ŞƏT üzvü olan ölkələrin siyasi partiyaları arasında əlaqələr möhkəmləndirilir - FORUM

13:44 07-06-2018 | icon 768 | Siyasət
ŞƏT üzvü olan ölkələrin siyasi partiyaları arasında əlaqələr möhkəmləndirilir - FORUM

Dünyanı təəccübləndirən dövlət - Çin

 

 

“26 may-2 iyun tarixləri arasında Çin Kommunist Partiyasının dəvəti ilə Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi Çində səfərdə oldum.

Çinin hakim partiyası Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin əsas partiyalarının iştirakı ilə ŞƏT Siyasi Partiyalarının Forumunu keçirirdi. Forum Çinin görkəmli dövlət xadimi Den Syo Penin təşəbbüsü və rəhbərliyi ilə 1978-ci ildə başlanan yeni iqtisadi siyasətin 40 illiyi münasibəti ilə keçirilirdi”.

 

Versus.Az-ın məlumatına görə, bu sözləri Çində rəsmi səfərdən qayıdan millət vəkili Aydın Mirzəzadə Forumla bağlı təəssüratlarını bölüşərkən deyib. Onun sözlərinə görə, Forumu keçirməkdə məqsəd ŞƏT üzvü olan ölkələrin siyasi partiyaları arasında əlaqələri möhkəmləndirmək və qonaq ölkələrin nümayəndələrini Çinin 40 ildəki uğurları ilə yaxından tanış etmək olub:

 

“Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə “dialoq üzrə partnyor” statusu ilə münasibətlərdə olduğu üçün YAP foruma xüsusi dəvət almışdı.

Forum bir gün Çinin cənubundakı Şenjen şəhərində keçirildi, qalan 8 gün isə Çin tərəfi qonaqları Çinin üç böyük şəhərinə səfər etməklə özünün uğurları ilə tanış etdi”.

 

Millət vəkili vurğulayıb ki, Forumda 18 ölkədən 31 siyasi partiyanın nümayəndələri olan çox sayda nazirlər, qubernatorlar, deputatlar və partiya fəalları iştirak ediblər:

 

“Forumun keçirilməsi Çin rəhbərliyinin nəzarəti altında idi və forumun açılışında Çin Kommunist Partiyasının rəhbərliyinin nümayəndələri iştirak edirdilər. Forumun işi Çin televiziyalarında və saytlarında geniş işıqlandırıldı.

Forumu Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Beynəlxalq Şöbəsinin müdiri Qo Ye Co açdı və bildirdi ki, ŞƏT bu gün Avrasiya ərazisinin 60 faizini təşkil edir, dünya əhalisinin yarısı təşkilata daxil olan səkkiz ölkədə yaşayır. ŞƏT üzvü olan Çin isə iqtisadi gücünə görə dünyada ABŞ-dan sonra ikincidir. Çin rəsmisi son 40 il ərzində aparılan yeni iqtisadi siyasətin ölkəni geridə qalmış aqrar ölkədən dünya nəhənginə çevirdiyini vurğuladı”.

 

A.Mirzəzadə qeyd edib ki, Forumda iştirak edən bütün partiya nümayəndələri çıxış ediblər:


“Mən Azərbaycan nümayəndəsi kimi çıxış edərək ölkəmizlə Çin arasında sıx dostluq əlaqələrinin mövcud olduğunu və 2017-ci ildə ticarət-iqtisadi əlaqələrin rekord həddə - 1,3 milyard ABŞ dollarına çatdığını bildirdim. Çinə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür etdim, eyni zamanda, Azərbaycanın “vahid Çin” ideyasını dəstəklədiyini bildirdim. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrlə yaxşı münasibətlərinin olduğunu və onların genişləndirilməsində dərin marağının olduğunu vurğuladım”.

 

Forum çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Beynəlxalq Şöbəsinin müdiri cənab Qo Ye Co ilə görüşən A.Mirzəzadə diqqətə çatdırıb ki, Azərbaycan, şəxsən Prezident İlham Əliyev Çinlə münasibətlərə böyük əhəmiyyət verir:

 

“Qonşu Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlamasının beynəlxalq hüquqa zidd olduğunu nəzərə çatdırdım.

Forumda həmçinin Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini cənab Mustafa Hamarat, Vahid Rusiya Partiyası baş katibinin müavini Yevgeni Jeleznyak, Özbəkistanın hakim Liberal-Demokrat Partiyasının sədr əvəzi Bəxtiyar Yaqubov, İran, Tacikistan, Qazaxıstan partiya nümayəndələri ilə də görüşlərim oldu”.

 

Millət vəkili Forum çərçivəsində Çinin aparıcı telekanallarına və kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələr verib. Azərbaycanın tarixi, mədəniyyəti və hal-hazırda ölkəmizdə gedən inkişafdan danışıb, Azərbaycanla Çin arasında möhkəm dostluğun olduğunu və əlaqələrin genişləndirilməsində maraqlı olduğumuzu söyləyib. Eyni zamanda, Çin mətbuatına Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, onun doğurduğu 1 milyondan çox məcburi köçkün problemlərindən və hüquqlarımızın pozulmasından danışıb.

 

A.Mirzəzadə vurğulayıb ki, bir günlük Forumdan sonra forum iştirakçıları Çinin Şenjen, Quancjou və Uxan şəhərlərinə səfər olub:

 

“Bu şəhərlər Çinin ən böyük şəhərlərindən sayılır və hərəsində azı 10 milyon nəfər insan yaşayır.

Bu şəhərlər vaxtilə Çinin ən geridə qalmış bölgələri hesab edilirdi. Ancaq 1978-ci ildə islahatçı dövlət xadimi Den Syo Penin təşəbbüsündən sonra bu zonalarda liberal iqtisadi siyasət yürüdülməyə başlandı. Çinin indiki lideri Si Tsinpin bu bölgələri ölkənin “vitrini, sınaq meydanı və pioneri” adlandırmışdı.

Hal-hazırda Şenjen şəhəri ölkənin iri sənaye, maliyyə və nəqliyyat mərkəzidir. Quancjou şəhəri çoxprofilli sənaye, maliyyə və turizm mərkəzidir. Şəhərdə ildə iki dəfə məşhur Konton yarmarkası keçirilir. Uxan şəhəri yatırılan xarici investisiyaların həcminə görə ölkədə ön sıralardadır. Şəhərdə sürətli mənzil tikintisi gedir.

Səfər zamanı Çinin bir neçə iri müəssisələrində olduq, texnoloji prosesləri izlədik. Yaponiyanın “Honda” firması Çindəki tək bir müəssisəsində ildə 700 min ədəd avtomobil istehsal edir. Buraxdıqları tibbi avadanlıqları dünyanın bir çox qabaqcıl klinikaları alırlar.

Çin şirkətləri dünya bazarını diqqətlə öyrənirlər, gəlirlərinin əhəmiyyətli hissəsini istehsalın yenilənməsinə yönəldirlər, nou-hauları alırlar. Şirkətlərdə çox sayda xarici vətəndaşlar çalışır, öz bilik və bacarıqlarını keyfiyyətli və rəqabətqabiliyyətli məhsulun buraxılmasına sərf edirlər.

Çin digər ölkələrlə sıx ticarət-iqtisadi əlaqələr qurmaqda maraqlı olduğunu ortaya qoyur. Keçirdiyimiz görüşlərdə bir-birimizin iqtisadiyyatlarımızı necə tamamlaya biləcəyimizlə bağlı suallar da verilirdi.

Olduğumuz şəhərlərdə şəhərsalma və şəhər dizaynı praktikası da çox maraqlı idi. Şəhər mərkəzlərinin tarixiliyinin qorunub saxlanılmasına çalışılır: Tikilən yeni hündürmərtəbəli binalar bir bloklu götürülərək, binalararası xeyli məsafə saxlanılır və kvartala yaşıllıq salınaraq parka çevrilir. 11 milyon əhalisi olan Şenjou şəhərinin 45 faizinin yaşıllıq olduğunu bildirdilər.

Rastlaşdığımız insanlar üzügülər və pozitivdirlər. Səfər zamanı Çin xalqının zəngin daxili dünyasının şahidi olduq, çox qonaqpərvər və təcrübələrini bölüşməyə hazır olduqlarını həmişə büruzə verirlər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı