“Qarabağ münaqişəsinin həlli üç dövlətin monopoliyasındadır”

11:19 22-01-2018 | icon 482 | Siyasət
“Qarabağ münaqişəsinin həlli üç dövlətin monopoliyasındadır”

“Rusiyanın ABŞ-a, İŞİD-ə gücü çatır, Ermənistana yox?!”

Politoloq Nəzakət Məmmədovanın Versus.Az-a müsahibəsi.

– Nəzakət xanım, bu gün hələ ki, beynəlxalq təşkilatlar Azərbaycanın Dağlıq Qarabağ ərazisinin erməni işğalından azad edilməsi ilə bağlı qəti mövqe sərgiləmək istəmir. Nizamlanma prosesi hələ də ATƏT-in Minsk qrupunun missiyasına həvalə edilməklə dəstəklənir. Necə hesab edirsiniz, Madrid prinsipləri ermənilərin isğalçılıq siyasətini ifşa edirmi və o cümlədən regionda marağı olan dövlətlər bu prinsiplərin üzərində dayanmaqla nəyə ümid edirlər?

– Nizamlanma missiyasını daşıyan istənilən prinsip mütərəqqi hesab oluna bilər, o cümlədən Madrid prinsipləri. Bir şərtlə ki, münaqişənin real həlli perspektivlərini aça bilsin. Əgər indiyədək bu prinsip əsasında tərəflər arasında hər hansı bir irəliləyiş əldə olunmayıbsa, hansı ki, bunun da məsuliyyəti birbaşa danışıqlarda qeyri-konstruktiv mövqe tutan Ermənistanın üzərinə düşür. Bu mənada bu barədə danışmaq bir qədər çətindir.
Müasir dünya sistemi belə qurulub ki, uzunmüddətli münaqişələrin həlli məsələsi müəyyən bir təşkilatın sərəncamına verilir və orada həmsədr statusunda olan dövlətlər onun həlli ilə məşğul olmağı öz öhdəliklərinə götürürlər. Qarabağ münaqişəsi də bu cür aqibətlə qarşılaşıb. Bu münaqişənin birbaşa Rusiyanın monopoliyasında olduğu sirr deyil. Çünki Rusiya hesab edir ki, Cənubi Qafqaz artıq 3 əsrə yaxındır ki, onun nəzarətindədir və burada istənilən məsələdə əsas söz sahibi özü olmalıdır. Baxmayaraq ki, Rusiya artıq bu müddətdə 3 formasiyadan keçib – Rusiya imperiyası, Sovet İttifaqı və Rusiya Federasiyası. Amma ideya olduğu kimi qalır və Cənubi Qafqazı öz maraq zonası hesab edir. Minsk qrupunda həmsədr kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan 5 dövlətdən 3-ü təmsil olunub. İngiltərənin isə Xəzərdə neft maraqları var. Amma dünyada sülhə və təhlükəsizliyə cavabdeh olan əsas təşkilatın əsas üzvləri Qarabağ münaqişəsini 24 ildir ki, həll etmək iradəsini ortaya qoya bilməyiblər.

– Nəzakət xanım, bəllidir ki, bir çox siyasi ekspertlər Qarabağ münaqişəsində “açarın” Rusiyanın əlində olduğunu deyir. Qərblə region uğrunda savaşan və dünyaya “mənəmlik” iddiası ilə mesajlar verən Rusiyanı kompramisə gətirmək üçün hansı şərtlərin ödənilməsi tələb olunur? Nələr və hansı addımlar Rusiyanı Qarabağda münaqişə yaratmaq marağından əl çəkməyə vadar edə bilər?

– Rusiyanın münaqişənin həllində əsas söz sahibi olması artıq əksəriyyət tərəfindən qəbul olunmuş reallıqdır. Sonuncu dəfə bunu Soçidə Putinlə görüşdən sonra Türkiyə Prezidenti Tayyib Ərdoğan da bəyan etdi. Ərdoğan bildirdi ki, Putin istəsə tez bir zamanda münaqişənin həllini tapar. O zaman sizin də qeyd etdiyiniz kimi, əsas söz sahibi Rusiyadırsa, onu münaqişənin həllinə necə təhrik etmək olar? Cavab olaraq deyərdim ki, bunun üçün daxili və xarici, obyektiv və subyektiv amillər olmalı, zəruri şərait yetişməlidir. Bunlar bir-biri ilə sıx surətdə bağlıdır. Belə ki, sanksiyalar, potensialından daha artıq ambisiyaları olan SSRİ kimi Rusiyanın da zəifləməsini, bəlkə də gələcəkdə parçalanmasını zəruri edə bilər. Daxili amillər sırasında isə Rusiyada demokratik düşüncəli, imperiya təfəkküründən uzaq qüvvələrin hakimiyyətə gəlməsi və post-sovet ölkələri ilə zorakı yox, bərabərhüquqlu əməkdaşlıq münasibətləri qurmalıdır. Bu olarsa, Rusiyanın xarici siyasət prioritetləri dəyişə bilər. Azərbaycandan isə hazırda real şəraitdə tələb olunan Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmaqdır ki, bu da Qarabağın qaytarılması müqabilində ölkəni Rusiyadan siyasi, iqtisadi, hərbi cəhətdən asılı hala sala bilər.  Azərbaycan isə təbii olaraq bunu qəbul etmir. Ona görə də münaqişə həll olunmamış qalır.

– Bəllidir ki, tez-tez Türkiyənin Qarabağ münaqişəsinin həllində vasitəçiliyi önə çəkilsə də, o, kənarda saxlanılır. Türkiyə belə bir vəziyyətdə hansı addımları ata bilər?

– Şübhəsiz ki, Türkiyə dünyada Qarabağ məsələsinin ədalətli şəkildə həll olunmasını istəyən əsas dövlətdir. Məhz bu səbəbdən də Ermənistanla sərhədlərini bağlı saxlayaraq işğalçı ölkəni sülhə məcbur etmək istəyir. Azərbaycan da Türkiyənin Minsk qrupuna həmsədr olmasını istəyərdi. Lakin Ermənistan və digər üç həmsədr ölkə qəti şəkildə buna etiraz edib. Türkiyənin həmsədrlərlə və Ermənistanla mürəkkəb münasibətlərinin olduğu aydındır. Dünyadakı indiki mürəkkəb şəraitdə, beynəlxalq və regional proseslər, bilavasitə öz sərhədlərində baş verən müharibə Türkiyəni öz ərazi bütövlüyü uğrunda savaş aparmağa vadar edib. Qarabağ münaqişəsinin həlli isə üç dövlətin monopoliyasındadır. Onların mövqeyindəki ziddiyyətlər həm Qarabag məsələsində, həm Yaxın Şərqdə, həm də digər məsələlərdə getdikcə dərinləşir.

– Ermənistanın hazırda Qarabağla bağlı yanaşmaları, dünyaya etdiyi mesajlar nələri deməyə əsas verir?

– Ermənistan beynəlxalq hüququn xalqların öz müqəddəratını təyinetmə prinsipini önə çəkir. Bu prinsip dünyada separatizmlə, dövlətlərin ərazi bütövlüyünə təhdid, terrorla müşayiət olduğundan, artıq təhlükəyə çevrilib. İspaniyadakı referenduma münasibətdə biz Avropanın buna mənfi münasibətini gördük. Avropa Birliyinin Şərq Tərəfdaşlığı sammitində də artıq münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli bir daha təsdiqləndi. Ermənistan qəbul etmək istəmir ki, kiçik bir regionda ermənilərin ikinci dəfə öz müqəddəratlarını təyin etmələri yolverilməzdir.

– Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın konkret planı ola bilməz, çünki problemi yalnız tərəflər özləri həll edə bilər. Eyni zamanda bildirib ki, Rusiya ABŞ və Fransa ilə birgə ATƏT-in Minsk qrupunun həmsədri qismində həll üçün şəraitin yaradılması məqsədilə əlindən gələni edir. Rusiya bu çıxışında nəyə işarə edir?

– Rusiya daima münaqişənin həllinin tərəfdarı olduğunu vurğulayır. Bu, diplomatik bəyanatlardan başqa bir şey deyil. Rusiya həmsədr kimi münaqişənin həllində maraqlı olduğunu bəyan etməlidir. Amma əməli fəaliyyətdə biz bunun münaqişəyə təsirini görmürük. Ən azından, BMT Təhlükəsizlik Şurasında özünün də veto qoymadığı 4 qətnamənin icrası üçün işğalçıya hansı təzyiqlər göstərir? Necə olur ki, Rusiya minlərlə kilometr uzaqda olan Suriyanın ərazi bütövlüyü üçün ora qoşun yeridir, amma öz cənub sərhədlərinə yaxın Qarabağda sabitlik yarada, Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilmir?! Rusiyanın ABŞ-a, İŞİD-ə gücü çatır, Ermənistana yox?! Bütün bu sualların cavabı aydındır. Münaqişəni yaradan Rusiyanın özüdür.

– Nəzakət xanım, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakov görüşü nəyi ifadə etdi? Bu görüşdə münaqişənin nizamlanmasında irəliyə doğru hər hansı addımın atıldığını söyləyə bilərikmi?

– Nazirlərin Krakov görüşü danışıqlar prosesində növbəti bir mərhələdir. Mart ayında Ermənistanda seçkilər keçiriləcək, odur ki, seçkiyə çox az bir müddət qalmış danışıqlarda dönüş olacağı inandırıcı görünmür. ATƏT-in müşahidə missiyasının genişləndirilməsi məsələsi bir yenilikdir ki, bu da Azərbaycanın xeyrinə olan bir haldır. Çünki atəşkəs rejimi bir qayda olaraq Ermənistan tərəfdən pozulur. Odur ki, cəbhə xəttində monitorinqin gücləndirilməsi bu cür təxribat hallarının qarşısını almağa və atəşkəs dövründə hərbçilər arasında itkilərin qarşısını almağa kömək edərdi.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür