Yeni dönəmin başlanğıcını harda və necə axtarmalıyıq? – AKTUAL

15:45 26-12-2017 | icon 699 | Siyasət
Yeni dönəmin başlanğıcını harda və necə axtarmalıyıq? – AKTUAL

Harda və necə?

Bu gün dünya düzəninin dəyişdirilməsi istiqamətində ciddi proseslər gedir. Beynəlxalq siyasətdə gündəmi zəbt edən bu mövzu böyük güclərin ayrı-ayrı dövlətlər üzərindəki “əzələ nümayişini” daha qabarıq gösərir. Dünyada cərəyan edən dəyişimlər təbii olaraq təzyiq və təsirlərə məruz qalmış dövlətlərin, xalqların proseslərə adekvat yanaşmanı tələb edir. Bu mənada siyasi ekspertlər yeni dönəm və insanların buna hazır olması yönündə təhlillər aparmaqdadır.

Versus.Az məsələni “Aktual” rubrikasında  müzakirəyə çıxarıb. Müzakirədə siyasi ekspert Nəsimi Məmmədli, ALDP sədri Fuad Əliyev, siyasi təhlilçi Tofiq Abbasov və ADP Sədri Sərdar Cəlaloğlu iştirak ediblər.

“…O gün ölkəmizdə yeni dönəmin başlanğıcı olacaq”

Siyasi ekspert Nəsimi Məmmədli  bildirib ki, bir gün eşitsək ki, toyda, yasda, küçədə, auditoriyalarda və hər yerdə məcburi köçkünlər “Qarabağa Dönək” tezisi ilə qızğın müzakirələrə başlayıb, o gün ölkəmizdə yeni dönəmin başlanğıcı olacaq. Onun sözlərinə görə, bu gün məcburi köçkünlər hələ Qarabağ üçün yol kəsmək, etiraz aksiyası təşkil etmək barədə düşünə bilmir. Siyasi ekspert ilk növbədə cəmiyyətimizin belə durumda olmasının səbəblərinə qısa nəzər salmaqla məsələni cavablamağa çalışıb:

“Ölkəmizin müstəqilliyi bərpa edilən ərəfədə və sonra onun qarşısında həllini gözləyən 5 nəhəng problem var idi: – Qarabağın itirilməsinin qarşısını almaq; sosial-iqtisadi problemləri köklü islahatlarla həll etmək; sovet dövründən miras qalan rüşvətin kökünü kəsmək; yüksək təhsilli cəmiyyət formalaşdırmaq; demokratik idarəetməyə nail olmaqla hüquq və azadlıqlara möhkəm təminat yaratmaq.
Əgər bu 5 paradiqmadan hətta birini həll edə bilməsəydik, o zaman nə xalqımızın ləyaqətli yaşaması mümkün olacaqdı, nə də ölkəmizin müstəqilliyi müqəddəs dəyərə çevriləcəkdi. İndi təsəvvür edin ki, biz bu 5 paradiqmanın heç birini həll edə bilməmişik. Əksinə, hər birinin həlli ya daha da ağırlaşıb, ya da müşkülə çevrilməkdədir.

Bir müddət cəmiyyətin fəal kəsimi gözlədi ki, hökumət bu problemləri tədricən həll edəcək. “Keçid dövrü” adı altında hökumətin uzun illər apardığı siyasəti kənardan seyr etməklə işini bitmiş saydı. Hərdən çətinə düşəndə müxalifəti axtardı, hökumətə nəzarətin və təzyiqin yalnız onun vəzifəsi olduğunu düşündü. Hətta, beynəlxalq qurumları da yeri gəldi-gəlmədi tənqid hədəfi etdi. Bu problemlərin həllində hər kəsdən nə isə umdu, ancaq heç özünün öhdəsində olan vəzifələr barədə qəti düşünmədi.

Artıq bütün fəal insanlar anlayır ki, arxada qalan 25 il əksər sahələrdə itirilmiş illərdir və mütləq çıxış yolu tapmaq lazımdır. Ümumi çıxış yolu göstərmək hələ asan olmasa da, hər kəsin bir fərd kimi asan edə biləcəkləri var.  Toylarda, yaslarda, küçələrdə, auditoriyalarda və hər yerdə məcburi köçkünlər “Qarabağa Dönək” tezisi ilə qızğın müzakirələrə başladığı gündən ölkəmizdə Qarabağla bağlı yeni dönəmin başlanğıcı olacaq. Nəinki “Qarabağa Dönək” şüarı ilə nəhəng etiraz aksiyaları, hətta adi lokal müzakirələrin başlanması da yeni situasiyanı doğurmağa yetərli olacaq.
Rüşvətxorları, hüquq və azadlıqları pozanları, demokratik inkişafın qarşısında dayananları, təhsil sistemini bərbad hala salanları, iqtisadiyyatı məhv edənləri ölkənin hər yerində baxışlarımızla qınasaq, sözlərimizlə danlasaq, yazılarımızla tənqid etsək, onlara məclislərimizdə “üz verməsək”, övladlarından uzaq dursaq, o zaman yeni sosial-siyasi dönəmin yetişdiyini söyləyə biləcəyik. Onda hökumət Qarabağla bağlı siyasətinə yenidən baxacaq, beynəlxalq qurumlar ölkəmizə indikindən çox fərqli yanaşma sərgiləyəcək, müxalifət öz siyasətində daha qətiyyətli olacaq, xalqımız qələbəyə və ləyaqətli yaşamağa ruhlanacaq.”

“O cəmiyyətdə ki, qanunun aliliyi qorunmur…”

ALDP sədri Fuad Əliyev hesab edir ki, Nəsimi bəylə razılaşmaq olar. Amma Qarabağ problemi təkçə vaxtilə orada yaşayan köçkünlərin problemi deyil. Bu, bütövlükdə xalqımızın, bütün dünya azərbaycanlılarının, dünyanın problemidir:

“Fikrimcə, cəmiyyətimizin yeni dönəmin başlanğıcı bir dövlət olaraq strateji məsələlərdən keçir. Nə keçmişdə, nə də indiki hakimiyyətdə belə proqramlar yoxdur. Dövlətin bir siyasəti olmalı və o, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, dəyişməz qalmalıdır. Baxın, Pribaltika ölkələri İkinci Dünya müharibəsindən sonra Sovet rejiminə qarşı on illərlə mübarizə aparıblar. Fürsət düşən kimi onlar ayrıldılar. Baxmayaraq ki, hakimiyyətdə kommunistlər olub, demokratik seçki keçirib inqilabsız demokratlara hakimiyyəti “təhvil” etdilər. Çünki bu respublikaların birinci katibləri sovet rejimi ilə mübarizə edənlərə qizlin dəstək veriblər. Bu xalqların ideoloji baxımdan bir siyasəti olub – Sovet İttifaqından çıxmaq və müstəqilliyini qorumaq siyasəti. İndi də kimin hakimiyyətə gəlib-gəlməməkdən asılı olmayaraq öz müstəqilliyini qoruyaraq həmin siyasəti davam etdirirlər. Təəssüf ki, bizdə belə deyil və bu siyasət həddinin olmaması nəticədə torpaqlarımızın itirilməsinə gətirib çıxardır. Bu, əsrlər boyu belə olub. Hakimiyyətdə olanların öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmaq, satqınlıq, başqa dövlətlərin maraqlarını həyata keçirmək. Cəmiyyətimiz üçün yeni dönəmin başlanması qanunlarımızın aliliyi və tətbiqindən keçir. O cəmiyyətdə ki, qanunun aliliyi qorunmur, orada heç bir dəyişiklikdən, inkişafdan söhbət gedə bilməz. Yeni dönəm insanların şüurlarında eləcə də bütün sahələr üzrə demokratik islahatlar, cəmiyyət quruculuğu, problemlərin həlli, kadr dəyişikliyi deməkdir. Təəssüflər olsun ki, illər dəyişir, ötür, amma Qarabağ münaqişəsi həll edilməmiş qalıb, problemlərimiz həll olunmayıb, devalivasiya, əhalinin iqtisadi, sosial şəraiti gündən-günə ağırlaşır və sair. Niyə? Çünki heç bir dəyişiklik aparılmır. Hər ili ağır şəraitdə qarşılayıb, yola salırıq.”

“Xalqı yeni dünya düzənində öz əsl kimliyini qabartmalıdır”

ADP sədri Sərdar Cəlaloğlu məsələyə aydınlıq gətirmək üçün birinci növbədə dəyişən dünyanın mahiyyətinə baxmağı təklif edib. Qeyd edib ki, SSRİ sosialist məkanı dağıldıqdan sonra dünya birqütblü olub və ABŞ dünyada yeganə supergüc kimi ağalıq etməyə başlayıb. Bununla sübut olunub ki, təkqütblü olan dünya ədalətli idarə olunmur, baş verən ziddiyyətli proseslərin qarşısını ala bilmir, dünyanı düzgün nizamlaya bilmir:

“Bu gün baş verən proseslər onu göstərir ki, dünya artıq çoxqütblü nizama doğru inkişaf edir. Bu prosesdə 6-7 nəhəng supergüc meydana çıxacaq ki, hər biri dünyanın müəyyən bir hissəsini nəzarəti altına alacaq. İndiki halda ən vacib məqsədlərimizdən biri Türkiyənin islam və türk dünyasının maraqlarını ifadə edən bir güc kimi qəbul olunmasıdır. Təbii ki, yeni dünya düzənində separatizm, korrupsiya, insan alveri və daxili hüquqa aid olan bir çox məsələlər yeni dönəmin beynəlxalq hüquq normaları olacaq.
Azərbaycan xalqı bu yeni dünya düzəninə hazırlaşmaq və ona adekvat cavab vermək istəyirsə, özünün milli və dini maraqlarını aydın və net şəklində dərk eləməli, bu dəyərlərə açıq şəkildə sahib çıxmalıdır. Bu, həm daxildə insanların düzgün yaşaması, həm də beynəlxalq miqyasda Azərbaycanın düzgün mövqe tutması üçün lazımdır. Azərbaycan yeni dünaya düzənində nələrin baş verdiyini izləməli və öz kimliyini hər an qabartmalıdır.”

S.Cəlaloğlu bildirib ki, N.Məmmədlinin dediyi kimi, Azərbaycan insanının hər yerdə “Qarabağa dönmək” məsələsini müzakirə etməsi məsələsi yeni düzənin tələbi ilə dolayısı ilə əlaqəlidir. Onun fikrincə, əgər beynəlxalq aləmdə Dağlıq Qarabağa, Krıma, Abxaziya və digər yerlərə görə separatizmlə bağlı qətnamə qəbul edilib beynəlxalq cinayət hesab olunacaqsa, o zaman bütün dünya dövlətləri münaqişələrə eyni mövqedən yanaşacaqlar:

“İndiki halda separatizm beynəlxalq norma olmadığına görə bizim problemi həll etmə şansımız yoxdur. Ona görə də yeni düzəndə separatizm kimi halların beynəlxalq cinayət kimi qəbul olunmasına çalışmalıyıq. O zaman məhəlli münaqişələr də baş verməz və mövcud münaqişələr həll olunar.”

“İstənilən dəyişiklik diskussiya yolu ilə müəyyən edilməlidir”

Siyasi təhlilçi Tofiq Abbasov bildirib ki, yeni dönəm heç vaxt qəfil yaranmır və gəlmir. O, təkamül əsasında formalaşır, özünü yeni işartılar, gündəlik işlər və proseslərdə əks etdirir:

“Bu gün dünya düzəninin dəyişdirilməsini tələb edənlər köhnə düzənin müəllifləridir. Onlara elə gəlir ki, özlərinin istəyi bütün sistemi dəyişməkdən ötrü tutarlı əsasdır. Lakin bu yanlış fikirdir. Əvvəla əgər yeni düzənə böyük ehtiyac duyulursa, deməli onu formlaşdırmış qüvvələr vaxtında ciddi səhvlərə yol veriblər. Buna görə də beynəlxalq siyasətin gündəmi zəbt edib, oturuşmuş məmləkətləri dağıtmaq, onları parçalamaq, separatizmə qida vermək və qlobal xaosu ciddi-cəhdlə yaratmaq arzusu ilə hərəkət edirlər. Bu məhz hegemonistlərin niyyətlərindən irəli gələn məqamlardır. Onlar qəti əmindirlər ki, özlərinin arqumentləri köklü dəyişikliklərin baş verməsi üçün kifayət edə bilər. Lakin bir halda ki, sağlam qüvvələr dialoq barədə düşünüb müzakirə meydanının genişlənməsini vacib sayırlar, deməli kollegial formatda prosesləri nəzərdən keçirib konsensus əsasında qərarlar qəbul etmək lazımdır… Ən dəhşətli də budur ki, güc sahibləri bir qayda olaraq eksperiment meydanı qismində yalnız müsəlman dünyasını görürlər, bunula da islam icmasını parçalaya-parçalaya gedirlər. Bu yolverilməzdir. Müsəlman dövlətləri artıq 50, 70, 100 il əvvəlkilər deyil. Onların elitası formalaşıb, dövlətçilik ənənələri oturuşub, milli parlamentləri, ədliyyə-məhkəmə institutları mövcuddur, nəhayət, intellektual qüvvələri bir çox problemləri uğurla həll etmək iqtidarındadırlar… Bir halda ki, həmin məmləkətlər fövqəl qüvvələrin siyasi oyunbazlığına müqavimət göstərirlər, öz baxış və ideyalarını müdafiə edə bilirlər, əzələ nümayişinin yeri ola bilərmi? Əlbəttə ki, yox. Həmin qüvvələrin əcaib təkəbbürü və yekəxanalığına son günlər BMT Baş Assambleyası tutarlı cavab verdi. Birdən-birə 128 dövlətin nümayəndələri ABŞ-ın özbaşınalığına qəti “yox” cavabı verməklə bildirdilər ki, ağıl, dərrakə, məntiq və beyinlər işləməlidir, güc amili yox. İstənilən dəyişiklik və innovasiya təzyiq və təsirlərlə deyil, diskussiya yolu ilə müəyyən edilməlidir. Güc və kobudluğa məruz qalmış xalqlar gərək öz həqiqətlərini müdafiə etməkdə səfərbər olsunlar. Proseslərə adekvat cavab verməyin yolu artıq müəyyən edilir. Bütün baxış bucaqlarından bir həqiqət boylanır – dünya nizamı indi kimlərinsə istəyi ilə deyil, ümumi qərarların əsasında dəyişdirilməlidir, əgər buna ehtiyac duyulursa. Buna görə də hazırda dünyanı idarə edən qanunvericilik nəyin bahasına olursa olsun, qorunub saxlanılmalıdır. Əgər həmin qanunlar toplusu korrektə edilməlidirsə, nəzərdə tutulan yeni qanunverici aktlar, konvensiyalar, müqavilələr xüsusi beynəlmiləl, hüquşünaslar qrupu tərəfindən işlənilməlidir. Bu proses hegemonistlərin inhisarına verilə bilməz. Bir halda ki, həmin Birləşmiş Krallıq, Fransa, ABŞ və digər nəhənglər vaxtı ilə özləri cızdıqları siyasi xəritəni köhnəlmiş sayıb müstəqil dövlətlərin dağıdılmasına qərarlar verirlərsə, buna qəti etiraz etmək lazımdır. Sual olunur – nəhənglərə kim ixtiyar verib ki, onlar bu və ya digər məmləkəti təbii ya süni saysınlar? Məsələ də elə bundadır ki, super güclər heç kəslə məsləhətləşmədən oturuşmuş məmləkətlərin süqutuna qərar verir, böyük əraziləri viran qoyurlar. Nəticədə terrorizm şəbəkəsi yaradıb yeni təhdidlər törədirlər. Biz elə Qarabağ böhranının timsalında da bunu müşahidə edirik. Həmin nəhənglər teroru alətə çevirməklə öz maraqlarını təmin etmək istəyirlər. Amma bu ən böyük səhvdir. Avvəl-axır həmin alət onların özünə qarşı işləyəcək. Artıq buna təsdiqlər də var. Odur ki, böyük dövlətlərin manevr məkanını müstəqil ölkələr birgə məhdudlaşdırmalıdırlar. Elə 128 dövlətin ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı göstərdiyi özbaşınalığına rədd cavabı verməsi göstərdi ki, valüntarizm və saymamazlıqla barışmamağın yolları var, onlardan istifadə etmək son dərəcə vacibdir…”

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin