İqbal Ağazadə ilə SİYASİ NƏRD oyunu - LAYİHƏ

12:28 10-11-2018 | icon 6907 | Layihə
İqbal Ağazadə ilə SİYASİ NƏRD oyunu - LAYİHƏ

 

 

“Şahmatda hər şey şah üçün xərclənir, nərddə isə qurban vermək yoxdur...”

 

 

“Siyasətdə hakimiyyəti, nərddə də pullarını uduzdular”

 

 

MASAÜSTÜ OYUN layihəmizi “götürüb” qərərgahına getdik. Otağa daxil oluruq... Layihəmizə uyğun tam bir istirahət ab-havası yaradıb otaqda - həzin musiqi səsi, müğənni “Gözüm yaşla dolmasınmı”-nı oxuyur:

 

Bu yerlərdən keçməz oldum,
Dost düşməni seçməz oldum,
Eşqinə and içməz oldum,
Könlüm xarab olmasınmı...

 

 “Mənim üçün insan obrazı, insan ləyaqəti mənə münasibətindən asılı olmayaraq, hər şeydən üstündür”

 

...Nərd və armudu stəkanda süzülmüş çaylar masanın üstündə hazır...

 

 

Versus.Az-ın “Masaüstü oyun” layihəsinin budəfəki qarşılaşması Ümid Partiyasının sədri İqbal Ağazadə ilə oldu. Oyunda İqbal bəyin azarkeşi qismində təbliğat və təşviqat məsələləri üzrə müavini Tamilla Qulami iştirak etdi.

 

 

İ.Ağazadə: Musiqi mane olursa dayandırım.

 

T.Qafarlı: Gözəl mahnıdı, deyəsən çox xoşlayırsız...

 

A.Zeynallı: Amma səsyazmada mane olacaq.

 

- Elə isə hələlik dayandıraq...

 

- İqbal bəy, “Sevə-sevə” yazınız sosial mediada rəğbətlə qarşılandı. Oxucularımız rəydə “biz də sizi sevirik, İqbal bəy” yazmışdılar.

 

- Sağ olsunlar. Hələ birini də yazıram, yaxınlarda təqdim edəcəm.

 

- Sevgi və sevgiyə dəvət...

 

- Əslində prinsip siyasət idi. Mən orda qeyd etmişdim ki, bütün cinayətləri qəzəb, kin, nifrət oyadırsa, insanları qəzəbləndirib niyə cinayətə sövq edirik?..

 

 

“Hərbə-zorbanı kim yaxşı bacarırsa, oyunu da o udur”

 

 

- İqbal bəy, heç nə soruşmadan qara daşları götürdünüz, niyə?!

 

- Ona görə ki, qaraların üzünü ağarda bilməyəcəksiniz (gülür). Buyurun, qonaqsınız, zərin ikisini də ata bilərsiniz.

 

- Yox, niyə ki... Oyunun başlama qaydası necədir ki?

 

- Başlama qaydası belədir ki, qədim döyüşlərdə olduğu kimi, burada da ilk hissə hərbə-zorbadır. Hərbə-zorbanı kim yaxşı bacarırsa, oyunu da o udur. Məsələn, fikir verdinizsə, hələ daşları düzürük, mən deyirəm ki, qaraların üzünü ağarda bilməyəcəksiniz, zəri siz atın, mən oynayım. Psixoloji təsir edirəm, siz də düşünürsünüz ki, deyəsən vəziyyət qəlizdir (gülür).

 

- Ən yaxşısı, qayda üzrə hərə öz zərini atsın. Lütf edib ağlarla oynamaq imkanını mənə verdiyiniz üçün zəri ilk mən atım.

 

 

- Buyurun.

 

- Yəqin ki, zərtutma olmayacaq.

 

- Ona görə deyirəm ki, istəyirsiniz, mənim zərimi siz atın, mən oynayım.

 

- İqbal bəy, görürəm mənə güzəşt etmək istəyirsiniz.

 

- Zərtutmadan ehtiyat etdiniz, ona görə dedim, həm də siz qonaqsınız.

 

- Maraqlıdır, İqbal bəy siyasətdə də güzəştə getməyi bacarır?

 

- Mən hər yerdə, hər şeydə güzəştə getməyi bacarıram. İstəyirsiniz, bu oyunu da uduzum sizə.

 

- Güzəştə getmək könüllü uduzmağı qəbul etmək kimidir.

 

 

- Yox, mən ümumiyyətlə uduzmağı qəbul edə bilən adamlardanam, problem yoxdur.

 

- Daşı taxtaya elə çırpırsınız, diksinirəm. Baxın, bu daşı xanaya qoyarkən taxtaya bərkdən çırpıb səs yaratmaq hansı mənanı verir?

 

- Bu da elə bayaq dediyim o hərbə-zorbanın davamıdır.

 

- Bu illər ərzində bu oyunda kiməsə uduzmusunuz?

 

- Olub ki, bir oyun kiməsə uduzum, amma ümumiyyətlə uduzmaq istəmirəmsə, məni kimsə uda bilməz. Əgər uduzmaq istəyirəmsə, uda bilərsən.

 

- Nərddə kiminləsə qarşı-qarşıya gəlmək istəmisiniz?

 

- Heç kimlə...

 

 

“Atdı, oynadı və uduzdu”

 

 

- Sürətli oynayırsınız İqbal bəy, çatdıra bilmirəm.

 

-  Hara istəyirsiniz, daşı aparın, qoyun, saymayın.

 

- O da olacaq, fürsət gözləyirəm.

 

- (Gülür).

 

- İqbal bəy, bəziləri nərd oyununu söhbətə körpü, bəziləri kim udacaq mərci, bəziləri də istirahət üçün xoşlayır. Sizdə maraq nədir?

 

- Mən hazırda yaxşı oyunçu olduğumu sübut etmək üçün yox, saytınızın layihəsindən dolayı oynayıram. Yəni söhbətimizə körpü qoyaq.

 

- Bilmək istəyirdim ki, İqbal bəy başqa vaxt nərd oynayanda indiki kimi tələsir, yoxsa sadəcə söhbətə körpü məsəli edir.

 

- Tələsir deyəndə, siz xanaları sayırsınız deyə ləngsiniz və çatdıra bilmirsiniz, eyni zamanda məni nərddə professional bilmirsiniz deyə elə bilirsiniz tələsik oynayıram. Nərddə belədir ki, nərddə saymırlar. Nərddə zərin nə verməsindən asılı olmayaraq, bilirsən ki, daşı hara qoymalısan. Bu, artıq bir sxemdir. Necə ki, şahmatda 10-15 gedişi əvvəlcədən bilirsən, nərdin də əvvəlində elədir. Bilirsən ki, nəyi necə oynayacaqsan. Hə, sonra hardasa bəlli bir 15-20 zərdən sonra artıq düşünürsən ki, bunu oynamaq olarmı ya yox, amma o da nadir hallarda. Ümumi götürəndə bilirsən hara nə qoyacaqsan.

 

- Belə çıxır ki, bacaran adam üçün zərin nə verməsindən asılı olmayaraq, qazanmaq mümkündür?

 

- Əlbəttə. Mən yenə deyirəm, zərimi siz atın, mən oynayım.

 

- Nərddə belə də olur?

 

- Olur. Hörmətli bir vəkilimiz var idi, indi də vəkildir, adını çəkmək istəmirəm, hər dəfə oynayanda uduzurdu. İsrar edirdi ki, guya mən zərtutma edirəm. Axırı dedim ki, sən at, mən oynayım. Elə də etdik. Atdı, oynadı və uduzdu.

 

- Məsələyə siyasi tərəfdən yanaşaq. Maraqlıdır, indi zərlər kimin əlindədir, kimlər atır, kimlər oynayır?

 

 

“Hər kəs öz havasına oynayır”

 

 

 

- Yox (gülür), hazırda hər kəsin öz havası var, hər kəs öz havasına oynayır. Siz “Qaytağı”ya oynayırsınız, mənim oynamağım şıdırğı havaya oxşayır.

 

- Əli Əliyev də sizin kimi iddialıdır. Hələ oynamamısınız ki, onunla?

 

- Yox.

 

- Gərək gələcək qarşıdurmalarda ikinizi bir araya gətirək.

 

- Nə vaxt istəsəniz.

 

- O da iddia edir ki, məni nərddə heç kəs uda bilməz.

 

- Təşkil edin, oynayaq.

 

- Bütün masaüstü oyunlarda bu iddiadasınız?

 

- Yox. Məsələn, mənə desəniz ki, şaşki oynayaq, deyərəm yox, uduzaram.

 

- Bəs şahmat?

 

- Şahmat da oynayaram. Amma heç vaxt şahmat həvəskarı olmamışam, beynimi o oyunla yormaq istəməmişəm. Amma prinsipə qalsa, kiminlə desəniz oynayaram, pis də oynamaram. Yəni, hərdən şahmat da oynayıram. Amma nərdi sevirəm, nərd mənim oyunumdur.

 

- Heç olub ki, mərcə oynayasınız, ortaya pul qoyula?

 

- Olub (gülür). Özü də Azərbaycan siyasətində, mediasında olan tanınmış adamlarla. O qədər uduzublar ki... (gülür).

 

- Sizdən başqa bunu layihəmizdə etiraf edən olmayıb hələ ki. Fərqlilik etdiniz.

 

- Niyə? Etiraf yaxşı şeydi, etsinlər (gülür).

 

- Hesablasaq, nə qədər qazanmısınız?

 

- Qazanc nominal deyildi. Məsələn, tutaq ki, qonaqlıqdır, şərt kəsirdik ki, oynayırıq, udan da aparıb hesabı verəcək. Təbii ki, öz dostlarımızla, kənar adamlarla heç vaxt oynamarıq belə.

 

 

 

- O dostlar kimlər idi?

 

- Yox, adlarını çəkməyəcəyəm. Siyasətdə hakimiyyəti, nərddə də pullarını uduzdular (gülür).

 

- Siyasətdə necə, olubmu ki, hansısa proqnoz verərkən mərc gəlinsin?

 

- Yox. Onu oyuna qatmaq qeyri-ciddidir. Ümumiyyətlə, Nostradamusluq etmək yox, baş verən proseslərə reaksiya vermək lazımdır.

 

- Proqnoz verənlər var ki, apreldə növbədənkənar parlament seçkiləri keçiriləcək. Bəzi siyasilər belə zamanlarda “qəfil yaxalandıq”, “hazırlıqlı deyildik” kimi səbəblər gətirir. Sizdə necədir?

 

- Biz nə proqnoz veririk, nə də “qəfil yaxalandıq” deyib özümüzü sığortalayırıq. Siyasi partiya olaraq hər zaman bütün proseslərə hazırıq. Yəni, seçki sabah da ola bilər.

 

- İqbal bəy, heç KAŞ Kİ-ləriniz olub?

 

- Olub.

 

- Siyasətdə çox olub, şəxsi həyatda?

 

- Gənclikdə həyatımda çox kaş ki-lərim olub.

 

- Gənclikdən sonrakı yaşda olmayıb?

 

- Yox.

 

- Zərə baxmadım, pənci-şeş idi?

 

- Yox, cahar-şeş.

 

 

“Hətta münasibətlər o yerdə idi ki, qarşılaşanda salamlaşmırdıq”

 

 

- İqbal bəy, bir xatırlatma edəcəyəm. 2003-cü ilin parlamenti, Əhəd Abıyev...

 

- Qoyun, nərdimi oynayım.

 

- Yaxşı, adını çəkməyəcəm.

 

- (Gülür).

 

- Əli Kərimli, yumşaq desək, davası. Və İqbal Ağazadə tərəfindən Əli bəyin müdafiəsi... İnsanlıq, yoxsa tərəfdaşlıq?

 

- Mən ümumiyyətlə heç kimin təhqir olunmasının tərəfdarı deyiləm və görəndə də sakitcə kənardan baxanlardan deyiləm. Heç bir halda heç kimi təhqir etmərəm və heç kim də məni təhqir edə bilməz. Həmin vaxt emosional ola, cavab verə bilərəm, amma əvvəlcədən təşəbbüs göstərib təhqir etmək kimi hallar olmayıb. Mənim üçün insan obrazı, insan ləyaqəti mənə münasibətindən asılı olmayaraq, hər şeydən üstündür. Xatırlatdığınız həmin vaxtda da dedim ki, parlamentdə təhqir olmasın, kim kimi təhqir etsə, qarşısında məni görəcək. Yeri gəlmişkən, o hadisədən sonra adını çəkməyəcəyəm, iqtidar nümayəndəsinin birini müxalifət qəzetləri çox pis şəkildə təhqir etdi, mən redaktorlara müraciət etdim ki, ayıbdır, bu cür yanaşma olmaz.

 

- Bu gün də kiməsə qarşı eyni vəziyyət baş verərsə, mövqeyiniz dəyişməz?

 

- Kimliyindən asılı olmayaraq! Dediyim kimi, mənə qarşı münasibətdən asılı olmayaraq heç kimin mən olduğum yerdə təhqir olunmasını qəbul etmərəm.

 

- Hətta o kəs bu gün sizə qarşı ittihamlarla çıxış edən Arif Hacılı olsa belə?

 

- Əli Kərimli Milli Məclisdə təhqir ediləndə biz onunla danışmırdıq, küsülü idik. Hətta münasibətlər o yerdə idi ki, bir-birimizi görəndə heç salam da vermirdik.

 

- O hadisədən sonra münasibətdə dəyişiklik oldu, sizə qarşı bir rəğbət hissi yarandı?

 

- Rəğbət hissi olmadı (gülür), təşəkkür etdi. Ailə üzvləri minnətdarlıq etdi. Bilirsiniz, Amerikanın prezidenti Ceffersonun gözəl sözü var, deyir ki, “Məni sevməyə bilərsən, mən də səni sevməyə bilərəm, amma haqqın üçün ölməyə hazıram”. Elə son yazım olan “Sevə-sevə”də yazdıqlarım kimi... Bir şey ki, nifrət, kin, qəzəb yaradır, toplumu fərqli bir yerə aparır, biz toplumu necə bunun üzərində tərbiyə edək?

 

- Deyirsiniz, siyasətdə “kaş ki”ləriniz olmayıb.

 

- Olub, niyə olmayıb? Həyatda hər şey ola bilər. Sadəcə siyasətdəki “kaş ki”lərim həyatdakı “kaş ki”lərimdən azdır. (gülür)

 

- Heç olmasa, düzələn “kaş ki”lərdir?

 

- Əlbəttə. Düzəlməyən bircə şey var - ölüm. Şəxsi həyatımda olan “kaş ki”lərin üzərindən zaman keçib...

 

- İqbal bəy, bilmirəm niyə, amma mənə rəhmətlik Nüsrət Kəsəmənlini xatırladırsınız. Eyni xarizma...

 

- Dost idik. (gülür)

 

 

“Onu deyə bilmərəm, o mənim 40-cı qapımdır”

 

 

 

- İlk baxışdan sərt görsənirsiniz. “Sevə-sevə”də bir nəciblik, mülayimlik üzə çıxdı.

 

- Mən, həm də sərtəm. Bu sərtliyi də doğuran səbəblər var. Mahatma Qandinin belə bir sözü var, deyir ki: “...hirsinizi, hikkənizi, qəzəbinizi daha yaxşı olmaq üçün istifadə edin, qəzəbin varsa, o qəzəbi yaxşını necə düzəldəcəyəm deyib də ona istifadə et, qəzəb gedib vurmaq, dağıtmaq deyil”. Mən bu prinsiplərə riayət edən adamam. Mənim də qəzəbim, hirsim olur, amma düşünürəm ki, bunu necə dəyişə bilərəm, özümü necə dəyişə bilərəm, prosesi necə dəyişə bilərəm, münasibətləri necə dəyişə bilərəm. İnsan özünü bu cür tərbiyə edir. Mən düşündüyünüz qədər də yumşaq adam deyiləm. Mənim içim, ruhum sevgiylə doludur. Nifrət, qəzəb üçün yox, məhz o sevgi üçün sərtliyim var.

 

- Bayaq “şəxsi həyatda kaş ki-lərim çoxdur” deyəndə gülümsündünüz...

 

- Onu deyə bilmərəm, o mənim 40-cı qapımdır, onu heç kim aça bilməz.

 

- Amma nağıllarda 40-cı qapı da açılır.

 

- Mən nağıllarda yaşamıram, gerçək həyatda yaşayıram.

 

- Bu yaxınlarda 50 yaşınız oldu...

 

- Yox, 48. Keçən il 49 idi, bu il 48. Cavanlaşmağa doğru gedirəm. (gülür)

 

- Olsun, lap yaxşı... Belə bir fikriniz var - 50 ildə 100 il yaşadım.

 

- Yəni bir insan ömrü nəyə çatırsa, biz onun hamısını gördük. Müharibə gördük, qaçqınlıq gördük, inqilab gördük, həbsxana gördük, üsyan gördük, qan-qada gördük, siyasi mübarizə gördük, təhsil gördük. Bir insan ömrünə nə sığarsa, onun hamısını gördük.

 

- Hamısını gördük dedikdə, yəni bitdi, bu qədərmi?

 

- Təbii ki, yox. Gördük, yəni 50-nin gördüyüdür, gələcəyin gördüyü deyil.

 

- Bayaq Nüsrət Kəsəmənliyə oxşarlığınızı elə-belə demədim, bəlkə də səsinizin tonundan, bəlkə də “sevə-sevə”dən dolayı düşündüm ki, şeir yazırsınız.

 

- Yox!

 

- Niyə YOXu əsəbiliklə dediniz, yazmaq pisdir?

 

- Əsəbi demirəm, qısaca “yox” dedim. Yazmıram.

 

- Sanki şeir yazmağı özünüzə sığışdırmırmış kimi hiss etdim.

 

- Əstəğfürullah. Şeir yazmağı bacarmaq özü böyük bir şeydir. Düşünürəm ki, şeir yazmaq sadə bir şey deyil.

 

- Nə yaxşı yazmamısınız?

 

- Bacarmıram.

 

 

- Amma “Sevə-sevə” yazınız mənsur şeirə oxşayır bir az.

 

- Yox, yox. Heç şeir yazmaq kimi iddiam da olmayıb indiyədək.

 

- Heç gənclikdə də cızma-qara etməmisiniz? Aşiq olub yazan gənclər kimi...

 

- Yox. Yazanda gərək elə yerə qalxasan ki, dünyaya oradan baxa biləsən. Mən ora hələ qalxa bilməmişəm. Dünyaya oradan baxa bilməyəndə yazdığın elə-belə şeir olacaq. Hamı yaza bilər. Mənim üçün şeir tamam başqa anlamdır. Şeir o qədər böyük və düşüncələrin elə bir ifadəsidir ki, onu sadə sözlərdən ibarət etmək düzgün olmaz...

 

 

“Hamını arxamca daşıyıb sağ-salamat qalibiyyətə gətirib çıxarıram”

 

 

- Qayıdaq nərdə... İqbal bəy, taxta üzərindəki bu oyun meydanı siyasi meydanı xatırlatmır sizə? Sizcə şahmat “döyüşü” asandır, yoxsa nərd?

 

- Baxır oynayana. Amma heç kim nərdə düşüncəsiz oyun kimi baxmasın ki, zəri atdın, daşı xanaya düzdün, qurtardı getdi. Şahmatda piyadadan tutmuş digər fiqurlaradək hamısı oyun boyu bir-bir qurban gedir, yəni, hər şey şah üçün xərclənir. Bədbəxtçiliyimiz də ondan başlayır. Nərddə isə bütün daşlar qorunur, itki olmadan oyuna başladığı cərgəsinə yığılmaqla qalib olursan. Burda qurban vermək yoxdur, xərcləmək yoxdur (gülür).

 

- Siyasət oyundur?

 

- Əsla. Nərddir, şahmatdır, damadır, digər oyunlardır, hamısı bir əyləncədir, dincəlirsən bunlarla. Siyasətə aidiyyatı yoxdur. Əgər bir siyasətin kökündə topluma, cəmiyyətə, insanlığa, xalqa, millətə, dövlətə xeyir vermək dayanırsa, o necə oyun ola bilər, necə çirkin iş ola bilər? Kim onu düşünürsə, çox böyük səhv edir. Toplumun, cəmiyyətin üzərində oyun oynamaqmı olar? Siyasət eybəcərlik deyil, onu eybəcər edən edir. Bu yanlışdır. “Siyasət eybəcərlikdir”, “siyasət oyundur” deyib hər cür oyunbazlığa getmək olmaz.

 

 

- Bəzən görürsən ki, əsasən siyasilər masaüstü oyun oynarkən şahmata önəm verirlər.

 

- Camaata yaxşı görünmək üçündür. Hamıda belə bir təsəvvür var ki, şahmat daha yaxşı, daha ciddi, ağıllı, düşüncəli adamların oyunudur. Ona görə də çoxu şahmata üstünlük verir.

 

- Nərdi sizə sevdirən nədir?

 

- Məsələ nərdi sevmək deyil, nərd sadəcə oyun kimi zövqümü daha çox oxşayır. Burada itki yoxdur, hamını qoruyuram, hamını arxamca daşıyıb sağ-salamat qalibiyyətə gətirib çıxarıram. Belə daha yaxşıdır, nəinki adamları bir-bir xərclə, sonra da gəl, tək özün qalib ol (gülür).

 

- Müxalifətdə o şahmat gedişlərini kimlər edir?

 

- Onu da onlardan soruşun.

 

- Siz bu sözləri elə-belə demirsiniz, var bir bildiyiniz.

 

- Onu da onlardan soruşun (gülür). Mənim fikrim ola bilər, amma deməyə bilərəm.

 

-  Soruşmaq mənim haqqımdır.

 

 

- Susmaq da mənim haqqımdır.

 

- O haqq məhkəmələrdə olur.

 

- Yox, hər bir şeydə adamın susmaq haqqı var. Elə şeylər var ki, onlara cavab verilmir. Susaraq davam edirsən. Dil siyasətçiyə təkcə danışmaq üçün verilməyib, həm də susmaq üçün verilib.

 

- Susmaq razılıq əlamətidir.

 

- Susmaq sevgidə, eşqdə razılıq əlaməti kimi başa düşülür.

 

- Hər bir halda sevginin üzərində dayanırsınız. Olsun, nifrətə də, problemə də sevgiylə yanaşaq. Doğrudan da bəlkə dünyanı sevgi xilas edəcək. Bəlkə elə siyasilərin bir araya gəlməsini də sevgiylə edək.

 

- Mənim bir araya gəlmək kimi bir problemim yoxdur. Heç kimə də nifrətlə yanaşmıram. Ümumiyyətlə mənim düşüncəmdə, ruhumda nifrət anlayışı yoxdur ki, filankəsə nifrət edirəm, filankəsi görmək istəmirəm. Mən kinli, qəzəbli adam deyiləm düşünəm ki, dünən belə olmuşdu, buna görə bu gün onunla düşmənəm. Süleyman Dəmirəl demişkən, dün dün idi, o bitdi, bu gün bu gündür. Bir problemdən danışdıq qurtardıq, bu problem bu idi. Hə, bunu yenə dartışmaq istəyirsinizsə, oturaq danışaq.

 

 

“Bir az o başqa pəncərədən də baxmağı öyrənməliyik”

 

 

 

- Siz özünüzü güclü insan hesab edirsiniz.

 

- Mən zəif adam deyiləm.

 

- Və güclü insanlar nifrətlərini də misqal-misqal ötürürlər.

 

- Yox, mən ümumiyyətlə nifrət etməyi sevmirəm. Bilirsiniz, pis dediyimiz bir adama bir başqa pəncərədən də baxmaq lazımdır. O, kimin üçün yaxşıdır? Övladı üçün yaxşı atadır, yaxşı qardaşdır, birisi üçün yaxşı qohumdur və sair. Tutaq ki, mənim pəncərəmdən pis görünür.  Axı dünyaya təkcə mənim pəncərəmlə baxmaqla onun peyzajını cızmaq mümkün deyil. Axı, başqa pəncərələr də var. Bir az o başqa pəncərədən də baxmağı öyrənməliyik ki, hansı pəncərədən baxsaq, necə görərik.

 

- Bu necə olacaq?

 

- Bilirsiniz, dünya üçün, insan üçün hər şey münasibətdən başlayır. Ailədə də hər şeyi münasibət həll edir, dünyamızda da münasibət hər şeyi həll edir. Ölkədə münasibətlər qura bilməmişik biz. Niyə qura bilməmişik, bunun da fundamental səbəbləri var. Məsələn, bizim ilk münasibətimiz böyüklük-kiçiklik münasibətidir. Bizdə tərbiyə, vərdişlər, mental dəyərlər onun üzərində formalaşır. Kimə böyük demişik? Valideyn təbii, böyükdür, nəsil içərisində yaşca ən böyük adam ağsaqqal, sonra isə bəy, xan, hambal - əvvəlki dönəmlərdə kim olubsa. Sovet dönəmində isə kolxoz sədri, sovxoz direktoru, kənd soveti. İndiki dönəmdə kənd icra nümayəndəsi, bələdiyyə sədri, molla, hacı, kərbəlayi, məşədi. Biz adamların mahiyyətinə fikir verməmişik, o münasibətlər sistemini adamların vəzifəsinə, yaşına uyğun qoymuşuq. Ağlı nə qədərdir, cəmiyyətə nə xeyir verə bilir, tayfaya, insanlara nə xeyir verə bilir, bunu heç ölçə bilməmişik. Və bundan formalaşan münasibətlər sistemi cəmiyyət üçün hakim mövqeyə çevrilir. Diqqət edin, qayıdım o böyük-kiçik məsələsinə. Çox keçmişdə yox, elə 1970-ci illərdə ata gəlməyənədək qazanın qapağını açmazdılar. Qazan açılanda da tikənin ən yaxşısı atanın qabına qoyulurdu. Uşağa da qanadından, suyundan, kartofundan verilirdi. Baxın, bu münasibətlə dövlət gəlib bu yerə çıxıb. Münasibətlər sistemi Şərq təfəkküründən, özümüzün mental dəyərimizdən, dövlətçiliyin olmamasından, fəlsəfənin formalaşmamasından gəlib çıxıb bu yerlərə. Bu münasibətlər sistemi dəyişməyənədək dediyimiz o nifrət, qəzəb, kin hamısı olacaq. Biz onları dəyişməyi bacarmalıyıq. İnsan kimi dəyərlərə, insan kimi münasibətlərə, dəyər və düşüncəyə, təfəkkürə münasibətdə insana qiymət verməliyik. Yoxsa bu böyükdür, nə desə, etməliyik kimi yox. Böyüyə hörmət olaraq oturmasına, durmasına kömək etmək olar. Amma böyükdür deyə fikir və düşüncəmdə mənə hökmran ola bilməz. Təsəvvür edin, mən Azərbaycanın ictimai-siyasi həyatında 50 yaşımda bir siyasətçiyəm, 80 yaşlı anam deyir ki, bala, sən siyasətdə belə et və mən ağbirçək anam deyir deyə, səhv də olsa onu eşitməliyəm. Belə olmur. Təəssüf ki, belə böyümüşük. Və bizi valideynlərimiz hüquq, düşüncə adamı kimi yetişdirməyib. Müəllim nə deyir ona qulaq as, komandir nə deyir eşit, idarədə işləyirsənsə, bala, böyüyündü, dinlə və sair. Folklorumuzda misala baxın - göydə Allah, yerdə hökmdar,  padşah. Biz bunlarla böyüyə-böyüyə gəlib bu eybəcər mühitə çıxmışıq. Bu eyib birdən-birə gəlib çıxmayıb. Bu, Azərbaycanda hətta hakimiyyətlərin gətirdiyi bir şey deyil. Bu, bizim uzun illər bu şəkildə böyüməmizin təzahürüdür.

 

 

“Fransız kimi geyinib şərqli kimi düşünməyin”

 

 

 

- Bunu dəyişmək mümkün deyil?

 

- Mümkündür. Əgər zamanla geyiminizi dəyişə bilirsinizsə, lütfən, fransız kimi geyinib şərqli kimi düşünməyin. Fransız kimi geyinə bilirsinizsə, elə fransız kimi də düşünməyə çalışın. Deməyim odur ki, biz geyimimizi onlardan götürə biliriksə, bir az da düşüncələrindən götürməliyik. Demə ki, yox, mənim mental dəyərlərim var. Əzizim, mental dəyərlərini geyimdə də elə. Niyə sənin geyimin, bəzəyin, maşının o dəyərlərə söykənmir. Çünki sənin icad etdiyin bir şey yoxdur. Onun icad etdiyinə gedirsənsə, deməli onun düşüncəsi səndən irəlidir ki, hansısa kəşfi edib, lütfən, idarəetmə düşüncəsində də ona get.

 

- Belə çıxır ki, mental dəyərlər bizi nələrdəsə gerilədir.

 

- Çox. Olduqca. Elə mental dəyərlər var ki, ondan birmənalı şəkildə imtina etmək lazımdır. Sosial şəbəkələrdə tez-tez qadın-kişi münasibətləri, qadına şiddət məsələləri müzakirə edilir. Dəhşətli haldır. Gücü çatan gücsüzü döyür. Faciədir. Buna qadın-kişi münasibəti kimi baxmayın, insanın insanı döyməsi kimi baxın. Sən evində qadını səndən zəif olduğu üçün döyürsənsə, eyvallah, hakimiyyət də  səni döyür. Və zəif dediyimiz qadın da özündən gücsüz olan uşağı döyür. Həmişə belə olub. Toplum mədəniyyəti olmalıdır. Toplum mədəniyyətində gücün göstəricisi hüquq olmalıdır. Sən məni hüquqi cəhətdən “döyə bilərsən”, yəni, haqqıma girə bilərsən, mən də gedib haqqımı məhkəmə yolu ilə ala bilərəm. Yəni, bu mədəniyyəti formalaşdırmalıyıq, daha kimsə öz gücünü yumruğu ilə sınamamalıdır.

 

- Qadın-kişi münasibətindən, fərqliliyindən söz düşmüşkən, deyirlər ki, qadın nərd oynaya bilməz, kişi oyunudur...

 

- Məsud edən nə varsa, cəmiyyətə ziyanı dəymirsə, istifadə etmək lazımdır. Bilirsiniz, ciddi olmağı qaşqabaqlı olmaqla qarışdırırıq. Düşüncəsində, fikrində ciddi olmalı olan adamın düşüncə və fikri heç nəyə dəymir, alnının ortasını qırışdırır və olur ciddi adam. Yəni, bunun nə dəxli var, oyundur, qadın da oynaya bilər, kişi də, bu da bir istirahətdir.

 

- İqbal bəy, “müsəlmanın sonrakı ağlı” deyilən bir deyim var. Sonrakı ağıl elə təkcə müsəlmanlarda olur?

 

- Vaqif Bəhmənlinin gözəl bir şeiri var, deyir ki,

Bilmirəm əvvəl də var idi bu sonra,
Yoxsa sonradan yarandı bu sonra.

Ümumiyyətlə insan peşmanlıqlardan nəticə çıxara bilir. Burda bunu müsəlmanla əlaqələndirmək uydurma bir şeydir. İnsan səhvi anlayıb sonradan düzəldir, adını qoyurlar sonrakı ağıl.

 

 

- Bayaq mental dəyərlərdən danışdıq. Bizdə belə idi ki, evdə yemək yeyilərkən çağırılmamış qonaq təşrif buyuracaq deyə, yaxşı tikələr qazanda saxlanılardı. Amma üzdəniraq qonşularımız yemək yeyərkən yaxşı tikələri birinci yeyirlər ki, qəfil qonaq gələrsə, “vaxtsız qonaq öz kisəsindən yeyər” məsəli. Bu fərqli yanaşma nədən xəbər verir?

 

- Bu, dövlətə bağlı məsələdir. Bunu heç də sıradan bir mental dəyər hesab etməyin. O qədər yağmalanıb yurd, o qədər dövlət və dövlətçilik fəlsəfəsi olmayıb, sahib çıxmaq olmayıb, həmişə hüquqlarını başqa yerdə axtarıb. O qədər qorxaq böyüyüb, hüquqlarını verə biləcək başının üstündə bir başqa xalqı görüb ki, zaman-zaman gəlib bu şəkildə qorxaq olub. Biz özümüzə çox az dəyər veririk. İndiyə qədər ümumiyyətlə dəyər verməmişik. Amma zaman-zaman artıq bunlar dəyişir. Dediyim kimi, dövlətə bağlı məsələdir. Dövlət nə qədər güclüdürsə, vətəndaşı o qədər güclü olar, özünə sahib çıxar, özünə inamı olar. Özümüz özümüzə sahib çıxa bilmirik. Özümüz özümüzə əlac tapa bilmirik. Hətta həkimimiz ən yaxşısı olsa belə, xaricə üz tuturuq. Bir ölkənin ki, ən yüksək rəhbərlərinin hamısı xaricdə müalicə alır, demək ki, özününkünə güvən yoxdur.

 

 

“Mən təkcə Qarabağdan qaçqın deyiləm”

 

 

- İqbal bəy, bayaq dediniz ki, nərdi siyasətlə əlaqələndirmirsiniz. Amma siyasətçilər var ki, “siyasət də bir oyundur” kimi fikirlər işlədirlər.

 

- İnsanın oynadığı nə varsa, onu öz həyatı ilə eyniləşdirmək olar. Nə qədər desəniz, bənzətmə tapmaq olar.

 

- Siyasətdə zər kimin əlindədir bəs?

 

- Hərənin zəri öz əlindədir. Xalqın əlindədir. Baxır kimin zəri nə verir.

 

- Zər atmısınız, nə verib?

 

- Bəzən hətta “du bir” adama xeyir verir, bəzən “şeş-qoşa” ziyan edir, oyuna baxır.

 

- Nərddəki marsı siyasətdəki marsla necə əlaqələndirmək olar?

 

- Düzü, mən bunları heç vaxt eyniləşdirməmişəm.. Daşı səhv qoydunuz, düz sayın.

 

- Saxtakarlıq etməyə fürsət vermirsiniz də.

 

- (Gülür).

 

- Oyuna başlar-başlamaz elə hərbə-zorba etdiniz ki, elə bildim məni mars edəcəksiniz. Amma oyun bitmək üzrədir, xəta sovuşub.

 

- Niyə mars edim ki, sizi?

 

- Bu dəfə də zər verməsə, uduzacağam.

 

- Oynayın, ürəkli olun. Zər yaxşı da verir sizə, nə qədərini də çıxmısınız.

 

- Bilirəm də, qoşa atıb, oyunu qalibiyyətlə qurtaracaqsınız.

 

- Niyə qoşa atım ki?

 

- İqbal bəy, bu oyun şansa bağlıdırmı?

 

- Adamın şansına bağlıdır, zərin yox.

 

- Heç zər tutmusunuz?

 

- Zəri tutub atırlar da (gülür). Onu da zərtutanlardan soruşun.

 

- Bu da sonuncu zər... Bitdi... Mən qazandım?

 

- Gördünüz, qazandınız! İstədiyiniz bu deyildi?

 

- Deyirdiniz məni heç kim uda bilməz.

 

- Mən demədim məni heç bir xanım uda bilməz.

 

- İqbal bəy, mənə uduzmaq jestinizə, sizi udmağımı istədiyinizə görə xüsusi olaraq təşəkkür edirəm. Zatən sizdən də bu nəzakət gözlənilirdi.

 

- Əvvəlki oyunlarda bunu heç kim etməyib ki?

 

- Yox, əksinə, ciddi mübarizə aparıblar, bircə sağ olsun, Aydın Mirzəzadədən belə bir jest olub.

 

- Siz suallarınızın birində oyunun fəlsəfəsini soruşdunuz. Bilirsiniz, mən siz dediyiniz fəlsəfəni oyunlarda görməmişəm. Bir şey ki, əyləncədir, onda ciddi nəsə axtarmayın.

 

- İqbal bəy, bu oyun sizə nə verdi?

 

- İstirahət etdim, yaxşı bir müsahibə alındı.

 

- Mən də sabiq millət vəkili, gələcəkdə yenidən deputat ola biləcək bir şəxslə masaüstü oyunu bölüşmək fürsəti qazandım və çox məmnun qaldım.

 

- Allah bizə o qədər dinclik, hüzur və rahatlıq versin ki, hansı peşənin, hansı vəzifənin sahibi olmağımızdan asılı olmayaraq səmimi ünsiyyət formalaşdıra bilək. Bir millət, bir dövlət üçün bundan böyük fəlsəfə ola bilməz.

 

- İqbal bəy, özüm laçınlı olaraq məcburi köçkünlüyə məhkum olsam da, məhz sizdən eşitmək istərdim ki, qaçqınlıq necə bir hissdir?

 

- Mən qaçqınam. Əsasən yay aylarında dəhşətli əzablar keçirirəm dostlarımdan kiməsə zəng edəndə. Zəng edirəm, dostum “mən kənddəyəm” deyəndə stress keçirirəm. Bunu dostlarımın çoxu bilir və çalışırlar ki, “kənddəyəm” sözünü deməsinlər. Çünki çox ağır olur mənə. Bir insanın ki, kəndi ola və ora gedə bilməyə, bu ağır bir şeydir. Bu yaxınlarda müsahibələrimin birində demişdim ki, mən nəyin hesabatını verim ki, 2 kilometrlik məsafəni adlayıb kəndimə gedə bilmirəm. Faciədir. Mən övladlarımı doğulub boya-başa çatdığım kəndə apara bilmirəm ki, baxın, mən burda doğulmuşam... Mən təkcə Qarabağdan qaçqın deyiləm... Mən elə Qərbi Azərbayandan da qaçqınam... Mən elə Güneydən də qaçqınam... Mən elə Dərbənddən də qaçqınam... Mən elə Borçalıdan da qaçqınam... Mən elə Kərkükdən də qaçqınam...

 

 

...Sağollaşırıq... İqbal bəy yarımçıq dayandırdığı mahnını yenidən səsləndirir... Qapının arxasından müğənninin səsi gəlir:

 

Solanda narın çiçəklər,
Gözüm yaşla dolmasınmı...

 

TAHİRƏ QAFARLI & ARZU ZEYNALLI
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları