“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

16:34 19-09-2018 | icon 1113 | Ədəbiyyat
“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

Emil Rasimoğlu: “Yaradıcı insan düşüncədə olmasa da, ünsiyyətdə bəzən kütlə ilə ortaq olur”

 

 

İnsanlar var ki, Tanrını SÖZdə axtarır. Söz bütün gözəlliklərin tablosudur. Öz Tanrısını sözdə axtaran, tablo şairlərindən biri də müsahibimiz Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Emil RASİMOĞLUdur. Gənc yazar Versus.Az-a müasir ədəbi mühitdə baş verənlərdən, xüsusi ilə də poeziyadan və yaradıcı baxışından səmimi söhbət açıb.

 

- Salam, Emil bəy.

 

- Salam.

 

- Yaradıcılıqda nə var, nə yox?

 

- Yaradıcılıqdı da… öz axarında davam etməkdədir.

 

- Çox zaman şeirə vicdanla dəyər verilməməsindən gileylənirsiz… Nə məsələdi, nədən narahatsız?

 

- Siz hazırki ədəbi mühitin, hətta belə deyərdim, ən qlobal və həllini hələ də tapmayan bir problemə, mənimsə belə desək, yaralı yerimə toxundunuz. Hər birimizə bəllidir ki, bu gün istənilən bir ədəbi nümunə haqqında yazı yazılırsa, istənilən bir şairin, yazıçının yaradıcılığı ilə bağlı fikir sərgilənirsə, demək olar ki, o zaman meyar bədii keyfiyyət yox, şəxsi münasibət götürülür. Bax onda yaradıcılıq şəxsi münasibətlərə məğlub olur. Axı ədəbiyyat dostluq, yoldaşlıq, doğmalıq eləcə də din, sərhəd, hətta düşmən belə tanımır. Ədəbiyyat bədii mətn tanıyır, bədii mətn! Nəinki yazılarda, mətbu orqanlardan tutmuş şifahi nitqlərə qədər bu münasibətlərdən qaynaqlanan ədəbi vicdansızlığı görmək olar. Bəlkə də bu həm də bir insanlıq problemidir.

 

- Dediyiniz həmin bu kimi qələm adamlarının ədəbiyyata aidiyyatı var ki?

 

- Təbii ki, əgər istedad sahibidirsə var. Bilirsiz, biri var şairin, yazıçının yaratdığı bədii mətn, biri də var, həmin şəxslərin ədəbi mövqeyi. Bunları bir-biri ilə qarışdırmaq olmaz. Ona görə ki, ən ciddi ədəbiyyat nümayəndəsi belə, mövqeyində vicdansız ola bilər.

 

- Ciddi ədəbiyyat demişkən, ümumiyyətlə, ciddi ədəbiyyat anlayışı məqbuldurmu sizin üçün?

 

- Maraqlı mövzuya toxundunuz. Həmin bu ifadəni mən də istər şifahi nitqdə, istərsə də yazıda işlədirəm. Çünki ümumilikdə elə qəbul edilib. Ancaq açığı belə hesab edirəm ki, əslində nə ciddi ədəbiyyat, nə də qeyri-ciddi ədəbiyyat var. Yalnız ƏDƏBİYYAT var. Soruşa bilərsiniz ki, bu anlayış necə yarandı. Düşünürəm ki, ciddi ədəbiyyat anlayışının özü elə qeyri-ciddi ədəbiyyat anlayışından yaranıb. Belə deyək də, ədəbiyyat nümunəsinə bənzəyən nələrsə ədəbiyyat adından tam inkar edilməyib yenə ədəbiyyat adı altında qeyri-ciddi ədəbiyyat hesab edildikdə əksiliyində ciddi ədəbiyyat anlayışı yarandı.

 

- Şeirlərinizdə bədii fəlsəfə daha çox duyulur…

 

- Bir az təvazökarlıqdan kənar çıxmasın, bu, istedad, düşüncə və orijinal baxış vəhdətindən irəli gəlir. Yeri gəlmişkən onu da deyim ki, yaranan əsər bir ədəbi hadisə olmalı, ədəbiyyat düşüncəsində inqilab etməlidir. Buna novatorluq da deyirlər.

 

- Ədəbi gəncliyin şeirlərində imitasiya hədsiz şəkildə duyulur. Mənə elə gəlir ki, bu imitasiya elə bir-birlərini oxumaqlarından irəli gəlir. Siz necə düşünürsüz?

 

- Bəli, səbəblərdən biri də sənin vurğuladığın amildi… Ancaq mənə elə gəlir ki, bunun ən başlıca səbəbi kütləviləşməkdi. Bu günün ədəbi gəncliyi kütləviləşməkdədir. Kütləviləşməksə, fərdi və fərqli düşünmək, görmək təfəkküründən məhrum olmağa gətirib çıxarır. Kim o kütləviləşməyi inkar edə bilirsə yaradıcılıqda özünəməxsusluğu ifadə edə bilir. Əks halda yox…

 

- Sizin üçün şeir yazmaq nədir?

 

- Həə… Maraqlı sualdır (gülür). Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır.

 

- Tanrı demişkən, yaradıcı adam üçün keçilməz bir qüvvə ola bilərmi?

 

- Yenə bu suala hardasa öz tərəfimdən cavab verəcəm. Belə hesab edirəm ki, yaradıcılıq kütləvilik xarakteri yox, bəşərilik xarakteri daşıyır. Ona görə də yaradıcı insanın düşüncəsi heç bir qüvvə qarşısında aciz qalıb, o qüvvəni özünə bütləşdirməməlidir.

 

- Emil bəy, sizin bu cavabınızdan belə bir bir sual yarandı - Emil Rasimoğlu üçün Allah var?

 

- Zaman-zaman mübahisə predmeti olan bir sualı verdiniz (gülür). Bəlkə də o ən böyük həqiqi yalandır, bəlkə də ən böyük uydurduğumuz həqiqətdir. Bilmirəm… Ancaq bir nüansı vurğulayacam…

Mən uzun illərdir Allahı yuxuda görürəm. Həmişə də nədənsə əlləri qanlı, gözləri intiqam hissi ilə dolu, özü isə müharibə geyimində. Yuxuyasa qəti inamım yoxdu! Nə bilim e…

Birdə ki, vicdanı olan adamın Allah nəyinə gərəkdir axı…

 

- Əyalətlərdəki ədəbi mühitlə bağlı nə deyə bilərsiz?

 

- İlk öncə onu deyim ki, ədəbiyyat üçün zaman və məkan anlayışı yoxdur. Ancaq bütün bunlarla yanaşı, yaradıcı insanın inkişafı üçün mühit və şərait mütləqdir axı. Bu mənada əyalətlərdə çağdaş ədəbi mühit zəifdi, bəlkə də heç yoxdu desəm yanılmaram.

 

- Mühitdən söz düşmüşkən, paytaxtdakı ədəbi mühitdə çirkin qruplaşmalardan da söz edənlər var… Nə düşünürsüz?

 

– Vallah, mən özüm o qruplaşmalardan uzaq olduğum üçün daxilindən xəbərim yoxdur, çölü də hər kəsə məlumdur.

 

- Bayaq Allahın varlığı ilə yoxluğunu şübhə altında saxlayırdız, amma indi isə “vallah” deyirsiz. Bunu necə başa düşək?

 

- Heç nəyi diqqətdən qaçırmamısınız ha… (gülür). Bilirsiz, adam bəzən cəmiyyətin dilində də danışır. Həm də bunun kökündə sadəcə insan təhdəlşüuru dayanır.

 

- O zaman yaradıcı insanın kütlə təsirinə düşmək ehtimalı da var?

 

- Mən elə deməzdim. Sadəcə yaradıcı insan da digər tərəfdən kütlənin bir üzvüdür axı. Ona görə də düşüncədə olmasa da, ünsiyyətdə bəzən kütlə ilə ortaq olur.

 

- Ədəbiyyat kütləyə xidmət etmir ki?

 

- Qətiyyən! Ədəbiyyat kütlənin qəbulu yox, fərdlərin qəbuludur.

 

Məhəmməd TURAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI