətində olur. Xocavənd rayonundakı qanlı döyüşlərdə iştirak edir. Onun xidmət etdiyi tabur qeyri-bərabər döyüşlərdə  düşmənə ardıcıl tutarlı zərbələr endirir, düşmən geri çəkilməyə məcbur qalır:

“Qubadlıda, Laçın koridorunda, Zəngilanda döyüş yolu keçmişəm. Keçdiyim döyüş yolu daha çox Füzuli rayonu ilə bağlıdır.  1993-cü ildə düşmənin iki tank  və bir ədəd “BTR-2”ni vurmuşam. Sonra 14 maşınlıq düşmən kalonunu darmadağın etmişəm. Bütün bunlara görə, 1993-cü ilin 14 dekabrında ölkə prezidentinin 59 saylı fərmanına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşam”.

Canı, cüssəsi, öz zirəkliyi ilə hərbçi yoldaşları arasında seçilən Elçin ikinci dəfə güllə yarası alır. Bu dəfə ayağından yaralanır:

“İlk dəfə 1994-cü ilin mayın on birində başımdan güllə yarası aldım. Cəmi bir gün sonra atəşkəş imzalandı. Bir də 1995-ci ilin yanvar ayında ayağımdan yaralandım. Ayağımdakı da güllə yarasıdır. 1996-cı ilin yayında ordudan təxris olunmuşam.  Açığını deyim ki, 2006-cı ilə qədər səhhətimdən şikayətim olmayıb. Elə həmin ildən şiddətli ağrılarım başladı. Sol tərəfim fasiləsiz ağrımağa başladı. 2010-cu ildə isə sol tərəfim işləmədi. Həmin vaxt ikinci qrup Qarabağ əlili kimi pensiyaya çıxdım. Ağrılarımın ilkin mərhələsində müalicəmin xərclərini aldığım pensiya ilə qarşılayırdım”.

Elçin Şirinov müsibətli günlərinin də məhz bu dövrdən sonra başladığını deyir:

“Elə olurdu ki, hər ay, bəzən də üç aydan bir müayinəyə gedirdim. Müalicə götürürdüm. 2016-cı ildə beyin insultu keçirdim. Sol tərəfim təmiz iflic oldu. Sol tərəfdəki əl və ayağım işləmədi. Sağ tərəfdəki gözüm kor, qulağım isə kar oldu. Başımın bir tərəfi işləmədi. Ondan sonra Şəki Rayon Mərkəzi Xəstəxanasında öz hesabıma silsilə müalicə almağa başladım. Bir müddət sonra məni Bakıdakı Topçubaşov adına Mərkəzi Respublika Xəstəxanasına yazdılar. On beş gün də orada müalicə almışam. Danmaq lazım deyil, sağ olsunlar, pulsuz müalicə aldım. Sonra Zərifə Əliyeva adına Göz Klinikasına göndərilmişəm. Orada da əməliyyatımı pulsuz etdilər. Gözümdə ağrı əmələ gəlmişdi. Xəstəliklə əlaqədar əlavə problemlər yaranmışdı. Həmin ağrıları aradan qaldırdılar. Keçən ilin dekabr ayında səkkiz gün “respublikanski” xəstəxanada məcburən saxladılar”.

Müsahibimiz deyir ki, axırıncı müalicəsini də elə həmin vaxt alıb. Ondan sonra maddi vəziyyətinə görə davam etdirə bilməyib:

“Çünki buna maddi imkanım yoxdur. İndi ağrılar daha da şiddətlənib. Müalicəmi davam etdirməyə məcburam. Amma nə ilə? Heç bir gəlirim yox, ailədə işləyənimiz yox. Sosial problemlərim çoxdur. Müalicəm özəl klinikaların birində aparılmalıdır. Buna da kifayət qədər pul lazımdır. Əvvəlki müalicəmi sağ olsunlar bizim Əlillər Cəmiyyətinin köməyi ilə dövlət xəstəxanasında aldım. Onlardan başqa maddi yardım edən olmayıb. Mart ayının beşində özəl xəstəxanaların birində qəbula yazılmışam. Gedəsiyəm. Müayinə pulu 340 manatdır. Amma müayinədən sonra hansı diqanoz qoyulacaq, xəstəliyim nə olacaq, müalicəyə nə qədər pul lazım olacaq bunları hələ ki, bilmirəm. Müayinədən sonra bəlli olacaq. Amma indiki durumda həmin 340 manatı belə tapıb müayinəyə getməyə gücüm çatmır”.

“Azərbaycan Bayağı” ordenli Elçin Şirinov indiyə qədər Heydər Əliyev Fonduna və digər aidiyyəti qurumlara müraciət etmədiyini deyir. Həmsöhbətimin sözlərinə görə, o, həmin qurumlara hansı qaydada müraciət edilməsini bilmədiyi üçün indiyə kimi sorğu göndərə bilməyib.

Ümid edirik ki, Qarabağ müharibəsində düşmənin 14 maşınlıq eşalonunu darmadağın edən cəngavərimizin ürək ağrıdan bu çağırışı aidiyyəti qurumların “sarı sim”inə toxunacaq. Onun səsinə səs verəcəklər. Unutmayaq ki, qazi bir əsgərin sağlamlığına diqqətsizlik, didilmiş Vətən torpağının yarasının qərtməyini qoparmağa bənzəyir. Vətənin qaysaqlamış yarasını yenidən qoparmaq istəmiriksə, jurnalist yazısı, aidiyyəti qurumlar yardımı, imkanlı şəxslər öz diqqəti ilə bir cüt nuri-didə obyektivlərini qazilərimizin çağırışına yönətməlidir.

Bir daha xatırladırıq ki, 1993-cü ildə düşmənin iki tank  və bir ədəd “BTR-2”ni vurmuş, sonra 14 maşınlıq düşmən kalonunu darmadağın etmiş və hazırda iki uşaqla qardaşının 28 kvadratmetrlik evinə sığınan Elçin Şirinov nəinki 5-6 min manatlıq müalicəsinin pulunu ödəyə bilmir, hətta imkanı 340 manatlıq müayinə puluna belə çatmır... Vətən qazilərdən başlayır, cənablar. Daha doğrusu, canını, bədəninin bir hissəsini indi gedə bilmədiyi Qarabağda qoyub gəlmiş qazilərdən... Onları rəngli kölgəyə, ciblərindən “üşüməyə” qoymamalıyıq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür