Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

11:38 12-10-2018 | icon 907 | Kürsü
Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

 

 

Senari məhz Azərbaycanda, Bakıda yazılır

 

 

VÜSAL QARAYEV

/AXCP mətbuat katibi/

 

 

 

 

Bu günə kimi müxalifət haqqında yazmamışam. Yəni tənqidi nəsə yazmamışam, danışmamışam. Bu o demək deyil ki, Azərbaycan müxalifətində problemlər yoxdur. Sadəcə, bir müxalifət partiyanın rəsmisi olaraq buna gərək görməmişəm. Partiya olaraq da gücümüzü, potensialımızı ölkədə baş verən sosial-iqtisadi-siyasi problemlərə yönəltmişik, hər zaman hökumətin apardığı yanlış siyasəti tənqid etmişik, vətəndaşın problemlərini işıqlandırmağa çalışmışıq. Baxmayaraq ki, ən çox təzyiqi, təhqiri, şəri-böhtanı də elə məhz müxalifətdən görmüşük. Amma biz yenə də susmağa üstünlük vermişik. Ona görə ki, daim müxalifətin birliyindən yana olmuşuq. Ona görə ki, vətəndaşın müxalifətə olan onsuz da zədələnmiş güvənini müxalifətdaxili çəkişmələrlə daha məhv etmək istəməmişik. Bu gün də eyni fikirdəyik...

 

Lakin son günlər müxalifət daxilində baş verənlər, özəlliklə mühacirət müxalifəti üzərindən oynanan oyunlar, prosseslər artıq iyrənc bir hal alıb. Bu barədə yazmağa ona görə məcbur oldum ki, biz partiya olaraq daim vətəndaşın yanında olmuşuq, onun mənafeyini düşünmüşük. Biz gücümüzün yetdiyi qədər xalqın problemlərini həll etməyə, ən azından vətəndaşın səsini aidiyyatı yerlərə çatdırmağa çalışmışıq. Biz gücümüzün yetmədiyini vəd edib insanları ümidləndirməmişik ki, sonra da onları xəyal qırıqlığına uğratmayaq. Məhz buna görə də bu gün xalqın ümidlərini qıranlara, vətəndaşın müxalifətə inamını, güvənini məhv edənlərə qarşı mübarizə aparmaq borcumuzdur, vəzifəmizdir.

 

Bəli, bu gün cəmiyyətin əsasən sosial şəbəkələrdən istifadə edən böyük bir hissəsi müxalifətdə, özəlliklə mühacirətdə olan bəzi şəxslərə güvənirlər, onlara inanırlar, onları özlərinin carçısı, hətta xilaskarı hesab edirlər. Daha doğrusu, edirdilər desəm yerinə düşər. Amma son günlər həmin şəxslər, yoxsa qruplarmı deyim, özləri özlərini çox ədəbsiz formada ifşa edirlər. Və bunu onlara güvənən insanların gözü qarşısında edirlər. Bir-birlərini şantaj etdilər, öz aralarındakı telefon danışıqlarının səs yazısından bir-birilərinə qarşı istifadə etdilər, bir-birlərini satqınlıqda, hakimiyyətin agenti olmaqda, müxalifətçi adı altında, xalqın hissləri ilə alver edərək milyonlar mənimsəməkdə və daha nələrdə-nələrdə ittiham edirlər...

 

Bunlar çox ağır və iyrənc ittihamlar, davranışlar, oyunlardır. Və bir daha qeyd edirəm, bütün bunlar bu insanlara güvənən cəmiyyətin gözü qarşısında baş verir. Nəticədə insanlar müxalifətdən iyrənirlər, mübarizəyə nifrət edirlər, gələcəyə olan inamlarını itirirlər və belə bir təhlükəli fikir formalaşır, “elə ən yaxşısı hazırkı hakimiyyətdir, bunlar gəlsə daha betər olacaqlar”. Hakimiyyətin də istədiyi elə məhz budur - xalqı alternativsiz buraxmaq. Təəsüf ki, müxalifət bu məsələdə hakimiyyətin çörəyinə yağ sürtür, həm də xalis kərə yağı. Əlbəttə istər iqtidar, istər müxalifət daxilində hansısa problemlərin, anlaşılmazlıqların olması normaldır. Bu bütün dünyada normal qəbul edilir. Amma bunu belə iyrənc formada, hamının gözü qarşısında sərgiləmək, sadəcə yolverilməzdir. Və biz tərəfləri bu oyunlara son qoymağa çağırırıq. Bu xalq, vətəndaş belə müxalifətə, belə mübarizəyə layiq deyil...

 

Və yüksək ehtimalla özlərini xalqın səsi, demokrat, azadlıq aşiqi, vətənsevər kimi təqdim edən bu insanların bir-birlərinə qarşı etdikləri ittihamların əksəriyyəti həqiqətdir. Çünki ortada faktlar var. Məsələn, hər iki tərəfin biri-birinə qarşı istifadə etdiyi səs yazıları. Əlbəttə ki, yüksək ehtimalla qeyd edim ki, nə Azərbaycan hakimiyyəti, nə də ölkədəki ənənəvi müxalifət sərhədlərimizdən kənarda, mühacirətdə baş verən bu iyrənc olaylardan kənar deyillər. Bunu mən iddia etmirəm. Onlar özləri bir-birlərinə qarşı ittihamlarda bu fikirləri səsləndirirlər. Məsələn, bir-birilərini hakimiyyətin hansısa klanına işləməkdə suçlayırlar. Eləcə də bu olaylarda ənənəvi müxalifətin, müxalifət, hərəkat liderlərinin də adları qeyd olunur, istər İsa Qəmbər olsun, istər Əli Kərimli, Nemət Pənahlı və digərləri. Mənzərə, gedişat onu göstərir ki, sərhədlərimizdən kənarda cərəyan edənlərin senarisi məhz Azərbaycanda, Bakıda yazılır, oyunun iştirakçılarının himayədarları, istər hakimiyyət daxilindəki qruplar, istər bu qruplara xidmət edən müxalifət tərəfindən...

 

Maraqlıdır, bizi, AXCP-ni Razi Nurullayevin sədrliyi ilə yenidən formalaşdıqdan sonra müxtəlif məsələlərdə ittiham edənlər, bizə iyrənc, əxlaqsız böhtanlar atanlar, qara yaxmağa çalışanlar indi nə düşünürlər görəsən? Heç utanırlarmı? Bu günə kimi xalqın yanındayıq, qınımıza girib gizlənməmişik, daim Azərbaycanın bölgələrinə səfərlərdəyik, vətəndaşın yanındayıq, müxtəlif tədbirlər keçiririk, hökumətə istər sosial, iqtisadi, istər siyasi təkliflər veririk və bu fəaliyyətlərimizə də vargücümüzlə davam edəcəyik. Amma bu günə kimi bir dəfə adımız belə murdar, iyrənc hadisələrdə hallanmayıb, hallanmayacaq da. Məncə bu barədə düşünməyə dəyər...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI