Efir məkanları hər "xana"ya dönüb

12:57 07-06-2018 | icon 1079 | Köşə
Efir məkanları hər "xana"ya dönüb

Xalqa layiq "xalq artistləri"

 

 

PAKİZƏ BABAZADƏ

 

 

Son vaxtlar mədəniyyət nazirliyinin nəzdində yerləşən "fəxri ad" bazarının fəaliyyəti haqda sosial media və mətbu orqanlarda gedən müzakirələr vadar etdi ki, bir neçə kəlmə də mən ərz edim. Doğrusu, Hasse Gawenin "...günümüzdə hər kəsin sanatçı kimliyini bu qədər asan əldə etdiyi bir toplumda sanatçı kimliyini dartışmanın yararı nə ola bilər?" fikrinə şərik olsam da, yenə də fikrimi bildirmək ehtiyacı duydum. Çünki bu haqda çox yazılıb deyilsə də, bazar öz işindən qalmır, ixrac etdiyi "saxta mal"lara "yüksək keyfiyyət" nişanı vuraraq piyasaya sürməkdədir.

 

"Sənət, mədəniyyət bir xalqın kimliyidir. Bir toplumun uyqarlığı onun sənət dəyərləri və mədəniyyət varlığıyla simgələnir..." deyən Atatürkün bu fikirlərindən yola çıxsaq, bu gün kimliyimizin, varlığımızın hansı fəlakət qarşısında qaldığını aydın görərik.

 

Kimsə etiraz edə bilər ki, kökü dərinlərdə olan bir ağaca bənzəyən kültürumüzu hər əsən yel yıxa bilməz. Yanılırlar… Zaman-zaman bu arxayınçılığımızın bəlası həm tariximizə, həm də mədəniyyətimizə ölçüyəgəlməz ziyan vurub. Önəmsəmədiyimiz hər mikrob, parazit gizli-gizli kökümüzə yol tapıb, nə qədər dəyərləri məhv edib.

 

Bu gün də bu dəyərlər eyni fəlakətin qurbanına çevrilməkdədir...Və nə yazıq ki, çoxumuz bunu görsək də, seyrçi mövqe tutur, ən yaxşı halda isə orda-burda danışmaqla vəzifəmizi bitmiş sayır, bir az keçəndən sonra da unuduruq.

 

Elə götürək bir müddət öncə sosial medianın "qızğın" müzakirəsinə çevrilən, sonra çapucaq unudulan, fəxrilikdən çoxdan çıxan "xalq artisti" fəxri adını...

Xalqın olmayanı xalqa sırımaqla xalqı "adam yerinə" qoymayanlara bu haqqı kim verib? Xalqmı?.. Müzakirələrdən məlum oldu ki, xalqın ona sırınan bu "xalq artistlərinin" çoxunun ona aid olduğundan xəbəri yox... Yəni ki, ona aidiyyəti yoxdur… Qəbul etmək də istəmir… Amma ona soran yox... Bəlkə elə biz bunlara layiqiq? Bizləri bu gün ucuz, saxta çin malına, hansısa sexlərdə ürətilən keyfiyyətsiz geyim-keçimə, bazarın sonunda dəyər-dəyməzə başdan edilən məhsullara, zibil qutusundakı artıqlara alışdıranlar bu "saxta mallara" da alışacağımızı çox yaxşı bilirlər... Bu gün “telekanalizasiya”ların efir vasitəsilə evlərə soxduqları bayağı, ikrah doğuran verilişlərə, elementar savadı olmayan, istedadsız, özündən müştəbeh "sənətçi"lərə, davranış mədəniyyətindən məhrum, efiri bazara döndərən , "öz yerində" olmayan aparıcılara alışdırdıqları kimi…

 

"Şou"ya döndərilən dərdlərinin urvatdan salındğı, acınacaqlı hala düşürülüb "sədəqə" kimi önünə qoyulan "köməyə" möhtac edilən kütlənin çoxluğumu cəsarət verib onlara? O kütlə ki, işini-gücünü atıb toyxanaya çevrilən verilişlərin az qala əbədi sakininə çevrilib, şıdırğı, var gücüylə əl çalıb bunu kameranın "gözünə soxmağa" çalışan, "şou dərdlərə" ağlamaqdan, əsas dərdlərdən uzaq düşən mədhiyyəçi kütləyəmi arxalanırlar?.. Nə qədər acı olsa da, bu, həqiqətdir...

 

Bu gün hansısa şoumenlər, mədəniyyətimizə yabançı olub ona bir misqal töhfə verməyənlər... və kimlər... kimlər bu gün xalqa sırınırlarsa, demək elə biz buna layiqik. Nə yazıq ki, kütlə zövqünə hesablanan, məqsədyönlu şəkildə xalqın fikrini əsas problemlərdən yayındırmaqla, onu sosial və siyasi problemlərdən uzaq tutmaq istəyənlər hardasa məqsədlərinə çatıblar.

"Yüksək svilizasiyanın nərdivanı sənətdir" deyən Atatürk göstərirdi ki - ...Bir toplumun svilizasiya və rifah səviyyəsi, sənətə və gerçək sənətçiyə necə baxmasıyla, onu hara oturtmasıyla əlaqəlidir".

 

Təbii ki, bu gün özünə hörmət edən gerçək sənətçilərin efirdən didərgin düşməsiylə boş qalan yerlərə doluşmuş üç-beş mahnıyla özləri səviyyədə mediya və mediya məxluqlarının təqdim etdikləri "tanınmış, məşhur" adıyla cəmiyyətə sırınan diletantların umuduna qalan tamaşaçı-dinləyici topluluğunun zövq və istəklərinin bəsitləşməsi təəccüb doğurmamalıdır.

 

"Sənət nə keyfdir, nə əyləncə, sənət uca bir nəsnədir" deyen Tolstoyun fikrincə, məzmun yoxsulluğuna uğrayıb, professionallaşan əyləncə vasitəsinə dönən sənət gerçək sənət olmaqdan uzaqlaşır və bu baxımdan ədib sənəti gerçək, ilahi sənət və gündəlik bəsit sənət deyə iki yerə ayırır. Bizim bu günki sənət aləmimiz də nə yazıq ki, ədibin ikrahla bəhs etdiyi duruma düşməkdədir: "...Əgər bir fəaliyyət sənətə xidmət edirsə doğrudur, ancaq zövqləri təmin etmək üçün edilirsə, sapıklıq (əxlaqsızlıq) və ilkəllikdir (ibtidai)".

 

Sənət insanın düşüncə və duyğularına, estetik inkisafına xidmət edən, onu olqunlaşıdıran toplumsal bir nəsnədir. Və bu baxımdan sənətin həm topluma, həm də fərdə psixoloji təsiri böyükdür. Sənətçi isə topluma yeri gələndə örnək olan, onu aydınladan, dəyərli bir insan olmalı, eyni zamanda mənsub olduğu xalqın sorunlarını dilə gətirən, sorğulayan, lazım olarsa haqq uğrunda müxalif mövqe tutan insan olmalıdır. Bu gün bizdə bu məsuliyyəti üstlənə bilən sənətçi nə qədərdir? Sözsuz ki, barmaq sayı. Ad, söhrət, maddiyyat üçün bu sorunları görməzdən gələn, haqsızlıq qarşısında mənfəəti üçün susan, hətta mədhiyyəçiliyin ən iyrənc səviyyəsinə enməkdən çəkinməyən nə qədər "xalq sənətçisi" vardır.

 

Yazıq Xalq... Səni heçə sayanlar, sənin "adının" bəhrəsinin kölgəsində səfa sürür, sənin bir tikə çörəyi daşdan (zibil qutusundan) çıxarmağın onun umrunda belə deyil.

 

Hər gün efiri zəbt eləyib bahalı geyimlərini, bir əliqabarlının bir neçə illik gəliri qədər dəyəri olan ayaqqabılarını, əlcək kimi dəyişdikləri maşınlarını hər gün efirdən gözünüzə soxan bu insanlara bu fursəti verən də sizsiniz axi… Alçaldıldığınızın fərqində olmadan onları əliniz döyənək olana qədər alqışlayan da özünüzsünüz axı.

 

Təbii ki, hər bir dövrün ictimai-siyasi və mədəni vəziyyətinə, təlabatına görə sənət də ona uyğun səkil alır. Və bu təlabatdan dolayı ona yüklənən vəzifələr də dövrün şərtlərinə uyğun dəyişir. Bu qaçınılmazdır. Amma acı gerçək budur ki, dövrün heç bir mərhələsində sənət bugünkü qədər acınacaqlı, çöküş mərhələsində olmayıb.

 

Yerli-yersiz yükləndiyimiz sovet dövründə senzura məhdudiyyətlər qoysa da, milli kimliyimizin təbliğinə mane olsa da, mədəniyyətimiz əsl sənət nümunələri ilə zənginləşmis, xalqın mədəni səviyyəsinin, estetik zövqünün inkisafı, əsas götürülmüşdü.

 

Bu gün ölkədə senzura qurumu olsa da, nə bir fəaliyyəti, nə bir varlığı, nə də bir xidməti gözə dəyir. Gözə dəyən yoxluğudur ki, bu gün ekran-efir məkanları bordaqxanaya, toyxanaya, söyüşxanya, yeməkxanaya, bir sözlə mədəniyyətxanadan başqa hər "xana"ya dönüb. Zır cahil də olsa efirdən xalqa dərs keçənlərin, dava-dalaş, qeybət, təhqiri ənəvi hala çevirib kütlənin bu "zəif damarı"ndan faydalanıb televiziyanı "dinqonun axuru"na çevirənlərin önündə əngəl yoxdur. Burda bacarıq və peşəkarlıq heç də önəmli deyil, oyunun qaydalarına görə oynamaq yetər. Nədir bu qaydalar? - gündəmdə qalmaq üçün heç bir rəzillikdən çəkinməmək, birinin arxasınca danışıb həftələrlə gözümüzü, qulağımızı döyənək etmək, özləri səviyyədə olan bəzi "araqarışdıran" mediya məxluqlarının köməyilə gündəmə “şok”, "bomba" kimi düşmək.

 

Təbii ki, intellektual, zövq baxımından hər kəsin baxış acısı, seçimi fərqlidir. Hamının eyni səviyyədə, eyni zövqdə olması absurddur. Amma ən azından sadə insanların zövqlərinin bayağılaşmasının, mədəni səviyyələrinin alçaqcasına korlanmasının, bəsitləşməsinin önü alınmalıdır. “Hər kəsin öz çəkisi var” formulundan yola çıxarsaq, bu gün məqsədyönlü siyasət yürüdülərək, "çəkisi yüngülləşdirilmiş" toplum formalaşdırılır.

 

Siyasətin ən böyük silahı cəhalətdir ki, totalitar rejimlər daim bundan istifadə edir. Mədəni səviyyəsi aşağı olan bir toplumu yönləndirmək çox asandır təbii ki - bütün günü bayağı əyləncələr, qalmaqallı verilişlər, səviyyəsiz məişət serialları, dedi-qodu, intriqa dolu şou-xəbərlər... Hər gün efirdən evlərə üfunətli nəfəsləri ilə girib beyinləri, süurları zəhərləmək... Bu siyasətin caynağına keçmiş toplumun mədəni səviyyəsində bu gün dəhşətli çöküş var və bu çöküş, geriləmə ekran-efirdəki cahil-cühəlanı zirvəyə çıxarır, favoriyə çevirir.

 

Millət məqsədli şəkildə bu çöküşə zorlanır, əsas problemlərdən yayındırılır. Vətəndaş mövqeyini ortaya qoymaq əvəzinə, adını unutduğum bir yazarın dediyi kimi - "...dizilərin, maqazin xəbərləri aramanın ötəsində bir əndişə daşımadan bu dizi və maqazin xəbərləri saatında ətraf aləmlə əlaqəsini kəsərək televiziya qarşısında qayət mutlu bir şəkildə çərəzini tükətməklə məşğul olur".

 

Elə götürək bu gün demək olar ki, xalqın böyük bir qismini ekrana kilitləyən, Xalqın yeni Artistinin yönəltdiyi, efirdən çox dava-dalaş meydanını xatırladan, bir insanın hansı dərəcədə alçala biləcəyinin, bir maşınçün hansı rəzilliyə düşürülməsinin, mənəviyyat, ləyaqət kimi dəyərlərin necə ayaqlar altına atılmasının bariz nümunəsi olan "Maşın Şou"nu. Heç nədən çəkinmədən milyonların önündə bir-birinin "kirli camaşırlarını" ortaya tökməkdən çəkinməyən, insana yaraşmayan davranışlar sərgiləyən bu "tanınmışları" görəndə dəhşətə gəlməmək mümkün deyil. Şəxsən heç zaman bu tur cəfəngiyatlara baxmasam da, sosial mediyanın gündəmini zəbt eden rəzilliklərin "tanıtımı"na istər-istəməz şahid oluram. Tərəzinin bir gözünə maşının, o birisinə mənəviyyatın, ləyaqətin, əxlaq və vicdanın qoyulduğu bu "bazar şou" da maşının necə ağır basdığını görub, İNSANlıq adına utanmamaq mümkün deyil... Eləcə də ciddi janr olan komediyanı gülünc hala salan, əttökən sözlərlə, hərəkətlərlə "kütlə sevgisi"nin şımartdığı, sənətə fəlakət gətirən "fəlakət"lər, "şöşü"lər...və neçə-neçə "boşboğaz" pictureslər... Elməddinlərin, Fərdaların “təzək qoxuyan çiftliyinə” dönən kanallar, zərif məxluqun əlbisəsinin altına "sığınaraq" "bu şəhərdə" forsla gövdə nümayiş etdirənlər..daha nələr...kimlər...bu kimsəciklərə E.H.Benitenin bu tövsiyyəsini bildirmək yerinə düşər, bəlkə bir faydası oldu:

 

"Sənət nə bir oyun, nə də bir əyləncədir. O, ruhun dışarı vuraraq özünü göstərməsi ehtiyacıdır”. Əgər ruhunuz dışarıya gözəl, saf bir şey verə bilmirsə, qoyun elə içəridə qalsın, ətrafı korlamayın.

Təssuf ki, sənəti urvatdan salanların, alətə çevirənlərin və bunlara alqış tutanların önünə keçmək müşküldür, reysdən çıxan qatarı dayandırmaq qədər…

 

Burda əsas günahkar kimdir? Toplumu bu bataqlığa sürükləyənlər, yoxsa bu bataqlığa könüllü batanlar?

 

Nə isə... Mətləbdən bir az uzaqlaşdıq deyəsən. Gələk əsas məsələyə ki, mövzu "fəxri adlar" bazarında altdan satılan importnı mala, yəni fəxri ada. Əslində daha onda importluluq qalmayıb, nöşün ki, elə ucuzlaşıb, urvatdan salınıb ki, matahlıqdan çıxıb. Elə əsl "xalq malı”na dönüb... Yəni lap özümüzə layiq...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol