“Ermənistan narahat olur ki, Türkiyə belə bir əməliyyatı Dağlıq Qarabağda da başlaya bilər”

14:37 26-01-2018 | icon 488 | Siyasət
“Ermənistan narahat olur ki, Türkiyə belə bir əməliyyatı Dağlıq Qarabağda da başlaya bilər”

Türkiyənin aparıcı ölkələrin “sözünə baxmaması” bəzi dövlətləri narahat edir”

Politoloq Fikrət Sadıqovun Versus.Az-a müsahibəsi.

– Fikrət müəllim, necə hesab edirsiniz, Afrində keçirilən “Zeytun budağı” hərbi əməliyyatları ABŞ, Rusiya başda olmaqla, regionda marağı olan digər dövlətlərin hansı istəkləri ilə üst-üstə düşdü və yaxud ziddiyyət təşkil edir?

– Türkiyə bu əməliyyata başlayanda ilk növbədə öz maraqlarını düşünüb. Çünki Türkiyə illərdir terror qruplaşmalarının həmlələrindən əziyyət çəkir və daxilində olan PKK onun üçün ciddi təhlükədir. Üstəlik Suriyada yaranan YPG terror təşkilatı stabilliyin pozulması və sərhədlərdə münaqişə ocağının yaradılması baxımından Türkiyəni narahat etməyə bilməzdi. Təbii ki, Türkiyə öz iradəsini üstün tutaraq hərbi əməliyyatlara başladı. Bu, kimlərinsə xoşuna gəlməsə də Türkiyə üçün heç nə ifadə etmir.

Bu gün Türkiyənin hərbi əməliyyatlarının fonunda başqa bir mənzərə də yaranıb. Belə başa düşülür ki, kürdlərlə bağlı Rusiya ilə müəyyən razılıqlar əldə olunubmuş. Çünki bu gün kürd dəstələrinin başçıları rusları xəyanətdə ittiham ediblər. ABŞ-a gəldikdə isə Türkiyə prezidenti Ərdoğan hərbi əməliyyatlarla bağlı onları xəbərdar edib. Görünür ki, ABŞ radikal şəkildə bu əməliyyatlara qarşı çıxış etmir. Sadəcə olaraq istəyirlər ki, Türkiyə əməliyyatın çərçivəsini uzatmasın. Digər rellıq budur ki, Tramp Ərdoğanla telefonla danışıb və düşünürəm ki, aralarında müəyyən razılıq əldə olunub.

– Türkiyə terrorçu qruplaşmalarına qarşı başladığı bu hərbi əməliyyatlarla özünə qarşı yönəlmiş hansı təsirləri önləmiş oldu?

– Bəllidir ki, yaradılan terrorçu qruplar Türkiyənin özünü həddən artıq müstəqil aparmasına qarşı yönəlmiş bir hərbi təzyiq vasitəsi idi. Görünür ki, Türkiyənin bir sıra aparıcı ölkələrin “sözünə baxmaması” bəzi dövlətləri narahat edir. Şübhəsiz ki, YPG-nin yaranması həmin o narahatlığın nəticəsi idi. Çünki Ərdoğan dəfələrlə bəyan edib ki, ABŞ, terror qruplaşmalarına verdiyi dəstəkdən əl çəkməlidir. Ərdoğan bildirmişdi ki, biz gec-tez o terrorçu dəstələrin belini qıracağıq. Bəyan etmişdi ki, sərhədlərimizi qoruyuruq və heç vaxt inkan verməyəcəyik ki, dinc əhalimiz qırılsın. Bu həqiqət kiməsə acı gəlsə də, hər halda dərk etməlidirlər ki, Türkiyə Amerikanın müttəfiqidir, NATO-nun aparıcı üzvlərindən biridir, Yaxın Şərqdə çox mühüm rol oynayan ölkədir. İlk növbədə bunu Vaşinqton dərk etməlidirlər. Vaxtilə yaranan, dəstəklənən və maliyyələşdirilən YPG artıq faktiki olaraq öz rolunu bitirib. Onlar artıq səhnədən çıxarılmalıdır, ya tərksilah olunmalı, ya da türklərə qarşı əməliyyatlarını dayandırmalıdırlar. Əks halda kökləri kəsiləcək. Çünki Türkiyə heç vaxt imkan verməz ki, onun sərhəddində belə bir təhlükə yaransın.

– Belə fikirlər var ki, Ermənistan Afrin əməliyyatından narahat olmağa başlayıb. Bu barədə verilən şərhlər nəyə yönəlikdir və Ermənistanı narahat edə biləcək məqam nədir?

– Azərbaycanda yaxşı anlayırlar ki, ermənilər həmişə kürdlərlə  eyni “gəmidə” olub. Vaxtilə Sovet İttifaqı tərəfindən dəstəklənən müxtəlif silahlı terrorçu dəstələr yaranıb. Əlbəttə ki, ermənilər özlərini kürdlərdən ayırmır. İkincisi, Ermənistanın uzun illərdən bəri Türkiyəyə qarşı apardığı düşmən siyasəti bəllidir. İstər kürd amili, istər rus və qərbin Türkiyəyə qarşı hər hansı bir təsiredici reaksiyası Ermənistanı qane edir. Burda əsas məqsəd Türkiyəni zəiflətməkdir.

Ermənistan narahat olur ki, Türkiyə öz strateji maraqlarına uyğun olaraq lazım bilərsə, nə vaxtsa Azərbaycanla birlikdə  Qarabağda erməni separatçılarına qarşı hərbi əməliyyatlar apara bilər. Digər tərəfdən erməniləri daha çox narahat edən odur ki, aparıcı ölkələr müxtəlif bəyanatlar versə də, faktiki olaraq Türkiyə bu əməliyyata görə tənqid edilmir. Göründüyü kimi, nə Moskvadan, nə də Vaşinqtondan radikal şəkildə tənqidi fikirlər söylənilmir. Ümumi fikirlər səslənir ki, rəsmi Ankara bunu yaxşı anlayır. Türkiyə qüdrətlənir, təbbi ki, bunu istəməyən qüvvələr narahat olacaq.

– Fikrət müəllim, Türkiyənin öz sərhədlərində keçirdiyi hərbi əməliyyatlara, eləcə də ermənilərin narahatlığına istinad edərək, istər-istəməz Qarabağda da belə bir əməliyyat keçirməsinin nə dərəcədə  mümkün ola biləcəyi düşüncəsi yaranır. Türkiyə bu əməliyyatları Qarabağda başlada bilərmi?

– Azərbaycanda münaqişənin formatı beynəlxalq müstəvidə fərqli qəbul edilir. Türkiyə sərhədlərində keçirilən hərbi əməliyyatların terrorçu təşkilatlara qarşı olduğu qəbul olunur. Azərbaycanda gedən proses isə daxildə baş qaldıran separatçı qüvvələrin yaratdığı münaqişə kimi dəyərləndirilib. Dağlıq Qarabağ münaqişəsinin həlli artıq 25 ildir ATƏT-in Minsk qrupunun missiyasındadır və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə diqqətdə saxlanıb. Proses uzansa da və adıçəkilən dövlətlər işğalçı dövlətə qarşı sərt təzyiqlər göstərməsələr də, Azərbaycanın öz torpaqlarını hərb yolu ilə işğaldan azad etməsi üçün zəmin hazırlanıb. Çünki beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və torpaqların azad olunması ilə bağlı beynəlxalq müstəvili qətnamələr var. Azərbaycan hələ ki, həmsdərlərin missiyasına razılaşaraq, münaqişənin sülh yolu həlli naminə işğalçı ilə danışıqlara gedir. Lakin danışıqların limiti bitdikdən sonra Azərbaycan da öz torpaqlarını hərb yolu ilə işğaldan azad etmək hüququndan istifadə edə bilər. O zaman Azərbaycan Türkiyənin hərbi dəstəyinə güvənə bilər.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin