“... O vaxt da müxalifət sevinirdi ki, Elçibəy devriləcək”

09:32 22-10-2018 | icon 490 | Siyasət
“... O vaxt da müxalifət sevinirdi ki, Elçibəy devriləcək”

 

İqbal Ağazadə: “Mənim nəzərimcə, iqtidarın apardığı altyapı siyasəti effekt vermir, onu təcili dəyişmək lazımdır”

 

 

Ümid Partiyasının sədri İqbal Ağazadənin Versus.Az-a müsahibəsi

 

- İqbal bəy, bu gün ölkəmizdə qalanan “Qarabağ alovu” illərdir ki, söndürülmür. Bu alov bizi içdən yandırsa da, gözləməliyik. Çünki beynəlxalq təşkilatlar prosesin danışıqlar yolu ilə həll edilməsini tələb edir. Azərbaycan insanı hələ də “nə etməlidir, necə etməlidir” sualları ətrafında dayanıb. Nə baş verir?

 

- Ermənistan-Azərbaycan münaqişəsi Cənubi Qafqaz konflikti səviyyəsindən çoxdan çıxıb. Bu artıq beynəlmiləl müstəviyə keçib və iri dövlətlər bu prosesə cəlb olunublar. İşğal faktoru ətrafında aparılan danışıqlar artıq fərqli istiqamətdə gedir. Ona görə də problemi həll etmək sadə və asan deyil.  Sadə və asan olsaydı, Azərbaycanda problemi həll etməli olan iqtidarlar kifayət qədər güc və yaxud danışıq mərhələsində qətiyyət göstərib məsələni müsbət həll edərdilər. Bu gün beynəlxalq aləmə də çox yaxşı bəllidir ki, münaqişənin qalma səbəbi Rusiyanın postsovet ölkələrindən çıxmaq istəməməsidir. Rusiya postsovet ölkələrindən çıxmadığı üçün ən optimal yolu seçib - etnik-milli konfliktlər vasitəsi ilə dövlətlərin iç məsələlərinə təsir etmək. Diqqət edin, hələ 2014-cü ildə Rusiya ondan ayrılıb Avropaya inteqrasiya etmək  istəyən Ukraynaya ciddi problem yaşatdı - Donbası, Şərqi Ukraynanı, Krımı Ukraynanın əlindən almağa çalışdı və proses hələ də davam edir. 1993-cü illərdə Azərbaycan neft kontraktlarının imzalanma mərhələsindəydi, rus qoşunları Azərbaycandan çıxarılmışdı, Azərbaycan Avropaya, Qərbə inteqrasiya istiqamətində ciddi fəaliyyət göstərirdi. Ona görə də Rusiya Azərbaycanı da cəzalandırdı və torpaqlarımızın bir hissəsini Ermənistanla birgə işğal etdi. Moldovada Qaqauziya, Pridnestroviya, Gürcüstanda Abxaziya-Osetiya da eyni qəbildən olan problemlərdir. Təəssüflər olsun ki, etnik-milli münaqişələrin subyektlərinə çevrilmiş tərəflər - istər etnik azlıqlar və separatistlər, istərsə də onu himayə edən dövlətlər - qəbul etmək istəmirlər ki, Rusiya onlardan sadəcə öz məqsədlərini gerçəkləşdirmək üçün istifadə edir. Məsələn, Şimali Osetiyada 1 milyon osetin yaşayır, Cənubi Osetiyada isə cəmi 240 min. Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyan Rusiya Şimali Osetiyaya müstəqillik vermir. Əgər Rusiya doğrudan da Osetiyanın müstəqilliyini istəsəydi, 1 milyonluq Şimali Osetiyaya müstəqillik verib Cənubi Osetiyanın da Şimala birləşməsini təmin edərdi. Amma 240 min osetinə müstəqillik vermiş kimi görünür və Gürcüstana təsir imkanlarını saxlamaq üçün ondan istifadə edir, ancaq Şimali Osetiyanı hələ də öz tərkibində saxlayır. Yeri gəlmişkən bu gün Azərbaycanda etnik konfliktlərə meyl edən tərəflər Rusiyanın, yaxud da İranın bu həqiqət altında gizləndiyinin fərqinə varmırlar. Ona görə də Ermənistan-Azərbaycan münaqişəsi təkcə xalqın, hakimiyyətlərin gücündən asılı olan məsələ deyil. Beynəlxalq düzən, dünyanın yanaşması, Qərb ölkələrinin etnik-milli konfliktləri həll etmə mexanizmlərinin olmaması və hegemonluq edən Rusiyanı durdurmaq imkanlarının məhdudluğu ucbatından onlar da konservləşdirilmiş problemlərə daha çox üstünlük verirlər. Təbii ki, belə şəraitdə hakimiyyət, Azərbaycan dövləti bunun alt yapısını hazırlamağı bacarmalıdır. Alt yapı nə deməkdir: bu gün demokratik dünya ilə daha sıx münasibətdə olmaq, demokratik dünya ilə daha ciddi şəkildə çuğlaşmaq, Azərbaycanın dünya birliyində yerini doğru təsbit etmək, Avropa coğrafiyasının bir parçası olaraq ölkənin sosial, iqtisadi, mədəni, humanitar, o cümlədən siyasi həyatında ciddi islahatların həyata keçirilməsinə nail olmaq və onun bir tərkib hisəsi kimi ekstremal və yaxud da gərəkilən anda özünə müttəfiq toplamağın doğru-dürüst yollarını müəyyənləşdirməkdir. Təəssüf ki, biz bu məsələdə də Ermənistana uduzmuş kimi görünürük. Əgər bu gün işğalı aradan qaldıra bilmiriksə, alternativ olaraq dünya birliyinə sosial-iqtisadi cəhətdən daha firəvan, demokratik Azərbaycanı təqdim etməliyik ki, ən azı növbəti mərhələdə haqqımızı və hüququmuzu istər güc, istər danışıqlar müstəvisində tələb edəndə, haqlı ikən haqsız durumda görünməyək. Ermənistan bu gün özünü dünyaya təəssüf ki, bizdən daha demokratik, daha tolerant və açıq təqdim edir. Onlar özlərinə monomillətli Ermənistan yaradıblar. Faktiki olaraq orada çox az sayda yezidi kürdləri və çox az sayda ruslar var. Onlardan başqa Ermənistanda heç bir millətin nümayəndəsi yoxdur. Amma Azərbaycanda etnik rəngarənglikdir. Onların hüquqları etnik-milli zəmində tapdalanmır, Azərbaycan multikultural dini dəyərlərə malik bir ölkədir, etnik-milli dini baxımından çox tolerant bir ölkədir. İqtidarda kimin olmasından asılı olmayaraq, bu prinsiplər pozulmayıb. Lakin demokratikləşmə, insan haqları, Azərbaycanın sosial-iqtisadi zəmində həyata keçirməli olduğu islahatlar baxımından biz Ermənistandan geridə qalırıq və bu fakt Ermənistanın xeyrinə işləyir. Biz çalışmalıyıq ki, bu faktorları dəyişək.  Mən Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində pozitiv məqamları postPutin dövründə görürəm. PostPutin dönəmində Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün optimal variantlar və şərtlər ortaya çıxa bilər. Azərbaycan onda həmin optimal variant və şərtlərdən maraqlarımızı təmin etmək üçün istifadə etməyi bacarmalıdır. Yenə də qeyd edirəm ki, bunun üçün dünyada daha çox müttəfiqlər toplamağı bacarmalıdır. İndiki məqamda hakimiyyət müharibə etsin, yaxud sülh yolu ilə torpaqları alsın və s. bir qədər çətin məsələlərdir.

 

- Belə bir şəraitdə xalqın mitinqlər və başqa kütləvi tədbirlərlə öz sözünü deməsi münaqişənin həllinə yönəlik önə çəkdiyiniz şərtlərdən biri ola bilməzmi?

 

- Bizim son mitinqlər, xalqı kütləvi surətdə bu proseslərə cəlb etmək cəhdləri və s. sadəcə Ermənistanın son dövrdə artan aqressivliyi və ritorikasındakı sərtliklə bağlıdır. Çünki Paşinyanın gəlişindən sonra ritorika bir qədər dəyişib. Onun ardıcıl verdiyi bəyanatlarda Dağlıq Qarabağ münaqişəsinin həllində orada yaşayan erməni əhalisinin rəyinin əsas olmasını, o cümlədən işğal olunmuş torpaqların ya müstəqil, ya da Ermənistana birləşdirilməsi kimi ritorikaları Azərbaycan cəmiyyətini bir az fərqli yanaşmağa məcbur edir və ona görə də ictimai rəy buna qarşı qoyulur.

 

 - Əks halda belə çıxır ki, danışıqlar prosesindən narazı qalsa da, xalq hələ də gözləmə mövqeyində dayanmalı, onu qorumaq üçün ayrılmış “güc mələklərinin” insafa gəlib torpaqları geri alıb ona verəcəyini gözləməlidir?

- Mən elə qənaətdə deyiləm. Azərbaycan iqtidarı torpaqların geri qaytarılması üçün optimal şəraiti həm də özü yaratmalıdır. Mənim bayaq dediklərim obyektiv reallıqlar idi. Amma Azərbaycan hakimiyyəti bu istiqamətdə çoxlu iş görə bilərdi və indi də gec deyil. Yenə deyirəm, bunun alt yapısı hazırlanmalıdır. Diplomatiyada, ikitərəfli və çoxtərəfli görüşlərdə, münasibətlərdə tərəfləri Azərbaycanın mövqeyindən çıxış etməyə məcbur edən mövqelər sərgiləməyi diqtə edən siyasət sərgiləməlidir. Azərbaycan bu gün iri dövlətlərlə çox böyük transmilli layihələrin ortağıdır - istər neft kontraktlarında, istərsə də qaz çəkilişlərində. Bunun üçün Azərbaycan lobbiçilik fəaliyyətini doğru-dürüst qurmalı idi. Azərbaycan ikitərəfli qaydada Avropa ölkələri ilə ticarət, iqtisadi və siyasi əlaqələr sisteminə malikdir. Bu sistemi elə doğru-dürüst müəyyənləşdirməlidir ki, onlar Azərbaycan mövqeyindən çıxış etməyə meylli olsunlar.  Bunun üçün Azərbaycan demokratikləşməli, açıq cəmiyyət yaradılmalı, ölkəni iqtisadi cəhətdən maraqlı və azad zonaya çıxarmalı, insan  haqlarının qorunması istiqamətində səslənən iradlar aradan qaldırılmalı və  demokratik seçki məsələsində Azərbaycan hökumətinə irad bildiriləsi faktorların sıradan çıxarılmasına, qanunvericilik bazasının Avropa standartlarına uyğunlaşdırılmasına kifayət qədər ciddi örnək, nümunə ola biləcək addımlar atılmalıdır. Təəssüf ki, bunlar da yoxdur.

 

- Hesab edirsiniz ki, dediyiniz bu məsələlər baş verərsə, Qarabağ işğaldan azad olacaq?

 

- Qarabağın işğaldan azad olunması üçün təkcə bir nüansın üzərində dayanmaq doğru deyil. Burda kompleks addımlar atılmalıdır. Sadaladığım məsələlər onlardan biridir. Digəri hərbi gücün və qüdrətin artırılmasıdır, biri daxildə vətəndaş sülhünün, vətəndaş birliyinin olması, qonşu dövlətlərin maraqlarının uzlaşdırılması, üzv olduğumuz beynəlxalq qurumların ərazi bütövlüyümüzü dəstəkləməsi üçün siyasi addımların atılmasıdır. Bunlar hamısı lazımdır. Bəzən biz yalnız bir komponentin üzərində dayanırıq. Məsələyə kompleks yanaşmalıyıq. Biz bu məsələlərin hamısına nail olmalıyıq ki, Qarabağ problemini də həll edək. Bütün bunlar olacaqsa, bəli, Qarabağ probleminin həllinə çox yaxınlaşacağıq. Ən sonda, bizim müttəfiqlər olacağı təqdirdə, hətta hərbi gücün istifadə olunması da istisna hal deyil. Bu gün mən hərbi gücün istifadə olunmasının lehinə deyiləm, çünki Rusiyanın, Qərbin buna yanaşmasını bilirəm, müharibənin hansı itkilər gətirəcəyini təsəvvür edirəm. Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim alternativ təkliflərimiz var. Biz Avropa Birliyinin mini formasında Cənubi Qafqaz Birliyinin yaradılmasının tərəfdarıyıq. Bu da İctimai Parlamentdən başlayır. İctimai Parlament yaradılmalıdır, xalqların, dövlətlərin maraq və istəkləri bir masa üzərinə çıxarılmalıdır, uzun müddət danışıqlar aparan tərəflərə təlqin edilməlidir ki, biz bu torpaqları gec-tez alacağıq. Amma bu, bizim yaxın qonşuluq siyasətimizdə münasibət qurmağımıza əngəl olmamalıdır. Çoxşaxəli münasibətlər sistemi yaradılmalıdır.  Bütün bunlar yoxdur, olmadığına görə də problem olduğu kimi qalır.

 

- İqbal bəy, bu istiqamətdə mənfilər deyilir, təəssüflər səslənir.  Amma mən bu anda istərdim ki, bu prosesin müsbət tərəflərini də deyəsiniz. Qarabağın işğaldan azad olunması yönündə hansı müsbət addımlar var?

 

- Əgər proses baş verməyibsə, müsbət nəsə demək çətindir. Çünki ortada işğaldan azad olunmuş torpaq yoxdur. Amma bu o demək deyil ki, hakimiyyət Qarabağı satmaq istəyir. Mən bu qənaətdə deyiləm və heç vaxt da olmamışam. Hakimiyyət hələ ki, işğal olunmuş torpaqları geri ala bilmir. Bu başqa məsələdir. Amma müsbət olan odur ki, hakimiyyətə bu qədər təzyiqlər, basqılar olduğu bir vaxtda iqtidar da torpaqları güzəştə getməyib. Azad etməsə belə, hər halda işğalı hüquqi müstəviyə daşımayıb. Hakimiyyət məndən də, sizdən də çox istəyər ki, Ermənistan-Azərbaycan münaqişəsini Azərbaycan dövlətinin maraqlarına uyğun həll etsin. Onlar da bir Azərbaycan vətəndaşıdır və heç kəs öz torpağının düşmənin əlində qalmasını istəməz. Amma yenə deyirəm ki, pozitivi o zaman müzakirə edirlər ki, torpaq işğaldan azad olunsun. Siz düşünməyin ki, beynəlxalq aləmdə də heç kim Qarabağı bizdən almaq istəmir. Bunun üçün də kifayət qədər lobbi fəaliyyətləri var. Və Azərbaycana istənilən sferadan basqılar edə bilirlər. Hakimiyyət də hələ buna duruş gətirir, məsələnin müsbət tərəfi budur.  Əsas mənfi tərəfi odur ki, hakimiyyət torpaqları işğaldan azad etməyə borcludur, amma bunu edə bilmir.

 

 - Münaqişənin həlli ilə bağlı bir diplomatik korpus işləyir. Biz vasitəçi missiyanın torpaqlarımızı işğaldan azad edib bizə verəcəyini gözləyirik. Amma bu qurumun ikili standartlı fəaliyyəti münaqişənin həllinə ədalətsiz yanaşdığı ortadadır. Əslində bu qurumun apardığı diplomatiya nəyə hesablanıb?

 

- ATƏT-in Minsk qrupunun missiyası konfliktin sülh danışıqları yolu ilə həllidir. O torpaqları alıb nə Azərbaycana, nə də Ermənistana verməyi düşünmür. ATƏT-in əlində elə bir mexanizm yoxdur ki, torpaqları azad etsin. Ümumiyyətlə, son illər dünyada konfliktlərə yanaşmanın xarakteri dəyişib. Dünyada konfliktlər adətən hüquqi yolla tənzimlənməlidir və zaman-zaman tənzimlənirdi. Hüquqi yol nədir; məsələn, BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsi var - ölkənin tanınan əraziləri, BMT-yə üzvlüyü və onun əsasında tanınması. O cümlədən, BMT-nin torpaqların işğaldan azad olunması ilə bağlı 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi var. Bu qətnamələrə əsasən münaqişəni hüquqi yolla həll etməyə çalışsaydılar Azərbaycanın heç bir problemi olmazdı. Amma həll edə bilmirlər. Bilirlər ki, həmin sənədlərə uyğun olaraq, Ermənistanın torpaqlardan çıxmasını tələb etsələr, buna Rusiyanın müdaxiləsi olacaq. Rusiyanı durdurmaq üçün isə mexanizm yoxdur. Ona görə də bunu etmirlər və daha çox siyasi həll yoluna üstünlük verirlər. Bu yol isə problemin hüquqi həlli yolundan fərqlidir. Siyasi həll yolunda tərəflər kompramis tapmalıdırlar, ortaq mövqeyə gəlməlidirlər, siyasi həll yolunda güzəştlərə hazır olmalıdırlar. Bu gün proseslərə yanaşma siyasi həll yolunu diqtə edir və ona görə də proses uzanır. Amma heç kimin “problemi sizin xeyrinizə həll edəcəyəm” kimi öhdəliyi yoxdur. Biz hesab edirik ki, məsələni bizim xeyrimizə həll etməlidirlər, Ermənistan hesab edir ki, xalqların öz müqəddəratını təyin etmə hüququ əsasında onların xeyrinə həll olunmalıdır. Siyasi həll yolu da odur ki, tərəflər bir-birinə güzəştə getsin. Hələ ki, tərəflər bir-birinə güzəştə gedə bilmir, ortaq kompromis variantlar tapa bilmirlər və s. Təklif olunan kompromis variantlar bizim üçün də məqbul deyil. Ona görə də münaqişə həll olunmamış qalır.

 

- Və yaxud da belə qənaət səsləndirirlər ki, hələ ki, regionda güclü dövlətlərin maraqları üst-üstə düşməyib və bu prosesdə dünya düzəninin dəyişməsi, başqa bir dövlətin yaranması məsələsi üzərində çabalar var. Oyunlar gedir və bunun nəticəsi də Qarabağ münaqişəsinin davam etməsinə təsir edir.

 

 - Mən fərqli yanaşıram. Azərbaycan, Dağlıq Qarabağ oldu-olmadı, Qərb, Rusiya nə istəyir verir. Müqavilələr bağlanır, tərəfdaşlıq sazişləri var. Ermənistan da onun kimi. Məsələ dünya güclərinin bölgədə, bütövlükdə dünyada yerinin müəyyən edilməsi faktorundan gedir. Rusiya SSRİ dönəmindən fərqli olaraq sıxışdırılaraq, ta Orta Asiyanın, Cənubi Qafqazın, Moldova-Ukraynanın, Pribaltikanın sərhəddinə qədər qovulub. Rusiya Afrikadan, Vyetnamdan, Kubadan, Ərəb ölkələrindən bura qədər gəlib çıxıb.  Rusiya öz siyasətindən əl çəkmir və indi bu dövlətin ətrafında proses gedir: necə etmək lazımdır ki, dünyaya diqtə edə bilən, dünyanı silah gücü ilə qorxuda bilən Rusiya yeni bir bir müstəviyə-demokratik müstəviyə keçsin. Hələlik bunun mexanizmi yoxdur. Mexanizmi olmadığına görə də konfliktlər həll olunmur. Konfliktlər qaldıqca Rusiyanın gücü regionda hiss olunacaq. Demokratikləşmə, həm də konfliktsiz bölgə deməkdir. Konflikt olan yerdə demokratikləşməni yüksək səviyyədə həyata keçirmək risklidir, çünki hər zaman ona təhlükə var. Tutaq ki, Ukrayna, Gürcüstan ən azı demokratik dəyərlərə malik fərqli bir cəmiyyət qurmaq istiqamətində ciddi addımlar atıblar və ciddi proseslər gedir. Amma Rusiya istnilən vaxt Tiflis şəhərinə qədər gəlib çata bilirsə, Kırımı işğal edib, o cümlədən Şərqi Ukrayna və Donbas üçün də təhlükə yaradırsa, demək vəziyyət olduqca mürəkkəbdir. Yoxsa bizim torpağın kimdə olmasının beynəlxalq təşkilatlar, böyük dövlətlər üçün elə bir əhəmiyyəti yoxdur. Onlar üçün daha böyük problemlərin həlli maraqlıdır, o problemlərin də hələlik həlli mexanizmlərinin yollarını tapa bilmirlər.

 

- O zaman torpağı işğal altında olan xalq niyə kütləvi tədbirlər keçib, “mənim topağımı işğaldan azad et” tələbini irəli sürməsin?

 

- Xalq da, hakimiyyət də, siyasi təşkilatlar da bilməlidir ki, onun torpağını kimsə alıb ona verməyəcək. O ya torpağı alacaq, ya da itirəcək. Biz özümüz onu almalıyıq. Elə bilirsiniz ki, dünya birliyi ədalətin kimin tərəfində olduğunu bilmir? Çox gözəl bilir, sadəcə yenə deyirəm, konyuktura ona uyğun deyil. Biz qışqırdıq, ya qışqırmadıq onlara maraqlı deyil, bunlar 2-ci dərəcəli məsələlərdir. Əgər hakimiyyəti məcbur etsələr, tutaq ki, 1997-ci ilin noyabr ayında Ermənistanı məcbur etdiklləri kimi ki, ATƏT-in təklif etdiyi bir razılaşma əsasında fəəaliyət göstərsin. O vaxt erməni xalqı Ter-Petrosyanı istefaya məcbur etdi. Hələ Ter-Petrosyan vida bəyanatında yazırdı ki, o şeyi ki, bu gün istəyirik, bizə vermirlər, sabah yalvarsaq da bizə verməyəcəklər, biz buna razı olmalıyıq. 1999-cu ildə yenə də problemin həlli yolunda Ermənistanın praktik istiqamətə keçdiyini görüb parlamentdə terror törətdilər, Dəmirçiyan, bir qrup deputatlar öldürüldü və proseslər fərqli istiqamətə getdi. Hə, əgər görsələr ki, proseslər fərqli yönə gedir, həmin prosesin fərqli yollarını düşünəcəklər. Amma hələlik o yoxdur. O olmadığına görə də kim nə deyir desin, heç nə baş verməyəcək. Bayaq da qeyd etdim, mitinqlər, başqa bu kimi tədbirlər nəzər-diqqətləri məsələyə cəlb edir, yaddaşlar təzələnir, unutqanlıq və s. aradan qalxır. Xalqın təsir etmək imkanları var. Tutaq ki, Azərbaycan bu gün mövqeyindən geri çəkilmiş olsa, xalq ayağa durar və hakimiyyəti dəyişər. Hakimiyyətin də belə bir niyyəti yoxdur. Ona görə də xalqın prosesə qarışması bu gün heç nəyi dəyişmir. Yaxud da xalqın da passionar hissəsi çox gözəl anlayır ki, əldə imkan olsa, iqtidar torpaqları alar ki, ən azı həm torpaqları işğaldan azad etsin, həm də uzun müddət hakimiyyətdə qala bilsin. Bəzən elə düşünürlər ki, xalq heç nəyi görmür. Bu yanlışdır. O hər şeyi görür və maraqların da nədən ibarət olduğunu, prosesin hara getdiyini çox yaxşı bilir.

 

 - Bəzən siyasilər də xalqı qınayır ki, xalq önə çıxmalıdır ki, bu istiqamətdə bir aktivlik yarada bilsin.

 

- Təbii ki, hər şeyi xalq həll edir. Siyasətçilər özlərinə bir sual versin ki, əcəba, mən xalqı niyə inandıra bilmirəm? Demək günah bizdədir, xalqda deyil. Evdə də öz doğma övladına məntiqi cəhətdən bir şeyi inandırmayanda səni nə qəbul edir, nə də arxanca gedir. Elə “mən dedim olsun” deyil ey, o dövr çoxdan keçib. Xalqı inandıra bilmirik hələ ki. Biz inandıra bilmirik, bizim arxamızca gəlmirlər, iqtidar xalqın həyat şəraitini yaxşılaşdıra bilmir, ondan narazıdır. Ona görə də xalq nə onu seçir, nə də bizi. Seçkilərə getmir. Bir gün İqbal Ağazadə xalqı inandırsa, çox rahatca arxasınca gedəcəklər. Xalq həyat şəraitinin dəyişməsini, problemlərin həll olunmasını istəmirmi? İstəyir, ən çox istədiyi də odur. Sadəcə inana bilmir ki, o mənim dediyim sözlə həll olunacaq. Və yaxud da iqtidara ona görə inanmır ki, problemini həll olunmadığının illərlə şahididir. Ona görə də hələlik proseslərdən kənarda qalıb.

 

- Xalq inamsızlaşdıqca da etimadı itir.

 

- Hər bir adamın bir limiti var. Mən özümü limiti dolmuş siasətçilərdən saymıram və hesab edirəm ki, ictimai-siyasi proseslərin gedişi mənə özümü sübut etməyə, lazım olan sayda insanları inandırmağıma və qalib gəlməyimə imkan yaradacaq. Elə siyasətçilərimiz də var ki, çoxdan limiti dolub.

 

- Amma yenə də aralarında kimlərsə “ata” lıq, “ana” lıq etmək istəyir bu xalqa.

 

- Olsun. Arzu etmək pis iş deyil.

 

- Əgər bu düşüncə özü zəhərləyicidirsə?

 

- Olsun, siz bilirsiniz ki, təbiət belədir.

 

- Zəhərə qarşı nəsə olmalıdır yəqin.

 

- Var, narahat olmayın. Zəhər tökənlərin bir antidotu da var.

 

- İqbal bəy, təxminən dediniz ki, xalqın mitinqlərə çıxması əslində heç nə dəyişən deyil. Amma siz Qarabağ mitinqi ilə bağlı xalqa qəşəng bir çağırış etmişdiniz. Kimliyindən asılı olmayaraq hər kəsi “Qarabağa azadlıq” deməyə səsləmişdiniz. O dediyiniz nədir, bu dediyiniz nədir?

 

- Mən müsahibəmdə bunu təkzib etmədim. Mən deyirəm ki, Ermənistanın ətrafında baş verən prosesə, eləcə də Paşinyanın ritorikasındakı sərtliklərə qarşı Azərbaycan insanının da möveyi ortaya qoyulmalıdır. Bu, həmçinin Azərbaycanın mövqeyini gücləndirmək üçün lazımdır. Bu mitinq də onlardan biridir. Amma İqbal Ağazadə, elə ora gələnlər də bilirlər ki, mitinq münaqişəni həll etmir. Amma erməninin ritorikasına qarşı ən azı mövqe sərgiləməyə borcluyuq. Bu məsələlərdə bəzən ifrata varıb deyirlər ki, bu mitinq iqtidarın Qarabağ danışıqlarında əlini gücləndirir və müxalifət bu məsələlərdə iştirak etməməlidir. Bu yanaşma dövlətçilik üçün çox zərərlidir. Çox yanlış tendensiyadır, baxış və yanaşmadır. Mənim Qarabağ məsələmi masa arxasında danışan iqtidardır. Məsələ onunla müzakirə olunur, təkliflər ona verilir və danışıqlar prosesində tərəf kimi o iştirak edir. Mən dövlətimin, xalqımın problemində danışıq aparan kimdirsə, onun əlini gücləndirməyə borcluyam. Çünki bu mənim milli problemimdir. 

 

- Bəs niyə bizim bəzi müxalifət partiyaları mitinqdən kənarda dayandı?

 

 

- Mənə görə onlar bu məsələyə bir az yanlış, bir az da emosional yanaşırlar. Ağıla söykənən addımlar atmaq lazımdır. Hesab edirlər ki, Qarabağ məsələsində iqtidarın mövqeyi möhkəmlənsə, bəlkə də növbəti illərdə seçkilərdə daha inamlı görünə bilərlər. Mən Ermənistan-Azərbaycan münaqişəsinin həllində udmuş iqtidarın bir ömür boyu hakimiyyətdə qalacağı düşüncəsində deyiləm. Baxın, Ermənistan Ter-Petrosyanı, hansı ki, Ermənistanda monomillət yaratdı, Köçəryanı, o adamı ki, Dağlıq Qarabağda törədilən cinayətlərin hamısının iştirakçısıdır, işğalda bilavasitə iştirak edən Sarkisyanı və s. yola saldı. Baxmayaraq ki, onlar Ermənistnın tarixi arzu və istəklərini gerçəkləşdirən liderlər olublar. Axı nədən qorxursuz, qoy bizim Qarabağ problemini kim həll edir etsin. Bir il o tərəfə, bir il bu tərəfə, xalqın arzuları tükənən deyil. Qarabağ problemi həll olunandan sonra da yaxşı yaşamaq arzusu ortaya çıxacaq. Ona da iqtidar cavab verməlidir. Bilirsiz, təəssüf ki, bu tipli yanaşmalar uzun illər Azərbaycan müxalifətinin xarakterinə və düşüncələrinə hakim olub və problemlər bu yerə qədər gəlib çıxıb. Bu iqtidar Qarabağın həllində əlini möhkəmlədəcəksə və bu istiqamətdə ona zərrə qədər köməyim dəyə bilərsə, çox istərdim bunu edim. İnanın ki, Qarabağ problemi həll olunduqdan sonra bu iqtidardan hakimiyyəti almaq daha asan olacaq. Təsəvvürümüzdə var ki, iqtidar torpaqları alsa, ömürlük hakimiyyətdə qalacaq, bu yanlışdır.  Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması həm də xalqın özünə güvənini artıracaq. Bu güvənlə də hakimiyyəti dəyişməyə meyilli təbəqə formalaşacaq.

 

- Müxalifətdə olan siyasətçilər yəqin ki, kifayət qədər ağıllı insanlardır...

 

- Vallah mən deyə bilmərəm. Mənim elə bir lakmus kağızım yoxdur ki, insanların ağlını ölçüm. Amma hamını öz düşüncələrini bir daha yenidən formalaşdırmağa dəvət edirəm.

 

- Dağlıq Qarabağ, kənar rayonlarımız işğalda olduğu halda siyasətçinin bu cür yanaşmağa haqqı varmı?

 

- 1992-ci ildə ABŞ Azərbaycana qarşı 907-ci əlavəni qəbul etdi. Eləcə də Azərbaycanın Ermənistana qarşı, o cümlədən Dağlıq Qarabağda keçirilən hərbi əməliyyatları pislədi və yardımlarla bağlı embarqo qoydu. Elə o dövrdə də Azərbaycan müxalifəti sevinirdi ki, Elçibəy devriləcək. Yəni sizin dediyiniz bu günün bəlası deyil.

 

- O sevinc hissi hansı partiyalardan gəlirdi?

 

- Adlarını çəkmək istəmirəm. Amma bu ritorika var idi və faciə də bundadır ki, bu, 30 ildən sonra dəyişməyib. Biz millətimizin, dövlətimizin gəlir-çıxarlarını düzgün hesablaya bilmirik. Hesablaya bilmədiyimiz üçün də Cənubi Qafqazda təbii iqtisadi və demoqrafik üstünlüklərimizi gerçək üstünlüyə çevirib lider ola bilməmişik. Bu sahədə Gürcüstan da bizdən öndədir, Ermənistan da. Deyə bilərlər ki, bizim büdcəmiz üstündür. Amma bu heç nəyi dəyişmir. Əgər Azərbaycan insan haqları, sosial-iqtisadi-siyasi azadlıqlar, seçki və demokratiya, korrupsiya və rüşvətxorluğun indeksində Ermənistandan və Gürcüstandan qat-qat geridə qalırsa, demək büdcə heç nəyi həll eləmir.

 

- Belə çıxır k, Azərbaycan siyasətçisində xarakter problemi var.

 

- Adını nə istəyirsiniz, qoyun. Mən o sahədə mütəxəssis deyiləm. Mən bildiyimi dedim ki, onların Qarabağla bağlı yanaşmaları doğru deyil. Fikrimi də belə izah elədim ki, məsələyə emosional yanaşırlar.

 

- Siz müsahibələrdə çox əminliklə deyirdiniz ki, müxalifət Qarabağ məsələsində həmişə bir yerdədir, fikir ayrılığımız yoxdur. Amma gördük ki, mitinqlə bağlı müraciətinizə cavab verilmədi. Əksər partiyalar müəyyən bəhanələrlə kənarda qaldılar. Nə baş verir?

 

- Mən mitinqə niyə gəldiyimin səbəblərini izah elədim. Çox da sadə şəkildə dedim ki, 100 min, 1 milyon çıxsa da xalqın bu problemi həll edəcəyini təsəvvür etmirəm. Sadəcə Ermənistandakı ritorikanın qarşısında Azərbaycan vətəndaşının mövqeyi vacib idi. Bir daha qeyd edirəm ki, hətta orda mənim “Qarabağ” qışqırmağım, “Qarabağ” deməyim, meydana çıxıb ayaq üstə dayanmağım danışıqlarda tərəf kimi Azərbaycanı təmsil edən iqtidarın əlini möhkəmlədirsə, bunu edəcəyəm, təki iqtidarın əli möhkəmlənsin. Çünki bu gün danışığı mən aparmıram, iqtidar aparır. Onun mövqeyi möhkəm olmalıdır ki, ən azı ölkənin probleminin həllində bizə neqativ nəsə yaşatmasın. Hə, onlar niyə gəlməyib, lütfən o sualı onlara verin. Mən meydana gəlmə səbəblərini izah elədim. Bir başqasının gəlməmə səbəbləri ətrafında niyə polemika açmalıyam, mən niyə deməliyəm ki, hansısa ehtimalıma görə filankəs ora gəlməyib. Adamın özünə sual verin ki, adam, niyə gəlməmişdin.

 

- İqbal bəy, bəlkə belə neqativlərin üzərinə getmək lazımdır?

 

- Bu jurnalistlərin peşəsidir.

 

- Bu siyasətçinin də peşəsinə daxildir, o da prosesləri düzgün təhlil edib, mövqe ortaya qoymalıdır.

 

- Bilirsiniz, mən insanları etdiklərinə görə qınayıram, etmədiklərinə görə yox. Onlar etmədikləri şeyə görə özləri cavab versinlər ki, bunu niyə etmədi. Mən bir daha səmimi bəyan edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində tutduğum və tutacağım mövqe Azərbaycan dövlətinin, xalqının bütövlükdə cəmiyyətimizin mövqelərinə heç vaxt ziddiyyət təşkil edə bilməz. Hakimiyyətdə kimin və necə olmasından asılı olmayaraq. Burda dividenti xalqın, cəmiyyətin, hakimiyyətin götürəcəyinin mənim üçün elə bir fərqi yoxdur. Çünki hər birində udacağam. İqtidarın danışıqlar masasında güclü olması ən azı torpağın əlimizdən alınmaması deməkdir. Bu, indiki mərhələdə məni qane edən mövqedir. Ona görə də lütfən o sualları onlara verin.

 

- 24  noyabrda mitinq olacaq. Yenə müraciət edəcəksiniz?

 

- Hələ o vaxta var.  İctimai-siyasi vəziyyətdən, Qarabağ mitinqi ətrafındakı hərəkatdan, dinamikadan, siyasi partiyaların yanaşmasından, mitinq komitəsinin hansı təbliğat üsullarını seçməsindən asılı olaraq, mənim də mövqeyim olacaq. Amma bu gün bir ay bundan sonra olacaq mitinqlə bağlı müraciətmi edəcəyəm, qapı-qapı gəzəcəyəmmi, icmalarla, siyasi partiyalarla danışacağammı, hələ ki, bilmirəm.

 

- Siyasətçi üçün məncə bir qədər irəlini görə bilmək çətin bir iş olmamalıdır.

 

- Mitinq texniki məsələdir, strateji deyil.

 

- Torpağı işğal altında olan və bu gün mitinqlərdə öz etiraz səsini qaldırıb ona azadlıq istəyən xalqa demokratik kəsimlərdən göstərilən laqeydlik özlərinə qarşı xalqda hansı hissi yaradacaq?

 

- Cəmiyyət prosesə eyni cür baxmağı tərgitməlidir. Mən bir cür düşünə bilərəm, başqaları da bir başqa cür. Biz deyə bilmərik ki, siz niyə Qarabağ məsələsində belə düşünürsünüz. Biz totalitar rejimdən demokratik cəmiyyətə keçmək istəyiriksə, birinci növbədə düşüncəmizdə tolerantlığı qəbul etməliyik.  Adamları düşüncəsinə görə ittiham etmək olmaz. Adamları düşüncəsinə görə dar ağacına çəkmək olmaz. Digər tərəfdən, cəmiyyətin bir qismi Qarabağ problemini savaşda görür, bir qismi danışıqlarda, bir qismi bizdən asılı olmayaraq bunu böyük güclərin edəcəyində, bir qismi də ümumiyyətlə Rusiyanın həll edəcəyində görür. Bu baxışların hamısı mitinq məsələsində də toqquşur. Ona görə də israrla deyirəm ki, bu məsələdə hansı yolu tutacağımız zamandan asılıdır. Qarabağ Komitəsi 24 noyabr mitinqi ilə bağlı bütün siyasi partiyalara müraciət edib. Müzakirələr gedir.  Hansı vəziyyət yaranacaq, deyə bilmərik. Kimlər müsbət, kimlər mənfi cavab verəcək, bunlar sonra təhlil olunacaq.

 

- Qarabağ probleminin həlli ilə bağlı fərqli baxışları qeyd etdiniz. Sizcə bu baxış ayrılığı gələcəyimiz üçün bir qədər təhlükəli tendensiya deyilmi?

 

- Yox. Çünki heç kəsin o baxışlarının, düşüncələrinin içərisində “Qarabağı Ermənistana verək” deyə, bir anlayış yoxdur. Hamı deyir ki, torpaqları geri almalıyıq və Qarabağ bizimdir. Lakin bizim olana necə çatmaq lazımdır, bununla bağlı fərqli fikirlər var. Hə, ona necə çatmağın yollarını biz müəyyən etməliyik. İqtidar deyir ki, mən onu sülh yolu ilə alacağam. Bir başqa hakimiyyət deyirdi ki, hərblə alacağam. Sabahkı hakimiyyət nə deyəcək, artıq bunu zaman göstərəcək. Amma dünənki iqtidar da, bugünkü iqtidar da, dünənki müxalifət də, bugünkü müxalifət də deyir ki, ora bizimdir, heç kəsə verməyəcəyik. Əsas olan da bu düşüncədir. Ona görə də bu fərqli baxışlardan qorxmağa ehtiyac yoxdur. Mənim nəzərimcə, iqtidarın apardığı altyapı siyasəti effekt vermir. Onu təcili dəyişmək lazımdır.

- Noyabra nəzərdə tutulan mitinqdən nə gözləyirsiniz?

 

- Başqa bir gözləntim yoxdur.  Gözləntim odur ki, əhalinin bir qismi meydanda öz baxışlarını ifadə edəcək.  İstər beynəlxalq aləm, istərsə də Azərbaycan cəmiyyəti ictimai-siyasi, sosial-siyasi-humanitar məsələlərdən dolayı yaddaşının bir yerində gizlənmiş Dağlıq Qarabağ məsələsini təzələyəcək.

 

- Emosional siyasətçilər hansı halda yerini gəncliyə verə bilər? Azərbaycan siyasətində gənclərin önə çıxıb “emosionalları” kənara itələməsi prosesi gedirmi?

 

- Gəncliyin gələcəyi, yaxud gəlməyəcəyi təbii yollarla baş verə bilər. Hələ baş vermirsə, deməli yerini vermək istəməyənlərin özünü qoruma instinkti güclüdür. Olanların əllərində geniş imkanları var, o birilərinin isə gəlmə imkanları zəifdir və sair. Yəni bu proses süni yollarla - “sən, İqbal Ağazadə, dur yerindən, mən oturum”, “Tahirə xanım, sən qalx, sənin yerində filankəs otursun” deməklə olmur. Köhnədən qorxmaq lazım deyil. Təzə fikir ortaya çıxıb insanları inandıra bilsin, köhnəni yada salan olmayacaq.

 

- Bəzi liderlər apardıqları siyasətlə sanki özlərinə “intihar hökmü” imzalayıblar.

 

- Siz niyə elə düşünürsüz ki, o adamlar özünü intihara sürükləyir? Hamı istəyər ki, ömrü uzun olsun. Amma görünür ki, imkanları bu qədərdir. Siz onlardan heç nə gözləməyin, dəstəkləməyin, onun yanında durmayın. Əgər ondan soruşsan ki, sən özünü niyə intihara aparırsan, deyəcək, sənə nə?! Bu kimi məsələlərdə, yenə deyirəm, bir az açıq olmaq lazımdır. Bəzən deyirlər ki, filan siyasətçi bu sözü işlətdisə, özünü məhv etdi. Adam özünü necə aparmağını, xeyrinin harda olmağını hər şeydən gözəl bilir. Axı sən niyə onun əvəzindən narahat olursan? Bizdə təəssüflər olsun ki, həmişə belə olub. Kəsək oturub daş üçün ağlayır ki, yağış yağacaq daş islanacaq. Daş islansa da ondan aparası bir şey yoxdur, yağış kəsəyin üstünü yuyub aparacaq. Ona görə də elə şeyləri düşünməyin ki, kim hara gedir, nə edir?

 

- Hesab edirsiniz ki, bunlar cəmiyyətə təsirsiz ötüb gedəcək?

 

- İnanın ki, heç bir təsiri yoxdur. Cəmiyyət açıq cəmiyyətdir. Bilsə ki, bir yerdə xeyri var, onun problemlərini həll edəcək, gedib duracaq orda. Biz hələ ki, onları inandıra bilməmişik...

 

Tahirə Qafarlı
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə ilə SİYASİ NƏRD oyunu - LAYİHƏ

Millət vəkili büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb

Görmə imkanları məhdud gənclərin "Könül dünyası" gecəsində

AXC-nin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümündə - KONFRANS

Millət vəkili İstanbulda "Ailə, dövlət və toplum"dan danışıb

“Gərək Nəsir bəy bu məsələdə məndən inciməsin”

"Sizin uğurunuza bütün cəmiyyətimiz sevinir"

“Mənə “müxalifət” deyilməsini qəbul eləmirəm” - MÜSAHİBƏ

Bakıda möhtəşəm Şimali Kipr günü

Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü Bakıda qeyd olundu

Partiya lideri xalqı təbrik edib

Araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı - Özgüvən"

Bütün növ pensiyalar artırılacaq

“Açıq qapı günü” və andiçmə mərasimi keçirilib

Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir