“Puldan əl çəkib işə başlayın” deyirlər” - İki dəfə yanan “Eurohome”dan REPORTAJ

15:05 03-09-2020 | icon 481 | İqtisadiyyat
“Puldan əl çəkib işə başlayın” deyirlər” - İki dəfə yanan “Eurohome”dan REPORTAJ

"Eurohome" tikinti materialları bazarında 2019-cu ilin dekabrında baş verən birinci yanğından sonra külli miqdarda zərərə düşən sahibkarlar hələ də kompensasiya ala bilməyiblər. Onlara təzminat əvəzinə bazarda 1 ilə qədər icarə haqqı ödəmədən obyektlər işlətmək təklif olunur. Lakin yanğından yarım milyon manata yaxın zərərlə çıxan sahibkarlara bu təklif əlverişli deyil.

 

Versus.az bildirir ki, bu şikayətlə qafqazinfo-ya bir qrup sahibkar müraciət edib. 

 

İstilik sistemlərinin satışı ilə məşğul olan Zamiq Əhmədovun sözlərinə görə, ona 426 min manatlıq ziyan dəyib. Deyir ki, hadisədən 9 ay vaxt keçsə də, heç kim onların vəziyyəti ilə maraqlanmır: "Nə qədər şikayət etsək də, heç kim araşdırmır. Çağırıb soruşan yoxdur ki, vəziyyətiniz necədir, uşaqlarınızın yeməyi varmı? Hər şeyimiz yanıb, evim bankda girovdadır, pul ödəyə bilmirəm. Bazar rəhbərliyi ancaq icarə haqqı yığmaqla məşğul idi. Həm də müqavilədə hər kvadrat metrə görə 8 manat icarə haqqı yazılsa da, bizdən kvadrat metrə 25 manat pul alırdılar. Bazarın rəhbəri Azay Möhnətov yanğın olan zaman dedi ki, məsələni yoluna qoyacaq, amma indi də deyir ki, kompensasiya ödəmirəm".

 

Digər sahibkar Sənan Məhərrəmova isə 324 min manatlıq ziyan dəyib. Onun sözlərinə görə, bazarda çalışan sahibkarlara bazar rəhbərliyi tərəfindən razılaşma üçün sənəd təklif olunub: "Sənəddə qeyd olunur ki, guya bizim bazar rəhbərliyindən şikayətimiz yoxdur. Təklif olunur ki, puldan əl çəkin, gəlin işə başlayın. Müvəqqəti olaraq, 6 ay - 1 il müddətinə icarə haqqı verməkdən azad olunuruq. İşçilərin təxminən 70-80 faizi bununla razılaşıb. Onların əksəriyyəti az ziyan dəymiş "vitrin sahibkarları"dır. Belə ki, onlar bizdən və digər sahibkarlardan nisyə mal götürüb vitrinlərə düzürlər. Onlara 10-15 min manat, ən çox halda 20 min manat ziyan dəyib. Bir il icarə pulu ödəməsələr, bu, onları qane edir. Mənim isə 324 min manatlıq malım yanıb, istilik sistemlərinin satışı ilə məşğul olurdum. Mənə nəinki 6 ay heç 10 il də icarə haqqı alınmasa, sərf eləmir. Boş dükanı götürüb ora nə mal vuraq? Hansı pulla mal vuraq? Bizim istəyimiz, tələbimiz odur ki, işimizə baxılsın. Bizim vəziyyətimizdə olan 15 nəfərə yaxın sahibkar var." 

2013-cü ildən bazarda fəaliyyət göstərən digər bir sahibkar Ramin Gülməmmədov isə deyib ki, hazırda bütün satış materialları yandığından mağaza işlətməyə imkanı yoxdur: "Bizə deyirlər ki, obyektlər var, götürün, təmir edin icarə haqqı vermədən işlədin. Elə təmirə azı 10-15 min manat pul lazımdır. Bizə təzyiq edirlər, deyirlər, hər yerdə işimizi razılaşdırmışıq, kimə şikayət edirsinizsə edin. Biz nə deyirik odur, istəmirsiz, işləməyin. Bazar sahibinin köməkçisi Yalçın müəllimlə görüşmüşük, o da deyir pul yoxdur. Sizə vaxt verə bilərik ki, bu müddətdə icarə haqqı verməyəsiz. Şəxsən mənə 52 min 500 manat ziyan dəyib. Tikinti materialları satışı ilə məşğul olurdum. Pulumuzu versinlər, başqa heç nə istəmirəm".

Sahibkarlar, həmçinin bildiriblər ki, ticarət mərkəzi, əslində, prokurorluğun rəsmi göstərişi əsasında bağlı olsa da, faktiki olaraq, fəaliyyət göstərir. Bazardakı mağazalar açılıb, alver gedir. 

Ticarət mərkəzində çəkiliş aparmaq istəsək də, bazar rəhbərliyinin kəskin etirazı ilə rastlaşdıq. Sahibkarların şikayəti ilə bağlı yalnız bazar sahibi Azay Möhnətovun köməkçisi və qohumu Yalçın Möhnətovla telefonla əlaqə saxlaya bildik. O isə qafqazinfo-ya bildirdi ki, heç bir problem olmayacaq və ziyan çəkən sahibkarlar sığorta ödənişini alandan sonra təzminat ala biləcəklər: "Hazırda "Eurohome" fəaliyyət göstərir. İndi bazara sahibkarları yerləşdiririk. Artıq 99 faizini də yerləşdirmişik. Onlarla danışıqlar aparırıq. Kimin nə şikayəti, sözü varsa, bazar rəhbərliyinə müraciət etsin. Biz onları dinləyirik, qəbul edirik və problemlərini də həll edirik. Mənim telefonumu da bilirlər, onları qəbul etməyə hazıram.

 

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq