...Və köməksiz qaldı Abel Məhərrəmov

17:18 24-11-2018 | icon 1092 | Köşə
...Və köməksiz qaldı Abel Məhərrəmov

 

Abel Məhərrəmov bizə niyə "uduzdu"?

 

 

MÜBARİZ MƏMMƏDOV

 

 

Nə deyim, nə yazım, çoxunuz onu məndən yaxşı tanıyırsınız. 19 il BDU-nun rektoru işlədi. Bəlkə də bu 19 ildə yanına xeyli xahişə gedənləriniz də olub. Bəlkə də xahişlərinizi eşidib, bəlkə də eşitməyib. Amma fərq etmir, müəllim işdən çıxarıldı və yaza bilən hər birimiz bacardığımızı yazdıq. Müşahidə etdiyim o oldu ki, heç kim Abel müəllim haqqında xoş bir söz demədi, hansısa yaxşı əməlini xatırlamadı. Amma belə olmamalıydı axı, bu 19 ili insanlığın yox, lap elə təbiətin vəhşi qanunlarının ixtiyarına buraxsaydıq da, Abel müəllim rektor yox, bioloji varlıq olaraq kiməsə, lap bir nəfərə olsa belə yaxşılıq etməli idi. 


O bir nəfər mütləq də var. Amma susdu. Ətrafındakılara bənzəmək istədi - "Palaza bürünüb, ellə sürünənlərə"... 

Və köməksiz qaldı Abel Məhərrəmov! 

Əslində onun yerində kim olsaydı da, tək qalacaqdı. Cünki 30 ildir cəmiyyətdə psixoloji xaos hökm sürür. Qəzəbli cəmiyyət hər an "yem" istəyir - hansısa vəzifəli şəxs işdən çıxarılsın, hansısa nazir danlanılsın, hansısa deputat çıxışında, ya mətbuata verdiyi açıqlamasında bir səhv buraxsın, ki, cəmiyyət də qəzəbini boşalda-psixoloji orqazma çata bilsin.



Ancaq Abel Məhərrəmov olayının gedişatından görünür ki, cəmiyyət bu məsələdə "psixoloji orqazm"a çata bilməyib, necə deyim, "proses" hələ ki davam edir. 

Yəqin sizlər də fikir vermisiniz. Abel müəllimin fizionomiyasında qəribə bir soyuqluq var. Soyuqluğa da bənzəyir, yadlığa da. Adamda sanki həmişə "millilik" çatışmayıb. Özümdən götürürəm, müəllimi ilk dəfə televizorda görəndən içim qaynamayıb, könlüm yatmayıb. Düşünürəm ki, yaşadığım bu hal çoxunuza tanışdır, Abel Məhərrəmov sizlərə də soyuq təsir bağışlayıb, yad adam kimi görünüb.



Bəs bu soyuqluğun, yadlığın kökündə nə dayanır? Rüşvətxor, korrupsioner rektor olmağımı, saysız-hesabsız villalara, obyektlərə, avtomobillərə sahib olmağımı? Xeyr! Azərbaycanda o qədər villası, avtomobilləri, obyektləri olan korrupsioner məmur var ki. Amma həmin məmurlar Abel müəllim qədər bizdə qəzəb oyatmayıb, oyatmır da, oyatmayacaq da. Hələ də vəzifədə olan, daha doğrusu dövləti-xalqı talamaqda davam edən həmin məmurlar Abel müəllim qədər bizə "yad" adam olmayıblar. Hələ bəlkə də yeri gələndə o korrupsioner məmurların hansınısa tərifləmişik, xeyirxah, mərhəmətli, səxavətli olduğunu demişik. Bəzən özümüzə yaxın hesab etmişik. "Böyük insan" olduğunu demişik. Amma Abel müəllim başqa idi, bumbuz idi...



Sizə qəribə gələ bilər. Abel Məhərrəmovun "soyuqluğunun", "yadlığının" səbəbi məncə onun bioqrafiyasında "gizlənib", daha doğrusu "kodlaşdırılıb". Abel müəllimin bioqrafiyasındakı iki məqam, necə deyərlər onun bizə olan "yadlığının", "soyuqluğunun" "təməl daşıdır". Birincisi, adam anadan olanda atası ona öyrəşdiyimiz kimi, hansısa imamın, peyğəmbərin adını yox, tanımadığımız rizayiyyatçı alimin adını verib. Abel müəllimin bu ad altında alim olmasının, uğur qazanmasının səbəbi isə sovetlər ittifaqı ilə bağlıdır. Bəlkə də biz 1991-ci ildə yox, məsələn, 1950 və yaxud 1970-ci illərdə müstəqillik əldə etsəydik Abel müəllim bu adla ən yaxşı halda Bakıda tanınmış repititor ola bilərdi. Və biz də bu "soyuq" adama isinişməyə-isinişməyə yenə də övladlarımızı savad alması üçün aparıb onun yanına qoyardıq. Hələ bəzilərimiz arada kənddən çaxır-zad da gətirərdik. Abel müəllimin bizə olan "yadlığının", "soyuqluğunun" bioqrafiyasında "gizlənən" ikinci məqamı isə müstəqilliyimizin ilk ilində müdafiə etdiyi doktorluq dissertasiyasıdır. Müəllimin dissertasiyasının mövzusu da özünün adı kimi cəmiyyətimizə yaddır: "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar"!



Ruhu sazla, sözlə yoğrulan, nağıllarında divi aşsüzənlə çaya su gətirməyə göndərən, quyuya sallanan qardaşının kəndirini kəsən xalqın hansı nümayəndəsinə "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş Abel adlı alim doğma gələ bilərdi?!



... Dəhşət bu deyil. Heç Abel Məhərrəmovun vəzifədən çıxarılması da deyil. Sizlər kimi mən də Abel müəllimin vəzifədən çıxarıldığı gündən "psixoloji orqazm" yaşamaqdayam. Dəhşət YAP-ın 26 illiyində Abel Məhərrəmovun Fəxri Xiyabana tək getməsində idi məncə. Zənnimcə bunu etməyə, YAP-ın Fəxri Xiyabana ziyarətə gələn kolonuna qoşula, sakit gəlib-sakit gedə də bilərdi. Amma bunu etmədi. Yəqin, artıq özü də bizlərə "soyuq" olduğunun, "yad" olduğunun fərqində idi. Fəxri xiyabana tək gəldi, şəkil çəkdirdi, mətbuata açıqlama verərək siyasi kursa sadiq qaldığını, əslində bizlərdən biri olduğunu, bizlərə yad olmadığını dedi. 



Axı adam kimdən artıq nə etmişdi, neyləmişdi ki? Bunu izah edən tapılmadı. Tək deyilən multikulturalizm mövzusunda İspaniyada keçirilən konfransa gedən təyyarədə Abel müəllimin çaxır içməsi idi. Deyilənə görə təyyarədə Qafqazın Şeyxülislamı da olmuşdu.

Multikulturalizmin bariz nümunələrindən birinin də şeyxin olduğu təyyarədə çaxırın içilməsi deyilmi?! 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol