"Müxalifətin problemi ondadır ki, xalqdan dəstək qazana bilmir"

09:56 14-09-2018 | icon 596 | Siyasət
"Müxalifətin problemi ondadır ki, xalqdan dəstək qazana bilmir"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev “TALK TV” internet televiziyasına müsahibə verib. AXCP sədri müsahibədə bir çox məsələlərə toxunub.

 

Versus.Az AXCP sədri Razi Nurullayevin müsahibəsini təqdim edir.

 

“AXCP bizik, Əli Kərimlini isə “Yurd” sədri olaraq görürük”

 

- Razi bəy, mediada sizi AXCP sədri kimi təqdim edəndə müxtəlif fikirlər, şərhlər yazılır ki, “AXCP sədri kimdir?”, “Neçə AXCP sədri var?” və s. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Bu sualın verilməsi təbiidir. Doğrudan da insanlarda bu fikirlər yaranır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayevdir. Sadəcə olaraq, Azərbaycan Xalq Cəbhəsi Partiyasında bir neçə dəfə dezinteqrasiya olunub və müəyyən ad dəyişikliyi olaraq müxtəlif partiyalar yaranıb. Bunun da köklü səbəbləri var. Bu səbəblərdən çox danışmışıq, ona görə bu məsələyə çox toxunmaq istəmirəm. Əbülfəz Elçibəyin ideyalarını davam etdirən, ona qəlbən bağlı olan mənim rəhbərlik etdiyim Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Əli Kərimlini isə biz “Yurd” sədri olaraq görürük. “Yurd” məsələsi 1980-cı illərin sonundan, 90-cı illərin əvvəlindən gündəmdədir və bu gün də var. Bu baxımdan da inanıram ki, həm ağlı başında olan siyasətçilər, həm də xalq AXCP sədri kimi məni görür.

 

“Parlament seçkilərində bütün gücümüzlə iştirak edəcəyik”

 

- Qarşıdan parlament seçkiləri gəlir. Mətbuatda seçkilərin növbədənkənar keçiriləcəyi haqqında müxtəlif məlumatlar yazılır. Əgər seçkilər növbədənkənar olarsa, seçkidə namizəd kimi iştirak edəcəksinizmi?

- Hər bir siyasi partiya seçkidə iştirak etməlidir. Hər zaman demişəm ki, əgər bir partiya seçkidə iştirak etmirsə, o, zaman siyasi səhnədən getməlidir. Heç bir hadisə, problem siyasi partiyanın seçkidə iştirakına mane olmamalıdır. Bu baxımdan istər erkən, istərsə də vaxtında keçirilsin, biz parlament seçkilərində iştirak etmək niyyətindəyik. Bəli, parlament seçkilərində bütün gücümüzlə iştirak edəcəyik. Artıq bununla bağlı qərarımız var və artıq bu dəyişə bilməz.

- Prezident seçkilərində 1 faizdən aşağı səs topladınız. Bu nəticə sizi ruhdan salmır?

- Bu suala artıq cavab vermişəm. Azərbaycanın indiki reallığında bu məsələlərin özünü müzakirə etmək belə yersizdir. İkinci, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci və səkkizinci yerləri tutanlar arasında bir müqayisə aparın və səs faizlərini hesablayın. Bu fərq 4-5 faiz də deyil. İkinci, üçüncü yeri tutanlar 2 faizə qədər, mən 1 faizə qədər səs toplamışam. Bunun arasında fərq varmı? Buna Azərbaycan reallığı deyək və bunu da bu cür qəbul edək. Təbii ki, bu cür məsələlərin namizədlərin iştirakı ilə böyük konfranslarda müzakirəsinin tərəfdarıyam və o zaman daha dəqiq danışa bilərəm. Amma bu məsələlər haqqında o qədər danışılıb, yazılıb, deyilib ki, artıq bu haqda danışmağa lüzum görmürəm.

- Prezident seçkilərindən əvvəl və sonra hökumətə müxtəlif təkliflər verdiniz. Bunlardan bəziləri hökumət tərəfindən qəbul olundu və tətbiq edildi. Maraqlıdır, bundan sonrakı fəaliyyətinizdə belə planlarınız varmı?

- Ümumiyyətlə, siyasətin, iqtisadiyyatın, sosial vəziyyətin, vətəndaş cəmiyyətinin inkişafı və digər sahələrlə bağlı kifayət qədər proqramlar hazırlayıb təqdim etmişik. Bunun ən bariz nümunəsini də prezident seçkilərində gördük. Bizim təklif etdiklərimiz, verdiyimiz ideyalar adımız çəkilməsə də dövlət proqramına salınıb, bu və ya digər formada hakimiyyət tərəfindən yerinə yetirilib. Hər zaman demişəm ki, bizim üçün əsas olan insanların həyatına müsbət təsir göstərəcək proqramların həyata keçirilməsidir. Bunu da edirlərsə, çox gözəl. Biz bir siyasi partiya olaraq hakimiyyətə gəlmək istəyirik. Amma bu o demək deyil ki, biz proqramlarımızı, təkliflərimizi ancaq özümüz hakimiyyətə gələndə yerinə yetirməliyik. Çünki biz Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyırıq. Azərbaycan xalqı qarşısında müəyyən öhdəliklər götürmüşük və bu öhdəlikləri yerinə yetirmək üçün də müxalifətdə olan zaman da xidmət göstərməyə davam etməliyik. Hər kəs görür ki, bizim təklif etdiyimiz proqramların bir hissəsi qəbul edilib və həyata keçirilib. Bu da çox müsbət haldır. Amma Azərbaycana tam olaraq müsbət dəyişiklik gətirmək, dəyişmək və real demokratik Avropa ölkəsi qurmaq üçün Azərbaycan Xalq Cəbhəsi Partiyası mənim rəhbərliyim altında hakimiyyətə gəlməlidir. Ancaq o zaman yaxın müddət ərzində Azərbaycan tam bir fərqli məkana çevrilir.

 

“Hər bir xidmət sahəsinin arxasında bir məmur dayanır”

 

- Ölkənin xidmət sektorunda ciddi problemlər var. İnsanlar sosial şəbəkələr vasitəsilə öz etirazlarını bildirirlər. Sizin özünüz də bu yaxınlarda “Atəşgah” Sığorta şirkəti ilə problem yaşadınız. Bu cür problemlərin köklü şəkildə həlli üçün hansı mexanizm tətbiq olunmalıdır?

- Azərbaycanda xidmətin səviyyəsi sıfırdır. Demək olar ki, bu sahədə kifayət qədər korrupsiya və rüşvətxorluq var. Əfsuslar olsun ki, xidmət sahəsinin səlahiyyətləri ASAN Xidmətin səlahiyyətlərinə daxil deyil. ASAN Xidmət kifayət qədər şəffaf fəaliyyət göstərə bilir. Əslində bir neçə xidmət sahəsi də ASAN Xidmətə verilə bilərdi. Deyək ki, prezidentin bir neçə son fərmanı var, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində “DOST” platforması yaradılıb, bir neçə gün əvvəl Vahid İnformasiya Sisteminin yaradılması ilə bağlı qərar verilib. İnanıram ki, onlar da elə ASAN Xidmət kimi həmin nazirliyin tərkibində şəffaf fəaliyyət göstərəcək. Amma digər müxtəlif sahələr var ki, doğrudan da insanları incidən kifayət qədər xidmətlər, məmurlar var. Hər bir Azərbaycan ailəsində ən azından 1 avtomobil var. Avtomobilə isə həm məcburi, yəni icbari sığorta var, həm də kasko tətbiq olunur. Hər iki sığorta xidmətinin insanların başına açmadığı oyunlar qalmır. İnsanların pulunu kəsir, incidir, şəxsiyyətini alçaldır və pul ödədikləri halda xidmət ala bilmir. Çünki hər bir xidmət sahəsinin arxasında dayanan məmur əli var. Belə görünür. Nəyə görə “Atəşgah” Sığorta insanların başında “turp əkir”? İnsanların şəxsiyyətini alçaldır? Mən şahidi olmuşam ki, “Atəşgah” Sığorta narazı vətəndaşlara “bura Azərbaycandır” deyir. Bu nə deməkdir? Yəni, Yeni Azərbaycan Partiyasının yaratdığı dövlətdə hər şey edə bilərik. Korrupsiyaya da yol verərik, rüşvətxorluq da edə bilərik. Bu sözün açılma mənası budur. Əgər “Atəşgah” Sığorta bunu açıq deyirsə və cəzalandırılmırsa, bağlanmırsa, deməli ortada müəyyən məqamlar var. Çünki hər bir Azərbaycan ailəsində sürücü var və onlar prezidentdən, dövlətdən narazı salınır, iyrəndirilir. Əminəm ki, nəinki “Atəşgah” Sığortada, bütün xidmət şirkətlərində yoxlamalar aparılarsa, onların yüksək çinli vəzifəli şəxsləri, onların arxasında duran gizli əllər kütləvi şəkildə həbsə gedərlər. Bunu Azərbaycan xalqı naminə etmək lazımdır.

- Gedişhaqlarının qaldırılması da xidmət sahəsinə aiddir və bu da insanları narazı salır.

- Xidmət sahələrində xidmətin göstərilmə səviyyəsi də çox aşağıdır. Deyək ki, bu gün İsveçdə, Böyük Britaniyadan, Hollandiyada və digər ölkədə olsam ictimai nəqliyyatdan istifadə edərəm, edirəm də. Bu, mənim üçün heç bir problem yaratmır. Çünki bilirəm ki, getdiyim yerə zamanında çatacaq, nəqliyyat vasitəsi təmiz olacaq, heç kim ayağımı tapdalamayacaq, dirsək vurmayacaq, şəxsiyyətimi alçaltmayacaq. Amma Azərbaycanın nəqliyyat sistemində bütün bunlar baş verir. Lazımsız, mədəniyyətisiz musiqini dinləməyə vadar edirlər. Sürücülərin kobudluğu və müxtəlif neqativ hallarla qarşılaşırlar. Qiymət artımına görə etiraz etməyək, çünki həqiqətən də Azərbaycanda ictimai nəqliyyatın qiyməti aşağıdır, amma xidmət səviyyəsi də çox aşağıdır. Əgər qiymət artırsa, xidmət səviyyəsi də artmalıdır. Jurnalist Azər Həsrətin statusunu oxudum, yazıb ki, avqust ayında evdə yaşamamışam, amma yaşadığım müddətdən 3 dəfə çox işıq pulu gəlib. “TALK TV” də bununla bağlı reportaj hazırlamışdı. Belə çıxır ki, dövlət qurumu, xidmət sektoru borclu qaldığını və ya oğurladığını insanların cibindən çıxarıb qaytarmaq istəyir. Bu artıq Azərbaycan vətəndaşına qarşı terror törətməkdir, Azərbaycan vətəndaşının zorla cibinə girib pulunu oğurlamaqdır. Azərbaycan vətəndaşının cibində çox pul yoxdur, bəzilərində isə ümumiyyətlə yoxdur. Amma məcbur edirlər ki, işığını, qazını, sığortanı kəsəcəyəm, sən get, borc tap, mənim xərcimi ödə. Əgər bunlar vətəndaş üçün cəza kəsirsə, bəs onları kim cəzalandırmalıdır? Təbii ki, dövlət, prezident, hökumət. Əminəm ki, bu baş verəcək. Çünki Azərbaycan vətəndaşını dövlətdən, dövlətçilikdən narazı salmaq heç kimin haqqı deyil. Azərbaycanı qırğına sürükləməyə heç kimin haqqı yoxdur. Qanunla cəzasını almalıdır. Qanun da, Konstitusiya da bunu deyir, prezident də hər çıxışında bunu xüsusi vurğulayır. Ona görə də bütün bunlara bir cavab olmalı və bunu edənlər də cəzalandırılmalıdır.

“Dövlətçilik uğrunda canını verməyə hazır olan məmurlar da var”

- Belə çıxır ki, xalqı bəzi məmurlar narazı salır...

- Deməzdim ki, bunu bütün məmurlara aid etmək olar. Məsələ burasındadır ki, Azərbaycanda kifayət qədər yüksək səviyyəli, dövləti sevən məmurlar da var. Azərbaycan dövlətçiliyi uğrunda canını verməyə hazır olan yüksək çinli məmurlar da kifayət qədərdir. Bu məmurlar Azərbaycan, torpaq üçün ölümə getməyə hazırdır. Məsələ burasındadır ki, icra və xidmət sektorunda çalışan bir sıra vətəndaşları narazı salırlar. Bunlara bir əncam çəkilməlidir. Bu, sistemli şəkildə, inzibati mübarizə ilə aradan qaldırılmalıdır. Təbii ki, bir məmur işinin öhdəsindən gəlmirsə, istefaya göndərilməli, yerinə isə ölkədə və ya xaricdə yüksək keyfiyyətli təhsil almış kadrlar təyin edilməldir. Elə etmək olar ki, onlar da Azərbaycan xalqına xidmət göstərsinlər. 

 

“Azərbaycanda internet mediası tam azad fəaliyyət göstərir”

 

- Sonda mətbuatın və söz azadlığının durumu ilə bağlı fikirlərinizi bilmək istəyirdik. Ənənəvi müxalifət təmsilçiləri deyir ki, onların mətbuata çıxışına qadağa qoyulub və onlar fikirlərini deyə, insanları ətraflarına toplaya bilmirlər. Sizcə belədirmi?

- Mən tam olaraq bu fikrin əleyhinəyəm. Azərbaycanda siyasi fəaliyyət göstərib nəticə əldə etmək mümkün görünmür. Azərbaycanda siyasi mühit əlverişli deyil. Siyasətçilərə basqı var. Amma bu o dərəcədə deyil ki, kimsə fəaliyyət göstərə, fikirlərini açıq şəkildə deyə bilməsin. Şükürlər olsun ki, Azərbaycanda internet mediası tam azad fəaliyyət göstərə bilir. İnsanlar orada bəzən öz ailələrinin yanında deyə bilmədiklərini başqaları üçün deyirlər. Bu çox ayıb bir məsələdir. Azərbaycanın internet məkanı çox bərbad bir gündədir. Bu məkanda kifayət qədər geniş bir azadlıq var. Siyasətçilər mediada da kifayət qədər sözlərini deyə bilir. 
Cüzi texniki bacarığı olan hər hansı bir şəxs 15 dəqiqə ərzində sayt yarada bilir. Bunun üçün mən bu sahədə problem görümürəm. Problem tamamilə başqa məsələlərdədir. Amma bir siyasətçi kimi fikirlərimi açıq şəkildə ifadə edirəm, istənilən məmurun adını çəkə bilirəm, prezidentin adını çəkirəm, tənqid edirəm. Düşünmürəm ki, mediada hansısa məmurun adının çəkilməsinə qadağa var. Hər zaman bu cür fikirlər deyirəm, başqa siyasətçilər də deyir və buna görə də heç kim həbs olunmur. Sadəcə olaraq birincisi, təhqirlə tənqidi qarışdırmaq lazım deyil. İkincisi, Azərbaycanda xalqla yaxınlaşmaq lazımdır. 


Azərbaycan müxalifətinin problemi ondadır ki, xalqdan dəstək qazana bilmir. Xalq onun arxasında dayanmır. Səbəbi isə aydındır. Azərbaycan müxalifəti ilə xalq ayrı düşüb. Amma bu,o demək deyil ki, xalq iqtidarla yaxındır. O da ayrı düşüb. Ümumiyyətlə, Azərbaycan xalqı özü üçün bir lider gözləyir. Müxalifətdə yeni insanın, siyasətçilərin içindən yeni fikirli birinin arxasınca getməyə hazırdır. Düşünürəm ki, bu mümkün olacaq. Artıq bunun təzahürləri var. Mənim rəhbərlik etdiyim partiyanın bu istiqamətdə çox doğru addımlar atdığı qənaətindəyəm. Ümid edirəm ki, biz Azərbaycan xalqının dəstəyini və məhəbbətini qazana biləcəyik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI