İstiqlal mücadiləmiz və işğal olunmuş təfəkkür - REPORTAJ

18:41 28-05-2018 | icon 997 | Cəmiyyət
İstiqlal mücadiləmiz və işğal olunmuş təfəkkür - REPORTAJ

 

Azərbaycanın maraqları içimizdə olan tanımadıqlarımız tərəfindən çoxdan işğal olunub

 

 

İstiqlalımızın 100 illiyinə gələn Yolda Azərbaycan çox qurbanlar verdi. Bir əsrdə bir neçə əlifbası dəyişdi, bir neçə dəfə milli kimliyimiz hədəf götürüldü, deportasiyalara, qətliamlara, soyqırımlara məruz qaldıq. Torpaqlarımız “peşkəş” olundu, torpaqlarımız işğal olundu, mənəviyyatımız korşaldılsa da, Azadlıq eşqimiz heç zaman sönmədi. Şükürlər olsun ki, sonucda dövlət müstəqilliyimizi bərpa edə bildik. Müstəqilliyimizi bərpa edə bilsək də, içimizdə özünə yer tapan bizdən olmayanlar nə yazıq ki, bu gün də dövlətçiliyimizi və millətçiliyimizi yenə də hədəf götürüblər. Kimsə bu konuda əlahiddə şəkildə iqtidar, yaxud müxalifət cəbhəsini hədəf göstərirsə, yanılır. Bu gün qeyd etdiyimiz İstiqlalımızın 100 illiyi münasibətilə düzənlənən tədbirləri, ziyarətləri müşahidə edərkən bir daha bunun şahidi oldum. Şahidi oldum ki, bu gün müstəqil Azərbaycanda işğal olunmuş təfəkkürlər problemi var, ya da təfəkküründə dövlətçiliyimizə, millətçiliyimizə kin bəsləyənlər artıq bütün cəbhə boyu əsas səngərləri ələ keçiriblər...

 

Dincələn ruhumuza polis müdaxiləsi

 

Vahid poeziya evinin yanında Rafael Həbiboğlu yaradıcılığından onun öz dilindən eşitdiyim seçmələri dinlədikcə ruhum dincəldi, ovqatım əməlli-başlı təzələndi. Amma ruhumun dincəlməsinin ömrü də elə ötən əsrin əvvəlində olduğu kimi 23 aylıq bir müddəti düz 23 dəqiqəyə boğmalayıb yerə soxdu. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “İçəri şəhər” metrostansiyasının qarşısına gələn kimi xeyli sayda mülki geyimli şəxslər və bir o qədər də polis qüvvəsi sanki hansısa postu ələ keçirirmişlər kimi davrandılar. Heç bir halda Azərbaycan bayrağının yuxarı qaldırılmayacağını vurğulayan Azərbaycan polisi elə yanımızda olan dönərxana işçisinə “mənim payım nə oldu, ə?” deyəndə anladım ki, Azərbaycanın maraqları içimizdə olan tanımadıqlarımız tərəfindən çoxdan işğal olunub.

 

Dövlətçilik prinsiplərimizlə uyuşmayan məqam

 

Tam sakit bir mühitin olduğu metrostansiyanın qarşısı həmin mülki şəxslər və polis qüvvələrinin “yuxarıların tapşırığı”nı yerinə yetirmələri nəticəsində az bir müddətdə mitinq meydanını xatırlatdı. Gəncliyin coşan emosiyaları yenə də Ağsaqqal Sözüylə sakitləşdirildi. VHP sədri Sabir Rüstəmxanlı meydanda at oynadan bu güclərdən göstərişin kim tərəfindən olduğunu soruşsa da, adamlar qaşlarını yuxarı dartaraq elə hey “yuxarılar” deyib dururdular. “Axı hansı yuxarı istiqlal günümüzdə bir abidənin ziyarət olunmasını, abidənin qarşısına çələng qoyulmasını məqbul saymır?” sualına ədabaz polisin “sən o yuxarıları məndən yaxşı tanıyırsan?” deməsi başqa bir nüansı da ortaya qoydu. Bu gün Azərbaycan güc strukturlarında çalışanların bir qisminin etikadan xəbərsizliyi, siyasi mədəniyyətlərinin aşağı olması ayrıca hansısa VHP-yə deyil, bütövlükdə dövlətçilik prinsiplərimizlə uyuşmur və bu, bir təhdiddir.

 

Polisin yaratdığı “istehkam” və “razılaşma” prinsipi

 

Bütün fəaliyyəti boyu vətəndaş həmrəyliyinin formalaşması üçün ömrünü sərf edən Rüstəmxanlının polis qüvvələrinə istiqlalımızın tarixi, bu istiqlalı bizə qazandıranların gerçək fəaliyyətləri, dövlətçilik prinsipləri baxımından həmişə olduğu kimi, bu bayram günündə də qarşılıqlı anlaşmanın ən optimal yol olduğunu anladandan sonra polis qüvvələrindən təfəkkürü işğal olunmayanlar “onda beş-beş” gedin ki, məsələ həll olunsun. Polislərin belə parçalama meyilləri ilə sıravi VHP-çilər razılaşmasalar da, sonda yenə Rüstəmxanlı ortaq məxrəcə gəlib əsas məqsədin abidənin ziyarət edilməsini diqqətə çatdıraraq yürüş iştirakçılarının yola davam etmələrini təmin edə bildi. Və beləliklə polis kardonu yarıldı.

Abidəni ziyarət edən VHP-çilər istiqlal mücahidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq gətirdikləri əklili dövlət başçısının adından qoyulan əklillə yanaşı qoyanda yenə də adamın ruhuna sanki bir dinclik gəldi: iqtidarlı müxalifətli hamımız bir amalın, bir məqsədin uğrunda incə bir yoldayız. Amma yolun başlanğıcında bunu istəməyən qüvvələr ovqatımızı təlx etmişdilər. Sübut olundu ki, hər şey keçicidir.

 

“Bu xalqı azadlıq və müstəqillik yolundan heç bir qüvvə döndərə bilməz”

 

Abidənin önündə çıxış edən Sabir Rüstəmxanlı onu da bildirdi ki, “biz Azərbaycanın istiqlalını qazandıran tarixi şəxsiyyətlərimizlə fəxr edə bilərik və hər zaman fəxr edəcəyik də:

 

“Dünyaya səpələnmiş bütün əzizlərimizi, soydaşlarımızı, bacı və qardaşlarımızı Dünya Azərbaycanlıları Konqresinin üzvlərini və tərəfdaşlarını, eləcə də Arazın o tayında, bu tayında yaşayan böyük Azərbaycan-türk xalqını, bütün istiqlalçı deputat dostlarımı Azərbaycan Cümhuriyyətinin şanlı 100 illik yubileyi münasibətilə DAK İdarə Heyəti, Vətəndaş Həmrəyliyi partiyası adından ürəkdən təbrik edirəm. Cümhuriyyət tarixi və yaşatdığımız istiqlal dəyərləri göstərir ki, bu xalqı azadlıq və müstəqillik yolundan heç bir qüvvə döndərə bilməz. Xoşbəxtəm ki, Cümhuriyyətin bərpasında danılmaz əməyinm vardır. Yaşasın azad, müstəqil, bütöv Azərbaycan!”

 

“Vallahi 4-5 ildən sonra belə davranışlara görə adam xəcalət çəkəcək”

 

Ardınca abidəni ziyarətə gələn Akif Nağının rəhbərlik etdiyi Qarabağ Azadlıq Təşkilatıdır. Baş verən proseslərin fonunda paralellər aparanda şahidi olduq ki, artıq Cümhuriyyət qurucuları əsas ruporu ələ keçirdikləri kimi, indi də VHP-nin açdığı yolda QAT üzvlərinə toplum halında ziyarətə icazə verilir. Ancaq bu icazənin alınmasında Akif Nağı elə VHP sədri Sabir Rüstəmxanlısayaq izahatlar verməklə, “vallahi 4-5 ildən sonra belə davranışlara görə adam xəcalət çəkəcək ki, bu bayram günündə gör biz nə etmişik?” yumşaldıcı fəndlər işlətməklə polis qüvvələrinin gücünü ram edə bildi.

Abidəni ziyarət edən QAT üzvləri yolboyu müstəqillik şüarları səsləndirib “razılaşma”dan kənara çıxsalar da, insafən polis qüvvələri buna münasibətdə hansısa aqressiya göstərmədilər. Gül dəstələrini abidənin önünə qoyan QAT üzvlərinin oxuduqları Azərbaycan himni bəzi polis qüvvələri tərəfindən ikrahla qarşılansa da, yürüş iştirakçılarının bayram sevincləri qürurverici idi.

 

“İstiqlal Mücadiləmizin yetişdirdiyi şəxsiyyətlər xalqın yaddaşından heç zaman silinməyəcək!”

 

İstiqlal bayramımızda müşahidə etdiyim sonuncu yürüş Milli Şuranın düzənlədiyi yürş oldu. Onu da qeyd edim ki, hələ bütün yürüş iştirakçıları abidəni ziyarət etməzdən öncə Milli Şuranın sədri, professor Cəmil Həsənlini abidənin önündə telejurnalistlərə müsahibə verən gördük. Cəmil bəy verdiyi müsahibədə bu günün özəl bir gün olduğunu vurğulamaqla yanaşı, istiqlal tariximizə ötəri ekskurs edib abidənin ziyarət edilməsində süni şəkildə yaradılan əngəllərin, anlaşılmazlıqların yanlış olduğunu da dilə gətirdi.

Əvvəlki yürüş iştirakçılarından tam fərqli olaraq hansısa səbəblərə görə bayraqların və istiqlal mətnli yazılı şüarların qaldırılmasına görə Milli Şuranın yürüşünə polis tərəfindən heç bir müdaxilə olmadı. Dalğalanan Azərbaycan bayraqları, peşəkarlıqla yazılan istiqlal mətnli şüarlar, Cümhuriyyət qurucularımızın nəvə-nəticələrinin yürüşə qatılmaları Milli Şuranın yürüşünə özəl bir görüntü verirdi. Sevindirici bir məqam ondan ibarət idi ki, Milli Şuranın yürüşündə iştirak edənlərin demək olar ki, tam əksəriyyəti müasir gənclik idi. Deməli, istiqlal düşüncəli gəncliyin yetişməsində Milli Şura üzvlərinin aradıqları iş öz müsbət bəhrəsini verib.

 

Polis qüvvələri Milli Şura üzvlərinin də toplum halında yürüşə qatılmasını əngəllədi. Cəmil Həsənlinin polis qüvvələrilə həm tarixi, həm də nəsihət xarakterli dialoqundan sonra mövqelərdə yumşalma hiss edildi. “Razılaşma”ya görə yürüş iştirakçıları dörd-dörd düzlənməli və ara vaxtlarla abidə istiqamətinə yola salınmalı idi. Və belə də oldu. Tam sakit bir mühitdə keçən yürüşdə polis qüvvələrinin tətbiq etdikləri qayda yürüş iştirakçılkarının dediyi kimi “daha mütəşəkkil görüntüsünə xələl” gətirsə də, bunun mahiyyətinə də varan olmadı. Abidə önündə qısaca çıxış edən Cəmil Həsənli sonda onu da bildirdi ki, “Azərbaycan istiqlalının düşmənləri bu şəxslər haqqında nə qədər böhtan, iftiralar uydursalar belə, son nəticədə dövlətimizin azadlığı, müstəqilliyi uğrunda mübarizə aparan insanlar, tarixi yaradanlarımızın adları heç zaman xalqın yaddaşından silinməyəcək. İstiqlal Mücadiləmizin yetişdirdiyi bu şəxsiyyətlər xalqımız üçün əziz, dövlətimiz üçün dəyərlidir. Bütün bu ziyarətlər də o dəyərin nümunəsidir”.

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol