2017-ci il siyasilərin yadında nə ilə qaldı?

18:27 27-12-2017 | icon 696 | Siyasət
2017-ci il siyasilərin yadında nə ilə qaldı?

“Torpaqlarımızı işğaldan azad edə bilməmişiksə, bütün illərimizi itirilmiş hesab edirəm”

Bu da 2017-ci ilin axırı… Hər keçən il həm də bir hesabat məqamıdır. Maraqlıdır, 2017-ci il siyasi düşərgədə, siyasi partiyaların fəaliyyətində nə ilə yadda qaldı?

Versus.Az bununla bağlı siyasi partiyalara sorğu ünvanlayıb.

“Ölkəmizin yüksəlişində iştirakımızı partiyamızın böyük uğurlarından hesab edirəm”

Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şura üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, YAP özünün bütün fəaliyyətini dövlətçilik prinsipi üzərində qurub:

“Bu gün dövlətimizdə gedən bütün inkişaf proseslərində YAP üzvləri yaxından iştirak etməyə çalışırlar. Bu baxımdan artıq bitməkdə olan ildə ölkəmizin yüksəlişində iştirakımızı partiyamızın böyük uğurlarından hesab edirəm.”

“Xəyanətkar nazirlərin işdən qovulmasında partiyamızın önəmli rolu oldu”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bu il partiyanın sıralarında xeyli artım olub:

“Partiya 2017-ci il ərzində dövlətçiliyin qorunması yönündə xeyli addım atdı. Xalqımıza qənim çıxan insanların axırına çıxmaqla yadda qaldı. Bu il dövlətə xəyanət edən nazirlərin işdən qovulmasında partiyamızın önəmli rolu oldu. Bizim üçün 2017-ci il çox uğurlu oldu, çünki dövlət başçısına yalandan yaltaqlanıb onun tapşırıqlarını yerinə yetirməyən məmurların işdən qovulması, ictimai rəy formalaşdırmağımız, onların üzərinə qorxmadan getməyimiz uğurlu işlərdir. Düşünürəm ki, 2018-ci ildə də bu işlərimiz davam etdiriləcək və Prezident seçkilərində də qalib gəlib millətimizi xilas edəcəyik”.

“Sədrimiz ilk namizəd olaraq digər partiyalarda namizədlərin irəli sürülməsinə təkan verib”

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Füzuli Kərimov ötənilki fəaliyyətləri ilə bağlı ətraflı məlumat verərək, 2017-ci ili ALDP üçün qənaətbəxş hesab edib. O, il ərzində görülən işlərin hesabatını konkret faktlarla diqqətə çatdırıb:

“İl ərzində partiya sədrinin rəhbərliyi ilə müxtəlif mövzularda tədbirlər, dəyirmi masalar, aksiyalar keçirilib. Partiyanın təsis etdiyi – “Azadlıq fədaisi”, şəhid Vaqif Həsənov və Oqtay Eldəgəz adına mükafatların təqdimatı olub. Bu il aprelin 12-i partiyanın V Qurultayı keçirilib və bu Qurultayda 2018-ci ildə keçiriləcək prezident seçkilərində partiyanın sədri Fuad Əliyevin namizədliyi irəli sürülüb. ALDP sədri müxalifət düşərqəsində ilk namizəd olaraq digər partiyalarda namizədlərin irəli sürülməsinə təkan verib.
Fuad Əliyevin 2017-ci ildə beynəlxalq əlaqələrin davamı olaraq Türkiya, ABŞ və Avropa ölkələrinə səfərləri olub.
 ALDP Gənclər Təşkilatı əlamətdar günlərdə fləş-mob və aksiyalar keçirib”.

ALDP yetkilisi ilin bütün aylarında keçirilən tədbirlərin gənclərin vətənpərvərlik ruhunun yüksəlişi, insan haqlarının qorunmasına yönəlik  və demokratik seçkilər və bu prosesin Azərbaycan ictimaiyyətinə və cəmiyyətə verə biləcəyi üstünlüklərin təbliğinə, maarifləndirməyə əsaslandığını qeyd edib:

“Partiyamız müxtəlif mövzuları əhatə edən tədbirlər planı həyata keçirsə də, bütün bunların önündə təbii olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik müzakirələr və şəhidlərin xatirəsini anan vətənpərvər ruhlu təbliğati işlər dayanıb”.

“Bu ili siyasi partiyalar üçün də uğurlu il hesab etmək olmaz”

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev 2017-ci ili ağır il kimi dəyərləndirib. BAP sədri bildirib ki, sona çatan ildə ümumilikdə ölkə insanlarının sosial-iqtisadi durumunda, məhbuslar, siyasi mühacirlərlə bağlı irəliyə doğru ciddi addımlar atılmayıb:

“Bu vəziyyət müxalifətdə olan siyasi partiyalarda da özünü göstərdi. Ona görə də bu ili siyasi partiyalar üçün də uğurlu il hesab etmək olmaz.

Partiyalar həm təşkilati – struktur, həm maliyyə cəhətdən əziyyət çəkdilər. Hadisələrə təsir etmək baxımından da 2017-ci ili müxalifət üçün uğurlu hesab etmək olmaz. Bizim partiya da digər partiyalardan fərqli heç nə ortaya qoya bilmədi.”

“Partiyanın fəaliyyətində durğunluq ili kimi yadda qaldı”

ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, 2017-ci il siyasi partiyaların, eləcə də özlərinin  fəaliyyətində xüsusi bir hadisə ilə yadda qalmadı:

“2017-ci il də ictimai-siyasi proseslərdə, eləcə də partiyanın fəaliyyətində durğunluq oldu. Bu mənada yola saldığımız il həm partiya, həm cəmiyyət üçün həmin böhranın yaratdığı duğunluq ili kimi yadda qaldı.

“Partiyamız üçün ən yadda qalan hadisə qurultayımız oldu”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bildirib ki, 2017-ci ildə bir çox partiyalar kimi MDHP də təşkilatlanmaya çalışıb:

“Bu il ərzində partiyamız üçün ən yadda qalan hadisə qurultayımızın keçirilməsi oldu. Rayon şöbələrimizin sayını artırdıq. Gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı müəyyən proqramlar qəbul etdik. 2017-ci il ərzində kifayət qədər iş gördüyümüzü deyə bilərik”.

“Seçkiyə hazırlıq start vəziyyətinə gətirildi”

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlıbildirib ki, Müsavat Partiyası bu il ərzində strukturlaşmanı bir qədər də davam etdirib:

“Əksər rayon təşkilatlarında yenidən yığıncaqlar, konfranslar keçirildi və seçkiyə hazırlıq start vəziyyətinə gətirildi.
2017-ci ildə eləcə də Müsavat Partiyasının başqanı Arif Hacılı Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” ilə bağlı iclaslara dəvət olundu. Hazırda da başqan partiyamızın üzvü olduğu Avropa Liberal Demokrat İttifaqının qurultayındadır. Bundan başqa, il ərzində bir sıra beynəlxalq tədbirlərdə partiya olaraq fəal iştirak etmişik.”

“Ölkədə baş verən siyasi proseslərə aktiv şəkildə qoşulmuşuq”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib ki, bu il Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq bir hadisədir:

“Partiya olaraq bu il ərzində təşkilati məsələlərlə məşğul olmuşuq, partiya quruculuğu sahəsində önəmli işlər görmüşük. Ölkədə baş verən siyasi proseslərə aktiv şəkildə qoşulmuşuq”.

“Torpaqlarımızı işğaldan azad edə bilməmişiksə…”

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, Qarabağ problemi həll olunmayıbsa, deməli, bu il səmərəsiz il kimi Azərbaycanın tarixində heç nə ilə yadda qalmayacaq:

“Torpaqlarımızı işğaldan azad edə bilməmişiksə, bütün illərimizi itirilmiş hesab edirəm. Bu, siyasi partiyaların, eləcə də cəmiyyətin fəaliyyətində də öz əksini tapır. Bu ilin hansı il elan olunmasından, nəyin necə inkişaf etməsindən, iqtisadi, siyasi böhrandan asılı olmayaraq, bütün bunları bir kənara atıb hesab edirəm ki, illərdir qalan Qarabağ problemimiz həllini tapmayana qədər bütün illərimiz itirilmiş il hesab olunmalıdır.”

“2017-ci il siyasi baxımdan çox durğun oldu”

Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, 2017-ci il siyasi baxımdan çox durğun oldu:

“Bu il siyasi baxımdan bir az durğunluq olsa da, ümumilikdə normal keçdi. Fəaliyyətimiz öz axarında davam edir. 2017-ci ildə elə bir əlahiddə yadda qalan hadisə olmayıb”.

“2017-ci il siyasi həyatımız üçün növbəti itki ili kimi yadda qaldı”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev 2017-ci ili partiya üçün əlamətdar tarix kimi dəyərləndirib. O, bu sırada mayın 28-də partiyanın IV Qurultayının keçirilməsini xüsusi vurğulayıb:

“2017-ci il siyasi həyatımız üçün növbəti itki ili kimi yadda qaldı. Ölkə miqyaslı faydalı heç bir prosesə şahidlik etmədik. Ölkə növbəti “bataqlıq” və durğunluq ilini başa vurmaqdadır. Köhnəlmiş və kirəcləşmiş, bir qrupun maraqlarına xidmət edən, istənilən yeniliyi və inkişafı əngəlləyən komandanın rəhbərliyi altında yaşaşmaq zorundayıq. Qarabağ işğalda, iqtisadiyyat çökməkdə, korrupsiya çiçəklənməkdədir. Partiyaların fəaliyyətində demək olar ki, heç bir dəyişiklik yoxdur.

VİP-ə gəldikdə, öyünə biləcəyimiz iki hadisə olub. Bu, may ayında keçirdiyimiz Qurultay və ilin yekunları ilə bağlı dekabr tədbirimiz. Qalan işlərimiz cari fəaliyyətə aid edilən işlərdir. Əgər bir qədər ədalətli yanaşsaq, mövcud şərtlər daxilində partiyanın strukturlarının qorunması, maliyyə sərbəstliyimizi saxlamağımız və yolumuzu getdiyimiz şəkildə davam etməmiz də uğur siyahısına əlavə edilə bilər.”

“Siyasi partiyalar bu il passiv müşahidəçisi rolunu ifadə etdilər”

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib ki, 2017-ci ildə siyasi partiyaların fəaliyyətində yadda qalan xüsusi element olmayıb:

“Bu il ölkəmizdə siyasi instutlaşmanın yalnız dağılması müşahidə olunub. Eyni rəngli siyasi palitra olduqca darıxdırıcı təsir bağışlayıb və pessimist əhval-ruhiyyə formalaşdırıb. Bütün səlahiyyətləri bir siyasi qurumun yerinə yetirəcəyi ilə bağlı cəmiyyətə yeridilən fikir apolitik bir durum formalaşdırıb. Müxalif siyasi qüvvələrə və liderlərə inamsızlığı da bura əlavə etsək, mövcud siyasi mənzərə tamamilə aydın olar. Siyasi partiyalar bu il dünyada, regionda və hətta ölkəmizdə baş verən proseslərin passiv müşahidəçisi rolunu ifadə etdilər. Təsiri o qədər də olmayan bəyanatlar, şərhlər və müsahibələrin sonda effektsiz olduğu görünməkdədir.

2017-ci ili müxalif siyasi partiyaların öz siyasi bazalarını və nüfuzlarını qoruması ili kimi də xarakterizə etmək olar. Konkret Ədalət Partiyasına gəlincə, 2017-ci ilin sonunda özünün VI qurultayına hazırlıq işlərinə başladı. Lakin qurultay keçirmək üçün müvafiq yerlə bağlı yaranan problem bu məsələnin həllini növbəti ilə saxlayıb.”

“Bu il ictimai-siyasi vəziyyət xoş təsir bağışlamadı”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, bu il ictimai-siyasi vəziyyət xoş təsir bağışlamadı:

“Xüsusən də əhalinin sosial vəziyyətində ciddi zəifləmə oldu. Bu da partiyalardan yan keçmədi. AMİP gücü, imkanları daxilində çalışdı ki, il ərzində ölkədəki ictimai-siyasi proseslərin axınına təsir göstərsin, əhalinin maraqlarının müdafiəsində dursun, demokratik inkişafa tövsiyəsini versin. Biz gücümüz daxilində bunları etdik. Bu dövr ərzində AMİP bir sıra tədbirlər keçirdi. Xarici tərəfdaşlarımızdan olan Moderator Partiyasının nümayəndə heyəti bizim tədbirlərdə iştirak etdi və çox nadir hal idi ki, ATƏT PA-nın vitse-prezidenti Marqarita Siderfelt tədbirlərdə iştirak etdi. Moderator Pariyası ilə keçirdiyimiz bu tədbir hətta İsveç mətbuatında da geniş işıqlandırıldı. Bu sıradan bir hal deyildi. Bu həm partiyaya olan hörmətin, həm də beynəlxalq əlaqələrimizin göstəricisidir. Hər halda AMİP məhdud imkanlarla yaradılan şəraitdə üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışdı”..

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”