“Facebook”da aparılan “layk” kampaniyasına partiyalardan sərt reaksiya

15:46 30-01-2018 | icon 673 | Siyasət
“Facebook”da aparılan “layk” kampaniyasına partiyalardan sərt reaksiya

“Mən sənin liderliyini o zaman qəbul edərəm ki, məndən savadlı, əxlaqlı olasan…”

Bəzi partiya liderlərinin tərəfdaşları sosial şəbəkələrdə maraqlı, çoxları tərəfindən gülüşlə qarşılanan təbliğat kampaniyasına başlayanlar var. Özlərini müxalifətdə birinci hesab edənlər sosial şəbəkə vasitəsilə imza toplayırmış kimi, öz adlarına “layk” yığdırırlar. Virtual məkanda son qarşılaşdığımız olayda AXCP 1-in sədri Əli Kərimli və onun tərəfdaşları öndə gedir. Tərəfdaşları feysbukdakı dostlarına linklər göndərib çağırış edirlər ki, durmadan Ə.Kərimlini “layk” edin, ona səs verin ki, əsas müxalifət lideri kimi birinci yerə çıxsın. Əks halda hökumətin İlqar Məmmədovu önə çıxaracağı “təhlükəsi” qeyd olunub.

Başqa mübahisəli nüansları bir kənara qoysaq, sosial  şəbəkələrdə ayrı-ayrı müxalifət partiyaların az qala “Allah yolunda bir layk ver” yalvarışını xatırladan  kampaniyası siyasətçi üçün hansı effekti verə bilər?

Versus.Az məsələni partiya liderlərindən soruşub.

“Belə sorğular heç bir reallığı əks etdirmir”

ALDP sədri Fuad Əliyev bildirib ki, hər bir partiya öz məqsədlərinə çatmaq üçün müəyyən addımlar atır və təbliğat-təşviqat kampaniyası çərçivəsində müxtəlif sorğular keçirir. Partiya sədrinin sözlərinə görə, belə sorğuların nəticələrini araşdırıb, atılacaq növbəti addımları korrektə etmək, o cümlədən partiyanın güclü tərəfini və eləcə də səhvin harada olduğunu müəyən etmək olur:

“Təəssüf ki, bizdə keçirilən onlayn sorğular reallıqdan uzaqdır. Gəlin qısa müqaisələr aparaq: Prezident seçkiləri yaxınlaşır və artıq 5-6 partiya öz namizədlərini irəli sürüb. Amma kecirilən “sorğularda” cəmi 2-3 nəfərin adı çəkilir, sanki başqaları yoxdur. Guya bu virtual sorğuda kimsə qalib gəlir və başqaları da bu nəticələri qəbul etməyə borcludurlar. Əslində isə həmin nəticələri onların özlərindən başqa heç kəs qəbul etmir. Belə sorğularda səsi ya pullu reklam vasitəsilə, ya da saxta profillərdən toplayırlar”.

F.Əliyev sorğu ilə bağlı daha bir məqama toxunub:

“Məsələn, sosial şəbəkələrdə mitinqlə bağlı bir səhifə açılır və keçiriləcək mitinqdə iştirak edənlərin qeydiyyatı aparılır. Bir də görürsən ki, 25-40 min bəyənmə var və bununla da mitinqdə öz iştiraklarını təsdiq edirlər. Mitinqdə isə heç 3 min adam iştirak etmir. Deməli, belə çıxır ki, bəyənənlərin əksəriyyəti bir neçə profildən saxta səs veriblər. Bu formada təbliğatın aparılması heç bir nəticə vermir. Ona görə də hesab edirəm ki, belə formada keçirilən sorğular heç bir reallığı əks etdirmir”.

F.Əliyev eyni zamanda məsələdə İlqar Məmmədovun adının bu çür hallandırılmasını da doğru saymayıb:
“Çünki o həbsdədir və belə bir əks kampaniyanın aparılması bütövlükdə müxalifətin özü üçün zərərlidir”.

“Sən birləşməyə nifrət edisənsə necə birinci ola bilərsən?”

ADP sədri Sərdar Cəlaloğlu hər bir insanın birinci olmaq istəyini normal hesab etsə də, bunun üçün birinci növbədə layiqli davranışın sərgilənməsini vacib hesab edib:

“Biri var rəqabət, biri də var oyun. Bu gün rəqabət müstəvisi yoxdur deyə, bunlar oyuna keçiblər. Biz də bilirik ki, internet səsvermələrində kompüterlərdən eyni vaxtda 50-60 səs vermək olur. Yəni bu onlara heç  nə qazandırmayacaq”.

ADP sədri bildirib ki, Ə.Kərimlidə siyasətçiyə yaraşmayan bir qısqanclıq var:
“O özünə bir imic yaradıb, onun ziddinə kimsə bir söz desə, bu adam onu özünə düşmən hesab edir”.

S.Cəlaloğlu eyni zamanda qeyd edib ki, bir yerdə durub onu-bunu söyməklə, birinci olmaq olmaz:

“1-ci o adam ola bilər ki, cəmiyyəti birləşdirsin. Sən birləşməyə nifrət edirsənsə, özünə ayrıca qrup yaradıb ətrafında qala tikdirib kiminsə ora daxil olmasını istəmirsənsə, necə birinci ola bilərsən? Tutaq ki, sən gəldin oldun prezident, deməli bizi ölkədən qovacaqsan? Yaxud, tutaq ki, gəldin hakimiyyətə, hamını da satqın hesab edirsən, ölkəni kimlərlə idarə edəcəksən? Mən bu məntiqi başa düşə bilmirəm. Ona görə də deyirəm ki, bunlar birinci sırada olmaq istəmirlər, bunlar sadəcə olaraq birinci adlanmaq istəyirlər. Mən sənin liderliyini o zaman qəbul edərəm ki, məndən savadlı, əxlaqlı, dünyagörüşlü olasan və məndən daha çox xalqına, millətinə xidmət edəsən. Mən səni necə qəbul edə bilərəm ki, sənin ağlın mənim ağlımdan aşağıdır. Camaatı yalandan söymək özünə birincilik yaratmır. Kimisə söyməklə nüfuz qazanmaq dövrü çoxdan  keçib”.

S.Cəlaloğlu “hökumətin İlqar Məmmədovu birinci etmək istəyi” ilə bağlı məsələnin sosial şəbəkədə ortaya atılmasını da Ə.Kərimlinin oyunu hesab edib.

“Hökumət İlqar Məmmədovun nəyindən qorxmalıdır”?

“Guya hökumət onu önə çıxarıb neyniyəcək ki? Rəsul Quliyev, İsa Qəmbər, Əbülfəz Elçibəy, Etibar Məmmədov və sairləri önə çıxanda nə oldu ki, İlqar Məmmədovu da önə çıxarıb nəsə əldə etsinlər? Hökumət İlqar Məmmədovun nəyindən qorxmalıdır”?

S.Cəlaloğlu hamının İlqar Məmmədovu yaxşı tanıdığını deyib:

“O, AMİP-də katib olub, sonra çıxıb Amerika səfirliyində işləyib. Elə bilirdi ki, Amerika səfirliyində işlədiyinə görə hökumət bunlara güzəşt edəcək. Etmədi, seçilməyə qoymadı. Sonra getdi bir QHT yaratdı və Avropa Birliyinə göndərdikləri çox təhlükəli bir sənədə imza atmaqla ən böyük xəyanətlərdən birini etdi. O, QHT-lər adından belə bir məktub verib ki, guya biz Avropa Birliyinin nəzdində Dağlıq Qarabağ məsələsini heç vaxt qaldırmaq istəmirik. Bunu edən qrupa 20-30 nəfər daxil idi – adlarını çəkmək istəmirəm, indi özlərini xalqın adamı hesab edirlər. Biz Qarabağ məsələsini qaldıranda dedilər ki, sizin QHT-lər, vətəndaş cəmiyyətləri bizə məktub ünvanlayıblar ki, Qarabağ məsələsi heç vaxt AB çərçivəsində müzakirəyə çıxarılmasın. Bunu o məktuba imza atanların hamısının üzünə vurmuşam ki, siz xəyanət etmisiz. Bunu həmin o İlqar Məmmədov edib. Sonra çıxdı ortalığa, oldu qəhrəman. Sonra İlqar Məmmədovun ətrafında Amerikada təhsil alan şəxslərdən hakimiyyətə təsir etmək üçün bir qrup yaratdılar. İndi İlqar Məmmədov türmədədir. Hökumət İlqar Məmmədovun şəxsiyyətinin nəyindən qorxacaq”.

““Real”çıların  beynəlxalq əlaqələri Milli Şura və cəbhəçiləri narahat edir”

VİP sədri Əli Əliyev bildirib ki, müxalifət düşərgəsində baş verən və sosil şəbəkələrdə gedən belə kompaniyalara mənfi yanaşır:

“Bu, əslində müxalifət daxilində potensial rəqibləri sıradan çıxarmaq aksiyasıdır. Ola bilər ki, kimsə İlqar Məmmədovun siyasi xəttini, tutduğu mövqeni, beynəlxalq əlaqələrini bəyənməsin. Ancaq həbsdə olan bir şəxsin ətrafında bu cür rəy formalaşdırmaq, düşünürəm ki, düzgün deyil. Bu bütövlükdə müxalifət camiyəsini yoran bir yanaşmadır.

İlqar bəyi yaxşı tanıyıram, onunla bir yerdə işləmişik. Onun qüsurlarını və üstünlüklərini bilirəm. Potensial rəqib olmağımıza baxmayaraq mətbuata bu səpkili açıqlamalar verməyi düzgün saymıram. Nə vaxt azadlığa çıxarsa, bir rəqib kimi onun çatışmazlıqlarını ictimailəşdirərik, bunda qüsurlu bir şey yoxdur”.

Ə.Əliyev sosial şəbəkədə belə bir aksiyanı keçirən Kərimli tərəfdarlarını anlamağa çalışdığını bildirib:

“Onlar da çalışırlar ki, siyasi mübarizədə adları öndə getsin. Ola bilər ki, “Real”çıların beynəlxalq əlaqələri Milli Şura və cəbhəçiləri narahat edir. Bu qədər də olmaz, adam həbsə atılsın, sən də de ki, hökumət onu birinci etmək istəyir. Bu gün Əli Kərimlinin müavinlərindən də həbsdə olanlar var. O zaman deyilə bilər ki, hökumət Əli Kərimlini ona görə həbsə almır ki, onu birinci etsin. Ona görə də həbsə atılmanı hökumətin kimisə “şişirtməsi” kimi başa düşmək lazım deyil”.

“Kərimlinin hakimiyyət haqqında dedikləri ciddi qəbul olunmur”

BAXCP sədr müavini Niyaməddin Orduxanlı bildirib ki, Ə.Kərimlinin sosial şəbəkədə apardığı ittihamlar süni ajotajdan başqa bir şey deyil. Onun sözlərinə görə, Kərimlinin hakimiyyət haqqında dedikləri ciddi qəbul olunmur:

“Bu il seçki ilidir və indiki vəziyyətdə fürsətdən istifadə edib, özünün reklamı ilə məşğul olur. 20 yanvar günü hər kəs şahid oldu ki, ziyarəti özünün şou reklamına çevirdi. İstəyir ki, bu cür səs-küy yaratmaqla gündəmdə qalsın. Sosial şəbəkədə hər gün Kərimli pullu reklam yayır. Nəyin bahasına olur-olsun “facebook” istifadəçiləri bunun videolarını izləsin. Bu cür metodlarla cəmiyyətdə radikal müxalifətin “lideri” olduğunu göstərmək istəyir. Ancaq əksəriyyət bilir ki, bu adam təxribatla məşğuldur və əsas hədəfi də ölkədə sabitliyin pozulması üçün əlindən gələni edir”.

“Kərimov Əlinin siyasətdə limiti bitib”

MMP sədri Hafiz Hacıyev deyir ki, özünü “ana”, “ata” müxaifət adlandıranlar, bir az bərkə düşən kimi bir-birinin ayağından çəkənlər barədə dəfələrlə mətbuata bildirib:

“Bu gün Kərimov Əlinin adamları öz sədrlərini qabağa keçirmək istəyir, sabah da İlqar Məmmədovun adamları belə edəcək. Liderlər özləri yorulub oturublar qıraqda, adamları isə onları bu yolla gündəmdə saxlamaq istəyirlər. Bu da onu göstərir ki, Kərimov Əlinin siyasətdə limiti bitib. Bəlkə də özü oturub kompüterin qabağında, bekarçılıqdı da, başlayıb özünə “layk” yığmağa. Amma bu heç nəyi dəyişməyəck. Mən Kərimov Əlini yalnız bir məsələdə 1-ci hesab edirəm – parçalamaqda, özünü hamıdan üstün tutub saxta yolla şişirtməkdə. Başqa nə birinciliyi olacaq ki?”

 ““Layk” yığmaqla siyasi rəqabətdə uğur qazanmaq mümkün deyil”

AMİP sədrinin müavini Əli Orucov hesab edir ki, internetdə “layk” yığmaqla lideri müəyyənləşdirmək və siyasi rəqabətdə uğur qazanmaq mümkün deyil:

“Doğrudur, siyasi qüvvələr arasında sağlam rəqabət aparmaq müsbət haldır. Lakin bunun da bir əndazəsi var. Siyasətçi üçün bütün vasitələrdən istifadə məqbuldur. Müxalifət düşərgəsi üçün təbliğat imkanları və təbliğat vasitələri məhdud olsa da, sosial şəbəkələri reytinq müəyyənləşdirmək üçün ciddi məkan hesab etmək olmaz”.

“Belə nüanslar nəlbəkidə fırtına yaratmaqdır”

BAP sədri Elşad Musayev bildirib ki, belə “rəqabət” keç kəsə – nə namizədə, nə də seçiciyə üstünlük verməyəcək:

“Düzdür, virtual aləmdə də rəqabət aparılır, amma belə  səsvermə heç nə vəd etmir. Belə nüanslar nəlbəkidə fırtına yaratmaqdan başqa bir şey deyil”.

“Əvvəlcədən təşkil olunmuş “layk” və şərhləri müşahidə edirik”

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib ki, artıq  sosial şəbəkələrin ictimai fikrə daha çox təsir göstərmək imkanı əldə etdiyini qəbul etmək lazımdır. Bunu nəzərə alan  tərəflər – həm iqtidar, həm də müxalif düşərgəsi sosial şəbəkələrə xüsusi diqqət yönəldirlər:

“Son vaxtlar bir sıra ölkələrdə kütləvi çaxnaşmaların, inqilabların, etiraz dalğalarının təşkilinin də sosial şəbəkələrdən keçdiyini müşahidə etmişik. Sosial şəbəkələr bu gün tərəfdarlar toplamaq üçün də yaxşı fürsətlər yaradır. Görünür elə buna görədir ki, bəzi ölkələrdə facebook, twitter, instagram kimi şəbəkələrə giriş qadağaları tətbiq edilir.

Zənnimcə, bütün sahələrdə reallığın obyektiv öyrənilməsi daha uğurlu nəticələr çıxarmağa imkan verə bilər. Yalançı, şişirdilmiş rəqəmlərdən istifadə olunaraq gücün şişirdilməsi gələcəkdə çox böyük xəyal qırıqlığına səbəb olur, tərəfdarlar ümidsizliyə uğrayırlar. Biz belə bir situasiyanı kütləvi aksiyaların təşkili zamanı müşahidə etmişik”.

M.Rəhimli, bildirib ki, hazırda sosial şəbəkələrdə, xüsusilə facebookda əvvəlcədən təşkil olunmuş “layk” və şərhlərin verilməsi müşahidə olunur:

“Bunu düşüncə və baxış fərqliliyinin virtual məkana keçən mübarizəsi kimi qiymətləndirmək olar. Virtual məkanla reallıq arasında çox sıx bağlılıq var və bunlar bir-birinə güclü təsir edir. Lakin hər iki məkanda baş verənlərin ciddi əsası olmalıdır, əks halda onların hər hansı nəticəsinə ümid etmək olmaz.
Əli Kərimli ilə İlqar Məmmədovun sosial şəbəkələrdə birincilik uğrunda yarışması haqqında məlumatım yoxdur. Ona görə də bu barədə konkret bir şey deyə bilmərəm”.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı