“Bu qələbəyə inam olmasaydı, çoxdan ürəyimiz partlayardı”

23:18 11-12-2020 | icon 647 | Şəhidlər və şahidlər
“Bu qələbəyə inam olmasaydı, çoxdan ürəyimiz partlayardı”

Füzuli Rzaquliyev: "Olan oldu, geçən keçdi, şükür bu günə..."

 

Bu gün I Qarabağ savaşından Vətən Müharibəsinə gedən 30 illik yolda Azərbaycan əsgərinin nələrdən keçdiyinə diqqət çəkəcəyik. Vətən Müharibəsinə 1-ci Qarabağ savaşından baxan döyüşçünün keçdiyi döyüş yolu nə qədər ağır olsa da, bu gün o, Qələbə sevinci bütün təəssüf hisslərini üstələyib. Təbii ki, tarix unutqanlığı sevmir və bu günün hərbi zəfəri tarixin verdiyi dərslərin nəticəsi olaraq yada salınacaq.

 

Versus.Az Həftə içi”-nin qonağı Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədri, II qrup müharibə əlili, ehtiyatda olan zabit Füzuli Rzaquliyevlə olan müsahibəni təqdim edir.

Köhnə döyüşçü 1989-1991-ci illərin təlatümlü illərini yada salaraq, heç vaxt unudulmayacaq xatirələrini dilə gətirib:

 

“Biz o vaxt meydan hərəkatına qoşulmuşduq. Sonra düşmənlə mübarizədə bunun əsas çıxış yolu olmadığını gördük. 1991-ci ildə belə bir tələb qoyuldu ki, ordu yaradılsın. Həmin il oktyabrın 9-da fərmanla ilk könüllü döyüşçülər yığışmağa başladı. Təbii ki, o vaxt orduya könüllülük prinsipi ilə gedirdik. Ordunun yaradılmaması üçün rəhbərlik səviyyəsində də ciddi maneələr var idi. Ölkənin rəhbəri Ayaz Mütəllibov idi. Könüllülərə “yer yoxdur”-deyib, hərbiyə qəbul etmirdilər. Amma biz özümüz 1991-ci il noyabr ayının əvvəlində məcburən Şıxov deyilən əraziyə yığışıb, rus əsgərlərini ordan çıxartdıq. Nə paltar var idi, nə silah, nə yemək... Bütün bunların hamısını hissə-hissə, hansısa yollarla əldə edə-edə, birinci Şıxov desant hücum briqadasını yaratdıq. O vaxt zabitlər çatışmırdı. Biz yanvar qırğınından sonra rus ordusundan imtina etmiş zabitlər idik”.

 

F.Rzaquliyev deyir ki, o vaxt kiminsə könüllü orduya, döyüşə getməsi özü bir qəhrəmanlıq idi. Çünki o, hara getdiyini, ona nə ola biləcəyini yaxşı anlayırdı...

 

“O döyüşlər haqqında çox danışmaq olar. Bizim çoxlu qalibiyyətli döyüşlərimiz olub, uduzulmuş döyüşlər də olub. Amma nəticə bəllidir. Biz bilirdik ki, döyüşü uduzsaq da, məğlub olmamışıq. Bilirdik ki, hələ müqəddəs müharibə qabaqdadır. Və nəhayət ki, o müqəddəs savaş oldu”.

 

F.Rzaquliyev deyir ki, o vaxt ilk döyüşləri Şaumyan kənd ərazisində olub:

 

“Döyüşə bölük, tağım, batalyon şəklində gedirdik. O döyüşlərdə əsgərlərimiz böyük qəhrəmanlıq nümayiş etdirirdi. Biz orda xeyli erməni məhv edib, əsir götürdük. Daşaltı döyüşündə uduzduq. Mən məğlub olduq deməzdirm, çünki ermənilərdə də çoxlu tələfatlar vardı. O döyüşdə igidlik göstərən əsgərlərim var idi. Onlara mütləq deməliyəm: Zaur Cəfərov əsir düşməmək üçün axırıncı patronunu öz sinəsinə sıxmışdı. Rövşən Xəliov var idi, yaralanmışdı, ermənilər onu əsir götürmək istəyəndə F1 qumbaranı partladıb özü ilə birlikdə çoxlu erməni öldürmüşdü. F1-in qəlpələri 250 metr radiusda səpələnir. O, qumbaranı çəkərək özünü də, erməniləri də məhv etmişi...

 

 

Sonra Rəhim Qazıyev könüllü dəstələri ləğv elədi. Bu səhv addım idi. Amma oldu və döyüşdə tək zabitlər qaldıq. Biz yeni gələn 18 yaşlı əsgərləri götürüb təzədən təlim, tədris keçir, onlarla döyüşə gedirdik. Sonradan rəhbərlik gördü ki, səhv ediblər, təzədən könüllüləri döyüşə cəlb elədilər.

Könüllülərin çoxu bu hadisədən incidi, döyüşü buraxıb getmək istəmirdilər, hətta göz yaşı da axıtdılar ki, biz döyüşməyə öldürməyə, lazım gəlsə ölməyə gəlmişik, bizə niyə imkan vermirlər. 18 yaşlı əsgərlər də gözəl döyüşürdülər. O vaxt mənim də 31 yaşım var idi, 3 körpə uşağı evdə qoyub getmişdim. Amma bununla belə gənc əsgərlərin itkilərini qəbul edə bilmirdim. O vaxt bizim birqada komandiri rəhmətlik Zaur Rzayev idi, qəhrəmanlığına, bilik və bacarığına görə ona general rütbəsi verdilər.

Sonra mən könüllülərə müraciət elədim. Onlarla döyüşmək rahat idi, hətta bəzilərinin döyüş təcrübələri var idi. Döyüşə nə üçün, hansı məqsədlə gəldiklərini daha yaxşı bilirdilər”.

 

 

Ağdərədə bir neçə kəndin azad edilməsindən sonra Laçına qərargah rəisi gedən F.Rzaquliyev komandir Süleyman Əhmədovun komandanlığı altında 713-cü batalyonun rəşadətli döyüş yolundan danışıb. Onun sözlərinə görə, könüllülər Laçının 42 kəndində uğurlu döyüşlər keçirsələr də, sonradan həmin hissəni Laçından geri qaytarıblar. 713-cü batalyondan olan köhnə döyüşçülər Vətən müharibəsi başlayanda da eyni vətənpərvərlik hissi ilə döyüşlərə qatılmaq istədilər, könüllü olaraq döyüşmək üçün qeydiyyatdan da keçdilər. Amma bu dəfə əllərinə silah almasalar da, öz mənəvi, maddi dəstəkləri ilə döyüşçülərin yanında oldular:

 

“Orda “Vəng” deyilən bir əməliyyat oldu. Bunu döyüşçülərimiz yaxşı bilir. O yerlərlə bağlı müəmmalar bu günə qədər qalır. Mən orda yaralandım, bundan qabaq da yüngül xəsarətim var idi. Məni qospitala yerləşdirdilər, müalicə alıb yenidən döyüşə qayıtdım. Sonra mənə arxa cəbhədə işləməyi təklif elədilər, götürmədim, təxris olundum. Artıq 1994-cü ildə təxrislər başlandı”.

 

Ehtiyatda olan zabit deyir ki, təxris olunduqdan sonra Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyini yaratmağa qərar verdi. Onun sözlərinə görə, o vaxt bu təşkilatın adını qoyanda çoxlu ağız büzənlər olub. Hətta təşkilatı Ədliyyədən qeydiyyatdan keçirməyiblər ki, təşkilatın adında olan “Vətən Müharibəsi” sözü çıxarılsın:

 

“Deyirdilər ki, təşkilatın adını “Qarabağ mahribəsi”, yaxud, “Partizan müharibəsi” qoysanız, qeydiyyata alarıq. Biz də dedik, ay kişi, Qazaxda döyüş gedib, Tovuzda gedib, Naxçıvanda gedib, Laçında gedib, hamısı vətən deyil?!. Və təkidlə təşkilatı istədiyimiz qaydada qeydiyyata aldırdıq. Və bu gün təşkilatımızın 68 minə yaxın üzvü var. Bəli, biz o döyüşləri uduzduq, amma məğlub əsgər olmadıq. Bu gün əldə olunan Qələbənin rüşeymləri o əsgərlərin qanları, canları, igidlik mübarizəsi ilə qoyuldu, bəsləndi... Çox şükür ki, bu 44 günlük müharib ona can verdi. Şükürlər olsun ki, Prezident başda olmaqla, hamı  bu döyüşü Vətən Müharibəsi adlandırır”.

 

1-ci Qarabağ müharibəsi ərəfəsində imperialist qüvvələrin Azərbaycana qarşı məxvi planlar hazırladığını deyən keçmiş döyüşçümüz, heç bir gücün vətən oğullarının mübarizlik əzmini qıra bilmədiyini önə çəkib:

 

“O vaxt Azərbaycanın məhv edilməsi planı var idi. Biz rusa qarşı vuruşurduq... Biz bu atəşkəs dövründə sakit oturmadıq. Məktəblərdə, ali təhsil ocaqlarında, şəxsi həyatda harda olduq təbliğat, təşviqat işimizi apardıq. Çox şükürlər olsun ki, gözlədiyimiz gün gəlib çıxdı. Prezident ilk səfərbərlik elan edəndən sonra hamı çox ruh yüksəkliyi ilə qeydiyyatdan keçdi. Təbii ki, böyük əksəriyyət döyüşə götürülmədi. Amma əlimizə silah alıb döyüşməsək də, bizim şöbələrimiz, əsgərlərimiz bütün cəbhə boyu çox böyük fəallıq göstərdilər. 

Mən özüm də, həmişə döyüş bölgələrinə gedən bir zabit kimi, müharibə başlayanda da tez–tez cəbhəyə, əsgərlərimizin yanına gedir, öz dəstəyimizi verməyə çalışımışıq. Redaksiyanıza verdiyim şəkli də Kəlbəcər tərəfdə çəkdirmişdim. Vətən müharibəsində gedən bu döyüşlərdə iştirak edənlərin yarıdan çoxu veteran və şəhid ailələrinin uşaqlarıdır. Damardan axan döyüşçü qanı özünü göstərirdi. Deyir - “Aslanın balası, aslan olar”.

Bu müharibədə biz döyüşə buraxılmasaq da, hərbi geyimlərdə cəbhə bölgələrində olduq. Sovqat apardıq, təlimlərimiz, görüşlərimiz oldu. Sentyabrın 24-dən oğlum İlkin Rzaquliyev də ehtiyatda olan zabit kimi döyüşə gedib. Bu günə qədər şərəfli bir döyüş yolu keçdi, hələ təxris olunmayıb”.

 

 

 

Füzuli Rzaquliyev deyir ki, 1-ci Qarabağ döyüşlərindən Vətən Müharibəsinə baxanda bir fərqi görür. Onun sözlərinə görə, o zaman döyüşə qatılan könüllülər, əsgərlər hər biri vətənin azadlığı naminə canlarından keçməyə hazır idilər və torpaqların azadlığı hər şeydən öndə dayanırdı:

 

“Bu gün orduya baxanda daha çox qürurlanrsan. Sağ olsun cənab Prezident, Allah Ordumuzu qorusun! Allah vətənpərvər insanlarımızı qorusun! Bu müharibədə Azərbaycana mənəvi dəstək olan dost dövlətlər - Türkiyəmiz, Pakistan, İsrail, Əfqanıstan var olsunlar! Bu gün vahid komandanlıq var və öz işini gözəl icra edir. Əsgərlərimizin ruh yüksəkliyi və müasir silahlar, döyüşün qalibiyyətlə başa çatmasında əsas amillərdən biridir. Xalq da öz dəstəyini əsirgəmədi.  Bu Vətən Müharibəsi müasir döyüş tarixinə, dünya hərb tarixinə yenilik gətirdi. Dünyanın hərbi ekspertləri rayonlarımızın işğaldan azad olunması ilə bağlı keçirlən əməliyyatları indi də öyrənməyə çalışırlar. Bu müharibədə hərb tarixinə qızıl hərflərlə yazılan döyüşlər oldu. Nə qədər nəfəsimiz var, şəhidlərimizi unutmamalı, gələcək nəsillərə Vətən Müharibəsinin mahiyyətini, əzəmətini təbliğ, təşviq etməliyik. Çünki qarşımızda məkirli düşmənlər var”.

 

Füzuli Rzaquliyev deyir ki, 1-ci Qarabağ müharibəsinin iştirakçılarına məğlub əsgər deyib onları qınayanlar prosesləri, həqiqəti dərk etməyənlərdir. Onun sözlərinə görə, o adamlar hətta bu gün dünyanın heyrətlə izlədiyi Vətən Müharibəsində əldə olunan qələbəyə də ağız büzürlər. Döyüşçü deyir ki, heç kim risk edib onun yanında əsgəri qınaya bilməz:

 

“Çünki mənim döyüş yolumu bilirlər. Mən o ağzını büzənlərdən soruşuram: sən döyüşdə iştirak etmisənmi, kiminlə döyüşümüsən, Müdafiə Nazirliyinın fonduna nə qədər pul köçürmüsən, sən nə etmisən bu vətən üçün... Ondan sonra ağızrlarını yumurlar. Mən tədbirlərdə etdiyim çıxışlarımda həmişə əsgərlərimə deyirdim ki, Şuşada görüşənə qədər. İndi əsgərlərim deyir "Komandir, Şuşa alındı, indi nə deyirsən". Deyirəm, indi də İrəvanda görüşənə qədər. 

Biz döyüşlərdə yaralanmışıq, fiziki məhdudiyyətlərimiz yaranıb, amma o döyüşçü ruhumuz qalır, ruh axırda ölür... Mən Azərbaycan gəncliyinə həmişə cavanlara deyirəm ki, ruhunuzu yüksək tutun. Bugünkü qaliblərimiz o cavanlardır. Bu özü böyük xoşbəxtlikdir. Allah Prezidentin canını sağ eləsin, o, böyük fatehdir. Biz bu günü gözləyirdik. Son 200 ildən yuxarı bir tarixdə Ali Baş Komandan yeganə fatehdir ki, Azərbaycanın işğalda olan torpaqlarını geri aldı. Biz ona qədər də Ali Baş Komandanın sadiq əsgərləri olmuşuq və bu gün də əsgərik. Bu qələbəni gözləyirdik və inanırdıq. Çünki bu qələbəyə inam olmasaydı, çoxdan ürəyimiz partlayardı. Allah dövlətimizi, millətimizi qorusun. 

Azərbaycan yeganə dövlətdir ki, bütün sərhədlərində öz torpaqları ilə əhatə olunur - Dərbənd, Borçalı, Qərbi Azərbaycan, Cənubi Azərbaycan... Hədəflərimiz yerdə qalan ərazilərimizin azad olunmasıdır. Qərbi Azərbaycanda erməni olmayıb, torpaqlarımızı rusun əli, farsın köməkliyi ilə alıb erməniyə veriblər. Biz bu gün düşmən əsarətində olan torpaqlarımızın iddiasını, davasını edirik. Gələcək nəsillər üçün təbliğat, təşviqat işlərimizi davam etdirməliyik. Ermənilər bura gəlmədir. İndi bizim torpaqları öz adlarına çıxmaqla deyil”.

 

Ehtiyatda olan zabitimiz deyir ki, o, həmin döyüşlərdə bir fərd kimi də düşməndən qisasını alıb. Deyir ki, ailədə üç qardaş olublar, üçü də döyüşə gedib. Böyük qardaşı ilə kiçik qardaşı müharibə əlilidir. Füzuli müəllim deyir ki, o çətin vaxtlarda kiçik qardaşı Xəqani Rzaquliyev BDU-da oxuyurmuş. İki qardaş evdə körpə uşaqları qaldığına görə düşünüblər ki, kiçik qardaşları arxada qalıb ailəyə dəstək olar. Amma Xəqani Rzaquliyev qiyabiyə keçərək müharibəyə gəlib və döyüşdə iştirak edən qardaşlarından qabaq yaralanıb. Kiçik qardaş döyüşlərdə yaralanan ilk jurnalist olub. Füzuli müəllim deyir ki, bu bir Azərbaycan oğlunun, kişisinin vətəndaşlıq borcudur. Bu vətən sevgisi qandan gəlir:

 

“Döyüşlərdə o qədər hadisələr, maraqlı epizodalar olub ki, hansını deyim, nəyi deyim, bilmirəm. Elə 2 gün qabaq, Kəlbəcərə gedəndə maraqlı bir hadisə oldu. Kəlbəcərdə 1991-ci ildə döyüşdüyüm "Gena" ləqəbli əsgəri gördüm. Bu çox gözəl təəssürat yaratdı məndə. Mən bir komandir kimi daim əsgərlərin yanında olurdum. Ona görə də məni harda görürlər, komandir deyib, hər an əmrə tabe olduqlarını göstərirlər. Mən komandir olanda 31 yaşında idim, amma 52 yaşında da əsgərim var idi. Hamının ürəyində bir vətən sevgisi, hamıda bir nizam var idi. Mən heç vaxt özümü tabeçiliyimdə olan əsgərimdən seçməmişəm. İstər yemək vaxtı, istər döyüş vaxtı. Elə olub ki, maykamı cırıb hansısa əsgərin yarasını bağlamışam. O vaxt  tibbi ləvazimatlar çatışmırdı. Hətta bir dəfə sarğı olmadığına görə, barmaqlarımla güllənin açdığı yaraları sona qədər tutmuşam ki, qanaxma olmasın. Həmin o yaralı əsgər, indi də sağdır”.

 

 

Komandir deyir ki, 1-ci Qarabağ döyüş yolu keçən könüllülərin hamısı onun qəhrəmanlarıdır:

 

“Mən də onlar üçün bir qəhrəman idim. Heç nəyə baxmadan Vətəni hər şeydən uca tutanlar qəhrəmanlardır”.

 

Füzuli müəllim deyir ki, döyüş, hərbi xidmət tamam başqadır. Olan oldu, geçən keçdi, şükür bu günə:

 

“Daşaltı döyüşündə bir erməniyə güllə atdım yıxıldı, sonra durdu aradan çıxdı. Nə qədər atdım dəymədi. Həmişə ona heyfsilənirəm. Onun heyfini başqa döyüşlərdə aldıq, amma nədənsə, o hadisəyə həmişə heyfsilənirəm. Elə xatirələr var ki, onu danışa bilmirik. Bir də ona təəssüf edirdim ki, o vaxt bizim döyüşlərimiz yarımçıq qaldı. Amma şükürlər olsun ki, bu 28 ildə gördüyümüz işlər hədər getmədi. Bax, bu gün Azadlıq Meydanında baş tutan Qələbə Paradı bütün döyüşçülərin ən ali arzusu kimi bu gün gerçəkləşir. Bu, böyük qürur, xöşbəxtlikdir. Şükr Allaha. Yaşasın Ali Baş Komandan, Ordumuz, Xalqın Birliyi!

 

 

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq