““Şaxta baba” missiyasını iqtidar öz öhdəsinə götürməlidir” - MÜSAHİBƏ

13:24 08-01-2018 | icon 618 | Siyasət
““Şaxta baba” missiyasını iqtidar öz öhdəsinə götürməlidir” - MÜSAHİBƏ

“Bu günə qədər arzu etdiyimiz demokratik  seçki keçirilməyib”

ALDP sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi.

– Zamanın çarxı dünyanın sosial-siyasi həyatında nələrin baş verməsindən asılı olmayaraq fırlanır və təqvimlər dəyişir. Budur, 2018-ci il də gəldi. Fuad bəy, yeni ildən nə gözləyək? Sizcə ötən proseslərə nəzər salsaq, bu il kim “şaxta baba”lıq edəcək və ondan hansı “hədiyyələri” gözləməliyik?

– Təbii ki, 2018-ci il xoş gəlib. Bu ilin vətəndaşlarımız üçün xeyirli-uğurlu olmasını, insanlarımızın sosial-iqtisadi problemlərinin azalmasını arzulayıram. Hesab edirəm ki, bu gün həmin o “Şaxta baba” missiyasını bizim iqtidar öz öhdəsinə götürməlidir. Hakimiyyət əlində olan qanunlardan, imkanlardan istifadə edərək vətəndaşların əhval-ruhiyəsini qaldırmaqla ona ən böyük hədiyyəsini vermiş olacaq. Bura ən sadə halda maaşların artması, qiymətlərin aşağı düşməsi daxil ola bilər. Rüşvətxorluğun, korrupsiyanın, monopoliyanın qarşısı alınsa vətəndaşlarımız üçün daha gözəl nəticələrə nail olunacaq. Bu məsələlər həll olunarsa, yeni ildən vədəndaşlara böyük hədiyyə verilmiş olar.

Məsələyə başqa aspektdən yanaşaq. Bu il prezident seçkiləri olacaq, istərdik ki, seçkilərdə adminstrativ resurslardan az istifadə olunsun. Seçki ilə bağlı proseslər uğurlu davam edərsə, bu ili uğurlu şəkildə başa vurub, 2019-cu ildə inkişaf etmiş demokratik cəmiyyətdə yaşıya biləcəyik. Əgər normal seçkilər keçirilərsə, hətta  YAP-ın namizədi qalib olsa belə, biz onu təbrik edəcəyik. Amma təəssüflər olsun ki, bu günə qədər arzu etdiyimiz demokratik  seçki keçirilməyib. Seçkidə istidadə olunan adminstrativ resurslar və digər bu kimi neqativ hallar seçki prosesinə inamı azaldıb. Ölkədə az qala birpartiyalıq sistemi formalaşdırılıb ki, bu da heç bir demokratik ölkədə inkişafa gətirib çıxarmır. Əgər 5 il əvvəl parlamentdə seçicilərinin problemini qaldıran, aktiv fəaliyyət göstərən 5 nəfər deputatın adını çəkə bilirdiksə, indiki parlamentdə bir-iki nəfərin adını belə, çəkməkdə çətinlik çəkirik. Bu gün bizim parlament vətəndaşların problemlərinə çox səthi yanaşır. Əgər seçkilər demokratik olarsa, yeni ildə işlək bir parlament formalaşa bilər. Bütün bunlar vətəndaşlarımız üçün bir hədiyyədir.

– Hər zaman insanlar yeni ilə yeni gün, yeni uğurların başlanğıcı kimi yanaşırlar. Psixoloji olaraq, belə bir inam var ki, sanki yeni il ona dəyişikliklər gətirməlidir. Ötən il cərəyan edən proseslərin gedişinə nəzər salsaq, insanlar bu il – 2018-ci ildə uğurlu yeniliklərin olacağını gözləməkdə nə dərəcədə haqlıdırlar? Bu məsələdə hansı nüanslara diqqət çəkmək lazımdır?

– İnsanın nə qədər problemi olsa da, ümidlə yaşayır ki, nə vaxtsa bunları həll edəcək. Hər günə ümidlə baxır. Məsələn, çoxumuz hətta həftə sonundan düşünürük ki, artıq 1-ci gündən işimizdə başqa bir dönüş edəcəyik. Amma yeniliyin, dəyişikliyin olması təkcə vətəndaşdan asılı deyil. Təbii ki, evdən, yaxud işdən kənarda baş verən proseslər onun bütün istəklərinin gerçəkləşməsinə imkan vermir. İnsanların ümidləri qırılmasın deyə hakimiyyət əlində olan rıçaqlardan istifadə etməlidir. Hər il büdcədən milyonlarla pullar silinir, bir çox hallarda isə gərəksiz sahələrə şişirdilmiş rəqəmlərlə pullar ayrılıb mənimsənilir. Amma həmin pullar normal şəkildə, normal işlərə sərf edilsə problemlər yaranmaz. Əsas budur.

“Vəzifələrə hakimiyyətə yaxın adamlar təyin olunur”

– Köhnə ilin sonunda Vergilər Nazirliyi ilə bağlı rəhbər dəyişikliyi və qalmaqalı hakimiyyətin rüşvətə və korrupsiyaya qarşı mübarizənin göstəricisi hesab etmək olar?

– Ölkədə Vergilər nazirliyi, yaxud digər nazirliklərdə baş verən korrupsiya ilə bağlı ictimaiyyətə dəfələrlə məlumat verilsə də,  buna heç bir reaksiya olmurdu. Bu üzdən hesab edirəm ki, Vergilər Nazirliyindəki dəyişiklik hakimiyyətdə yaranan iki qrup arasında gedən mübarizənin nəticəsi idi. Yəni daha güclü olan qrup köhnə nazirləri yeniləriylə dəyşib. Amma bu dəyişiklikdən cəmiyyətimiz heç nə qazanmır. Biri gedir, bir başqası gəlir və o da “klan” üçün işləməyə başlayacaq. Ona görə ki, birinci növbədə kadr siyasəti çox zəifdir. Yenə deyirəm, təhsilə aid olmayanı gətirib qoymuşdular təhsil naziri, yenə də iqtisadiyyatdan məlumatsız olduğu halda gətirib vergilər naziri qoydular. Mən anlayıram ki, menecer istənilən idarəni, zavodu idarə edə bilər. Amma vergilər, təhsil və ciddi sahələri həmin sahənin peşəkarları, profesional şəxslər idarə etməlidir. Yəni əsasən vəzifələrə hakimiyyətə yaxın adamlar təyin olunur, burda peşəkarlıq nəzərə alınmır.

“Son 20 ildə gəldiyim qənaət budur”

– Hər yeni il bir heyvan üzərində təhvil olur və bu il “Xoruz” estafeti “sarı it”ə verdi. Bir çox insanlar inanırlar ki, il təhvil olunduğu heyvanın xarakterinə uyğun olaraq cərəyan edəcək, onlara nələrsə vəd edəcək. Astroloji proqnozlara inansaq, belə çıxır ki, siyasi gedişatlardan asılı olmayaraq taleyimiz ulduzların düzülüşündən, bürclərdən də asılıdır. İlinizə, bürcünüzə güvənsəniz ulduzlar sizə nə vəd edəcək?

– Mən vaxtilə astrologiyayla məşğul olmuşam. Əllə taleyi bilmək, bürclərə görə xarakterləri müəyyən etmək və sair… Bu, gəncliyimdə olub. Amma son 20 il ərzində ancaq Allaha inanıram. Bürclər, əllə taleyi bilmək, bütün bunların hamısını insanlar özləri fikirləşib, yəni bu, baş qatmaq üçündür. İnsan gərək Allaha inansın. Kimsə belə şeylərə inanırsa, bu da onun şəxsi işidir. Bu il mənim ilim olsa da mən nə yeni ili, nə bu kimi tarixi təqvimləri xüsusi olaraq qeyd etmirəm. Yəni ailə-uşaq üçün ailə daxilində qeyd olunur. Lakin mənim üçün bu adi xronoloji tarix dəyişimidir. Bürclər bizi idarə etmir. Yaxşı günləri də Allah bizə verir, pis günləri də. Allah problemləri insanlara bərkimələri üçün verir. Ona görə də Allah nə göndərirsə onu qəbul etməli, şükr etməli, pisinə də yaxşı deyib qəbul etməliyik. Çünki pis olmasa insan yaxşı günlərinə qiymət vermiyəcək. Hər halda son 20 ildə gəldiyim qənaət budur. Mən 2017-ci ildə nə gözlüyürdümsə, Allahın köməkliyi ilə çoxusu həyata keçdi. Hər halda yeni il üçün də istək proqramlarım var. Yəqin ki Allahın köməkliyi ilə hamısı olmasa da, əsas qismi həyata keçər.

“Kimin üçünsə namizədliyimi geri götürmək fikrində deyiləm”

– Köhnə ildə kifayət qədər aktivliyinizlə diqqət çəkməklə yanaşı, müəyyən layihələrdə çıxışlarınız oldu. 2018-ci il seçki ili olduğu üçün daha dinamik fəaliyyət kursu seçəcəyiniz gözlənir. Siz də daxil olmaqla bütün namizədlər çıxışlarında bildirir ki, əgər layiqli namizəd olarsa, onun xeyrinə görə öz namizədliyinizi geri götürə bilərsiniz. Maraqlıdır, həmin o “X” namizəd kimdir, görünəndirmi, onunla bağlı bir ortaq nöqtə seçilibmi?

– Biz ilk dəfə prezidentliyə namizədliyimizi irəli sürəndə belə təklif etdik ki, “Namizədlər Klubu” yaransın. İnşallah mart ayından bu istiqamətdə partiyalarla danışıqlara başlayacağıq. Yəni əgər daxildə “Namizədlər Klubu” yaransa orada toplaşan namizədlər müzakirə aparıb müəyyən bir qərara gəlsələr, biz geri çəkilməyə hazır olacağıq. Amma “Namizədlər Klubu” yaranmasa, kimin üçünsə namizədliyimi geri götürmək fikrində deyiləm. Bunun üçün müəyyən prosesləri keçməliyik. Tutaq ki, 45 min imzanın toplanması, qeydiyyatdan keçmə və sair. Ola bilər ki, biz proses başlamazdan əvvəl kiminsə xeyrinə öz namizədliyimizi geri götürəcəyimizi elan etdik və həmin namizəd tələb olunacaq imzanı toplaya bilmədi, yaxud biz qeydiyyata alınmadıq. Ona görə də namizədlər qeydə alınandan sonra bu prosesə gedilə bilər. Ümid edirəm ki, kim səmimidirsə o da “Namizədlər Klubu”nda iştirak etməyə razı olacaq.

“Prezident seçkilərində uğurla iştirak etməyə iddialıyıq”

– Zənnimcə namizədlərin öz aralarından kimisə lider seçməsi prosesi uzaqda olsa da, bu gün ən azından dialoq mühitinin formalaşmasına doğru addım atılmalıdır. Ən azından buna start verilibmi?

– Təəssüf ki, hələ də bu dialoq istəyi və mühiti yoxdur.

– Yəqin ona görədir ki, sizdən və YAP-dan başqa bir çox partiyalar köhnə ili çox məyus, bədbinliklə yola saldılar. Ötən ili müxalifətin passivliyi və iş qabiliyyətinin aşağı olması kimi dəyərləndirdilər. Siyasi partiyaların cəmiyyətə ümidsizliyi transfer etməsi nə dərəcədə düzgün yanaşma idi?

– Bu partiyaların köhnə illə bağlı fikirləri ilə tanış oldum. Bu onların öz fikirləridir və görünür özlərinə inanmırlar. 2017-ci ili necə yola saldılarsa, 2018-ci ildə də o cür fəaliyyət göstərəcəklər. Lakin biz partiya olaraq öz qarşımızda məqsəd qoymuşuq və iddialıyıq ki, prezident seçkilərində uğurla iştirak edəcəyik. Prezident seçkilərində necə iddialı iştirak etdəcəyiksə, parlament və bələdiyyə seçkilərində də o cür iştirak edəcəyik. Məqsədimiz odur ki, parlamentdə də, bələdiyyədə də üzvlərimiz olmalıdır. 1999-cu ilin bələdiyyə seçkilərində bizim 600-ə qədər bələdiyyə üzvümüz olub. Çalışacağıq ki, bu il prezident seçkilərindən sonra parlament və bələdiyyə seçkilərində qalib olaq. Digər partiyalar öz fəaliyyətlərini başqa cür görürlər. Amma biz 2016-cı ildən başlayaraq gücümüzlə pillə-pillə yuxarı qalxırıq. Hər bir iclasda müsbət işlərimizi ortaya qoymaqla yanaşı, özümüzə tənqidlə də yanaşırıq. Partiyamızın gənclər təşkilatından çox razıyam. Gənclərimiz onlara tapşırılan hər bir işin öhdəsindən gəlməyə çalışırlar. Bəzi hallarda onlar özlərinə tənqidlə yanaşaraq, gördükləri işi daha yaxşı təqdim edə bilmələrinin mümkünlüyünü deyirlər. Əsas odur ki, gənclərimiz özlərinə tənqidlə yanaşa bilirlər.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol