“Hesab edirdilər ki, bir neçə aydan sonra adım siyasi arendan silinəcək”

10:58 30-07-2018 | icon 779 | Siyasət
“Hesab edirdilər ki, bir neçə aydan sonra adım siyasi arendan silinəcək”

 

Razi Nurullayev: “Məmurun milyardlıq biznes maraqları olanda, o, ölkəyə, vətəndaşa, prezidentə xidmət etməz

 

 

AXCP sədri Razi Nurullayev partiyanın, ümummüxalifətin fəaliyyəti, ölkədə və regionda gedən siyasi proseslər və digər aktual məsələlərlə bağlı “Yeni Müsavat”-a müsahibə verib. Versus.Az həmin müsahibəni təqdim edir.

 

- Razi bəy, bu günlərdə bir neçə tanınmış müxalifət partiyası sədrinin Qusar dağlarına istirahətə çəkildiyini sosial şəbəkədə yaydıqları fotolardan öyrəndik. Siz yay tətilinə çıxmısızmı, hazırda nə işlə məşğulsunuz?

 

- Müalicə məqsədilə iki həftə müddətinə ölkədən kənarda olmuşam. Ümumilikdə hələ yay tətilinə çıxa bilməmişəm, çünki həm siyasi, həm də şəxsi həyatımda qayğılar, problemlər çoxdur. Onların həlli ilə məşğulam. Hər gün partiyanın qərargahındayam, görüşlər keçirirəm, müəyyən yazılar üzərində çalışıram, partiya proqramının təkmilləşdirilməsi üzərində işlər aparırıq. Sosial şəbəkələrdən daha effektiv istifadə üçün müzakirələr və işlər görürük. Məqsədimiz tam olaraq rəqəmsal dünyanın verdiyi imkanlardan doğru istifadə etməklə daha çox insana çıxış əldə etmək və onların siyasi həyata cəlb olunmasına nail olmaqdır. İnternet üzərindən müəyyən təbliğat resurslarımız var ki, onların daha da inkişaf etdirilməsi üçün işlər görürük. Demək olar video-resurslar, internet televiziya imkanları sahəsində ciddi nailiyyətlər əldə etmişik ki, bu da siyasi fəaliyyətimizin təbliğ edilməsində mühüm rol oynayır və oynamaqda davam edəcək.

 

- Bəzi partiyalar artıq xeyli vaxtdır rəsmi qərar qəbul edərək iki aylıq tətilə çıxıblar, belə demək mümkünsə, fəaliyyətlərini iki aylıq dayandırıblar. Siyasi partiyanın belə bir addım atması nə dərəcədə düzgündür?

 

- Yay aylarında çox isti olur, iş qabiliyyəti aşağı düşür, sosial şəbəkələr belə zəifləyib. Yəqin buna görə partiyalar iki aylıq tətilə çıxıblar. Bu, onların daxili işidir və mənim buna skeptik və ya tənqidi yanaşmam düzgün olmaz. Onu deyə bilərəm ki, bizim qərargah işləyir və mən hələ ki hər gün iş başındayam. Digər tərəfdən, siyasi partiyaların ölkədə baş verən hadisələrə təsir mexanizmləri sıfıra bərabərləşib. Siyasi partiyalar çox zəifləyib və hakimiyyət də onların güclənməsinin qarşısını alır. YAP təkbaşına iqtidarı sevir.

Amma artıq narazılıq artır, sosial problemlərin həlli çox gecikdirilir. Belə bir vəziyyətdə siyasi partiyalar nəinki tətilə çıxmalı, əksinə, fürsətdən istifadə edib öz siyasi və sosial bazasını möhkəmləndirməlidir. Siyasi partiyalar buna çox cəhd göstərib, amma xalqdan dəstək gəlmir deyə, onlar da tətilə çıxmağa üstünlük verirlər və mən buna normal yanaşıram.

Məsələ burasındadır ki, vətəndaşlar ölkədə müsbət dəyişikliyi siyasi partiyaların gətirəcəyinə inanmırlar. Onlar siyasətçilərə və siyasi partiyalara inamlarını tam itiriblər və bunu anlaşıqlı qarşılayıram. Çünki bir partiyanın iqtidarı çox uzun çəkir və problemlər də ildən-ilə ötürülür. Lakin siyasətçilər və siyasi partiyalar “ölkədə avtoritarizm var, təzyiq var, hədə-qorxu və digər problemlər var”- deyib yaxalarını məsuliyyətdən kənara çəkirlər. Hələ ki Etibar Məmmədovdan başqa heç bir siyasətçi uğursuzluğunu boynuna alaraq kənara çəkilməyib. Belə çıxır ki, bütün problemlərdə məsuliyyət daşıyan ancaq iqtidardır, müxalifət olaraq isə biz aydan arı, sudan duruyuq. Əsla, bu belə deyil. Nə olur olsun, biz də məsuliyyət daşımalı və məsuiyyətli addımlar da atmalıyıq.

Məsuliyyətli addımlar deyəndə bir neçə ənənəvi siyasətçinin, yəni müxalif siyasətdə 15-20 il müddətindən çox qalan siyasətçilərin bəyanat verərək, məsuliyyət daşıqdıqlarını dilə gətirərək siyasətdən getdiklərini bəyan etməsi ehtimalını nəzərdə tuturam.

 

- Prezident seçkilərindən sonra keçən müddətdə partiyanıza yeni üzvlər gəlibmi, ümumiyyətlə, seçkilərdə iştirak Sizin və partiyanızın siyasi həyatına daha çox müsbət, yoxsa mənfi izlər buraxdı, üstünlüklər gətirdimi?

 

- Təbii ki, partiyaya qoşulanlar olub. Seçkidə iştirakımız siyasi anlamda bizə çox şey qazandırıb. Daha yaxşı tanınmağa başlamışıq, artıq seçkidə iştirak edən bir partiyayıq, kifayət qədər təcrübə toplamışıq. Birmənalı olaraq Azərbaycan siyasətində möhkəmlənmişik və artıq kimliyimizi kiməsə sübut etmək məcburiyyətində də deyilik. Heç kim istəmirdi ki, Azərbaycan siyasətində yeni simalar parlasın. Amma bu baş verdi və artıq geriyə dönüş yoxdur. Hər kəs bildi ki, Razi Nurullayev boş yerə siyasətə atılan fiqir deyil, özünün sözü və çəkisi olan bir liderdir. Nə qədər siyasi partiya lideri var ki, iki il yarım ərzində partiyanı yenidən formalaşdıra və üstəlik də prezident seçkilərində iştirak edə bilər? Məgər prezident seçkisində iştirak etmək bu qədər asan məsələdir? Asan olsa idi, yüzlərlə namizəd olardı. Bu böyük bacarıq, ağıl, siyasi qabiliyyət tələb edir. Bu baxımdan, bizim üstünlüklərimiz çoxdur.

 

- Bir çoxları belə düşünürdü ki, Razi Nurullayevin seçkiyə qatılması seçkidən sonra Ədliyyə Nazirliyinin məhz onun rəhbərlik etdiyi AXCP-ni qeydə alacağı ilə nəticələnəcək. Qeydiyyat problemi, Sizcə, nə zamana qədər bu şəkildə qeyri-müəyyən qalacaq? Avropa Məhkəməsinə, nəhayət, müraciət edəcəksiz?

 

- Dediyiniz “bir çoxları” 2015-ci ildən belə düşünür. Hər kəs məni bir oyun iştirakçısı, bir aylıq partiya, iki aylıq qəhrəman hesab edirdi. Hesab edirdilər ki, ümumiyyətlə, bir neçə aydan sonra Razi Nurullayev adı siyasi arendan silinəcək. Amma şükür Allaha ki, hər şey əksinə oldu.

 

Partiyanın qeydiyyatı ilə bağlı məsələ isə dalana dirənib və doğrusu, bu məsələdən yorulmuşam. Heç daha maraqlanmıram da. Çünki mənasız səy göstərmək istəmirəm, reallığı bildiyimə görə. Əminəm ki, AXCP adını daşımağa, Əbülfəz Elçibəyin davamçısı olmağa layiq partiya və lider mənəm. Hakimiyyət də bu həqiqəti nə qədər tez dərk etsə, bir o qədər yaxşıdır. Avropa Məhkəməsinə isə müraciət etmək fikrimiz yoxdur.

 

- Azərbaycanın müxalifət düşərgəsinin dirçəlməsi mümkün deyilmi? Bunun üçün nələr edilməlidir?

 

- Xalqın inamını qazanmaq lazımdır. Bunun üçün də xalq naminə, demokratiya naminə kimlərsə nümunə yaratmalıdır. Nümunə yaradan ya çox az, ya da yoxdur. Dediyim kimi, xalqın bu vəziyyətə düşməsinə, müxalifətin uzun onilliklər boyu nəticəsiz siyasət aparmasına görə məsuliyyəti üzərinə götürüb xalqdan üzr istəyib kənara çəkilən siyasətçilər olmalıdır. Bunu mən etsəm, xalq qəbul etməyəcək, çünki 90-ci illərdən bu günə kimi davam edən nəticəsiz siyasətin iştirakçısı və hərəkətverici qüvvəsi mən olmamışam.

Ənənəvi müxalifətin təmsilçilərinin əksəriyyəti və ya bir neçəsi xüsusi bəyanatla çıxış etməli, xalqdan üzr istəməli və uğursuz siyasətə görə məsuliyyət daşıdığını deməlidir. Bu, xalqda yenidən inam yaratmaq gücünə malik bir jest olar.

 

- Bu günlərdə ADP sədri Sərdar Cəlaloğlu fəaliyyəti olmayan partiyaların qeydiyyatının ləğvinin vacibliyi məsələsini qaldırdı. Siz bu barədə hansı fikirdəsiz, 55 partiyaya ehtiyac varmı ölkədə?

 

- Seçki debatlarında vədlərimdən biri bu idi ki, ölkədə 4-5 partiyanın güclənməsinə və rəqabət aparmasına şərait və imkan yaradacam. Təbii ki, 55 partiyanın kağız üzərində mövcudiyyətinə ehtiyac yoxdur. Lakin sadəcə, onları ləğv etmək və ya onlar qarşısında ağır şərtlər qoymaq da düzgün deyil. Gərək siyasi partiyaların inkişafı üçün normal şərait yaradılsın, onlara bərabər imkanlar tanınsın, dövlət qayğısı göstərilsin, “Siyasi partiyalar haqqında” Qanunun müddəaları ayrı-seçkilik qoyulmadan hər kəsə bərabər şəkildə şamil edilsin və onlara əyər-əskikləri aradan qaldırmaq üçün iki il zaman ayrılsın. İki il zaman çərçivəsində ayaq üstə dayana bilməyən partiyalar isə qanun çərçivəsində ya ləğv edilsin, ya da onlar digər partiyalara birləşsinlər. Bu gün mövcud olan qanunu özündən deyən hər hansı bir partiyaya da tam olaraq tətbiq etsək, o da gərək bağlansın. Hər şey qanunlar və ədalət prinsipi ilə yerinə yetirilməlidir. Biz indiki məqamda və mövcud mühitdə onların ləğv edilməsinə qarşıyıq.

 

“Vətəndaşlar ölkədə müsbət dəyişikliyi siyasi partiyaların gətirəcəyinə inanmırlar”


- Şübhəsiz ki, Azərbaycanda və yerləşdiyimiz bölgədə baş verən siyasi prosesləri, geopolitik prosesləri izləyirsiniz. Sizcə, nə baş verir? Gedişat bizi, bölgəni hara aparır? Xüsusən İranla bağlı yaranmış vəziyyətin gedişi.

 

- Türkiyə müstəqil siyasət yeridir və artıq özünü qlobal oyunçu kimi görməkdədir. Bu çox doğru qərardır və cənab Ərdoğanın bu siyasətini bəyənir və təqdir edirəm. Türkiyə kənardan gələn direktivlərlə işləməkdən imtina edir. Əslində Türkiyə üçün ən böyük təhlükə Rusiya ola bilərdi və Türkiyə doğru edərək Rusiya ilə dostluq yolunu seçib. F-35 olmayacaq, olacaq son model döyüş MİQ-ləri. MİQ və S-400-lər isə Türkiyəyə təzyiq göstərən güclərə bir təhülkədir. Onlar başa düşməlidir ki, birvektorlu dünya artıq yoxdur, o, çoxvektorludur və seçim imkanları da çoxdur. Rusiya artıq dünya üçün bir gücdür. Rusiya ilə də hesablaşmaq lazımdır və Azərbaycanın Rusiya ilə apardığı siyasət də pis deyil. Azərbaycan Rusiya ilə daha yaxından və əsaslı əməkdaşlıq etməlidir ki, hər iki ölkə xeyir görə bilsin.

Bununla bərabər, Azərbaycan Avropaya inteqrasiya, əməkdaşlıq və strateji yaxınlığı da gözardı edə bilməz. Bizim üçün Avropa ilə əməkdaşlıq çox önəmlidir. Amma Azərbaycanın enerji sahəsində etdiyi əməkdaşlıqla kifayətlənmək nə onları qane edir, nə də bizi. Bu cür davam etmə ölkə üçün zaman-zaman təlatümlər törədəcək. Azərbaycan Avropa ilə əməkdaşlıq məsələsində konkret fikrə sahib olmalıdır. Biz onlara öz ideya və dəyərlərimizi sırıya bilmərik, bizim onlardan öyrənməyə ehtiyacımız var. İndiki halda isə Azərbaycan iqtidarı diktə edən tərəf kimi özünü göstərir və hərəkət edir, bunun təlatümü ciddi fəlakətlərə də gətirib çıxara bilər.

Azərbaycan üzərinə geopolitik təzyiqlər güclənəcək. Azərbaycan bu hallardan sığortalanmaq üçün ciddi siyasi və iqtisadi islahatlara getməlidir.

İrana gəlincə, bizim qonşumuzdur və müsəlman ölkəsidir. Biz istəmərik ki, İranda təlatümlər olsun, müharibəyə sürüklənsin, ən azından orada milyonlarla soydaşımız yaşayır. İran-ABŞ münasibətlərinin pisləşməsi Azərbaycan üçün geopolitik baxımdan çox zərərlidir və ölkəmizi çətin vəziyyətə salır, onun üçün də iki ölkə arasında münasibətlərin yaxşılaşması üçün Azərbaycana tərəfi addımlar ata bilər. İran-İsrail münasibətlərinin də normallaşması üçün Azərbaycan işlər görə bilər və görməlidir.

 

- Belə bir vəziyyətdə müxalifətlə iqtidarın dialoquna ehtiyac varmı?

 

- İqtidarla müxalifətin münasibəti bərbaddır. Bizlər səngərin müxtəlif tərəflərində yer almış insanlarıq. Hər iki tərəf Azərbaycanın rifahı üçün çalışdığını dilinə gətirir, lakin bir yerdə oturub bu problemləri həll etmək üçün fəaliyyət göstərmir. Biz hər zaman iqtidarla danışıqlara hazır olmuşuq, lakin səbəbsiz yerə yox, əgər bir səbəbi olarsa, onlarla oturub danışa, bu və ya digər məsələləri müzakirə etməyə hazırıq. Dialoqun predmeti olmalıdır. Hakimiyyət dialoq istəyirsə, kifayət qədər ciddi addımlar atmalıdır. Biz görməliyik ki, artıq müsbət addımlar atıldı və bunun inkişaf etdirilməsi lazımdır. Predmetsiz və mövzusuz iclaslarda oturmaq və oradan-buradan danışmaq heç də müxalifət tərəfindən, Azərbaycanın demokratik cəmiyyətinə bir şey qazandırmır. O cəhətdən predmeti olan, sonradan nəticəsini bir neçə gün ərzində görə biləcəyimiz dialoqun tərəfdarıyıq.

 

- Azərbaycanda son hadisələrdə din amilinin gücləndiyi mənzərəsi yarandı. Din faktorunun siyasi alətə çevrilməkdə olduğunu söyləməyə əsas varmı?

 

- Din faktoru hər zaman siyasi alətə çevrilib. Dindən də öz məqsədləri üçün istifadə etmək üçün fürsət qovlayan adamlar var. Gərək bu fürsət onlara yaradılmasın. Amma Azərbaycanda hazırda bu fürsətlər çoxdur. Süni şəkildə yaradılan narazılıqlar, insanları incitmək, haqlı insanı haqsız duruma salmaq, kiminsə mülkünü əlindən almaq, torpaqlarını zəbt etmək, məmur olma üstünlüyündən istifadə edərək qeyri-qanuni yollarla vətəndaşların əmlakını ələ keçirmək, rüşvətxorluq və korrpusiya ilə varlanmaq kimi qanunsuzluqlar var. Qanun işləməyən yerdə, digər yazılmayan qanunlar işləməyə məhkumdur. Birinci növbədə, özünü kiçik padşah kimi aparan məmurlara qarşı qanun müstəvisində təmizlənmə elan edilməlidir. Məmur məmur olmalıdır, məmurun milyardlıq biznes maraqları olanda, o, ölkəyə, vətəndaşa, prezidentə xidmət etməz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin