Aydın Mirzəzadəylə SİYASİ NƏRD oyununda sürprizlər – LAYİHƏ

18:06 01-05-2018 | icon 255 | Layihə
Aydın Mirzəzadəylə SİYASİ NƏRD oyununda sürprizlər – LAYİHƏ

“Müxalifət üçün siyasi mühazirələr təşkil edə bilərik”

Versus.Az–ın “MASAÜSTÜ OYUN” layihəsinin növbəti qarşılaşması Milli Məclisin deputatı, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadəylə oldu.

Xatırladaq ki, bundan əvvəl ALDP sədri Fuad Əliyev və VİP sədri Əli Əliyevlə qarşılaşmamız olub.

(əvvəlki oyunların linklər – Fuad Əliyev, Əli Əliyev)

“Qalibiyyəti qəbul etmək lazımdır, cığallıq keçmir”

– Nə gözəl nərtaxtadır, Aydın müəllim, üzəri çox nəfis işlənib.

– Bu nərtaxtanı mənə hədiyyə ediblər. Tanış bir adam bunu iki həftəyə hazırlayıb. Mən bunu əldə edəndən sonra vaxtaşırı marketlərdə sənətkar işləri olan nərtaxtalara baxıram və müqayisə edirəm. Açığı deyim ki, mənim nərtaxtam həmişə başqalarını üstələyir. Görürsünüz, üzərində gözəl işləmələr var…

– Sənətkarı azərbaycanlıdır?

– Azərbaycanlıdır və özü də jurnalistdir.

(Aydın müəllim, danışa-danışa, nərtaxtanı açır və daşları zövqlə kisədən çıxarıb düzür)

– Aydın müəllim, siz də qaralarla oynayırsız?

– Fərqi yoxdur.

– Təbrizdə də gözəl naxışları, sənətkarlıq işləri olan nərtaxtalar görmüşəm. Deyəsən 500 manatdır.

– Bunun qiyməti ondan da bahadır.

– Başlayaqmı?

– Başlayaq. Amma başlamazdan öncə deyim ki, mən bu gün sizi nərd oyununda çox təəccübləndirəcəm.

Hələ əvvəllər köhnə kişilər nərd oynayanda …

(Aydın müəllim ayağa qalxır və kənarda bizdən gizli saxladığı sellofan torbadan bir xəncər çıxarır və xəncəri nərtaxtanın orta xəttinə qoyur).

– Bunun mənası nədir?

– Heç bir qeyri-adi mənası yoxdur, “oyunda kişi ol!” deməkdir.

– Maraqlıdır…

– Bunun mənasını çox şeylə izah etmək olar: Məsələn, “sülhlə oyna”, “düzgün ol”, “sözündə bütöv ol”, yaxud “bu oyun bir kişilik nümunəsidir” və sair.

– Deyəsən, Aydın müəllim oyuna xəncərlə gəlib.

– (gülür)

– Sonda xəncəri kim götürür?

– Heç kim. Kim ortaya qoymuşdusa, o da götürüb, özünün kəmərinə taxacaq.

Köhnədən qalan hər şeyi atmaq olmur. Elə şeylər var ki, onların qiyməti yoxdur. Məslən, Avropa xalqları özlərinin köhnə oyunlarını qoruyub saxlayıblar və yaxud şotlandların geyimi… Biz fikirləşirik ki, irəli getmək lazımdır. Əlbəttə ki, müasir olmaq olar, amma çox istərdim ki, yaxşı mənada köhnə adətləri saxlamaqla dəyişək…

Mən sizi təəccübləndirməkdə davam edim?

– Buyurun, Aydın müəllim,  mən də arada bir sual verərəm…

“Arzulayırdıq ki, böyüyək gedək nərtaxtada…”

 – Çox vaxt orta yaşlı insanların bəzilərinin çayxanalarda, müəyyən yerlərdə nərdi sadəcə pul qazanmaq üçün oynadıqlarını görürük.

– Mən rast gəlməmişəm, bunu kim edirsə, babalı onun öz boynuna. Amma uşaqlıqdan mən belə görmüşəm ki, qonşu kişilər yığışb oynayardılar. Kişilər həmin oyuna yeniyetmə oğlanları buraxırdılar ki, baxıb öyrənsinlər. İndiyə qədər o nərdin şaqqıltısını, azarkeşləri unutmamışam. Oyun zamanı işlədilən ifadələr. Düzdür, hamısı qaydasında olardı, amma hər adamı da oyun zamanı yaxınlarına buraxmazdılar. Biz arzulayırdıq ki, böyüyək, gedək nərtaxtada 10-15 kişinin yanında biz də dayanaq.

Oyunda kişilərin oturması, qadınlar çay gətirəndə kişilərin azacıq ayağa qalxaraq ehtiram göstərmələri gənclər üçün bir məktəb idi. Əslində bu oyunda sözübütövük, qətiyyətlilik və digər bir tərbiyəedici vasitlər özünü göstərirdi.

– Bir sözlə, nərd həm də milli mədəniyyətin təbliğatçısı imiş.

– Əslində, nərd mədəniyyətində çox şey itirilməyib, nəsə qalıb. Nəyinsə kökü varsa, mütləq ondan pöhrə çıxacaq.

“Mən kişi ilə qadının nərd oyununu görməmişəm”

– Xəncəri nərdin üzərinə qoyanda dediniz ki, kişi oyunu sayıldığı üçündür bu, bəs xanımla oyuna nə deyirsiz?

– (gülür) Çox yaxşı sualdır, heç bunu düşünməmişdim. Amma hər bir ənənə nədənsə yaranır. Mən kişi ilə qadının nərd oyununu görməmişəm. Bu birinci dəfədir, gələn dəfə nəzərə alaram. Öz tərəfimdən bunu nərd mədəniyyətinin daha da zənginləşdirilməsi kimi qəbul edirəm.

Və icazənizlə, mən sizi yenə də təəccübləndirmək istəyirəm…

(Aydın müəllim bu dəfə sellofandan müəyyən tarixə söykənən iki ədəd zəncirli cib saatını və bir təsbeh çıxararaq onları da nərtaxtanın orta xətti üzərinə qoydu).

– Bəs bunların anlamı nədir?

– Bu, atamdan mənə yadigar qalan cib saatıdır. Neçənci ildə alınıb bilmirəm. Atam rəhmətə gedəndən sonra onun əziz xatirəsi kimi saxlayıram.

– Allah rəhmət eləsin.

– Mənim atam şair idi.

Və… bu da cib saatıdır, bunu mənə həyat yoldaşım bağışlayıb (gülür), baxın üzərinə yazdırıb ki, Təranədən Aydına yadigar, 28 noyabr 1985-ci il. Bütün bunlar həyatın xırda gözəlliklərdir. Belə bir söz var deyir; sən bu gün xoşbəxt olmusanmı, deyir, hələ gün başa çatmayıb. Əslində xoşbəxtlik həyatın xırda məqamlarından ibarətdir. Xoşbəxtlik, birdən- birə sənə bir mükafatın, vəzifənin verilməsi deyil. Xoşbəxtlik odur ki, qar yağıb və biz sevinirik, xoşbxtlik bir nənənin balaca bir oğlanın əlindən tutub mağazaya getməsindədir. O balaca oğlan da özünü kişi kimi aparır, tərs-tərs baxışı ilə hamıya sanki “sən kimsən” deyir. Balaca qızın isə sanki alnına yazılıb ki, məni çox istə… xoşbəxtlik budur…

…Bu təsbeh isə Məkkədə Kəbənin içində olub. İldə bir dəfə Kəbənin qapıları açılır və müsəlman ölkələrindən ziyarətə gedənlərin orda döşəmə yuması ona savab sayılır. Eyni zamanda içəri girən oradan mənəviyyatla, mədəniyyətlə bağlı nəsə götürüb apara bilər. Bu təsbeh də məkkədə kəbə daşının üstünə qoyulmuş bir təsbehdir ki, oradan götürülüb. Bunun da nərdə heç bir aidiyyatı yoxdur.

Amma məyər nərd oynayanda əsas məsələ udmaqdrmı? Bu oyunla vaxt keçirməklə bərabər həm də nə isə öyrənirsən, kiminləsə görüşürsən, nəsə yada salırsan. Ona görə də mən bu nərd oyununa eyni zamanda xəncərlə, saatla və hələ bir neçə sürpizlərlə qatıldım. Hələ daha maraqlıları  qarşıdadır…

– Bilirsiz də birinci kim başlamalıdır?

– Aydın müəllim, kim başlamalıdır, ağlar?

– Yox, birinci atılan zərin üstündə kimin xalı çoxdursa, o başlayacaq.  İndi baxaq görək kimin zərinin üstündə daha çox xalı olacaq. Bax görürsən, qadınlar həmişə bizdən bir addım öndədrilər. Mənə cahar düşdü, xanıma gəldi şeş düşdü.

– Aydın məllim, belə deyirlər ki, nərtaxtada zərin əli tanımasından, səni sevməsindən də çox şey aslıdır.

– Zər məndən inciyib. Çünki mən onu az-az hallarda əlimə alıram.

– Aydın müəllim, bu “zər meydanı”nı siyasi meydanla və taxta üzərində gedən bu oyunu siyasi proseslərlə necə əlaqələndirərdiniz?

– Birbaşa siyasətə bağlamazdım. Amma ümumi müqayisələr aparmaq olar. Birincisi, nərddə o adam qalib gəlir ki, təcrübəlidir. Bu, siyasətdə də belədir. İkincisi, nərddə və siyasətdə qalibin qalibiyyətini qəbul etmək lazımdır, cığallıq keçmir. Üçüncüsü, qalib gəlmək üçün öyrənmək, uzun müddət çalışmaq lazımdır ki, bu, siyasətdə də var. Nərddə məqsəd hamının zövq aldığı müsbət bir oyunu nümayiş etdirməkdir. Siyasətin məqsədi də cəmiyyətin qarşısında duran vəzifələri uğurlu şəkildə həyata keçirməkdir. Yoxsa, baxırsan bizim müxalifətə, daima hakimiyyətdən narazıdırlar.

“O dövrdə İsa Qəmbər Ali Sovetin sədri seçiləndə…”

İstər-istəməz sual yaranır: siz 1993-cü ildə hakimiyyətdə idiniz və həmin dövrdə ölkə az qala vətəndaş müharibəsinə tuş gəlmişdi, amma onun qarşısı alındı. 1993-cü ildə Azərbaycan az qala xəritədən silinə bilərdi, indi isə dünyada nüfuzlu ölkələrdən biridir. O vaxtlar Azərbycan başqa ölkələrin forpostu idi,  hətta o dövrdə İsa Qəmbər Ali Sovetin sədri seçiləndə Müsavatın nümayəndəsi deputat Arif Hacılı bildirmişdi ki, onun seçilməsi 9 dövlətlə razılaşdırılıb. Gəlin görək bu gün hansı daxili məsələnin həlli kiminləsə razılaşdırılır. 1993-cü ildə Azərbaycanın büdcəsi 300 milyon idi, indi 2018-də 12,2 milyard dollardır. Həmin dövrdə valyuta ehtiyatımız sıfır idi, indi 45 milyardır. 1993-də insanlar çörək növbəsinə dururdu, indi isə mağazalarda hər şey var. Hə, 1993-cü ildə sabaha ümid yox idi, indi nəinki sabahın, bizim həm dövlətin, həm hər bir ailənin  uzunmüddətli planları var. Deməli, hakimiyyət üzərinə götürdüyü vəzifələri  icra edib. Müəyyən məsələlər var ki, onlar tarixdən gələn problemlərdir, onların həllinə zaman lazımdır. 1993-cü ildə Azərbaycan büdcəsinin 96 faizi neftdən gəlirdi, aparılan işlər nəticəsində indi 40 faizi neftdən gəlir. Deməli, işlər görülür, müəyyən nəticələr əldə olunub. Amma bu o demək deyil ki, siyasətdə qalib gəlmək üçün sən yaxşı nərd oynamalısan. Bu o deməkdir ki, hər bir iş təcrübə, uzaqgörənlik, müqayisə, ağır yükü çiyninə götürmək məsuliyyətini dərk etməkdən keçir.

“Azərbaycana rəhbərlik etmək iddiasındadırlar”

– Müxalifətdən olan oyunçularımız siyasi prosesləri nərd oyunu ilə müqayisə edərkən iqtidarı “şüller”, yəni cığal oyunçu kimi təqdim ediblər. Paralel olaraq etiraf edilir ki, hakimiyyət əlinə düşən istənilən fürsətdən çox uğurla istifadə edir.

– Yaxşı bir söz var – deyir “danış, sənin kim olduğunu bilim”. “Şüller” müəyyən təbəqənin işlətdiyi sözdür. Ziyalı adam o sözü işlətməz. Əgər bu sözü işlədirlərsə, məndə bu adamların nə cür olması barədə təsəvvür yaranır. Azərbaycanın tanınmış redaktorlarından biri bu yaxınlarda bir fikir işlətdi. O, “mən fikirləşdim ki, bizim cəbhə hakimiyyətə gəlsə, Azərbaycanı böyük təhlükələr gözləyir” dedi. Bu gün politoloji terminləri deyil, şüller sözünü dilinə gətirən insanları arqument maraqlandırmır. Hətta 1993-cü illə 2018-ci ilin müqayisəsini aparan zaman irəli sürdüyüm arqumetlər də onları inandırmayacaq. Onların fikrində yalnız bir şey var: biz haqlıyıq. Belə bir söz də var: deyir, dostum, sən həmişəki kimi haqlısan, yoxsa azacıq da olsa mübahisəyə yer qalıb? Mənə elə gəlir ki, nəticəni seçki, sosial baza, bu və ya digər siyasi qüvvənin cəmiyyətdəki nüfuzu deyir. Bu gün kabinetindən çıxmayan, nəinki respublika, heç Bakının şəhər və rayonlarında öz tərəfdarları ilə görüşməyən liderlər Azərbaycana rəhbərlik etmək iddiasındadırıar. Çox böyük təəccüb doğurur. Buna hüquqi cəhətdən haqqı var. Amma mənəvi cəhətdən buna nə dərəcədə hazırdaır, onu bilmir. Hakimiyyətdə olmaq təkcə projektor işığının qarşısında şəkil çəkdirmək deyil. Mən hələ də bir müxalifət liderinin hakimiyyətə gələrsə nə edəcəyi barədə fikirlərinə rast gəlməmişəm. Tənqid edirlər, amma nə edəcəkləri barədə proqramları yoxdur. İstərdim sadəcə bir suala cavab versinlər: hakimiyyətə gələcəklərsə vergiləri artıracaqlar, yoxsa azaldacaqlar. Artıracaqlarsa, deməli sahibkarlar təbəqəsini incitmiş olacaqlar, azaldacaqlarsa büdcəyə zərər vuracaqlar. Yaxud akademik bir sual: kimlərlə dost olacaqlar, sosial problemləri necə həll edəcəklər, prioritet məsələlər kimi nəyi öndə tutacaqlar? Neft gəlirlərini nə cür bölüşəcəklər? Buna “ədalətli, hamının xeyrinə, hamı razı qalacaq” – cavabları olacaqsa, bunlar populist yanaşmadır. Bir şey aydındır ki, bu hakimiyyət nə etdiyini, nə edəcəyini konkret şəkildə ortaya qoyur.

…Və icazə verin mən sizə üçüncü sürprizimi təqdim edim… Siz belə nərd oyunu görməmisiniz və yəqin ki, görməyəcəksiniz.

– Bu, 1919-cu ilin Azərbaycan qəzetinin nüsxəsidir – rus dilindədir. Ümumi gündəlik məlumatlardan başqa, burada bu gün bizi maraqlandıran xəbərlər, Türkiyədə, Batumda olan hadisələr, parlamentdə, universitetdə olan hadisələr öz əksini tapıb. Bu da şəxsi arxivimdəndir…

– Deməyin ki, burda da adınız var. Bu lap şok olar.

– (gülür) Deyirsiz mən burda babamın yazısını göstərəcəm, yox. Çox unikal bir tarixi faktdır… Belə bir məqamda nərd yaddan çıxacaq… Əgər qadın nəsə soruşursa, o demək deyil ki, onu bilmir, sadəcə gözləyir görsün nə cavab verəcək.

Mən qədim tariximizlə, milli mədəniyyətimizlə bağlı kitabları, maraq doğuran əşyaları toplamaqda maraqlıyam. Harda maraqlı nələr varsa diqqətimi çəkir və onları toplamağa çalışıram. Bir dəfə də mənə xalq rəssamı Mikayıl Abdullayevin eskizlərini təklif elədilər, çox qiymətlidir. Amma təəssüf ki, onu təklif olunan qiymətə ala bilmədim.

– Aydın müəllim, mənim də xəncərim var, hədiyyədir.

– Laçınlı olasan xəncəlin olmaya, bu mümkün deyil.

– Aydın müəllim, daşları xanaya düzərkən çox fikirləşməyinizdən belə başa düşürəm ki, siz ya mənə uduzmaq üçün düşünürsünüz, ya da udmaq istəmirsiniz…

– Yox, doğurdan da daşları düz yerləşdumək üçün sayıram… (gülür)

“Opponentlərimiz hakimiyyətə gəlsələr nəyi bizdən fərqli edəcəklər”

– Artıq müxalifət partiyalarında seçkinin demokratik keçirilməyəcəyi ilə bağlı fikirlər dolaşır. Bununla bağlı fikirləriniz nə olardı?

– Mən çayımızı təzələmədən heç bir suala cavab verməyəcəm (gülür).

…Nəyi demək istərdim, burada yenə də şablon ittihamlarla rastlaşırıq. Bu gün hakimiyyətdə olanlar ədalətli və ədalətsiz tənqidlərə məruz qalır. Cəmiyyət üçün heç nə verməmiş və verəcəyi şübhəli görünən insanların çox qətiyyətlə, uca səslə Azərbaycanı hara aparmağın yolunu göstərən çıxışları olur. Amma mən bayaqkı sualımı yenə də təkrarlayıram: bizim opponentlər hakimiyyətə gəlsələr nəyi bizdən fərqli edəcəklər?

– Tutaq ki, maaşları artırıb, qiymətləri aşağı salacaqlar.

“Nədənsə Azərbaycanın taleyi ilə ancaq seçki ərəfəsində maraqlanmağa başlayırlar”

– Belə olsa, mağazalarda böyük bir defsitin olduğunu görəcəm. İki gündən sonra artıq cəmiyyətin ahənginin pozulmasını, üç gündən sonra manatın dollara nisbətdə 1.70 qəpikdən 7 manat 10 qəpiyə qalxacağını görəcəm. Çünki iqtisadiyyat siyasəti sevmir, orda 2 vur 2 bərabərdir 4-dür. Burda başqa variant yoxdur. İttiham edirlər, amma konkret faktları yoxdur. Birincisi, seçkidə partiyaların vahid namizədləri yoxdur. Mən məqsədli şəkildə partiya sözünü işlətdim. Hansısa partiya hissə deməkdir, qüvvə isə hissələrin cəmidir. Hansısa bir siyasi qüvvənin 10-larla namizədi var, onun cəmiyyət üçün nə etdiyini heç kəs bilmir. İkincisi, onlar nədənsə Azərbaycanın taleyi ilə ancaq seçki ərəfəsində maraqlanmağa başlayırlar. Ötən prezident seçkisindən 4 il yarım keçib, gəlin görək, bu müddət ərzində hansı məsələ ilə bağlı dəqiq proqram ortaya qoyublar? Yaxud, deputat və bələdiyə seçkilərində namizəd irəli sürməyə adam tapmırlar. Bir neçə görüş keçirməklə işlərini bitmiş hesab edir, polemikalardan qaçırlar. Bizim siyasi qüvvə isə həmişə polemikalara açıqdır. Polemikada orbitr kimi hansısa xarici ölkələrin səfirliklərini üstün tuturlar.

“Onlar daha çox stəkanın dolmayan hissəsini göstərməyə çalışırlar”

– Aydın müəllim, müxalifətdən olanlar da məhz iqtidar partiyasının polemikadan qaçdığını deyir. Onlar çox vaxt polemikaların qurulmasında əsas aparıcı qüvvə olaraq iqtidarı qeyd edir və əsasən YAP-ın bunda maraqlı olmadığını önə çəkirlər. Polemikaların təşkilini sizdən gözləyirlər. Sizcə niyə?

– Qoy bu suala özləri cavab versinlər. Amma biz istənilən halda polemikalara, görüşlərə, müzakirələrə açığıq. Gəlin mətbuatı, sosial şəbəkələri izləyək. Görək hakim qüvvə – YAP hansı məsələyə reaksiya verməyib. Bütün məsələlər daima diqqətimizdədir. Təbii ki, biz daha çox fəaliyyətimizin nəticələrini cəmiyyətə göstəririk. Onlar isə stəkanın dolmayan hissəsini göstərməyə çalışırlar. Stəkansa günü-gündən dolmaqda davam edir. Müstəqilliyimizdən sonra ona zorla qəbul etdirilmiş müharibə şəraitində olan ölkədə əgər Amerika və Rusiyanın qərargah rəisləri üçüncü dəfə Bakıda görüşmək istəyirlərsə, beynəlxalq yarışlar Azərbaycanda keçirilirsə, Azərbaycan beynəlxalq layihələrdə iştirakçı kimi qəbul edilirsə, biz necə danışa bilərik ki, iqtidar heç bir iş görmədi. Yaxud, sadə vətəndaş seçkidə özünə deyir; əgər bu namizədə səs versəm sabah məni nə gözləyəcək. O, indiki prezident İham Əliyevə səs verəcəyini fikirləşəndə düşünür ki, deməli, onu ölkədə təhlükəsizlik, günün istənilən vaxtda şəhərə rahat çıxmaq imkanı, heç kəsin onun evinin qapısını qırıb içəri girə bilməyəcəyi və sair təminatı olacaq. Tutaq ki, oğlu ali məktəbə ədalətlə daxil olacaq, “mən azərbaycanlıyam”, deyə fəxr edə biləcək. Yaxud əksinə, “filankəsə səs versəm bunlar olacaqmı, əlimdə olanı itirib onun dediyi romantik istəklərə çata biləcəyəmmi”-sualı qarşısında dayanır. YAP həmişə cəmiyyətlə işləyir. Biz ziyalıların bizim sıramızda olmasına çalışırıq. Biz tələbələrin, gənclərin öndə olmasına çalışırıq. Bizim çox aktiv müasir gənclər ordumuz var. Bizim fəal qadınlar şuramız var. Biz daima partiyamızım sıralarına yeni insanlar qəbul edirik. YAP-ın şəhər təşkilatlarının qapıları bütün məsələlərə görə insanların üzünə açırdır. Bunun da nəticəsi olaraq biz seçkidə qalib gəlirik.

““Zər” 1991-ci ildə Mütəllibov komandasının, 1992-ci ildə AXC-Müsavat cütlüyündə idi..”

– Bir anlıq düşünək ki, siyasi meydandayıq və sizcə indi “zər” kimin əlindədir?

– Siz hardan tapırsız bu sualları? …Siz deyin ki, Aydın müəllim, deyəsən sayırsız haa… (gülür)

…Zər hər bir adamın əlinə gəlir, amma məsələ ondadır ki, sən o zərdən necə istifadə edirsən. Düzdür, burada zərin də necə düşməsi böyük rol oynayır, amma əsas deyil. Əsas taktika, strategiya və oyunu aparmaq proqramından asılıdır. Amma əgər “zərin” kimin əlində olduğunu araşdırsaq, o, 1991-ci ildə Ayaz Mütəllibov komandasının, 1992-ci ildə AXC-Müsavat cütlüyünün əlində oldu. 1993-cü ildən isə cəmiyyət YAP-ı yox, Heydər Əliyevi bir xilaskar kimi hakimiyyətə dəvət etdi. Hesab edirəm ki, “növbəti dəfə zər məndə olacaqmı”-sualı ətrafında yox, “mənim bu və ya digər məsələnin həllinə yanaşmam, hazırlığım necədir”- sualı ətrafında  düşünməliyik…

…İcazə verin mən yenə sizi sürprizlərlə təəccübləndirim. Görün Aydın müəllim sizə nə göstərəcək…

…Bu kitab “Hophopnamə”dir, əsaslı olarq 1914-cü ildə tərtib olunub, böyük tarixdir. Bu kitabı atam 1948-ci ildə alıb. Gözümü açandan onu evimizdə görmüşəm…

Hələ bizim evdə nənəmin qaynanasının samovarı da var… Maraqlı anlar hər birimizin həyatında yaşanır. Amma bəzən bizə elə gəlir ki, tarixilik, qədimilik ancaq başqalarında baş verir. Biz öz həyatımıza diqqət eləsək, onun o qədər maraqlı, zəngin olduğunu görərik ki… Elə Arzu xanımın öz statusunda paylaşdığı 1-ci sinifə getməsi səhnəsini götürsək, bəlkə də ondan yaxşı film çəkmək olardı. …Balaca bir qız, onun oxumaq həvəsi, hər kəsdən xəbərsiz nənəsinin ona aldığı məktəb çantasını götürüb, cırıq şalvar, qaloşla məktəbə getməsi…

 Amma hər kəs sizin kimi belə məqamları duyub,  qiymətləndirə bilmir…

– Nə deyim…

… Mənsə düşünürəm ki, bu daşı hara qoyum, çünki xanım çox yaxşı oynayır…

– Bəzən fikirlər səslənir ki, hakimiyyət yüksək iddiada olan bəzi müxlifətçiləri vəzifələrə qoysa, görəsən onlar özlərini necə ifadə edərdilər?

– Demokratik ölkələrdə belə qəbul olunub ki, seçkidə kim qalib gəlirsə onlar da öz tərəfdarlarını vəzifələrə təyin edirlər. Amma etirazım yoxdur, belə edək, vəzifədə 1-ci, 2-ci şəxs məsuliyyətli yerlərdir. Amma onları 3-4-cü vəzifələrə təyin eləmək olar.

Müxalifətdə olan liderlərə, hansı ki, ancaq müsahibələrdə görürük, bir dəfə də olsun bazarda, metroda, parkda insanların arasında çay içdiyinə rast gəlməmişəm. Məndə sual yaranır: bunlar qlafda necə yaşayırlar.

Əgər bu vəzifələr uyğun gəlirsə, gəlin onları icra hakimiyyətinin şöbə müdiri, hansısa bir nazirliyin sektor müdiri, yaxud kommunal təsərrüfat birliyinin, su idarəsinin müdiri və sair təyin edək. Amma bunun üçün gərək onların iqtisadi bilikləri olsun. Müxalifətdə bizim bir-iki iqtisadçımız var, amma təəssüf edirəm ki, onlar daha çox nəzəriyyə ilə danışırlar. Düz danışırlar, amma düzün hamısını demirlər. Qalanları isə ancaq politoloji mövzulara toxunurlar. Amma politologiya da hərtərəfi bilikləri tələb edir. O baxımdan hesab edirəm ki, vəzifə istəyi də  sadəcə bir bəhanədir.

“Qorxuram ki, o, məhz buna görə mənim evimə girə bilər”

…Mən ənənəmə sadiq qalıb sizi təəccübləndirməkdə davam edim…

Bu, Molla Nəsrəddin jurnalıdir. Çox təəssüf ki, ərəb əlifbasını bilmirəm.

…Xandostu, amandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!

Həə, burda da  “neçiyə, harda, necə” sualı həmişəki kimi yaranacaq. Amma deyim ki, bu kitab mənim üçün neçə karatlıq brilliantdan da qiymətlidir. Mənim evimdə bunlardır.

– Buna görə, evinzə oğru gəlsə qorxmarsınız?

– Qorxaram. Mən qorxuram ki, o məhz buna görə evə girə bilər. Qorxuram ki, intellektual oğru olar, deyər gedim Aydının evindən kitabları oğurlayım.

“Bir dəfə Pənah Hüseynə dedim ki, biz daha çox demokratikik…”

Hələ bu harasıdır, Müsavat Partiyasının təsis edildiyi il. Bir dəfə Pənah Hüseynə dedim ki, biz daha çox demokratikik. Deyir nədən onu deyirsən. Soruşdum ki, səndə YAP-ın 1-ci qurultayının nişanı var, dedi nəyimə lazımdır. Deyirəm amma məndə Müsavat Partiyasının bərpa qurultayının nişanı var. İndi mənə deyin görüm, kim daha demokratiktir. Dedi, hardandır? Dedim, bu sualı mənə vermə?

– Aydın müəllim, nərd yaddan çıxdı.

– Sonra biz davam edəcəyik, hələ belə oyun olmamışdı.

– Heç nərddə uduzubsunuz?

– Həmişə… (gülür) Mən idmanda həmişə uduzuram.

– Yəqin zər tutmursunuz?

– Yox, heç mən bilmirəm o nədir. “O olmasın, bu olsun” filmində qoçu Əsgər deyir: Balaəmi, stəkan gətir, hərif zər tutur! O biri də deyir ki, mən zər tutmuram, oyunçuym. Deyir yox, mən deyirən ki, zər tutursan… bu vaxt, karaul!.. Bu səhnədə maraqlı məqam var. O kişilərin nərd oynaması səhnəsi gözümün qabağındadır. Mən həmişə o məqamın üzərində çox düşünmüşəm. Düşünürdüm ki, o niyə elə dedi. O bilir ki, qarşısındakı oyunçudur, bəs niyə elə etdi?

– Sizcə niyə?

– Bu, psixoloji hücum idi. Qoçu  onu əsəbləşdirirdi, sonrası necə olarsa olsun…

““Mən sənə göstərərəm”, “gör sizə nə edəcəm” kimi hədələr mənə yaddır”

– Bəs siz, siyasətdə öz rəqiblərinizə qarşı hansı psixoloji həmlələr etmisiniz?

– Atamın yaxşı bir sözü var idi, – dünyada ən böyük biclik, düzlükdür. Mənim bütün həmlələrim hamısı ancaq düzgünlüyə hesablanıb. Yoxsa, “mən sənə göstərərəm”, “gör sizə nə edəcəm” kimi hədələr mənə yaddır. Mən həyatda addım-addım irəliləmişəm. Heç vaxt 5 pilləni birdən-birə keçmək fikrində olmamışm. “Yox mütləq mən olmalıyam” -deyə iddiam olmayıb. Orta məktəbdə qızıl medal almalıydım vermədilər. Vermədilər, vermədilər, həyat bununla qurtarmır ki. 1 il ali məktəbə gec getmişəm. Ali məktəbdə oxuyarkən 1-ci kursda axırıncı imtahandan kəsildim, özü də sevdiyim riyaziyyat fənnindən. Həyəcanlandım və hər şey yadımdan çıxdı.

– Nə yaxşı kəsildim dediniz, kəsdilər demədiniz.

– Yox, cavab verə bilmədim. Sonra düşünürdüm ki, əgər müəllim mənimlə bir az yumşaq danışsaydı, bəlkə də qiymət alardım. Amma mənə sual verdi, çaşdım. Dedi bilmirsən, qayıtdım ki, səhərə qədər oxumuşam. Bir-iki söz dedi, mən artıq bildiyimi də deyə bilmədim. Çox sonralar bir dəfə onunla universitetdə rastlaşdıq. Ürəyimdə deyirdim ki, Əlixan müəllim, o vaxt mənə qiymət yazsaydınız, təqaüddən qalmazdım.

– O müəllim yadınızdan çıxmaz. Ürəyinizdə niyə, açıq deyərdiniz, narazılıq edərdiniz.

– Yox, o mənim müəllimidir, onu görəndə həmişə papağımı çıxarıram, ehtiram göstərirəm…

– Zəri atın.

– Mən başa düşə bilmirəm, necə olur ki, həmişə mənə balaca xal düşür.

“Öz məqsədlərinin dalınca addım-addım getməyi bacarmaq lazımdır”

– Aydın müəllim, deyirsiz ki, idmanda udmağı sevmirsiniz?

– Mən yaşamağı sevirəm, ağdan qaraya qədər. Məsələ udmaqdan, uduzmaqdan getmir. O vaxt mən qızıl medal almadım, bu o demək deyildi ki, həyat dayandı. Yaxud, Aydın qızıl almadı deyə, bütün bəşəriyyət buna yas tutmalı deyildi ki. Sadəcə olaraq, öz məqsədlərinin dalınca addım-addım getməyi bacarmaq lazımdır. İndi mənim qızıl medalım var, (gülür) sonra gedib köhnə əşya satanlardan qızl medal da aldım, gümüş medal da… Baxıram qutusuna, deyirəm o vaxt bunu mənə vermədilər, indi çıxarıb 40 manata satırlar. Bu nərdə də kimin udub-uduzmamasına adi yanaşıram.

– Bu nə mübarizə üsuludur?

– Bəlkə mənim mübarizəm yumşaq mübarizədir, harmonk mübarizədir. Bəlkə axarlı mübarizədir. Mübarizə həmişə qılıncla döyüşmək deyil axı..

– Amma oyuna xəncərlə gəlmisiniz.

– Bu oyunda xəncər işlənməyəcək, çünki o ortadadır… Amma xanalara baxıram, siz mənim bütün yollarımı kəsmisiniz. Arzu xanım, niyə yollarımı kəsmisiz, öz də biz yerliyik… (gülür) Mənə elə gəlir ki, bu oyun əbədi davam edəcək.

– Adətən məğlub həmişə finalda narazılıq edir. Deməli, siyasətdə məğlubların da narazılığı normaldır.

– Nə qədər istəməsəm də mən də şablonlardan istifadə edəcəm. Bütün cəmiyyətlərdə qayğı var. Əsas nəticədir, əsas hansı partiyanın hakimiyyətdə olması, vətəndaşın hansı qayğılarla yaşamasıdır. Amma onun keyfiyyət məsələsi var…

– Aydın müəllim, gəlin siz bizi təəccübləndirməkdə davam edin və biz ən yaxşısı oyunu heç-heçə bitirək.

– Yox, oyunu axıra qədər davam etməliyik.

““Hakimiyyət quşu”nun başına qonacağını gözləməklə…”

– İndiki situasiyaya baxsaq, hesab etmək olarmı ki, siz müxalifət partiyalarını marsda saxlamısınız?

– Bilmirəm, deməzdim ki, biz onları sıxışdırmışıq. Biz düzgün hesab etdiyimiz addımları atmışıq. Bunun da nəticələri var. Bu gün kiminsə təklifi, kiminsə fəaliyəti doğrudan da düzgün olsaydı, cəmiyyət ona dəstək verərdi. Bu şey mümkün deyil ki, hamının hər şeydə bəxti gətirsin. Məsələ budur ki, hamının hər şeydə bəxti gətirmir. Mən istərdim ki, parlamentdə 125 yerin hamısı YAP-ın olsun. Amma biz 72 yerə sahibik. İstəməzdim ki, parlamentdə müxalifətin Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlu, Fərəc Quliyev və sair nümayəndələri olsun. Onlar bizə opponentlik edir, düzgün fikirlər bildirmirlər. Amma onların da dəstəyi, sosial bazası var. Cəmiyyətin onlara da ehtiyacı var.  Hələ mən Zahid Orucu demirəm. Onun da özünəməsxus yanaşması var. Bu baxımdan, mən deməzdim ki, biz müxalifəti “marsda” qoymuşuq. Həyatdır, axır və bu axarda hər kəsə yer var. Oturub nə vaxtsa “hakimiyyət quşunun gəlib başına qonacağını gözləməklə” siyasətdə qələbə qazanmaq olmaz. Yaxud bir gün pəncərəni açanda onun ağzında 50 min adamın dayanaraq adını çəkib, portretini qaldırıb sənə millətin xilaskarı kimi baxacağını da oturub gözləməyin, bu olmayacaq. Çünki xalq içərisinə çıxmırsan, yadda qalan bir addımın yoxdur. Axı hansı məsələdə, müxalifət iqtidarla bir olduğunu deyib. Yaxud da bildirb ki, bu məslədə iqtidar düzdür, biz səhv?

– Onlar deyirlər ki, məhz iqtidar müxalifətin “əl-qol açmasına” imkan vermir.

– Tək siyasət yox, hər şey səmimiyyəti sevir. Gəlin əvvəlcə mən sizi yenə təəccübləndirim, sonra cavab verəcəm.

“Nə vaxtsa çəkdiyim şəkillərin fotosrgisini keçirmək istərdim”

…1941-ci ildə Nizami Gəncəvinin 100 illiyi keçirildi. O vaxt Bakıda kitab buraxıldı, o kitabdan biri də budr. Şəkillərə baxın…

Soruşa bilərsiniz ki, bunu niyə göstərirsiniz. İstərdim ki, hər kəsin yaxşı mənada bir xobbisi olsun. Məsələn, mənim bir xobbim var – şəkil çəkmək. Uşaq vaxtından fotoapartımın olmasını istəmişəm. Telefon çıxandan çox unikal şəklillər şəkmişəm. Nə vaxtsa çəkdiyim şəkillərin fotosrgisini keçirmək istərdim və yəqin ki, bunu eliyəcəm. Bir xobbim də belə qədim əşyaları toplamaq və göstərməkdir. Cəmiyyətə yaxşı mənada çağırış etmək istəyirəm ki, mədəniyyətimizə sahib çıxaq, keçmişimizə sayğı ilə yanaşaq. Cənab prezident 2018-ci ili  “Cümhuriyyət ili”elan edib. Bu o deməkdir ki, biz keçmişimizin sahibiyik. O dövrdə atalarımızın edə bilmədiyini bu gün biz edəcəyik…

– Aydın müəllim, deyəsən bu dəfə zəriniz yaxşı gəldi.

– Nəyi yaxşı gəldi, artıq bütün yollarımı tutubsuz… Görürsüz Tahirə xanım, Arzu xanım müxalifətdəkilər kimi oynayır. (gülür)

– Bu sözü gözləyirdim, müxalifətdəkilər də deyir ki, iqtidar kimi oynama. Necə oynayır ki, bu müxalifət?

– Müxalifət hər yerdə bir nöqtə axtarır, hər şeyə yanlış reaksiya verir. Seçkidə büllitenin üstünə baxır, aşağısına, yuxarısına baxır, üstündə bir quş işarəsi axtarır, “yox, siz ona neçə bülleten verdiniz” və sair sözlərlə süni mübahisə yaradır.

Söhbət nədən gedir. Müşahidəçilər öz statusuna görə səsverməni müşahidə edirlər. Amma çox yerdə müxalifətdən olan müşahidəçilər komisiyanın işinə mane olurlar. “Onu göstər”, “bunu neynədin”, “onu nynədin” və sair sualları, mübahisələri ilə gərginlik yaradırlar. Onların özlərinin necə aparması ilə bağlı mexanizm yoxdur.

“Yalnız bir namizədimiz olacaq və qalib gələcək”

– Seçkilərlə bağlı nə düşünürsiz?

– Partiya daxilində sıralarımıza baxırıq, fəallarımızı müəyyənləşdiririk. Öz içimizdə siyasətimizi aparırıq, kadrlar hazırlayırıq. Gələcək Seçki komissiyalarında üzvləri, müşahidəçiləri müəyyən edirik. Yəni nəzəri hazırlıqlar gedir…

– Namizədiniz kimdir?

– Nəmizədimizi elan edəcəyik.

– Maraqlıdır YAP-dan neçə namizəd olacaq?

– Yalnız bir namizədimiz olacaq və qalib gələcək.

– Mən deyərdim ki, hakim partiyanın əsas gücü vahid namizədinin olmasında, birliyindədir. Bu yöndə müxalifətə seçkiöncəsi hansı tövsiyyədə bulunmaq istərdiniz?

– Etiraz eləməslər biz müxalifət üçün siyasi mühazirələr təşkil edə bilərik – müxalifətçilik nədir, onun əsas şərtləri, qalib glmək üçün nə etmək lazımdır. Məni həmin auditoriyada hansı statuslu insanların oturacağı o qədər də maraqlandırmır. Mən onlara mühazirə oxuyacam, suallara cavab verəcəm, praktiki oyun quracağıq və sair. Amma ehtiyat edirəm ki, 1-ci mühazirədən sonra həmin insanlar dünən çıxdıqları qapıya bir də girmək istəmiyələr. (gülür)

– Niyə?

– Çünki cəmiyyət saflaşacaq, demokratikləşəcək. Bir qrup insan özlərinin səhv yollarından çəkinəcəklər.

– Müxalifətdə olan rəqiblər arasında kiminlə nərd oynamaq istərdiniz?

– Hamı ilə, mənim kompleksim yoxdur. Amma indidən deyim, mən nərddə zəifəm.

– Aydın müəllim, bilərəkdən bizə uduzur, mən bunu hiss edirəm.

– (gülür)

“Problemləri özlərini şah görmələridir”

– Müxalifətdən olan oyunçularımız isə yalnız prezidentlə oynamaq istədilər.

– Onların da problemi budur, özlərini şah görmələri… İlham Əliyevlə oynamaq üçün əvvəlcə gərək onun səviyyəsində olasan. İlham Əliyev hansı mühitdə formalaşıb, kimlərlə təmasda olub, kimin tələbəsi olub və kimin müəllimi olub. O, 1993-cü ildə atası Heydər Əliyevlə birlikdə Naxçıvan timsalında Azərbaycanın müstəqilliyinin qorunması uğrunda mübarizə aparıb. İlham Əliyev 93-94-cü ildə Amerikada Azərbaycan üçün çox sərfəli olan neft müqaviləsinin imzalanmasında iştirak edib. O, Avropa Şurasında çox çözəl tribun, çox gözəl siyasətçi kimi özünü göstərib, “Avropa Şurasının fəxri üzvü” tituluna layiq görülüb. İlham Əliyev 2013-cü ildə Azərbaycanda prezident seçilərkən “mən Azərbaycanda hər bir azərbaycanlının prezidenti olacam” çağırışını etdi.  İndi cəmiyyət üçün heç nə eləməmiş öz partiyasının maraqlarını qoruya bilməyən,  tərəfdarlarının sayını 10 nəfər artıra bilməyən insanlar durub iddia edirlər. Desələr ki, mən bir vətəndaş kimi dövlət başçımla nərd oynamaq istəyirəm bunu başa düşmək olar. Amma özlərini onunla bərabər səviyyədə qoymaq istəyirlərsə, bu yanlışdır.

“Qoy etiraf eləsinlər ki, əskərdirlər”

– Sizcə oyunda daha güclü olanı özünə rəqib seçmək yaxşı hal deyilmi və belə bir söz də var ki, “general olmaq istəməyən əskər yaxşı əskər deyil”. Bəlkə burda niyyət daha çox güclü rəqiblə qarşı-qarşıya gəlmək istəyidir?

– Etiraz eləmirəm. Amma qoy etiraf eləsinlər ki, əskərdirlər və o biri məsələləri düşünmək olar. (gülür)

Bax alınmadı. Bu 3-1 məndən nə istəyir? Hələ Arzu xanım necə də sevinir. Bilirsiz, mənim ən çox xoşum gələn mənzərə qadının təbəssümünü görməkdir. Hansı xoşunuza gəlir, deyin o xanaya qoyum daşı.

– Sizin masaüstü oyununa yanaşmanız və siyasi proseslərlə əlaqələndirmənizdən belə aydın olur ki, oyunda uduzmaq olar, bəs siyasətdə?

– Siyasət taledir. Siyasət alnımıza yazılmış bir yazıdır. Bu bizim keçdiyimiz yoldur. İnsan var yaradıcııqla, insan var elmlə məşğul olur. Mən deməzdim ki, onlarda hər şey asanlıqla başa gəlir. Orda da ciddi rəqabət var, orda da özünü təsdiqetmə var, qazanılan uğurlara şübhə ilə yanaşılma var. Siyasətlə məşğul olan adam ilk növbədə bilməlidir ki, burda ciddi hazırlıq, dərin biliklər tələb olunur. Burada cəmiyyətin, dövlətin və dünyanın maraqlarını bilmək tələb edilir. Burda uduzmağı bacarmaq lazımdır, udmağı oyrənmək, səbr etmək lazımdır. Belə olarsa, nə cəmiyyət uduzar nə də siyasətçi.

…Bu xırda xallar məndən nə istəyir axı?.. Görürsüz, lazım olanda bu zəri vermirdi…

– Demək ki, zərin düşməsi də şansa bağlıdır.

– Yox təsdiq olunmamış heç nəyə fakt kimi baxmaq olmaz. Fakt budur ki, mən uduzdum… Mən sizi təbrik edirəm, sizdə çox uğurlu alındı.

İndi mən sizi axırıncı dəfə təəcübləndirmək istərdim.

…Mənim atam 1960-cı ildə Azərbaycan Ali Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görülüb. Bu o dövr Azərbaycanın yeganə mükafatı idi. Onda 45 yaşı var idi.

– Maraqlıdır. Aydın müəllim, belə maraqlı oyun üçün təşəkkür edirik. Sizinlə nərd oyunumuz “Jumanci” filmini xatırlatdı. Hər zərin atışından sonra həmin filmdə olduğu kimi filər, gərgədanlar, cəngəllik deyil, milli, mənəvi tarixi dəyərlərimizi əks etdirən maraqlı düşünclərin canlı nümunələri qarşımıza çıxarıldı. Kitablar vərəqləndı, tarixdən gələn xatirələr yada salındı, bilmədiklərimizi öyrəndik, mənəvi zövq aldıq.

– Siz sağ olun, yaxşı oynadınız. Çox şadam ki, jurnalist xanımla nərd oynamaq imkanım oldu.

– Mən də çox şadam ki, millət vəkili ilə parlamentin kafesində sürprizlərlə dolu nərd oynadım. Ayrıca, oyun boyu mənə bilərəkdən uduzma cəhdinizi də tərəfinizdən göstərilən gözəl bir jest olaraq dəyərləndirdim.

Tahirə Qafarlı & Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

Nazirlikdən XƏBƏRDARLIQ

İxtisas seçimi bu gün başa çatır

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq