Millət vəkili parlamentdə vacib təkliflərlə çıxış edib

18:33 06-11-2018 | icon 585 | Siyasət
Millət vəkili parlamentdə vacib təkliflərlə çıxış edib

 

Qənirə Paşayeva: “Yaxşı olardı ki, 1-ci qrup əlillərə verilən müavinət və təqaüd birlikdə qaldırılsın”

 

 

“2019-cu il dövlət büdcəsi haqqında layihəni dəstəkləyirəm. Bu büdcə layihəsi ölkəmizin inkişafına və insanlarımızın həyat şəraitinin yaxşılaşmasına öz müsbət töhfələrini verəcəyinə inanıram”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin əmək və sosial siyasət, elm və təhsil, səhiyyə, ailə, qadın və uşaq məsələləri və mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva deyib.

 

Millət vəkili Qənirə Paşayeva Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirməyə başladığı bir sıra layihələr, proqramlar və islahatların, fəalyyətə başlayacaq “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” - DOST xidmətinin yaradılmasının özəlliklə əhalinin aztəminatlı təbəqəsinin, əlillərin, işsizlərin həyatında daha da müsbət dəyişiklərə təkan olacağını deyib:

 

"Təbii ki, biz bu istiqamətdə görülən bütün işləri dəstəkləyirik və insanlarımızın, bizə müraciət edən seçicilərin bu istiqamətdə qaldırdığı bəzi məsələlərin də büdcə layihəsində nəzərə alınmasını hökumətdən, müvafiq qurumlardan xahiş edirik".

 

Q.Paşayeva 1-ci qrup əlillərin üzləşdiyi problemlər, çətinliklər barədə danışaraq hökuməti bu əlillərə verilən müavinətlərin və təqaüdün artırılmasına çağırıb:

 

"Məlum olduğu kimi, 1-ci qrup uşaqlıqdan əlillərə, eləcə də 1-ci qrup əmək stajı olmayan ümumi səbəbdən əlillərə verilən müavinətin məbləği aşağıdır və əlillərin aldığı vəsait onların ehtiyaclarını qarşılaya bilmir. Ona görə də yaxşı olardı ki, 1-ci qrup əlillərə verilən müavinət və təqaüd birlikdə qaldırılsın. 1-ci qrup əlillər ağır xəstəliklərdən əziyyət çəkən insanlardır, iş imkanları yoxdur. Bütün bunları nəzərə alaraq 1-ci qrup əlillərə verilən müavinətlərin artırılmasına ciddi ehtiyac var. 1-ci qrup əlillərin vəziyyəti doğurdan da çətindir və hökumətdən xahiş edirik ki, onların müavinətlərinin artırılması məsələsinə baxsınlar və həllinə kömək etsinlər".

 

Millət vəkili fiziki imkanları məhdud on cəkkiz yaşına çatmayan əlil uşaqların aldığı müavinətin də aşağı olması barədə danışıb və  onların da müavinətlarının qaldırılmasının vacibliyini vurğulayıb:

 

“Bu uşaqların ehtiyaclarını, sağlamlığı, təhsili, təlimi və s. istiqamətlərı də nəzərə alsaq ailələrin üzərinə düşən çətinlikləri görə bilərik. Onların gündəlik ehtiyacları ilə yanaşı, dərmanlarının alınması, müalicəsi və sair kimi ehtiyacları böyükdür və aldıqları müavinət onları qarşılamaq üçün çox azdır. Ailələrin bu məsələ ilə üzləşdiyi çətinlikləri nəzərə alaraq bu müavinətlərin artırılmasına böyük ehtiyac var".

 

Q.Paşayeva fiziki imkanları məhdud şəxslərin, əlillərin təhsil sahəsində üzləşdiyi bəzi problemləri səsləndirərək müəyyən təkliflərlə çıxış edib və müvafiq qurumları bu məsələlərə daha çox diqqət ayırmağa çağırıb. Millət vəkili əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib:

 

“Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onların əksəriyyəti üçün bu vəsaiti ödəmək çox çətindir. Ona görə də universitetlərdə onların təhsil haqlarından azad edilməsi məsələsinə baxılması vacibdir. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı”.

 

Millət vəkili Q.Paşayeva eyni zamanda son zamanlar Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin məşğulluq proqramı çərçivəsində gördüyü müsbət dəyişiklikləri dəstəklədiyini bildirib və "inanırıq ki, məşğulluq proqramının həyata keçirlməsi zamanı şəhid ailələrinə, Qarabağ əlillərinə və qazilərinə, ön cəbhədə xidmət edənlərə öncüllüyün verilməsi daima diqqətdə olacaq çünki bu çox önəmli bir məsələdiir" deyib. Q.Paşayeva insanlarımızın, seçicilərin təhsil sahəsində qaldırdığı bir sıra məsələlərə də toxunub:

 

"Təhsil kreditləri məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır. Çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Özəlliklə bu problem kənd rayonlarında çox ciddidir, ona gförə də təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə ciddi genişlənməlidir”.

 

Millət vəkili bildirib ki, bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil problemidir və ipoteka kreditləri, o cümlədən Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir:

 

“İnanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq. Çünki buna böyük ehtiyac var. İpotekadan yararlana bilməyən müəllimlərimiz də var. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan və sosial evlər layihəsindən istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi və sosial evlər layihəsindən yararlana bilməsi çox vacibdir. Mən xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin və sosial layihələrdən yararlana bilsin. Gələcəyimiz olan gəncləri müəllimlər yetişdirir və ona görə də hökimətimizdən qısa zamanda bu məsələyə baxmasını və müsbət həll olunmasını xahiş edir və buna çağırırıq”.

 

Q.Paşayeva Tovuzda bir sıra kənd məktəblərinin ağır vəziyyətdə olduğunu diqqətə çatdırıb və həmin məktəblərin əsaslı təmiri və ya yenisinin tikilməsinə dəstək göstərilməsini xahiş edib:

 

“2019-cu il büdcəsində icbari tibbi sığortanın tətbiqinə ayrılan vəsaitin artırılmasından məmnuniyyət duyuruq. Çünki bütün ölkə ərazisində tezliklə tibbi sığortanın tətbiqinin həyata keçirilməyə başlanması ən vacib məsələlərdən biridir".

 

Q.Paşayeva eyni zamanda anadangəlmə eşitmə qüsurlu uşaqların koxlyar implant əməliyyatının dövlət tərəfindən pulsuz həyata keçirilməsi təklifi ilə də çıxış edib:

 

"Hər il ölkəmizdə dünyaya gələn uşaqlar arasında onlarla eşitmə qabiliyyəti qüsurlu balalarımız var və biz bu cür ailələrə dəstək göstərməklə hər il onlarla gəncimizin həyatını və gələcəyini xilas etmiş olarıq”.

 

Q.Paşayeva autizmli xəstələrin problemlərindən də danışıb, bu sahədə həmin uşaqlara, auilələrə dəstək göstərilməsi üçün proqramlara və büdcədən vəsait ayrılmasına ehtiyac olduğunu deyib. Millət vəkili Milli Məclisin Səhiyyə komitəsinin sədri Ə.Əmiraslanovun onkoloji xəstələrlə bağlı səsləndirdiyi fikirlərini dəstəklədiyini bildirirək, onkoloji xəstələrin sayının getdikcə artdığını və getdikcə gəncləşdiyini deyib və bu xəstəlikdən əziyyət çəkən insanlarımızın müalicəsinə dəstək üçün şiş əleyhinə dərman vasitələrinin alınmasına büdcədən ayrılan vəsatin artırılmasının vacibliyini vurğulayıb.

 

“Tariximizi və mədəniyyətimizi qorumaq, ona sahib çıxmaq və gənc nəsillərimizə çatdırmaq vacibdir” deyən millət vəkili Tovuz rayonunda tarixi-mədəni abidələrin bərpası və təmiri işlərinə böyük ehtiyac olmasını xüsusi vurğulayaraq, bu istiqamətdə işlərin qısa zamanda görülməsini aidiyyəti qurumlardan xahiş edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı