“Biz Qarabağı sülh yolu ilə itirmişik ki, sülh yolu ilə də qazanaq?”

16:35 30-11-2017 | icon 560 | Siyasət
“Biz Qarabağı sülh yolu ilə itirmişik ki, sülh yolu ilə də qazanaq?”

“Əməkdaşlıq etdiyimiz partiyalar, bizi eşidən adamlar ətrafımızdadır”

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun Versus.Az-a müsahibəsi.

– Mirmahmud bəy, qarşıdan seçkilər gəlir. Amma hələ də demokratik düşərgədə hər hansı bir aktivlik, birgə mübarizə aparmaqla bağlı müzakirələr müşahidə edilmir.

– Yəqin ki, demokratik seçki keçirmək ehtimalının nə dərəcədə olduğunu hər kəs bilir, ona görə də bu gün dinamika, canlanma və birlik ideyasını qəbul etməyənlər odlu-alovlu çıxışlar edirlər. Amma maraqlıdır ki, heç kəsə qoşulmayanlar zaman gələndə bir az da bərkdən danışaraq “hamı bir arada olmalıdır” deyir.
Amma bildiyiniz kimi demokratik düşərgədə KXCP olaraq bir neçə partiya ilə bir aradayıq. Biz mütəmadi görüşlər təşkil edir, cari və strateji məsələləri, bir sözlə, funksional nə mümkündürsə müzakirə edirirk. Artıq əməkdaşlığın formalarını müəyyənləşdirmişik.

“Azərbaycan öz ərazisində antiterror əməliyyatı aparmalıdır”

– Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin müzakirəsində əsas məsələ kimi sülh variantını önə çəkir. Münaqişənin həlli prosesində beynəlxalq hüquqa məhəl qoyulmadan və işğalçıya hər hansı təzyiq göstərilmədən işğala məruz qalan tərəfin sülhə çağırılması absurd görünsə də, buna qarşı “beynəlxalq təşkilatlar imkan vermir”kimi çarəsiz yanaşmalar da səslənir. Torpaqlarını itirmiş ölkədən sülhün tələb edilməsi Dağlıq Qarabağın ətrafında hansı cərəyanın dolaşdığını ifadə edir?

– Bu cür danışıqlar, aparılan müzakirələr illərdir ki, davam edir. İllərlə davam edən bu məsələlər indi də hansısa başqa formada önə çəkilir. Hamı daha diplomatik danışmağa başlayıb, hamı sülh diplomatiyasını ortalığa gətirir və sair. Soruşan lazımdır ki, biz Qarabağı sülh yolu ilə itirmişik ki, sülh yolu ilə qazanaq? Bu çabalar sadəcə baş qatmaqdan başqa bir şey deyil və bu cür danışıqlar bizə heç nə vəd eləmir.
İndi Rusiyada seçkilər başlıyacaq, gələn il Azərbaycanda prezident seçkiləri olacaq. Yəni bütün bu məsələlərdə əsas məqsəd seçicini, ictimai fikri çaşdırmaq, onu yanlış informasiyalarla doldurub yorğun salmağa yönəlib. Tutaq ki, Lavrov Bakıya gəlib və buradan da İrəvana gedəcək. Dərhal hərə buna bir don geyindirməyə başlayacaq. Hamı bu məsələdə problemin həllini ifadə edib, nəsə axtaracaq. Biri deyəcək ki, niyə Lavrov Bakıdan İrəvana gedir, biri də deyəcək ki, Lavrovu tənqid eləmək olmaz. Guya Lavrovu tənqid etməsəydilər, o, Qarabağ məsələsini həll edəcəkdi. Bu cür düşüncələrin efirə, mediaya çıxması onu göstərir ki, artıq Azərbaycanın münaqişə ilə bağlı dəqiq ortaya qoyduğu heç nə yoxdur və hərb və sülh variantları arasında çaşdırılıb qalıb.
Bir neçə gün əvvəl biz – Əməkdaşlıq Mərkəzinə daxil olan partiyalar hökumətə təklif vermişdik ki, Azərbaycan öz ərazisində antiterror əməliyyatı aparmalıdır. Bu gün o əməliyyat aparılmır. Bu cür əməliyyatları keçmiş MTN Balakəndə deyək ki, dini qadağan olunmuş ədəbiyyat axtarışı ilə bağlı aparırdı. Amma bu o deyil. Təbii ki, Azərbaycan öz ərazisində antiterror əməliyyatı aparan zaman BMT-nin 4 məhşur qətnamsinə istinad edəcəkdi. Amma edilmədi. Bu mənada hesab edirəm ki, Qarabağ münaqişəsi ətrafında hələlik cəmiyyəti aldatmaqdan başqa bir işi yoxdur. Eləcə də xarici siyasətimizdə də irəliləyiş yoxdur. Olsaydı nəticəsini hiss edərdik.

“Xalq diplomatiyası Azərbaycanı uduzdurmaq siyasətidir”

– Artıq Ermənistan-Azərbaycan Sülh Platforması daxilində olan erməni nümayəndələri Xalq Diplomatiyasının münaqişənin həllinə töhfə verəcəyini bəyanlayırlar. Sizcə erməniləri bu diplomatiyada razı salan məqamlar nədir?

– Bir qədər öncə də Xalq diplomatiyası ilə bağlı böyük ajiotaj yaradıldı və canfəşanlıqla təqdim olundu. Hətta bir müddət Rusiyadakı səfirimizin fəallığı xüsusilə göründü. Onun bu məsələyə baxışını təxminən Azərbaycanda mədəniyyət naziri, Xalq Artisti olduğu zamanlarda göstərdiyi xidmətlər kimi qəbul edirik. Adamın təyinatla səfir təyin olunması onun diplomat olması demək deyil. Xalq Diplomatiyası Azərbaycanı uduzdurmaq siyasətidir. Axı xalqların bir-birinə düşmənçiliyi yoxdur. Bizim torpaqlarımız işğal olunub.
İndi isə Xalq Diplomatiyası arxa plandadır. Artıq Sülh Platforması diplomatiyası ortaya atılır. Amma Xalq Diplomatiyası hansı nəticəyə nail oldusa, Sülh Platforması da o nəticəyə sahib olacaq. Çünki bir artist bu gün o sənədə imza atacaq, sabah gələcək ki, imzam niyə orda olub və yaxud xəbərim yoxdur və sair…
Ermənilərin bu məsələdə canfəşanlığı da əbəs deyil. Daxildə aldadılmağımıza yeni bir möhür vurulur ki, baxın, hətta erməni də bundan uğur gözləyir. Kim nə deyir desin, biz sənətkara deyə bilmərik ki, sən bunu oxuma, demə. Nə olur olsun, hökumət bu məsələnin arxasında öz işini görməlidir. Çünki bu Sülh Platforması, Xalq Diplomatiyası böyük beynəlxalq maliyyəsi olan QHT layihəsidir, ondan o tərəfə bir şey deyil.

– Cəmiyyətin bu cür ağır problemləri olduğu halda müxalifətin də məsələlərə reaksiyası adekvat deyil. Nəyə görə?

– Biz nə qədər güclü, zəif olsaq da, Azərbaycan iqtidarının dili ilə desək, analoqu olmayan iqtisadi inkişafa, sakitliyə sahib olsaq da Qarabağ problemi həll olunmayana qədər bizim hamımızın birlikdə faydalı iş əmsalımız sıfırdır, vəssalam!

“Bu o mesaj idi ki, Azərbaycan, Bakı, sən öz işini görməlisən”

– Beynəlxalq təşkilatların münaqişənin həllinə ikili yanaşması, həll prosesinə mane olması bizim “donmağımız” üçün səbəb ola bilərmi?

– Bu, kökündən yanlışdır. Beynəlxalq təşkilatlar bizim əvəzimizdən torpaqları işğaldan azad etməyəcək. Beynəlxalq təşkilalar gəlib əvəzimizə döyüş keçirməyəcək. Beynəlxalq təşkilatlar bizə nə etməlidir? Yazılı deməlidirlər ki, siz Ərdoğanla Putin görüşünə aldanıb heç nə gözləməyin? Çünki Türkiyə prezidenti bir kəlmə olaraq deyəcək ki, Rusiya Qarabağ problemini həll etmək istəmir.

– Sizcə bu mesaj idi?

– Bu o mesaj idi ki, Azərbaycan, Bakı, sən öz işini görməlisən, hansısa görüşlərdən sənə bir xeyir olmayacaq. Baxın, 30 oktyabrda hamının diqqət mərkəzində olan Bakı-Tbilisi-Qars dəmir yolu açıldı. Çox uğurlu, nəhəng bir layihədir. Amma diplomatiyamız burda geriləyir. Regionda yaranan iqtisadi layihələrin gücünü münaqişənin həlli məsələsinə xərcləyə bilmirik.

– Mirmahmud bəy, müxalifətdə olan partiyalara nə müraciət edərdiz?

– Biz bacardığımızı edirik. Bunu mesajla, müsahibə ilə deməyə əsas yoxdur. Çünki əməkdaşlıq etdiyimiz partiyalar, bizi eşidən adamlar ətrafımızdadır.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi