20 Yanvar qırğını – GÜNDƏLİKDƏN SƏHİFƏLƏR

08:23 19-01-2018 | icon 1106 | Kürsü
20 Yanvar qırğını – GÜNDƏLİKDƏN SƏHİFƏLƏR

AĞASƏF İMRAN
/İqtisadçı alim/

(20 yanvar 1990-cı il)

Keçən axşam Mərkəzi Komitənin binası qarşısındakı nümayişdə idim. Çıxış edənlər Qarabağda özbaşınalıq edən ermənilərə qarşı tədbirlər görülməsini, Vəzirovun istefasını, Volskinin qovulmasını və s. tələb edirdilər. Təcili olaraq Milli Müdafiə Komitəsinin yaradılması, Xalq Cəbhəsinin rəhbərliyi ilə könüllü dəstələrin yaradılması və cəbhəyə göndərilməsi tələbləri, şəhərə giriş magistrallarında barrikadaların gücləndirilməsi və Sovet Ordusunun şəhərə buraxılmaması barədə çağırışlar səslənirdi.

Saat 20-yə yaxın evə döndüm. Yolüstü «XI Qızıl Ordu meydanı»nda və Tbilisi prospektindəki (Biləcəri enişinin yaxınlığında) istehkamlara dəydim. Böyük çaxnaşma və nigərançalıq var idi. Müxtəlif söhbətlər gedirdi. «Təxribat və ya hücum ola bilər»- deyənlər daha çox idi. Amma mübariz olmaq, dəyanət göstərmək, şəhərə qoşun yeridilməsinə yol verməmək üçün istehkmları möhkəmlətmək, gecəni səhərədək ayıq-sayıq olmaq və bu kimi təklif və tələblər üstünlük təşkil edirdi. Belə həyəcanlı fikirlər MK-nın qabağında da deyilirdi. Böyuk nigərançılıqla evə qayıtdım. (Evimiz 9A-Mikrorayonda, Mir Cəlal küçəsindədir). Gecə saat 12-də avtomat və pulemyotlar «dilləndilər». Atəş səsləri getdicə şiddətləndi. Küçəyə çıxıb atışma yerinə getmək istədik. Bu zaman bir ağ «jiquli» maşını sürətlə bizə yaxınlaşdı və sürücü qışqırdı ki, «getməyin, camaatı qırırlar!» Biz dayandıq. Çox keçmədi ki, atışma gedən istiqamətdən bizə tərəf gələn tankı gördük. Yaxşı ki, bizdən 500-600 metr  aralıda dayandı (yəqin ki, «mövqe»  tutdu) və binaların üstü ilə işıqverən güllələr atmağa başladı. Çox keçmədi ki, aşağıdan-əks istiqamətdən üç BTR gəlib atışma olan tərəfə getdi. Gecə saat 4-ə kimi intensiv atışma getdi. Sonra atışma azaldı və səhərə yaxın tamamilə yavaşıdı. Lakin, uzaqlarda gedən intensiv atışmaların səsi hələ də gəlirdi.

Saat 8-də «çörək almağa gedirəm» – deyə evdən çıxdım. Atışma yerinə – istehkamlara tərəf getdim. Müəllimlər üçün tikilmiş təzə  binanın tinində ilk laxtalanmış qan topasını gördum. Hansı bədbəxt isə buraya qədər qaça bilmişdi. Həmin bədbəxtin axan qanının izi ilə Suvorov küçəsinə qədər  getdim və dəhşətə gəldim. Burada (Tağızadə, Suvorov küçələrinin Tbilisi prospekti ilə kəsişdiyi sahədə) qan gölləri var idi. Meyidləri və yaralıları  yığıb aparmışdılar. Hər tərəfdə amansız qırğının əlamətləri var idi. Sahibsiz papaqlar, pencəklər, ayaqqabılar küçəyə səpələnmişdilər. Güllələnmiş, əzilmiş, eybəcərləşmiş, yanmış maşınlar yolun sağ-soluna yığılmışdılar. Kiçik bir sahədə (Tbilisi prospektində istehkam qurulan yerdə) 19 maşın saydım. Hamısının kabinəsi dəlmə-deşik idi. Adamlar buraya axışırdılar. Oğlunu, qardaşını, qohumunu axtaran adamlar biri–birlərinə qarışmışdılar. Ağlayan, sızlayan, ağı deyən, söyüş söyən, intiqama çağıran səslər susmurdular. Bir nəfər orta yaşlı kişi  deyirdi ki, səhərin alaqaranlığında buraya gəlib meyidləri və yaralıları 3 (üç) maşınla xəstəxanaya yollayıb. Ən dəhşətlisi isə bu idi ki, onun dediyinə görə, yolun üstündə – göz qabağında – ölənlərin meyidlərini soldatlar özləri yığıb aparıblar. Əgər bu belədirsə, təkcə burada 100-dən artıq adam qırılıb. Bir döşü orden və medallarla dolu olan qoca kişi deyirdi ki, «mən özüm almanlarla vuruşmuşam, əsirlikdə olmuşam, amma faşistlərdə belə vəhşilik görməmişəm!».

Qan məni tutmuşdu. Evə qayıda bilmirdim. Tbilisi prospekti ilə «XI Qızıl Ordu meydanı»na tərəf  getdim. Buradakı «mənzərə» əvvəl gördüyümdən heç də fərqlənmirdi. Axı burada da istehkamlar qurulmuşdu. Qızıl Ordu «qəhrəmanları» buranı da darmadağın etmişdilər. Danışanlar barmaqlarını uzadıb göstərirdilər ki, «bax, o eyvana çıxan yaşlı bir qadını, elə oradaca güllə ilə vurublar». Doğrudan da, pəncərələrdə və divarlarda güllələrin açdığı deşiklər açıq-aydın görünürdü. Salyan kazarmaları tərəfdən intensiv atışma  səsləri gəlirdi. Bir qrup adamla o tərəfə getmək istədik. Yolda qabağımızı kəsib bizi geriyə qaytardılar-«olmaz!» dedilər.

Evə qayıda bilmirdim. Vurnuxurdum. Dəstə–dəstə toplaşmış adamlara yaxınlaşır, söhbətlərə qulaq asırdım. Ağlasığmayan, təsəvvürə gəlməyən dəhşətlər barədə söhbət gedirdi. Mərdəkan yolunda, Binəqədi yolunda, Sumqayıt yolunda, stadionda və Xalq Cəbhəsinin qərərgahı olan rayonda böyük təlafat və qırğın  olduğunu deyirdilər. Dəstələrdən biri tətilə, biri itaətsizliyə, digəri amansızlığa-qisasa  və s. çağırırdı.

Saat  12-yə işləmiş (10-15 dəqiqə)  Salyan kazarmaları tərəfdən gələn tanklar göründülər. Bu anda mən «X1 Qızıl Ordu» abidəsinin yerləşdiyi təpədə idim və üç nəfərlə söhbət edirdik. Tanklar yaxınlaşanda kimsə qışqırdı ki, «yoldan çıxın, yoxsa qırarlar!» Bu həyəcan təbili kimi səsləndi. Lakin, deyəsən qorxan yox idi. Tanklar kolonna ilə gəlib keçdilər. Sonra, bir tank dayanıb üç yük maşınını irəli braxdı. Elə bu zaman adamlar arasında bir uğultu dolaşdı: «rezervistlər, başkəsənlərdir! – şəhərdən çıxarırlar!». Kimsə daş atdı. Elə o dəqiqə avtomatlar «dilləndilər». Amma, deyəsən göyə atdılar, çünki yıxılan olmadı. Mən özümü heykəlin beton pyedestalının arxa tərəfinə verdim. Ancaq müşahidə edirdim və doğrudan da maşınlardakı hərbi geyimli adamların uzun saçlı, saqqallı olmaları onların «rezervistlər» olduğunu sübut edirdi. Və hətta axırıncı-üçüncü maşında, lap arxa tərəfdə, mülki geyimli, başında papaq olan orta yaşlı ermənisifət kişini görəndə məndə heç bir şübhə yeri qalmadı ki, doğrudan da gecə şəhərə yeridilmiş «başkəsənləri» indi şəhərdən çıxarırlar. Sonra necə oldusa, yenə avtomatlar şaqqıldadı və mən «xətadan uzaq olum» –deyə  qaçıb özümü metronun keçid yoluna saldım. Bura adamla dolmuşdu.

Tanklar və kalonna gedəndən sonra Tbilisi prospekti ilə, tırtılların deşdikləri asfalta baxa-baxa geriyə qayıtdım. Suvorov küçəsinin prospektə çıxdığı yerdə – qırğının törədildiyi əsas sahədə, ən çox qan tökülmüş yerləri yeşiklərlə, süd daşınan qablarla və s. dövrəyə almışdılar. Haradansa qərənfillər gətirib qan laxtalarının ətrafına düzmüşdülər. Adamlar daha da çoxalmışdılar. Bu böyük bir izdiham idi. Mən, çox da böyük olmayan ərzaq malları mağazaına tərəf  keçmək istərkən, iki mağaza arasındakı kiçik bir boşluğa çatdıqda buranın da əhatə olunduğunu gördüm və nəzərimi  bir tay deşilmiş ayaqqabı cəlb etdi. Bu tay ayaqqabının dabanında və burnunun ucunda deşik yerlər var idi və onun içi qanlı idi. Görünür, hansı bədbəxt isə ayağından yaralandığı üçün bu tay ayaqqabısını çıxarıb atmışdı. Buradakı  qan çalalarının ətrafı divarlara dəyib tökülmüş güllələr, boş və dolu gilizlərlə dolu idi. Mən əyilib bu güllələrdən ikisini (bir pulemyot və bir avtomat gülləsi) götürdüm. Onları cibimə qoydum ki, bu qanlı qırğından-gülləbərandan bir şahid kimi saxlayım! Elə bu an dəhşətli bir bağırtı eşitdim: «Ay arvad, korsan!!?» Bu, güllələnmiş divarlara, pəncərələrə, qapılara baxa-baxa gedən, görünür heç nəyi görməyən bir qoca qarıya deyilən sözlər idi. Bu sözdən «ayılan» və addımını qan laxtasına tərəf atmaq istəyən çəlimsiz bu qarı yerindəcə dondu. Sonra qəfildən yerə çökdü. Dizlərini yerə qoyub baş əyib asfaltı öpdü və iki əllərini  göylərə qaldırdı. Onun nələr dediyini heç kəs eşitmidi: duamı edirdi, nifrətmi oxuyurdu, bircə dodaqları tərpənirdi.

Mən bu səhnəyə dözə bilmədim. Cəld oradan uzaqlaşdım və nədənsə qaçmaq istədim. Qaçdım. Evə doğru qaçdım! Xeyli qaçandan sonra başa düşdüm ki, bu qədər vaxt ərzəndə key kimi ixtiyarsız gəzib-dolaşmağımın səbəbi, gördüyüm axıdılan qanlar imiş və bu qanın məni tutmağı imiş!

Gördüyüm son səhnə – qoca qarının göylərə əl qaldırması, bu tilsimi sındırdı və mən butun varlığımla törədilmiş faciənin – bu cinayətin mahiyyətini və dərinliyini başa düşdüm. Bu, imperiya ağalığının, müstəmləkə münasibətinin yeni təzahürüdür! Bu, amansızlıqdır! Bu, vəhşilikdir! Bu, qansızlıqdır!

(22 yanvar 1990-cı il)

Bu gün 20 yanvar qırğınında öldürülənlərin dəfn günü idi. Vida mərasimi və mitinq «Hökumət evi»nin qarşısındakı meydanda («Azadlıq meydanında») təşkil edilmişdi. Mən oraya yaxınlaşanda gördüm ki, «Hökumət evi»nin arxa tərəfindəki pilləkənlərlə adamlar binaya çıxırlar. Onlara qoşulub binanın sol tərəfindəki meydançaya bənzər eyvanla qabaq tərəfə keçdim və axın məni orada qoyulmuş «diktor budkaları»nın yanına gətirib çıxartdı. Mən budka ilə sütun arasında bir yer tapıb meydana baxdım. Buradan bütün meydan görünürdü. Yerimi «möhkəmlədib» meydana baxmağa başladım. Soldan və sağdan qara örtüklü mafələr meydana gətirilirdilər. Meydan ağzına qədər dolu olduğu üçün hərəkət etmək çətin idi və yalnız kiçik bir zolaqla mafələr daşınır və düzülürdü. Qara örtülü, qara bayraqlı mafələr qərənfillərlə örtülürdü. Hər tərəfdə – daşda, divarda, kolda-kosda, ağacların budaqlarında, səkilərdə və yollarda qərənfillər düzülmüşdü. İzdiham get-gedə artırdı. Bəlkə də şəhər əhalisinin çoxu burada idi. Sözsüz ki, rayonlardan gələnlər də var idi.

Mitinq tez bağlandı. Bir-iki nəfər danışandan sonra Şeyxülislam Hacı Allahşükür Paşazadə fatihə verdi və mafələr yerdən götürüldü. İzdiham Dağüstü parka tərəf axmağa başladı. Mən də aşağıya düşüb bu axına qoşuldum. Yoldla təsadüfən bacım oğlu Yavərə rast gəldim (bir milyonluq izdihamda bu möcüzədir). Dağüstü parka çatana kimi kiçik bir həmsöhbət qrupu yaranmışdı və bunlardan biri də dediyinə görə rəssam idi. O, belə bir fikir dedi ki, yaxın günlərdə bu parkdakı heykəl götürüləcək və burada həlak olanlar üçün xiyaban salınacaq. Ola bilsin ki, abidə də qoyulacaq. Çünki memarlar arasında belə bir danışıq olub.

Biz giriş qapısı tərəfdən yox, arxa qapıdan qəbirlər qazılan yerə yaxınlaşa bildik. Lakin adam çox olduğundan qəbirlərə yaxın gedə bilməyib kənardan müşahidə etməli olduq. Necə oldusa, ağacların arasından şala bükülü sümüklər mənim nəzərimi cəlb etdi və mən yaxınlaşıb bunun nə olduğunu soruşdum. Cavab məni on qat sarsıtdı! Biləndə ki, bu, qəbirlər qazılarkən torpaqdan çıxan insan sümükləridir, mən dəhşətə gəldim. Biləndə ki, vaxtilə burada qəbristanlıq olub, burada rus-erməni əli ilə öldürülən xalqımızın günahsız övladları basdırılıblar və sonradan bu yer əyləncə parkına çevrilib, bütün həyata-varlığa nifrət etdim! Bu necə həyatdır!? Bu necə ədalətsizlikdir!? Mənə elə gəldi ki, bu dərd, bu gün basdırılan güllələnmiş adamların dərdindən daha böyükdür! Bu, dözməli dərd deyil! Bu, təhqirdir! Vətən şəhidlərinin qəbri üstə park salıb bixəbər övladların əyləncə mərkəzinə çevirmək, ən məkrli, ən alçaldıcı bir hiylədir! Biz təkcə sırağagün öldürülənlərin yox, həm də 1918-1920-ci illərdə məhv edilmiş, unutdurulmuş və məzarlıqları təhqir edilmiş bu insanların intiqamını almalıyıq!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI