“Toxunulmaz idisə niyə musiqisi, mətni üç dəfə dəyişilib?” - MÜSAHİBƏ

14:55 06-11-2018 | icon 634 | Siyasət
“Toxunulmaz idisə niyə musiqisi, mətni üç dəfə dəyişilib?” - MÜSAHİBƏ

 

Tahir Kərimli: “Qoy sizə mükəmməl formada bir himn verək daha yaxşı sevin də”

 

 

Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimlinin Versus.Az-a müsahibəsi

 

- Tahir bəy, Milli Məclisdə "Azərbaycan Respublikası Dövlət himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun müzakirəsi zamanı sizin “həcmini azaltmaq lazımdır, bunu əzəmətli bir himnə çevirmək lazımdır” təklifiniz ictimaiyyət tərəfindən təpkiylə qarşılandı. Bu təklifin səslənməsi zərurəti nədən doğdu? İctimaiyyətin təpkilərinə qarşı fikirləriniz nədir?

 

- Öncə onu deyim ki, parlamentdə dövlət himnimizlə bağlı səsləndirdiyim fikirlərə görə sosial mediada tənqid, təhqir edilsəm də, hətta söyülsəm də təsəllim o oldu ki, xalqımız öz dövlətinin himninə qarşı laqeyd deyil, dövlət atributlarını belə qoruyur. Amma mahiyyəti bilmədən məsələyə bu cür kor-koranə yanaşmalar məni üzür. Axı mən himnimizin dəyişilməsini yox, onun musiqisinə və mətninə düzəlişlər təklif etmişəm.

 

- Belə deyilir ki, Tahir Kərimli bu çıxışıyla gündəmi dəyişmək istəyib.

 

- Mən gündəmi niyə dəyişim ki? "Azərbaycan Respublikası Dövlət himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun müzakirəsi gedirsə mən həmin vaxt başqa nədən danışa bilərəm? Bu müzakirəni 23 ildir gözləyirdik. Konstitusiyanın tələbi var ki, himnin musiqisi və mətni Konstitusiyada təsdiq olunsun. 23 ildən sonra bizim əlimizə bunu təsdiq etmək üçün fürsət düşüb. Bu fürsət nə bundan əvvəl olub, nə bəlkə də bundan sonra olacaq. Təvazökarlıqdan uzaq olsa da bu müstəqilliyi, bu himni biz vermişik də sizə, düzəlişlər edib mükəmməl şəkildə verək də ixtiyarınıza.

 

- Tahir bəy, rəsmilərdən də sizin təklifinizlə bağlı irad bildirənlər oldu.

 

- Mənə də ən çox təsir edən odur ki, müəyyən partiya sədrləri, hətta deputatlar dedilər ki, himnin bir hərfinə də toxunmaq olmaz. Axı indiyədək bu himnin musiqisi üç dəfə dəyişilib. Bu himn əvvəl orkestr üçün olmayıb. 1989-cu ildə meydan hərəkatı zamanı müzakirə edildi və orkestr variantını hazırladıq. Yenə düşündük ki, bu uzundur, yorucudur. 2014-cü ildə bəstəkar Rauf Əliyevin oranjimanı ilə bu günkü variant alındı. Bəstəkar Faiq Şücəddinov, Cavanşir Quliyev kimi bəstəkarlar bu barədə fikirlər söyləyiblər. Əgər Nailə Mirməmmədli kimi bir bəstəkar deyirsə ki, bu mahnını Üzeyir Hacıbəyov şəhidlər üçün yazıb, milordu, kədərlidir, bunun başqa izaha ehtiyacı varmı? Bu gün bunun dəyişilməsini deməklə mən özümdən Amerika açmıram.

 

- AXC-nin himni olduğu üçün də toxunulmazlığı vacib sayılır.

 

- Hə, bir qisim də deyir ki, dəyişmək olmaz, çünki bu, AXC-nin himnidir. Axı bu AXC-nin himni olmayıb. Yaxud səbəb gətirirlər ki, bu himnin musiqisini Üzeyir Hacıbəyov, sözlərini Əhməd cavad yazıb, ona görə də toxunmaq olmaz. Getsinlər araşdırsınlar, Üzeyir Hacıbəyov özü 1923 dekabrın 17-də “Açıq Söz” qəzetində Yusif Vəzir Çəmənzəminlinin müraciəti ilə bağlı yazıb ki, “Buna şərqi yox, qəsidə deyilməsi daha düzgündür, mən yazının üzərində bir müddətdir çalışıram, hələlik bir milli marş yazmışam ki, sözlərini burada dərc etməyi lazım bilmirəm, anca bu sözlərin mətn cəhətdən düzgün olmadığını qabaqcadan söyləməliyəm”. Xalq Musiqisinin Əsasları kitabında Üzeyir bəy deyir ki, “bayatı-şiraz qəmginlik gətirən musiqidir, bu marş da bayatı-şiraz, qəmginlik üzərində yazılıb, sonra püxtələşərək sovet dövründə Heyratı üzərində yazılıb”. Bu, Üzeyir Hacıbəyovun özünün verdiyi qiymətdirsə, necə irad bildirirlərk ki, dəyişmək olmaz?

 İnsanlarımız anlamalıdılar ki, himni ləğv etməkdən söhbət getmir. Bir çox tədbirlərdə himn 4 dəqiqə deyil, indi qısaldılaraq 2 dəqiqə 13 saniyə səsləndirilir. Son tərəflərini bir az sürətləndiriblər, bir az da ixtisarlar ediblər. Hesab edirəm ki, bir az da dəyişilməsi, daha da təkmilləşdirilməsi mümkündür.

 

- Himnin sözlərinin müəllifi ətrafında da müəyyən fikirlər var.

 

- Mən bunu demək istəmirdim, amma məsələ ki, bu həddə çatıb, gərəkdir ki, qaranlıq məqamları da aydınlataq. 1919-cu ildə Mill Nəğmələr kitabı dərc edilib. Vətən marşı adı altında bu şeir dərc edilib və müəllif kimi də altından Cəmo bəy yazılıb. 2000-ci ildə Milli Elmlr Akademiyasında xüsusi komisiya yaradılıb araşdırma aparıblar və məlum olub ki, bu şeir heç Əhməd Cavadın deyil. Təbii ki, məsələnin bu tərəfinə qarışmaq istəmirm.

Bunu 1992-ci ildə himn kimi qəbul edəndə nə qədər sözləri ixtisar etmişik. 1992-ci ilin 28 mayında dövlətin “Həyat” qəzetində bizim qəbul etdiyimiz himn çap olundu. Yaxşı, toxunulmaz idisə niyə musiqisi də, mətni də üç dəfə dəyişilib?

İndi deyirlər ki, Tahir bəy bu məsələni ortaya atmaqla camaatın başını qatır. Bu nə deməkdir? Himnlə bağlı təklifi qanunun müzakirəsi zamanı səsləndirmək lazım idi, başqa vaxt yox. Biz də istəyirik himnimiz daha təkmil, daha gözəl olsun, biz himnimizi sevmirik ki? Biz demirik dəyişək. Hər şey olduğu kimi qalsın, amma cilalayaq daha gözəl olsun.

 

- Millət vəkillərindən kim bu təklifinizlə razılaşdı?

 

- Vaxtilə Fazil Mustafa, Rəfael Hüseynov, Nizami Cəfərov və digərləri bu kimi təkliflərlə çıxış ediblər. Amma indi onların münasibət bildirmələrnə imkan olmadı və ikinci oxunuşa qaldı. Camaat bunu niyə süngüylə qarşılayır bilmirəm. Məni xalqa belə təqdim edirlər ki, guya mən himni zədələdim, təhqir elədim. İnsanların da çoxu məlumatın özünü oxumur, sadəcə başlığındakıları oxuyur və heç nə bilmədən sərt reaksiya verirlər, söyürlər. Mənim üç yaşlı nəvəm də bu himni sevir, çünki öyrəşib. Valideynləri bunu ona belə təqdim edir ki, sev, himnimizdir. Amma qoy sizə mükəmməl formada bir himn verək daha yaxşı sevin də.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı